Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İstanbul Universitetində Hüseyn Cavidin əsərlərinin Türkiyə nəşrinin təqdimatı və ədibin yaradıcılığına həsr olunmuş elmi konfrans keçirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Türk dünyası-Turan, Mədəniyyət > İstanbul Universitetində Hüseyn Cavidin əsərlərinin Türkiyə nəşrinin təqdimatı və ədibin yaradıcılığına həsr olunmuş elmi konfrans keçirilib

İstanbul Universitetində Hüseyn Cavidin əsərlərinin Türkiyə nəşrinin təqdimatı və ədibin yaradıcılığına həsr olunmuş elmi konfrans keçirilib


İstanbul Universitetinin Avrasiya İnstitutunda görkəmli Azərbaycan şairi və dramaturqu, ictimai xadim Hüseyn Cavidin əsərlərinin Türkiyədə ilk nəşrinin təqdimatı və ədibin yaradıcılığına həsr olunmuş elmi konfrans keçirilmişdir.
AzərTAc məlumat verir ki, ümummilli lider Heydər Əliyevin Hüseyn Cavidin Naxçıvan şəhərində yerləşən məqbərəsində çəkdirdiyi şəkillərin, şairin zəngin mənalı həyatını əks etdirən nadir fotoların da daxil olunduğu 944 səhifəlik kitab "Kaspi" Təhsil Mərkəzi tərəfindən hazırlanmışdır.
İstanbul Universitetinin tələbə-müəllim kollektivinin, kütləvi informasiya vasitələrinin, qeyri-hökumət təşkilatlarının təmsilçilərinin, türkiyəli cavidsevərlərin və Azərbaycandan gəlmiş geniş tərkibli nümayəndə heyətinin iştirakı ilə keçirilmiş mərasimdə Hüseyn Cavidin zəngin həyat və yaradıcılığına həsr olunmuş film nümayiş etdirilmişdir.
Mərasimi giriş sözü ilə açan Avrasiya İnstitutunun prorektoru, professor Sedat Murad və Azərbaycan Respublikasının İstanbuldakı baş konsulu Həsən Zeynalov Hüseyn Cavidin əsərlərinin Türkiyə nəşrinin mahiyyətindən və elmi konfransın əhəmiyyətindən bəhs etmişlər.
Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Kamran Əliyev, "Kaspi" Təhsil Mərkəzinin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva, İstanbul Universitetinin Avrasiya İnstitutunun Asiya işləri üzrə mərkəzinin rəhbəri, professor Xəlil Bal, Avrasiya İnstitutunun ədəbiyyat fakültəsinin dekanı, professor Mustafa Özkan, filologiya üzrə fəlsəfə doktoru, kitabın tərtibçisi Azər Turan, professor İbrahim Yıldırım, Milli Məclisin deputatı, şair Sabir Rüstəmxanlı, Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Mərkəzinin baş direktoru Akkan Suverin məruzələri və çıxışları dinlənilmişdir.
Natiqlər qeyd etmişlər ki, böyük ədibin dünya tarixinə görkəmli şəxsiyyətlər bəxş edən Naxçıvanda doğulması, Təbrizdə oxuması, İstanbulda təhsilini davam etdirməsi və elmin sirlərinə yiyələnməsi, Bakıda ədəbi yaradıcılığını uğurla davam etdirməsi onun fəlsəfi düşüncəsinin inkişafına əhəmiyyətli təsir göstərmişdir. Cavid Odlar yurdu Azərbaycanın sönməz əbədi məşəlini dünya ədəbiyyatına bəxş etmişdir.
Çıxışlarda qeyd olunmuşdur ki, Cavidin məzarının tapılması, nəşinin öz doğma Vətənində dəfn edilməsi, adının əbədiləşdirilməsi ulu öndər Heydər Əliyevin dünya ədəbiyyatını yaradan nadir şəxsiyyətlərə tükənməz məhəbbətinin nəticəsidir.
