Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Türk dünyası-Turan, Türkün şanlı tarixi, Özəl xəbər > AZƏRBAYCAN PREZİDENTİ ƏBÜLFƏZ ELÇİBƏYİN UÇURUMUN QIRAĞINDAN GƏLƏCƏYƏ BAXIŞI...
AZƏRBAYCAN PREZİDENTİ ƏBÜLFƏZ ELÇİBƏYİN UÇURUMUN QIRAĞINDAN GƏLƏCƏYƏ BAXIŞI... |
(Prezident Ə. Elçibəyin 1992-ci ilin iyununda Litva jurnalisti Riçardas Lapaytisə verdiyi müsahibə)
Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəy ölkənin problemlərinin həllində xalqına əməli işdə kömək etməyənə qədər jurnalistləri qəbul etməkdən imtina edir. Qısa dosye: Prezident Əbülfəz Elçibəyin 54 yaşı vardır. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsini bitirib. Misirdə tərcüməçi işləyib. Daha sonralar Bakı Universitetində və Azərbaycan Elmlər Akademiyasında çalışıbdır. Tarix elmləri namizədidir. 50-dən artıq elmi işin müəllifidir. Sovet imperiyasına qarşı apardığı fəaliyyətə görə KQB tərəfindən həbs olunaraq iki il dustaq edilib. 1989-cu ildə Azərbaycan Xalq Cəbhəsinin təsis Konfransında AXC-nin sədri seçilib. Bu ilin iyun ayının 7-də isə Azərbaycan Respublikasının Prezidenti seçilibdir. Prezidentin istisna olaraq “Lietuvos rytas” (“Litvanın səhəri”) qəzeti üçün verdiyi müsahibəni oxuculara təqdim edirik. - Cənab Prezident, ölkənizdə Azərbaycan Xalq Cəbhəsinin (AXC) belə möhtəşəm populyarlığı nə ilə izah oluna bilər? - Sualınıza cavabı ondan başlamaq istərdim ki, bu gün Azərbaycanda vəziyyət keçmiş Sovetlər İttifaqının digər respublikaları ilə müqayisədə qat-qat mürəkkəbdir. 1 milyon 200 000 mindən artıq əhali işsizdir, dörd ildir ki, bizə qarşı elan olunmamış müharibə davam edir, 200 000 mindən çox azərbaycanlı Ermənistandan, daha 100 min nəfər isə Qarabağdan və sərhəd rayonlardan qovulubdur. Yalnız bunlar kifayətdir ki, xalq hərəkətə gəlsin və özünü müdafiə etmək üçün ayağa qalxsın. Belə bir şəraitdə Xalq Cəbhəsi Azərbaycanda yeganə təşkilat oldu ki, nə təhdidlər və repressiyalar, nə də ki, informasiya blokadası onu məhv edə bilmədi. Öncədən məqsədimiz kütləvilik olmayıbdır. Ancaq, hərəkatın başlanğıcından ötən zaman ərzində təşkilat get-gedə elə geniş vüsət aldı ki, bu gün onun xalq arasında populyar olmasına əmin olmaq üçün əlavə dəlillər təqdim etməyə heç bir ehtiyac yoxdur... - Dağlıq Qarabağ münaqişəsində Sizin mövqeyiniz nədən ibarətdir? - Dağlıq Qarabağda, Cənubi Osetiyada, Moldovada, Baltikyanı ölkələrdə və digər “qaynar nöqtələrdə” baş verən faicəli hadisələr keçmiş Sovetlər imperiyasının yeritdiyi “parçala və hökm sür” siyasətində zəncirin ayrı-ayrı halqaları olaraq başa düşülməlidir. Tarix təkrar olunur, amma, müxtəlif məkanlarda və başqa-başqa tərzlərdə. Yalnız biz azərbaycanlılar yox, milyonlarla ruslar da daxil olmaqla, Sovetlər İttifaqının bir çox xalqları köçürdülmə siyasətinin qurbanı olublar. Bu baxımdan ermənilər Azərbaycanla Türkiyə arasında sanitar dəhliz yaratmaq məqsədi ilə Cənubi Qafqazda süni şəkildə məskunlaşdırılıblar. Imperiyanın təcavüskar siyasəti nəticəsində Azərbaycan iki yerə bölündü: şimal hissəsi Rusiyaya qatıldı və imperiyanın geridə qalmış ucqarına çevrildi, cənub hissəsi isə İrana verildi. Azərbaycanda Şərqin və Qərbin yolları kəsişir. Zəngin təbii sərvətlər, məhsuldar