Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan-Təbriz > ABŞ-ın İran və Azərbaycana olan münasibətindəki qeyri-müəyyənlik
ABŞ-ın İran və Azərbaycana olan münasibətindəki qeyri-müəyyənlik |
Uzun illərdən bəri Amerikanın İrana qarşı olan soyuq, bir qədər də dəqiq desək düşmən münasibəti bu ölkənin dünya hegemonluğu iddialarından və İranın regionda idarəolunmaz bir qüvvəyə çevrilməsi prosesinə qarşı qısqanclıq hisslərindən qaynaqlanır.
Amerika özünə ən böyük təhlükə saydığı güclü SSRİ-nin parçalanmasından sonra zənn edirdi ki, artıq heç bir qüvvə onun dünya hegemonluğu iddiaları qarşısında duruş gətirə bilməyəcək. Lakin zaman göstərdi ki, ABŞ öz zənnində yanılır. Bir tərəfdən Çin Xalq Respublikasının qısa müddət ərzində xammal dövləti səviyyəsindən iqtisadi sahədə dünya səviyyəsində lider dövlətə çevrilməsi, bunun müqabilində öz siyasi iddialarını da qətiyyətlə ortaya qoyması, bu azmış kimi hətta siyasi təsir dairəsini gücləndirməsi, Baris Yeltsin dövründə nüfuzunu itirmiş Rusiyanın Putinlə başlayan qüvvələrin bərpası dövrünün çox qısa müddət ərzində itirilmiş mövqelərini geri qaytarması, digər tərəfdən isə İraq və Əfqanıstanda aparılan irimiqyaslı hərbi əməliyyatlar, daha sonra ABŞ-ın “ərəb yürüşü” bu dövlətin İran və digər ipə-sapa yatmayan dövlətlərin başını əzməklə öz dünya hegemonluqlarını bir qədər də genişləndirmək arzularının amerikanlar üçün qeyri-müəyyən müddətə dondurulması ilə nəticələndi. Məhz elə bu sadaladığımız səbəblər ABŞ-ın İrana qarşı olan münasibətlərində də qeyri-müəyyənlik yaratmış oldu. Bəli, bu aydın məsələdir ki, ABŞ İranı inkişaf edən, güclü bir dövlət kimi görmək istəmir. Bunun üçün isə İrana qarşı hərbi müdaxilə qaçılmazdır. Bunu amerikanlardan hərbi-siyasi müttəfiqi olan İsrail dövləti də israrla tələb edir. Bu baxımdan ABŞ-dakı güclü yəhudi diasporunun təsiri də danılmazdır. Bəs gəlin görək ABŞ-ın İrana qarşı olan siyasətindəki bu qeyri-müəyyənlik nədəndir? ABŞ-ın İrana qarşı olan siyasətini təhlil edərkən Azərbaycanı diqqətdən qaçırmaq olmaz. Çünki Ağ Ev bu iki dövlətə qarşı olan siyasətini paralel aparır. Bəzi məsələlərdə Türkiyənin mövcudluğunu da nəzərdən keçirir. Hələ oğul Buşun dövründə ABŞ İranla müharibənin astanasında idi. Lakin İslam dininin peyğəmbəri həzrət Məhəmmədin təhqir olunması məqsədi ilə dərc olunan karikaturaların yaratdığı ajiotajdan İran rəsmiləri məharətlə öz xeyirlərinə istifadə etdilər. Beləliklə müharibə ab-havası soyumuş oldu. Sonra isə hakimiyyətə demokratların nümayəndəsi qaradərili müsəlman Barak Obamanın gəlişi islam dünyası ilə ABŞ-ın münasibətlərində müəyyən dəyişikliklər edilsə də İrana qarşı münasibət dəyişilməz olaraq qaldı. Düzdür, Barak Obama siyasi nəzakət xatirinə İrana yönəlik yaxşılğa doğru müəyyən jestlər etdi. Ancaq bunun səmərəsi olmadı. Vəziyyət elə duruma gəlib çatıb ki, ABŞ-ın “ərəb yürüşü” davam etməkdə İranın əhatə dairəsi isə daralmaqda davam edir. Artıq demək olar ki, Suriyada Bəşir Əsəd hakimiyyəti can verməkdədir. ABŞ-ın təsiri altında İslam İttifaqı Təşkilatı ölkələri