Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Özümüzü tanıyaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Mədəniyyət > Özümüzü tanıyaq

Özümüzü tanıyaq


Dünya şöhrətli rəssam Salvador Dalinin məşhur “Dünyanın xilası” əsəri barəsində yazıcı-publisist Məhərrəm Zamanın “Davam” qəzetinin 01.11.2011-ci ilin 18-ci sayında dərc edilmiş “Yaranış-Xilas” məqaləsi ətrafında düşüncələrimi sizinlə bölüşmək istərkən yadıma düşdü ki, ömrümün yetkin çağında olsam da indiyə kimi heç vaxt bu məqsədlə - yəni, məhz məqalə və ya buna oxşar bir yazı yazmaq üçün qələmi əlimə almamışam. Lakin təqdim olunan mövzu və onun aktuallığı o qədər məni cəlb etdi ki, yazmaya bilmədim, məqalə yazmağı da sınaqdan keçirmək qərarına gəldim. Yadıma düşdü ki, bu şəkli ilk dəfə mənə yaxın, ziyalı dostum Vahid Rzayev vermiş, verərkən dəyərli fikirlərini bölüşmüş, mən də bu fikrin davamı olaraq bu əsəri tanıdığım ziyalılara və o cümlədən (bu yaxınlarda rəhmətlik dostum Elman Əliyevin vəfatı ilə əlaqədar yaxından tanıdığım) yazıçı Məhərrəm Zamana verdim, əsəri o necə ruh yüksəkliyi və sayğı ilə qarşıladı, bunu dillə ifadə etmək çox çətindir.

Birgə başlanan işi daha sövqlə, geniş oxucu auditoriyasına çatdırmaq üçün əməli işə keçərək bu haqda məqalə yazdı və onu dərc etdirdi.
Salvador Dalinin əsərindəki qəhrəmanının Azərbaycana tuşlanmış barmağı həm də onu göstərir ki, dünya bizi - yəni, bizim Azərbaycanı və biz azərbaycanlıları özümüzdən çox-çox yaxşı tanıyır. Vahid Rzayev demişkən: - “Tanıdıq, tanıdıq, dünyada hamını tanıdıq. Təkcə özümüz-özümüzü tanımadıq ki, tanımadıq.”

Bu qüsuru qismən aradan qaldırmaq məqsədilə imkanlarımız daxilində Azərbaycanlıları - ilk növbədə özümüzə, sonra isə vətəndən kənarda tanıtmağa səy göstərməyə qərar verdik. Siz necə düşünürsünüz, əziz oxucular, bu bizdə alınacaqmı?
Hər halda risk etməyə dəyər. İtiriləsi bir şey olmasa da, qazanılası çox şeylər var, deyə düşündüm. Biz Bismillah deyərək başlayırıq və sizləri də bu işə dəvət edirik...

Gəlin özümüzü tanıyaq və çalışaq kimliyimizi, daha doğrusu böyüklüyümüzü aydınlaşdıraq ki, biz Azərbaycanlılar dünyaya - bəşər mədəniyyətinə nələr vermişik? Verdiyimizin əvəzini almışıqmı? Onu bizə az da olsa qaytarıblarmı? Bundan sonra nə verə bilərik? Verdiklərimizdən özümüz də faydalanmağı düşünürükmü? Yoxsa yenə də töhfələrimiz əvvəlkilər kimi qarşılıqsız olacaq?!

Əziz oxucular!
İlk yazımız 1918-1920-ci illərdə Azərbaycan Cümhuriyyəti Daxili İşlər nazirinin müavini işləmiş, sonradan Almaniyada mühacir həyatı yaşayaraq xalqımızı ləyaqətlə təmsil etmiş, şərqşünas alim, general Sadıq bəy Ağabəyzadə haqqında olacaqdır.

Əvvəlcədən qeyd etmək yerinə düşər ki, Sadıq bəy haqda Gülər xanım Abdullabəylinin ciddi araşdırmaları mövcuddur.
Haqqında yazılan yazılarda rəhmətlik Sadıq bəyin dəyərli həyatının ancaq bir hissəsi öz əksini tapıb ki, bu da müqəddəs “Qurani Kərim”-in alman dilindən rus dilinə tərcüməsində göstərdiyi danılmaz xidmətdir. Bu işdə, yəni “Quran”-ın nəşrində oynadığı rolu anlamaq üçün həmin tərcümənin ön sözünün Azərbaycan dilində tərcüməsini diqqətinizə təqdim etmək qərarına gəldik.

Eyni zamanda rəhmətlik Sadıq bəyin nurlu ruhunu yad edərək həmin nəşrdən Nur surəsinin (24)35-ci ayəsinin Azərbaycan dilində tərcüməsi və təfsiri ilə də tanış ola bilərsiniz.
Hər iki mətn, rus dilindən Azərbaycan dilinə Yusif Rəhimoğlu tərəfindən tərcümə edilmişdir. Allah ondan və bu işləri təmənnasız görən digər insanlardan razı olsun!

Mirələkbər Seyidov



Bismillahir Rəhmanir Rəhim!
Naşirin ön sözü


Allahın Rəsuluna, onun əyalına və islama dəvət edən hər kəsə Qiyamət gününədək həmd və salam olsun.
“Allah nəyisə istəsə, bunun üçün əlverişli şərait yaradaraq onun yerinə yetirilməsinə yardım edir”.
Belə bir kəlamı biz müdriklərin dilindən dəfələrlə eşitmişdik, Allahın izni ilə Quranın təfsirinin rus dilinə tərcüməsi zamanı biz buna gerçəkdə əmin olduq. Axı Allah bu tərcümənin işıq üzü görməsinə yardım edən çoxlu əlverişli şərait yaratdı.