torpaqlar, ölkənin tutduğu əlverişli iqtisadi-coğrafi mövqe hələ qədim zamanlardan başlayaraq bir sıra xarici qəsbkarların diqqətini cəlb edibdir. Biz 200 il Rusiya imperiyasının tərkibində olmuşuq. Ona görə də təəccüblü görünməməlidir ki, imperiya qüvvələri qarətçilikdən və tələblərini zorla həyata keçirməkdən imtina etmək istəmirlər, xalqımızın azadlıq və demokratiya uğrunda apardığı mübarizədə onun iradəsini qırmaq əzmindədirlər. - Azərbaycanda belə bir fikir mövcuddur ki, İran daha çox Ermənistana dəstək verir. Bunu necə izah etmək olardı? - Həqiqət nə qədər acı olsa da, onu demək lazımdır. Ola bilsin ki, bu, müvəqqəti zərər gətirsin. Buna baxmayaraq, son söz yenə də həqiqətindir. Bəzək-düzəkli və şirin yalan isə daha böyük ziyanlar vurur və bizi labüd fəlakətə yaxınlaşdırır. Azərbaycan xalqının qədim adət-ənənələri vardır. Buna baxmayaraq, İranda yaşayan 20 milyondan artıq azərbaycanlının ana dilində bir dənə də olsa məktəbi yoxdur. Həmin ölkədə milli dildə maariflənməyə qoyulmuş qadağa BMT-nin prinsiplərinə ziddir. Iranda azərbaycanlıların doğma dillərində heç bir qəzeti çap edilmir. Əgər, mən bu faktları gizlətsəydim, onda 20 milyon azərbaycanlının milli maraqlarını satmış olardım. Ədaləti tələb etmək mənim borcumdur. Əgər, mən bunu edə bilmirəmsə, onda, dövlət başçısı olmağa haqqım yoxdur. Bu sualın digər tərəfi də vardır. Belə ki, İran mətbuatı AXC-nı allahsızlar təşkilatı kimi qələmə verərək iftiralar yayımlayır, ölkənin mömin əhalisinin gözlərində Cəbhəni hörmətdən salmağa çalışır. Onlar bu yolla siyasi məqsədlərinə nail olmaq istəyirlər. Belə olduqda, məgər, mən məcburən susmalıyam? İran mətbuatı məni sionist adlandırır. Biz nə üçün yol verməliyik ki, onlar bizə şər-böhtan yaxsınlar, niyə görə biz həqiqəti deməkdən çəkinməliyik? Ola bilsin ki, İran onun tərkinidə olan Cənubi Azərbaycan ilə Şimali Azərbaycanın nə vaxtsa Almaniya kimi birləşməsindən qorxur. Amma, bu məsələ yaxın vaxtlarda hələlik həll edilməyəcək. - Azərbaycan MDB müqaviləsinə imza atacaqmı? - Xeyr. Biz o cür birliyə daxil ola bilmərik. Bütün ölkələrlə ikitərəfli və bərabər hüquqlu əlaqələr əsasında əməkdaşlıq edəcəyik. - Nə üçün Orta Asiya ölkələrinin rəhbərləri Aşqabad danışıqlarına Azərbaycan dövlətinin təmsilçisini dəvət etmədilər? - Orta Asiya respublikaları demokratik dövlət deyillər. Onların rəhbərləri Moskvanın iradəsinə tabedirlər. Lakin, düşünmürəm ki, bu hal çox davam etsin. Yüksəlməkdə olan xalq hərəkatları bir müddət sonra indiki hakimiyyətləri devirəcək. Çünki, xalqlar azadlığa qovuşmaq üçün ayağa qalxanda, heç kəs onların qabağında dura bilməz. - Buna baxmayaraq, Rusiya ilə münasibətlər vacib əhəmiyyət kəsb edir... - Biz Rusiya ilə mütləq danışıqlar aparmalıyıq. Rusiyada Azərbaycan ilə normal siyasi və iqtisadi əlaqələr saxlamaq istəyən təşkilatlar az deyildir. Yüz minlərlə azərbaycanlı Rusiyada yaşayır, yarım milyondan çox rus Azərbaycanda məskunlaşıbdır. Odur ki, hərtərəfli əməkdaşlıq münasibətləri qurmaq üçün hər cür imkanlar mövcuddur. Və aydın məsələdir ki, Rusiya və yaxud Ukrayna ilə müqavilələr imzalanmalıdır. Eynilə ABŞ və digər NATO dövlətləri ilə də müqavilələr bağlamaq lazımdır. - Əgər, indi müharibəyə