Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan-Təbriz > 21 Azər Hərəkatı
21 Azər Hərəkatı |
Güney Azərbaycan 1945-1946 Milli Hökuməti 12 dekabr Güney Azərbaycan Milli Hökumətinin 66-cı ildönümü idi Məlum olduğu kimi, İkinci dünya müharibəsinin başlanılması Böyük Britaniya ilə yanaşı Sovetlər Birliyi hərbi hissələrinin İran adlanan ölkənin ərazisinə daxil olması ilə yekunlaşdı. Bu isə, eyni zamanda, ölkənin Rza şahın başçılıq etdiyi istibdad rejiminin süqutuna gətirib çıxardı. Bir tərəfdən xarici müdaxilə, digər tərəfdən mövcud rejimin yıxılması İranda müəyyən qədər demokratik mühitin yaranmasına gətirib çıxarmış oldu. Demokratik proses ölkənin müxtəlif bölgələrində fərqli formalarda təzahür edirdi. Güney Azərbaycanda isə bu milli-azadlıq hərəkatı Seyid Cəfər Pişəvərinin başçılığı ilə Azərbaycan Milli Hökümətinin yaranması ilə nəticələndi. Azərbaycan Milli Höküməti Azərbaycan türklərinin apardığı uzun illik milli-azadlıq hərəkatının təbii yekunu kimi şərtlənməkdədir. Seyid Cəfər Pişəvərinin başçılığı ilə aparılan 21 Azər hərəkatı 12 dekabr 1945-ci ildə Azərbaycan Milli Hökümətinin qurulması ilə nəticələnir. Ona görə də tarixi-siyasi ədəbiyyatda Azərbaycan Milli Höküməti 21 Azər hərəkatı adı ilə tanınmaqdadır. Azərbaycan Milli Höküməti İran adlanan ölkədə Azərbaycan türklərinin milli muxtariyyət hüququnu tanıyan bir hökümət kimi fəaliyyətə başlamış, daha sonra isə siyasi istiqamətini müstəqil dövlətçilik səmtinə yönləndirmək məramı izləmişdir. Azərbaycan Milli Höküməti xalqın böyük dəstəyilə dövlətin bir sıra mühüm işlərini həyata keçirməyə başladı. Təbriz Dövlət Universitetinin və çoxlu sayda orta məktəblərin açılması, Milli teatrın və mili filarmoniyanın yaradılması, milli kitabxanaların istifadəyə verilməsi, yolların çəkilməsi və s. kimi işlərlə Azərbaycan Milli Höküməti bir ildə iyirmi illik İran höküməti dövründən qat-qat artıq bir irəliləyiş əldə etmişdi. Amerikalı hüquqşünas Uliyam Duqlas 1950-ci ildə Güney Azərbaycana getmiş və yerli camaatın Milli Hökümətin və onun Baş Naziri Seyid Cəfər Pişəvərinin xidmətləri kimi xatırlatdığı dəyişiklik və islahatların siyahısını tərtib etmişdi. “1.Azərbaycan Milli Höküməti torpaq islahatını həyata keçirdi; 2.Hökümət iri bankları milliləşdirdi; 3.Dövlət məmurlarının rüşvət almasını əngəlləyən ciddi qanunlar qəbul olundu; 4.Şəhərlərlə yanaşı, kəndlərdə xidmət göstərən səyyar xəstəxanalar və sağlamlıq klinikaları yaradıldı; 5.Əsas malların qiymətlərinə ciddi şəkildə nəzarət edilirdi. Ərzaq məhsullarının gizlədilməsinə görə ağır cəza verilirdi; 6.Sosial proqramın həyata keçirilməsinə başlanıldı, işsizlər işlə təmin olundu; 7.Güney Azərbaycan Milli Ordusu yaradıldı”. Azərbaycan Milli Hökümətinin fəaliyyət göstərdiyi bir il ərzində həyata keçirmiş olduğu ən mühüm islahatları əsas etibarilə üç kateqoriyaya bölmək mümkündür. 1) Siyasi islahatlar; 2) Mədəni islahatlar; 3) Sosial-iqtisadi islahatlar. Azərbaycan Milli Höküməti dövründə könüllü xalq birliklərindən ibarət olan fədai dəstələri Milli ordunun əsasını təşkil edirdi. Qısa müddət ərzində xalqın sevimlisinə çevrilən fədailər Milli Hökümətin möhkəmlənməsində, onun hərbi qüdrətinin güclənməsində, xalqda öz dövlətinə olan inamın, etibarın formalaşmasında əhəmiyyətli rol oynamışlar. Fədai dəstələrinin özlərindən qat-qat güclü olan İran Pəhləvi rejimi qarşısında dayanması, Milli Azərbaycan dövlətini müdafiə etməsi yüksək vətənpərvərlik və qəhrəmanlığın təkrarsız örnəyidir. Seyid Cəfər Pişəvərinin ciddi təşkilatçılıq səyləri, işgüzarlığı və fəaliyyəti nəticəsində olduqca qısa bir dövr ərzində Azərbaycanın milli-demokratik qüvvələri birləşərək xalqın iradəsinə və dəstəyinə söykənən milli dövlətin təməlini qurdular. Azərbaycan Milli Hökümətinin apardığı islahatların ikinci qismi ölkədə həqiqi mənada inqilabın həyata keçirilməsini təmin etmiş oldu. Bu inqilab İran pəhləvi rejiminin assimilyasiya siyasətinə qarşı çıxmaq və Azərbaycan Milli kimliyini təsdiq etmək məqsədi daşıyırdı. Azərbaycan dilinin