Birincisi, “Quran”- ın təfsirinin Allahın izni ilə bundan sonra olacaq bütün tərcümələrin əsası və mənbəyi olmuş alman dilinə tərcüməsinin nəşri.
Nəşriyyatımızın yerinə yetirmiş olduğu almancaya tərcümə üzərində yüksək ixtisaslı müsəlman, ərəb və alman mütəxəssislərindən ibarət kollektiv tam 13 il ərzində işləmiş və bunun da nəticəsində o, Müqəddəs Əl-Əzharın və digər nüfuzlu islam təşkilatlarının təqdirini haqq etmişdir.

İkincisi, Küveytli qardaşımız tərəfindən edilən təşviq, həvəsləndirmə. Ancaq buna baxmayaraq, Allahın istəyi ilə üçüncü əlverişli şərt ortaya çıxanadək mən bir ildən artıq bir müddət bu işə girişməyə cürət etməyərək qərarsız bir halda idim və tərəddüd edirdim.

Üçüncüsü, Bu, hələ ikinci dünya müharibəsi dövründən siyasi köçkün (mühacir) kimi Almaniyada yaşayan istefada olan azərbaycanlı general Sadıq bəyin - (ağanın) təşəbbüsü idi. Onun Münhendəki Rusiya konsulluğunun işçiləri ilə dostluq əlaqələri var idi. Onun vasitəsi ilə onlar “Quran”- ın təfsirinin alman dilinə tərcüməsi ilə tanış oldular və bu onlarda “Quran”- ın təfsirinin almancadan ruscaya tərcümə edilməsinə ümidlər yaratdı.

Dördüncüsü, konsulluğun bütün işçiləri - cənab Baş Konsulun özünün də iştirakı ilə bütün kişi və qadınlar - nəşriyyatımızda oldular və bunun sayəsində müqəddəs “Quran”-ın məna və əhəmiyyətini ilk dəfə anlamış olduqları “Quran” təfsirinin alman nəşrini yüksək qiymətləndirdilər, çünki “Quran”-ın məna və bildirimlərinin rus və alman dillərinə edilmiş bütün müxtəsər (qeydlərsiz) tərcümələrini oxusalar da, onlar əvvəllər buna müvəffəq ola bilməmişdilər. Adıçəkilən nəşr Qurandakı mənaları onlara izah etmiş və müxtəsər tərcümələri oxuduqları zaman üzləşmiş olduqları saqınma və anlaşılmazlıqları aradan qaldırmışdı.

Tərcümələrin (zəruri şərhləri olmayan) oxunması zamanı oxucunun canı sıxılır və əksər hallarda o onları sonadək oxumur.
Buna görə konsulluq işçiləri hesab etdilər ki, bu tərcümə - rusdilli oxucu qarşısında islam dünyasına qapı açmaq üçün ən münasib üsuldur. Onların bütün nüfuzlu rəsmi islam təşkilatlarından bu tərcüməyə razılığını almağa hazır olduqlarını bəyan etdilər.

Beşinci, başqa minnətdar küveytlilərin də (adlarının bildirilməsini istəməyən) dəstəyini qazanmış və məni bu çətin işi görməyə təşviq edən möhtərəm küvetli qardaşımla təmaslar yeniləndi.

Altıncısı, tərcümə ilə bağlı çox böyük məsrəflər sarıdan üzüntülər keçirərək mən iki Müqəddəs məscidin qəlbləri imanla dolu oğullarına - səudiyyəlilərə yardım üçün üz tutdum. Onlar hər cür köməklik göstərərək və yerdə məchul, göylərdəsə məlum qalmağı istəyərək çağırışıma fərəhlə hey verdilər.

Yeddinci, bu işi sona çatdıra bilməyimiz üçün ömürlərimizi uzatmış Allahın lütfü və dəstəyi sayəsində biz bütün çətinliklərin öhdəsindən gələ bildik, lakin buna görə biz Ona gərəkən bir şəkildə qarşılıq verə bilməkdə acizik.

Və nəhayət, uzunsürəli ciddi-cəhdli iş nəticəsində Quranın (şərhlərlə birgə) və bildirimlərinin almancaya tərcüməsi vasitəsi ilə yerinə yetirilmiş bu tərcümə bitirilmiş oldu.

Tez bir zamanda “Lüfthansa” aviaşirkətində işləyən rusiyalı müsəlman stüardessanın köməyi ilə onu islam üzrə Rusiya mütəxəssislərinin yoxlaması üçün biz bu tərcüməni Moskvaya göndərməyə müvəffəq olduq. Yoxlanışdan sonra o, işi geriyə, orada onu gözlədiyimiz Münhen hava limanına, gətirir, ertəsi günsə biz ona düzəliş edilməsi üçün yeni hissələri verirdik.
İşi tam başa çatdırmaq üçün biz birinci redaktə olunmuş bütün tərcüməni Qahirəyə göndərdik, orada bu işi ərəb dili biliciləri və Müqəddəs Əl-Əzhərdən olan fiqh və təfsir üzrə mütəxəssislər yerinə yetirdi.

Qahirədə tərcümə yenidən yoxlanıldı və redaktə olundu ki, bu da bizim ürəklərimizi şad edir. Və məziyyətlərinə görə onun almancaya tərcüməyə bərabər ola bilməsi üçün biz bu tərcümənin yetkinləşdirilməsi məqsədilə öz irad və təkliflərini bizə göndərəcək hər kəs qarşısında öz qapılarımızı açıq saxlayacağıq.
Ümidvarıq ki, Allahın izni ilə “Quran”-ın məna və bildirişləri dünyanın başqa dillərinə də tərcümələri ediləcəkdir.

Nəşriyyatın direktoru: Əbdül Kəlim Xəfəci


Geri dön