müntəzəm toplantılar keçirərək Bəşir Əsədə islahatlar paketi təklif edir və islahatların aparılmayacağı təqdirdə ona qarşı tədbirlərin görüləcəyi xəbərdarlığı edirlər. Hadisələrin belə cərəyan etdiyi bir dönəmdə Beynəlxalq Atom Enerji Agentliyinin (BAEA) İranın atom silahına malik olması ehtimalının böyük olduğu iddiası ilə çıxış etməsi dünya siyasilərinin diqqətinin bu ölkəyə yönəlməsinə səbəb olmuşdur. Bu durumdan daha çox yararlanmaq istəyən dövlət isə İranın əzəli düşməni İsrail dövlətidir. İsrail zənn edir ki, bu vəziyyət ona İrana qarşı hərbi müdaxilə etməyə gözəl imkan verir. Belə ki, İsrail ABŞ-dan, Avropa dövlətlərindən dəstək olmağı, bu olmasa belə beynəlxalq təşkilatların qınağından yayınacağına ümid edir. Bütün bu fərziyyələrlə İsrail İrana qarşı hərbi müdaxilənin astanasında olduğunu bəyan etdi. Bu bəyanatdan sonra Almaniya bu məsələdə İsrailin yanında olduğunu bəyan etsə də, ABŞ indiki məqamda bunun yolverilməz olduğunu bildirdi. Çünki ABŞ-ın İrana qarşı bu dönəmdə siyasəti qeyri-müəyyənlik mərhələsindədir. ABŞ hələ götür-qoy edir - ümumiyyətlə bu müharibə onun nəyinə lazımdır? Əgər bu dövlətin parçalanmasından sonra başqa bir güclü dövlətin yaranması təhlükəsi ortaya gəlirsə ABŞ-ın bundan qazanacağı milyardlarla vəsaitin xərclənməsinə, yüzlərlə hərbçisinin ölümünə dəyərmi? ABŞ Suriyadakı vəziyyəti nəzarətə götürməklə İranın astanasında dayanmaq məqamını səbirsizliklə gözləməklə yaranacaq vəziyyətin İranın öz mövqelərindən bir qədər geri çəkilməsinə ümid edir. Əgər bu baş verməzsə o zaman bəlkə müharibə məsələsini ABŞ dünya ictimaiyyətinin müzakirəsinə çıxarsın. Amma zənnimcə Amerika müharibə mövzusunu müzakirə predmeti kimi gündəmdə saxlamaqla İrana təsir etmək məqsədi güdür. Ağ ev İranla müharibədən məğlub olacağından ehtiyatlandığı üçün yayınmır. Onları bu addımdan çəkindirən ən başlıca səbəb Azərbaycan amilidir. ABŞ ehtiyatlanır ki, İrana hərbi müdaxilədən yararlanan İranın azərbaycanlı əhalisi ayrılaraq öz müstəqilliklərini elan etmiş olsun. Əgər bu baş verərsə, sözsüz ki, sonrakı mərhələdə Azərbaycan Respublikası ilə birləşmə iddialarını ortaya qoyacaqlar ki, bu da Amerikanı qane etmir. Çünki, belə olarsa regionda ikinci böyük türk dövləti yaranmış olacaq. Belə olarsa dünyanın coğrafi xəritəsində elə bir vəziyyət yaranır ki, Ermənistan artıq iki böyük türk dövlətinin əhatəsinə düşmüş olur. Digər tərəfdən Gürcütanın NATO ilə münasibətlərinin genişləndirilməsi Rusiyanı öz mövqelərindən çəkilməyə vadar edəcək. Bunu görən Ermənistan özü könüllü şəkildə işğal etdiyi ərazilərdən imtina edəcək. Bütün bunları nəzərə alsaq görərik ki, İrana hərbi müdaxilə Azərbaycan üçün sərfəli ola bilər. Doğrudur, bu birləşmə çoxlu problemlər ortaya çıxaracaq. Ola bilsin bütün problemlərdən uzaq olmaq üçün Azərbaycan dövlətinin rəsmiləri cənubi azərbaycanlıların birləşmə təkliflərini rədd də etmiş olsun. Lakin buna baxmayaraq müstəqillik əldə etmiş iki dövlət gec-tez birləşəcəkdir. Bütün bunları nəzərə alan ABŞ risk etmək istəmir. Sonda belə nəticə çıxarmaq olar