Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev: -Qarabağ kartı ilə bölgədə yeni dünya düzəninin, demokratiyanın üstün vəziyyətə gətirilməsinin qarşısı alınır-
Fərəc Quliyev: -Qarabağ kartı ilə bölgədə yeni dünya düzəninin, demokratiyanın üstün vəziyyətə gətirilməsinin qarşısı alınır- |
Fransa prezidenti Fransua Ollandın regiona səfəri davam edir. Azərbaycandan sonra Ermənistana gedən Fransa dövlət başçısının Bakıda Dağlıq Qarabağ probleminin həlli ilə bağlı səsləndirdiyi fikirlər müəyyən nikbinlik yaratsa da, bunun əksini söyləyənlər də var.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev hesab edir ki, Fransa prezidentinin Dağlıq Qarabağ problemi ilə bağlı səsləndirdiyi fikirlərdə heç də səmimiyyət yoxdur. Millət vəkili bildirib ki, istər Fransa, istərsə də digər bir ölkə və ya onun prezidenti işğala məruz qalan tərəflə işğalçı arasında bərabərlik işarəsi qoymağa cəhd etməməlidir: “Ermənilər ərazilərimizi işğal ediblər. Bu gün ya Fransa prezidenti, ya da bir başqası tərəflər arasında bərabərlik işarəsi qoymağa cəhd etməməlidir. Onlar açıq şəkildə işğalçının kim olduğunu deməli və işğalçının geri çəkilməsi üçün ortaya kəskin mövqe qoymalıdırlar. Ancaq bunu etmirlər”. Millət vəkili deyir ki, Fransa uzun müddət ATƏT-in Minsk qrupunda həmsədrdir. Lakin bu illər ərzində Fransa bu missiyanın həyata keçirilməsində laqeyd mövqe sərgiləyib: “İndi verilən bəyanatların mənasız olduğunu düşünürəm. Hətta Qarabağın işğal olunması faktını tanımaları belə əhəmiyyət kəsb etmir. BMT-nin 4 qətnaməsi, təşkilatın Nizamnaməsinin 41 və 42-ci bəndləri var. Orada açıq şəkildə göstərilir ki, işğalçı dövlətin işğal etdiyi ərazilərdən çıxarılması üçün hərbi və ya qeyri-hərbi sanksiyalar tətbiq etmək, məcburetmə mexanizmini işə salmaq lazımdır. Bunu müxtəlif ölkələrdə həyata keçirirlər, ancaq Ermənistana qarşı tətbiq etmirlər. Düzdür, Fransa böyük dövlətdir, BMT Təhlükəsizlik Şurası, ATƏT-in Minsk qrupu və “Böyük Yeddilik”də təmsil olunur. Bütün bunlarla yanaşı müntəzəm olaraq qondarma soyqırımla bağlı mövqe ortaya qoyurlar. Ona görə də Fransa prezidentinin mövqeyinin səmimiliyinə ciddi şəkildə şübhəm var. Ancaq onlar başa düşməlidirlər ki, Azərbaycan Ermənistan deyil. Azərbaycan bu gün faktiki olaraq Avropanın enerji təhlükəsizliyində ciddi rol oynayır. Azərbaycan tolerant bir ölkədir və burada bütün dinlərin nümayəndələri normal şəkildə münasibətlər sistemi qura bilirlər. Ölkəmiz sivilizasiyaların dialoqunun getdiyi bir məkandır. Azərbaycanda kilsələr, sineqoqlar da məscidlərlə bərabər işləyir. Ermənistan isə monoetnik bir dövlətdir və bir millətdən ibarətdir. Əgər Fransa Avropada demokratiyanın üstün vəziyyətə gətirilməsində özünü maraqlı bir dövlət kimi təqdim edirsə mütləq bu amilləri nəzərə almalıdır. Bu gün Avropaya meydan oxuyan, Krımı işğal edən, digər Avropa dövlətlərinin