Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Tatlıdan gələn məktub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sosial > Tatlıdan gələn məktub

Tatlıdan gələn məktub


Çoxdandır məktub almırdım. Əslində movil telefonlar çoxdandır ki, məktubu öldürüb.Telefonun düymələrini tıklayan kimi cibində telefonu olan babanı da eşidirsən , nənəni də. Hələ görüntülü telefonu (SKУPE )demirəm. Qonşumuz 93 yaşlı Tubu xala Moskvadakı oğlu ilə hər gün "ВРЕМЯ" vaxtı SKYPE ilə danışır.Tubu xala diqqətlə Moskvadakı kiçik oflunun -55 yaşlı oğlunun evinin hər tərəfinə nəzarət edir, Bakıdan Moskvaya göstəriş verir.Oğlunun danışığı və təbəssümü Tubu xalanın xoşuna gəlməyəndə onu dilə tutur ki, geriyə-Bakıya qayıtsın.
Nə isə... İndiki halda bu telefon ki var, heç yana qaça bilməzsən;Tubu xala harada olsan, səni tapacaq.
Ağıl, dərrakə, mədəniyyət baxımından Azərbaycan dünyanın ən böyük ölkələrindən biri olsa da, ünsiyyət məsafəsi baxımından kiçik ölkədir; bu başdan o biri başa 1-2 saatlıq uçuş yolu var. Mənə elə gəlir ki, şəxsi təyyarələr artdıqca Bakı ilə Lənkəran, Qazax, Zaqatala, Xudat arasındakı yol indi Bakıdan Biləcəriyə getmək misalında olacaq.
Bu uzun-uzadı girişi elə-belə yazmıram.
Əməkdaşımız iş yerində mənə bir məktub verdi.Təəccübləndim. Bəli, çoxdandır ki, məktub almırdım.Açmaq istəmirdim; dedim, bəlkə Hovruzəlinin səhv saldığı məktublardandır. Açdım.Məktub ünvanına düz çatmışdı. Səliqə ilə açdım ki, lazım gəlsə,yapışdırıb geriyə yollayım.

"Salam,Nazim müəllim!
Uzun müddətli axtarışdan sonra sizi "Təhsil" jurnalının səhifələrindən birində tapdım".

(Cümlədəki beçinci sözü "səni" də oxumaq olardı, "sizi" də. Xətləri müqayisə edəndən sonra gördüm, yox, "sizi"dir. Bəlkə də bu, yaxşı xasiyyət deyil, amma sözləri mənalandırmaq, incələmək, çözələmək mənim köhnə adətimdir.Mən yazıda səhv axtarmıram, səhv özü məni tapır).

Sonrakı cümlə: "Uğurlarınıza çox sevindim. Amma baxan kimi tanıdım....

("Uğur" deyəndə oxuduğu yazılarıma işarəni başa düşdüm.
Ay qardaş, sən hansı uğurdan danışırsan? Mənimlə akademiyada oxuyanların çoxu akademikdir, elmlər doktoru, professordur, sən məni, necə deyərlər, Səməndər Rzayev demişkən, ... ilə təbrik edirsən. Nə olar, canın cağ olsun.
Qardaş, beş ildir ki, sanballı beş kitab çıxarmaq istəyirəm, hələ birini də çıxara bilməmişəm.Hazır qovluqları qoltuğuna vurub mətbəəyə getmək istəyəndə elə nəsnələrlə qarşılaşırsan ki, bir anda bütün planlar dəyişir).


Tanıdım, Məmməd,tanıdım.

Ağstafanın Tatlı kənd sakini Məmmədov Məmməd Qara oğlu mənə 40 il bundan əvvəlin fəhlə həyatını xatırladırdı.
Leytenant Şmidt adına neft maşınqayırma zavodunda işləyirdim.Fəhlə işləyə-işləyə o vaxtın yeganə universitetində qiyabi oxuyurdum,evim yox idi, yataqxanada qalırdım. Əslində Bakıda evimiz var idi.Atam onu hökumətə təhvil verib,təyinatla işləməyə getmişdi.Sonradan Solntsev küçəsindəki o birotaqlı mənzili geri almaq da müşkülə çevrilmişdi.