ki, İran Azərbaycanla düşmən olmaqdansa, ona minnətdar olmalıdır. Çünki, nə qədər ki, ortada Azərbaycan amili var, İran sadəcə özünə boyun əyən bir bir hakimiyyət görmək istəyir. Bu isə İranın indiki dövlət quruluşunda mümkünsüz görünür. Belə ki, bu quruluşun əsas idarə mexanizmi olan mollalar bundan sonra illər uzunu xortdana bənzətdikləri amerikalılarla yaxşı münasibət qura bilməzlər. Ona görə ki, Amerikaya qarşı kin-küdurət dolu moizələri ilə iliklərinə qədər qidalanmış gənclər bunu onlara imkan verməyəcək. Elə bu səbəbdən də İranda quruluş dəyişiklikləri etmək Amerikanın xəyali arzularından olaraq qalmaqdadır. Amerikanın Azərbaycana qarşı olan münasibətlərdə ikili standartlardan yararlanmasının əsas səbəblərindən ən başlıcası məhz regionda Azərbaycan adlı güclü bir dövlətin yaranmasından ehtiyatlanmasıdır. Çünki son dövrlər müəyyən məsələlərin həlli zamanı Türkiyənin əks mövqedən çıxış etməsi və bu qarşıdurmalar zamanı öz prinsiplərindən bir addım belə geri çəkilməməsi Amerika üçün başağrısına çevrilməsidir. Buna rəğmən regionda ikinci belə dövlətin yaranmasını istəmir. Dağlıq Qarabağ məsələsinin həllindəki uzun illərdən gələn yubanmaların da başlıca səbəbi Azərbaycanın inkişafına ABŞ başda olmaqla digər aparıcı ölkələrin də qısqanc münasibətləridir. Bundan əlavə diqqət yetirsəniz görərsiniz ki, ATƏT-in Minsk qrupuna daxil olan hər üç dövlətin özləri zaman-zaman işğalçılıq siyasəti yürüdüblər. Sözsüz ki, işğalçı dövlət işğalçını müdafiə edəcək. Hələ o zaman Minsk qrupu yeni yarananda tanınmış siyasətçilər bunun düzgün qərar olmasından, torpaqlarımızın tezliklə azad olunacağından ağızdolusu danışarkən, mən tanıdığım insanlara, ətrafımdakılara - Minsk qrupunun məsələnin həllini tezləşdirmək üçün deyil, əksinə, bunu bir vasitə ilə uzatmaq üçün yaradıldığını bildirirdim. Digər tərəfdən Azərbaycanın çox gözəl coğrafi məkanda yerləşməsi, hegemon dövlətlərin bura olan maraqları tükənməzdir. İstər ABŞ, istərsə də Rusiya bu məkanda nəzarəti öz əllərində saxlamaq istəyirlər. Amma hər iki dövlət anlayır ki, Azərbaycanda mövqelərini möhkəmləndirmək istəyirlərsə, bu dövlət üçün nə isə etməlidirlər. Bu “nə isə” - Azərbaycan üçün önəmli olan Qarabağ məsələsi olduğuna görə hər iki dövlət gözləmə siyasəti yeridir. Fikirləşirlər ki, gec-tez “şikar” özü onlardan birinə tərəf gələcəkdir. Bax o zaman hər iki dövlət bütün qüvvələrini səbəblər edərək əsil simalarını göstərəcək. Hələlik prezident İlham Əliyev tarazlaşdırılmış siyasət yeridərək onların planlarını alt-üst etməkdədir. İlham Əliyev başa düşür ki, hər iki tərəfdə onu çox böyük tələ gözləyir. Bundan əlavə bir tərəfdən sığortalanaraq ona meyl etmək də çox böyük bir riskdir. Çünki, nə o, nə də bu tərəfə etibar etmək olmaz. Onlardan hər biri nəyinsə müqabilində əldə etdikləri, “şikar”ı asanlıqla rəqibinə ötürə bilər. Bu isə, “şikar” üçün hər şeyin itirilməsi demək olar. Hər şey prezident İlham Əliyevin apardığı siayəsətdən asılı olacaq. Ədalət naminə qeyd eləmək lazımdır ki, onun ətrafında istər Rusiyaya, istərsə də