yüksək tutulmasına əsaslanan mədəni dəyişikliklər prosesi hətta 1945-ci ilin noyabrından qabaq başlamışdı. Lakin öz rəsmi xarakterini 1946-cı ilin yanvarın 6-da “Dil haqqında Milli Hökümətin Qərarı” ilə aldı. Bu sənəd elan etdi ki, “bu gündən etibarən, Azərbaycanda rəsmi dil türk dilidir”. Bu vaxtadək türk dili artıq bir çox məktəblərdə tədris olunurdu və ana dili dərsliklərin güclü şəkildə nəşrinə başlanılmışdı. Qərarın qəbul edilməsi isə bu prosesin tez bir zamanda uğurlu nəticələr verməsinə səbəb oldu. Həmçinin bir neçə ictimai - Azərbaycan İncəsənət və Rəssamlıq Məktəbinin (19 yanvar 1946 ), Dövlət Teatrının (23 mart 1946), Azərbaycan Radioverilişləri Agentliyinin (4 iyul 1946) və Təbriz Dövlət Universitetinin (6 iyun 1946) açılması bu prosesin ən önəmli hadisələri oldu. 1946-cı il sentyabr ayından - yeni tədris ilindən başlayaraq, bütün məktəblərdə dərslər ana dili olan Azərbaycan türkcəsində aparılmalı idi və bu işin uğurlu şəkildə həyata keçirilməsi Milli hökümətin mədəni islahatları içərisində önəmli yerlərdən birini tutmaqdadır. Sovet hərbi hissələrinin tərkibində Güney Azərbaycana getmiş olan Azərbaycanın yazıçı, şair ədəbiyyatşünas və publisistləri - Süleyman Rəhimov, Süleyman Rüstəm, Məmməd Rahim, Osman Sarıvəlli, Əvəz Sadıq, Cəfər Xəndan, Abbas Zamanov, Qulam Məmmədli, İsrafil Nəzərli və başlqalarının fəaliyyəti sayəsində Təbriz ədəbi mühitində böyük bir canlanma yarandı. Azərbaycan Milli Höküməti dövründə aparılan mədənin islahatların mühüm bir qanadını ana dili mətbuatın formalaşması səciyyələndirməkdədir. 1945-1946-cı illərdə Azərbaycanın Güneyində müxtəlif mətbuat orqanları, o cümlədən “Vətən yolunda”, “Azərbaycan”, “Fəryad”, “Azad millət”, “Qələbə”, “Yeni Şərq”, “Maarif”, “Demokrat”, “Fəlahət” (Təbriz), “Cövdət” (Ərdəbil), “Urmiyyə”, “Qızıl əsgər” (Urmiyə), “Vətən” (Miyana) qəzet, jurnal və məcmuələr nəşr olunmuş, bu mətbuatın səhifələrində ölkənin ictimai-siyasi və ədəbi-kulturoloji həyatı təcəssümü tapmışdır. Azərbaycan Milli Höküməti sosial və iqtisadi dəyişiklikləri həyata keçirmək məqsədilə bir sıra ciddi islahatlara da başladı. Bu sırada torpaqların kəndlilərə paylanılması, şəhərlərdə və kənd yerlərində xəstəxanaların açılması, yolların çəkilməsi, kənd təsərrüfatının inkişaf etdirilməsi, işsizliyin aradan qaldırılması və s. kimi mühüm məsələlər qeyd olunmalıdır. Nəhayət ki, sosial-iqtisadi islahatların surətli bir şəkildə həyata keçirildiyi bir dövrdə Milli Hökümət İran fars rejiminin əlilə 12 dekabr 1946-cı ildə süquta uğradıldı. Qeyd edək ki, bir qədər öncə İran mərkəzi höküməti Azərbaycan Milli Höküməti ilə imzaladığı anlaşmalarla bu muxtar dövləti rəsmən tanınmış olsa belə, eyni il içərisində Pəhləvi fars dövləti ordusu Azərbaycana hücum etmiş və Milli Hökümətin mövcudluğuna son qoymuşdur. Azərbaycanın işğalının ardından minlərcə Azərbaycan türkü ya qətl edilmiş, ya da sürgünə göndərilmişdir. Azərbaycan Milli hökümətinin qurucuları Seyid Cəfər Pişəvəri başda olmaqla böyük işgəncələrə məruz qalmışlar. S.C.Pişəvəri 1947-ci ilin iyul ayının 11-də Yevlax şəhəri yaxınlığında müəmmalı şəkildə maşın qəzasında həlak olmuşdur. Hökümətin baş prokuroru Firudin İbrahimi Təbrizdə edam olunmuş, maarif naziri Məhəmməd Biriya sovet siyasi - rejimi tərəfindən 22 ildən artıq həbsdə saxlanılmışdır. Milli Hökümətin digər qurucları da həbs və sürgünlərə göndərilmiş, ağır mühacirət həyatı yaşamağa məcbur olmuşlar. Lakin onların Azərbaycan xalqının azadlığı və istiqlaliyyəti yolunda apardığı mübarizə adlarını tarixə ədəbi olaraq yazmışdır. Azərbaycan Milli Hökümətinin ömrü uzun olmasa da, bu hökümətin yaranması və fəaliyyəti Azərbaycanın güneyində milli-azadlıq hərəkatının sonrakı mərhələdə inkişafına ciddi təkan vermişdir. Bu gün istər güneydə, istərsə də dünyanın müxtəlif ölkələrində gedən azadlıq hərəkatının əsas ideya qaynaqlarından biri məhz Seyid Cəfər Pişəvərinin başçılığı ilə qurulmuş Azərbaycan Milli Hökümətidir. Əlirza Amanbəyli, MDHP Güney Azərbaycan departamenti Geri dön |