Kim nə deyir desin, yataqxana həyatı mənə çox nəsnələri öyrətmişdi: yaxşını da, pisi də. Yaxşılar daha çox idi.Burada pis deyəndə mən fəhlələrin bir -birinə elmə ,təhsilə görə paxıllığını nəzərdə tuturam.
1966-cı ildə bir otaqdan(otağın nömrəsi, səhv emirəmsə, 51 idi ) 3 nəfər yüksək balla universitetin hüquq fakültəsinə daxil olmuşdu: Seyfulla, Həsənağa, bir də naxçıvanlı Zeynalov (adını unutmuşam).Başqa uşaqlar da bəhsəbəs ali məktəblərə hazırlaşırdılar. fəhlələr dörmərtəbəli 150 otaqlı yataqxananın 120 otağında məskunlaşmışdılar,30 otaq inzibati məqsədli idi.
Məmmədgil 112-ci otaqda yaşayırdılar:Allazov Vaqif, Tahir, səhv etmirəmsə bir də Kamil. Vaqif ADU-nun tarıx fakültəsini qurtardı,arada rastlaşırıq,indi böyük bizneslə məşğul olur.Universitetə qəbul olanda kimyaçı Ramiz ondan bir qonaqlıq qoparmışdı.Gürcüstanlı Tahirlə,qubalı Kamil pedaqoji institutun ümumtexniki fənlər fakültəsini bitirdilər. Tahir indi Bakıda-Zərifə Əliyeva adına məktəbdə müəllim iləyir.Zavodda iri bir istehsalat sahəsinin rəhbəri olan Kamil indi başqa sahənin mütəxəssisidir. Demək olar ki, hər gün həyətdə də, metroda da rastlaşırıq.
Hə, Məmməd, məktubunu alıb oxuyandan 5-6 saat sonra səninlə telefon söhbətinə başladıq.(Məktubda telefon nömrəni yazmışdın - 070 657 59 80).
Sən zavodda az işlədin: 2-3 il. Özün deyən kimi, "Oqtay Rəhimovun istehsalat sahəsində işləyirdin".
Oqtay Rəhimov yaxşı istehsalat rəhbəri idi.Çoxdandır ki, xəbərim yoxdur. O vaxtlar mən fontan armaturları sexində tokar içləyirdim.Bir vaxrlar bizim rəisimiz də başqa Oqtay idi: Kadımov Oktay Raqimoviç.Moskvada Bauman adına Ali Texniki Məktəbi qurtarmışdı.Rusdilli olduğu üçün hamı onu Kadımov Oktay Raqimoviç kimi tanıyırdı.Bakıda böyümüşdü, əsli, məncə, Ağcəbədidən idi. Sonralar fəhlələr ona Azərbaycan dilini öyrətdilər. Yerli Sənaye Nazirliyinə rəhbər vəzifəyə təyin olunandan sonra heç bir xeyirdə-şərdə görünmürdü.( Bəzən əlaqələr xəbərsiz-ətərsiz itir-batır. Hər halda Oqtay Qədimov həmişə yaxşılığı ilə yadda qalan rəhbərlərdən idi).
Məmməd, məktubunda leytenant Şmidt adına zavodu, onun yataqxanasını xatırladırsan . Bəli, yataqxananın adı fəhlə yataqxanası olsa da, bura əsl tələbə yataqxanasına oxşayırdı. Bəzən məşhurluğuna görə zarafatla yataqxananın ünvanını - Çapayev küçəsi,100-ü Moskvanın Kremli ilə müqayisə edirdik.Burada yaşayanların cərgəsində sonralar yüksək vəzifəyə təyinat alan o qədər şmidçi var ki... Doğrudur, bəziləri tərcümeyi hallarının bu səhifələrini gizləyirlər, amma mən hələ də başa dşmürəm ki, leytenant Şmidt adına zavodun yaraqxanasında yaşamaqda ayıb olan nə var ki...
Yataqxananın komendantı İsa Kərimov ispan dili müəllimi idi.Fəhlələrə hər cür şərait yaratmışdı.Sonralar mən də bir müddət onunla işləməli oldum:Azərbaycan SSR EA Nəsimi adına Dilçilik İnstitutunun qiyabi aspiranturasında oxuyurdum. (ADU-nun filologiya fakültəsinin Elmi Şurasının qərarı ilə aspiranturaya göndərilmişdim).Akademiyadan məcbur eləyirdilər ki, zavodda tokar işləyə-işləyə türk dilləri ixtisası üzrə aspiranturada oxumaq olmaz.
Nə isə..Zavodun baş mühəndisi Şənlik Müslümoviç Əliyevdən məni ixtisasım üzrə təmin etmələrini xahiş elədim. O da başladı ki, biz səni SSRİ Ali Sovetinə deputat seçmək istəyirdik, bir ay yaşın çatmadı ki, deputat olasan.İndi başqa təklifimiz var, hara gedirsən?
Sonralar Ş.M.Əliyev Mərkəzi Komitədə işlədi,Sumqayıt Şəhər Pariya Komitəsinin birinci katibi oldu. Deyilənə görə,Sovetlər dağılandan sonra ABŞ-a köçmüşdür.Yaxşı ziyalılıq nümunəsi olan Ş.M.Əliyevin daha sonrakı taleyindən xəvərimiz yoxdur.
SSRİ Ali Sovetinə deputat seçilməyim barədə təklif zavodun direktoru H.N.Seyidovdan gəlmişdi. H.N.Seyidov sonralar respublikanın başçılarından biri oldu.Rastlaşanda bütün şmidtçilərlə çöx səmimi salamlaşardı. Direktor işlədiyi vaxtlarda fəhlələrin mənzil şəraitinin xeyli yaxşılaşdırmışdı.Amma rəhmətlik mənə mənzil vermədi.
Ümumittifaq Həmkarlar İttifaqının XVII qurultayına göndərdiyim teleqramdan sonra aləm bir-birinə dəydi, köhnə mənzil fondundan mənə Montin qəsəbəsində 11 kvadrat metrlik mənzil verdilər. Bu da o vaxtın reallığının şərtlərindən idi.
Məmməd, mən yataqxanada işləyəndə sən ali məktəbə hazırlaşırdın. Mən, rəhbərliklə razılaşıb, bir neçə fəhləni ali məktəbə hazırlaşdırmaq qərarına gəlmişdim. Amma, açığını deyim ki, təkcə sən bu yolla hazırlaşmağa dözdün və öz inadkarlığına görə ali məktəbin qiyabi şöbəsinə daxil oldun, bir müddətdən sonra ailə vəziyyətinə görə kəndinə qayıtdın. Sonralar mən Azərbaycan KP Nərimanov RK-də işlədim, siyasi maariflə məşğul oldum. İndi eşidirəm ki, sən uzun müddət Tatlı kənd müəlimlərin rəhbərlərindən biri olmusan, adın-sanın var.Əlbəttə, bunlar məni sevindirir.İndi təqaüddəsən.Belə başa düşdüm ki, hələ də pedaqoji işlə məşğulsan. Alma bağın var.Alma bağın alma verir. Mənə də alma söz verdin. Amma mən məni təəccübləndirən bircə almanı almağa, hədiyyə kimi qəbul etməyə razılıq verdim.Bəlkə də yadındadır, yataqxanada yaşayan uşaqlardan biri -qubalı Ələddin bir dəfə Qubadan mənə öz bağlarından bir boşqab alma gətirmişdi.Əlimi bir dənəsinə uzatdım, qalanına gözümün ucu ilə də baxmadım.Yataqxana uşaqları o vaxt bunu lətifə kimi danışırdılar.