Professor Kamran Əliyev demişdir ki, Hüseyn Cavidin qələmə aldığı mövzular türkdilli xalqlar arasında ədəbi bir körpüdür. Cavidin qəhrəmanları dünya siyasətinə təsir etmək imkanında olan şəxsiyyətlərdir. Onun əsərləri əfsanə və miflərə söykəndiyi kimi, real tarixi proseslərə də aydın baxış formalaşdırmışdır. Odur ki, yaradıcılığı həm sadə oxucular, həm də ayrı-ayrı sahələrin mütəxəssisləri tərəfindən diqqətlə izlənilir. Əminliklə qeyd edə bilərik ki, cavidsevərlər bundan sonrakı dövrdə də Cavid ideyalarından faydalanacaqlar.
Hüseyn Cavidin tarixi şəxsiyyət, yenilməzlik və mübarizlik nümunəsi olduğunu diqqətə çatdıran Sova Vəliyeva bildirmişdir ki, şair öz əsərlərini orijinal üslubda yaratmaqla bərabər, türkçülük və turançılıq ideyalarının yaşamasına nail olmuş, diqqəti bəşəri dəyərlərin mahiyyətinin dərk edilməsinə yönəldə bilmişdir. Cavidin əsərləri həmişə müasirliyini saxlayacaq və sevilə-sevilə oxunacaqdır. Cavid bəşəri sənətkardır. Onun əsərlərinin başqa dillərə tərcümə etdirilməsi Cavid irsinin dünyada yayılmasına şərait yaradacaqdır.
Mustafa Özkan Cavidin şeirlərində Osmanlı dövlətinin dövründə işlədilən türk dilində olmasından danışmış, onlardan nümunələr təqdim edərək üzərində təhlillər aparmışdır.
Xəlil Bal diqqəti Hüseyn Cavid yaradıcılığının onun öz dövrünün reallıqlarını tarixiləşdirməsinə yönəltmişdir. Qeyd etmişdir ki, 1918-ci ilin martında Azərbaycan xalqına qarşı soyqırımı törətmiş ermənilər Cavidin şeirlərində kəskin ittiham olunmuşlar.
Hüseyn Cavidin İstanbuldakı həyat və fəaliyyəti barədə yeni faktlarla çıxış edən İbrahim Yıldırım bildirmişdir ki, Cavid islami dəyərləri uca tutmaqla bərabər, milli adət-ənənələrimizə, mədəniyyətimizə və musiqimizə sonsuz rəğbət bəsləyən bir şəxsiyyət olmuşdur.
Cavid yaradıcılığına xoş münasibəti bəşəri dəyərlərə və insani hisslərə hörmək kimi dəyərləndirən Azər Turan kitabın tərtibi ilə bağlı görülən işlər barədə fikrini bölüşmüşdür.
Hüseyn Cavidin əsərlərinin bütün zamanlar üçün aktual olduğunu diqqətə çatdıran Sabir Rüstəmxanlı ədibin məzarının tapılması, nəşinin ölkəmizə gətirilməsi, adının əbədiləşdirilməsi, əsərlərinin nəşri barədə fikirlərini söyləmişdir.
Məruzəsini Heydər Əliyevin və Mustafa Kamal Atatürkün tarixi fəaliyyətinin təhlili üzərində quran Akkan Suver qeyd etmişdir ki, Azərbaycan xalqının xilaskar oğlu Heydər Əliyev böyük Cavidə yenidən həyat verdiyi kimi, Türkiyə Cümhuriyyətinin qurucusu da türk şairi Tofiq Fikrət yaradıcılığına yeni həyat işığı bəxş etmişdir.
Sonda aktyorlar Məmməd Səfa və Məlahət Abbasova Cavidin əsərlərindən parçalar səsləndirmişlər.
Jurnalistlərə müsahibə verən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov təqdim olunan kitabı dünya ədəbiyyat xəzinəsini zənginləşdirən bir inci kimi dəyərləndirərək Cavid yaradıcılığının bu gün də öz aktuallığını saxladığını qeyd etmişdir. Azərbaycan hökumətinin elmə və mədəniyyətə göstərdiyi qayğıdan danışan Əli Həsənov Prezident İlham Əliyevin Azərbaycanın görkəmli şəxsiyyətlərinin, o cümlədən ədəbi simalarının dünyada tanıtdırılması ilə bağlı həyata keçirdiyi çoxsaylı tədbirlərdən bəhs etmiş və bu siyasətin nəticələri haqqında söhbət açmışdır. O, Hüseyn Cavidin əsərlərinin İstanbulda ilk dəfə nəşr edilməsini də bu siyasətin göstəricisi olduğunu demişdir.

Geri dön