ərazisinə iddiada bulunan, revanşist siyasətlə yeni bir imperiya qurmaq istəyən Rusiyanın forpostu olan bir dövlətlə Azərbaycan arasında fərq qoyulmalıdır. Azərbaycan Ermənistan və ya başqa bir dövlətin ərazisini işğal etməyib ki. Biz sadə bir şəkildə öz istəyimizi ortaya qoyuruq. Ərazimiz işğal edilib. Bu ərazinin bütövlüyü, sərhədlərini Fransa da daxil olmaqla BMT-də təmsil olunan dövlətlər tanıyıb. Ona görə də həmin ölkələr tanıdıqları sərhədlər daxilində Azərbaycandan başqa dövlətin ordusunun çıxmasını tələb etməlidirlər. Necə olur ki, Rusiyanın Krımdan çıxmasını tələb edir, hətta NATO səviyyəsində təhdid göstərilir, ancaq Ermənistana qarşı belə bir addım atılmır”. Fərəc Quliyev bildirib ki, Fransanın Dağlıq Qarabağ problemi ilə bağlı mövqeyində hər zaman şübhə olub: “Ona görə də onların bu məsələdə fərqli rol oynayacağına ciddi şəkildə şübhə edirəm”. Millət vəkili mövcud vəziyyətdə Azərbaycanın atmalı olduğu addımlar barədə də danışıb. Onun sözlərinə görə, Qərb dövlətləri, beynəlxalq təşkilatlar Qarabağ məsələsinin təkcə Azərbaycanın problemi olmadığını artıq anlayırlar: “Qarabağ kartı ilə bölgədə yeni dünya düzəninin, demokratiyanın üstün vəziyyətə gətirilməsinin qarşısı alınır. Bütün sivil dünya təhdid edilir. Krım hadisəsindən sonra bu bir daha ortaya çıxdı. Mən Avronestin üzvü kimi bir neçə dövlətin parlamentində Qarabağ dinləmələrində çıxışım zamanı deyəndə ki, Qarabağ yalnız Azərbaycanın məsələsi deyil, iki dünya görüşününü, yeni dünya düzəni qurmaq istəyən sistemlə köhnəliyin, şər üçbucağının davasıdır, savaşıdır, bizə inanmırdılar. Ancaq Krım məsələsindən sonra başa düşdülər ki, Qarabağ məsələsindəki susqunluq tendensiya, ənənəyə çevrildi və Rusiya daha da əl-qol açaraq Krımı işğal etdi. Hazırda da başqa iddialara düşməyə başlayıb. Ona görə də hesab edirəm ki, bu məsələlərdə həm müttəfiqlərimizin, həm də NATO, Avropa Birliyinin kəskin şəkildə ortaya mövqe qoymasına çalışmalıyıq. Biz artıq konkret olaraq beynəlxalq təşkilatlar və dövlətlərdən əməl, iş tələb etməliyik. Necə ki, Rusiya, İran və ya başqa dövlətlərə qarşı sanksiya tələb edilir, eləcə də Ermənistana qarşı da eyni mövqe nümayiş etdirilməlidir”. Fərəc Quliyev onu da deyib ki, Azərbaycan Avropa dövlətləri ilə iqtisadi münasibətlərində mütləq siyasi ritorikaya diqqət yetirməlidir: “Əgər Qərb təsisatları və dövlətləri ilə enerji sahəsində əməkdaşlıq ediriksə, mütləq müqavilələrin pryambula hissəsində göstərməliyik ki, Ermənistan və onun müttəfiqi ilə əməkdaşlıq edən dövlətlərlə Azərbaycan enerji sahəsində əməkdaşlıq etməyəcək. Əgər onlar bundan gəlir əldə edib həmin gəliri Ermənistan kimi dövlətlə bölüşürlərsə, biz bunun əleyhinə çıxmalıyıq. Biz başqa dövlətlərdən də ortada əməl olacaq tədbirlərin görülməsini tələb etməliyik. Hesab edirəm ki, başqa yol yoxdur”. S.İsmayılbəyli OLAYLAR i.a. Geri dön |