***

...Bir neçə gündür ki,Tatlı kənd məktəbinin müəllimi Məmmədov Məmməd Qara oğlu ilə , demək olar ki, hər gün zəngləşirik.
Allah insaf versin sənə, Məmməd.Dərsliklər haqqında növbəti bir yazımı yarımçıq qoydun.Gənclk illərimə, həyatımın fəhləliklə bağlı illərinə qayıtdım.Mənim nə qədər yaxşı dostlarım varmış..

Deyəsən,yazılarımın mövzusunu dəyişməli olacağam. Hələ,məncə, fəhlə pedaqogikasından yazan yoxdur. Məncə, bu müvzunu məncə, mənim qədər yazan da yoxdur. Sağlıq olsun.


Hörmət və sayğılarla,

Nazim Nəsrəddinov,

1972-ci ilin noyabrında Moskvada keçirilən
Bütün Dünya Gənclərinin Beynəlxalq Konfransının
Azərbaycan üzrə nümayəndəsi.


Bakı,17.04.2014.


P.S.Vaxt tapıb, razılaşıb,keçmiş şmidtçilərlə çay süfrəsi ətrafında
"Xatirələr dilə gəlir" adlə maraqlı bir görüş keçirmək maraqlı olardı.Mən bu barədə YAP-ın Nərimanov Rayon Şöbəsinin əməkdaşı Nizami Babaşovla qısa bir söhbət etmişəm.Nizami müəllim çoxdanın siyası partiya işçisidir.Sözünün yerini bilən adamdır. Söz verirsə, deməli, iş görüləcək.

Geri dön