Amerikaya işləyən nüfuzlu, prezident qərarlarına təsir edə biləcək vəzifə sahibləri az deyil, onun işinin nə qədər çətin olduğu hər kəsə aydın olar. Bundan başqa, nə qədər ki, regionda bir zamanlar çar Rusiyası tərəfindən Azərbaycanın əzəli torpaqlarında yaradılmış qondarma Ermənistan adlı məmləkət mövcuddur, Rusiya bizimlə heç bir zaman səmimi olmayacaq. Ermənistanın mövcudluğunu Amerika da, İran da istəyir. Çünki, bu dövlətlər Ermənistana hər hansı etibar edilə biləcək dövlət kimi deyil, sadəcə bir “siyasi alət” kimi baxırlar. Alət üçün isə fərqi yoxdur kimin əlindədir, onun üçün əsas bir vasitə olaraq kiminsə əlində olmasıdır. Bu gün Rusiyanın əlində olan bu “alət” hələlik Azərbaycana yönəlib. Sabah isə ola bilsin İrana, Gürcüstana qarşı yönəlmiş olsun. O zaman Ermənistan heç xatırlamaq belə istəməyəcək ki, axı bir zaman hər tərəfdən blokadada olduğum zaman İran bizə yardımçı olmuşdur? İran olmasa idi biz illərlə Qarabağı işğal altında saxlaya bilməzdik. Bütün bunları nəzərə alaraq istər İran istərsə də Azərbaycan münasibətlərini yaxşılaşdırmalıdır. Əgər İran, Azərbaycan və Türkiyə eyni mövqedən çıxış etmiş olsalar o zaman heç bir qüvvə onlara qarşı çıxa bilməz. Hələlik isə İran tam əksinə hərəkətlər edir. O, Azərbaycanın daxili işlərinə qarışır, qıcıqlandırıcı bəyanatlar verir. Bu da iki qonşu dövlət arasında münasibətlərin pozulmasına gətirib çıxarır. Mənim zənnimcə bu məsələdə də rus barmağı var. Ola bilsin ki, Rusiya İranla Buşehr AES - nin tikintisini və ümumiyyətlə atom enerjisi ilə əlaqədar gələcəkdə ola biləcək hər hansı bir müştərək işlərin aparılması haqqında sazişlər imzalanarkən Rusiya yetimçəsi Ermənistana dayəlik etməyi İran qarşısında prioritet şərt kimi qoymuşdur. İran da istər-istəməz parnyoru olduğu ölkənin yetimçəsinə dayəlik etmək məcburiyyətindədir. Həm də fikirləşir ki, bunun müqabilində Rusiya onu gələcəkdə ola biləcək siyasi, iqtisadi sanksiyaların tətbiqi zamanı sığortalamış olsun. Amma İran rəsmiləri başa düşməlidirlər ki, zaman gələcək Rusiya da onu müdafiə etməyəcək. Buna da ola bilsin ki, xristian həmrəyliyi də təsir etmiş olsun. Bütün bunları nəzərə alaraq İran istər qonşu Azərbaycan Respublikasına yönəlik olan xarici siyasətində, istərsə də İranda yaşayan azərbaycanlılara qarşı olan daxili siyasətində önəmli dəyişikliklər etməlidir. Əvvəlcə qonşu Azərbaycanla münasibətlərini düzgün məcraya yönəltməli, sonra isə öz vətəndaşları olan, sayca ermənilərdən qat-qat çox olan azərbaycanlılara qarşı münasibətini dəyişməlidir. Ermənilərə verdikləri hüquq və imtiyazları onlara da verməlidir. Azərbaycanlılara qarşı heyvani münasibətlərə, repressiyalara, siyasi təzyiqlərə son qoyulmalıdır. Əgər İran bu sadaladıqlarımı yerinə yetirməyəcəksə, o zaman bir dövlət kimi özünün mövcudluğunu təhlükəyə atmış olacaq. Biz bəşəriyyət qarşısındakı borcumuzu yerinə yetirmək üçün bu yazını dünya siyasilərinin müzakirəsinə veririk. Yazıda yer alan məqamlara nə dərəcədə diqqət yetirmələrini isə onların ixtiyarına buraxırıq. Paşa Nuri - Vətən daşı Geri dön |