son qoymaq mümkün olardısa, ermənilər Dağlıq Qarabağa qayıda bilərlərmi? - Mənim zənnimcə, gələcəkdə Cənubi Qafqazda yaşayış yeri baxımından seçim məhdudiyyəti olmayacaq. Lakin, ermənilərin azərbaycanlılarla indi birgə yaşamasını psixoloji cəhətdən çətin təsəvvür edirəm. Ən azı 10 il keçməlidir ki, Qarabağda törədilmiş qırğınlar və digər zorakılıqlar bir qədər unudulsun. - İqtisadi böhrandan hansı çıxış yolunu görürsünüs? Dağlıq Qarabağ münaqişəsi necə həll oluna bilər? - Açıq demək lazımdır ki, biz uçurumun qırağındayıq. İlk öncə biz ölkənin ərazi bütövlüyünü təmin edə bilən idarə sistemi yaratmalıyıq. Həmin sistemin əsasında iki prinsip durmalıdır. Birinicisi, güclü qanun bazasını yaratmalıyıq. Ikinci isə, heç bir zaman unutmaq lazım deyildir ki, hökumət problemləri həll etmir, o, həmin problemlərin xalqın özü tərəfindən həll edilməsi üçün şərait yaratmalıdır. Bu yolda güclü hakimiyyət, millətarası həmrəylik və mənəvi birlik gərəkdir. Dağlıq Qarabağ münaqişəsinin həllinə gəlincə deməliyəm ki, biz bu məsələdə ancaq özümüzə güvənə bilərik. Ermənistanın təcavüzkar hərəkətlərini ancaq qüdrətli Azərbaycan dayandıra bilər. Bununla yanaşı, mən münaqişənin tənzimlənməsində siyasi yollardan istifadə etmək məsələsini kənara qoymuram. Lakin, hamı bilməlidir ki, Dağlıq Qarabağ tarixən heç bir vaxt Ermənistanın tərkibində olmayıb və bundan sonra da olmayacaq. Həmçinin, Qarabağ torpaqlarında ayrıca dövlət yaratmağa da yol verilməyəcək. - Azərbaycanda yaşayan milli azlıqların taleyi necə olacaq? - Ölkə əhalisinin böyük əksəriyyətini təşkil edən azəri türklərinin hüquqları indiyə kimi guya qorunurdu ki? Belə olan halda, bəs azsaylı xalqların haqları barədə nə demək olar? Keçmiş rejimin tüğyan etdiyi dövrdə hamının halı ağır olubdur. Hüquqlar milli mənsubiyyətə görə yox, insan haqları sahəsində vəziyyətin idarə edilməməsi və özbaşnalığın hökm sürməsi ucundan pozulurdu, ümumiyyətlə adi vətəndaş hüquqlarının olmaması üzündən tapdalanırdı. Hər bir milli azlığa gələcəkdə mədəni muxtariyyət veriləcək. Məktəblər açılacaq, milli dillərdə kitablar çap ediləcək, xalqların öz radio və televiziya proqramları olacaq və ilaxir. Bu məsələdə vahid prinsip rəhbər tutulmalıdır: - siyasi əqidəsindən və dini mənsubiyyətindən asılı olmayaraq bütün xalqlar bərabər hüquqa malikdirlər. - Azərbaycanın Litva ilə əlaqələrini necə təsəvvür edirsiniz? - Azərbaycan və Litvanı bir-birinə eyni məzmunlu mənəvi yollar bağlayır. Həmin yollar Azadlıq və Demokratiya yollarıdır. Dövlət başçılarınıza və fədakar millətinizə mənim rəğbətim vardır. Düşünürəm ki, yaxın gələcəkdə dövlətlərarası münasibətlərimizdə daha sıx iqtisadi, mədəni və mənəvi əlaqələr bərqərar olacaqdır. Şəkildə: Prezident Ə. Elçibəy Litva jurnalistinə müsahibə verərkən. Foto İlqar Cəfərovundur. Bakı – Vilnüs, iyun 1992-ci il. P.S: Müsahibə litvaca çap olunubdur: Vilnüs, “Lietuvos rytas” (“Litvanın səhəri”) qəzeti, 14 iyul 1992-ci il, çərşənbə axşamı, № 135 (570). Litva dilindən Mahir HƏMZƏYEV tərcümə edib. Litva Azərbaycanlıları Cəmiyyətinin sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü E.-mail: mahir.hemzeyev@post.skynet.lt Vilnüs şəhəri, 02 may 2014-cü il. Geri dön |