Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Nazir işsizlikdən danışdı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Nazir işsizlikdən danışdı

Nazir işsizlikdən danışdı


Əmək və sosial müdafiə sahəsində beynəlxalq tərəfdaşlarla gələcək əməkdaşlıq istiqamətləri müəyyən olunub.

ƏƏSMN və BMT-nin İnkişaf Proqramının təşkilatçılığı, aidiyyati dövlət qurumlarının, beynəlxalq təşkilatların və diplomatik korpusun nümayəndələrinin iştirakı ilə “Əmək bazarı və sosial müdafiə islahatları: beynəlxalq tərəfdaşların rolu” mövzusunda konfrans keçirilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov aparılan islahatlardan danışıb: “Bu tədbirin keçirilməsində məqsəd də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və beynəlxalq donor təşkilatları arasında əməkdaşlığın daha da genişləndirilməsi, fəaliyyətin daha səmərəli koordinasiya edilməsi, gələcək əməkdaşlığa və fəaliyyət istiqamətlərinə dair fikir mübadiləsinin aparılmasıdır”.

S.Müslümov son illərdə Azərbaycanda uğurlu islahatlar nəticəsində əldə olunan nailiyyətlərin nüfuzlu beynəlxalq institutlar, reytinq təşkilatları tərəfindən də yüksək qiymətləndirildiyini bildirib: “Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının “Doing Business” 2013-cü il üçün hesabatında Azərbaycan mövqeyini yaxşılaşdıraraq iqtisadiyyatın rəqabətə davamlılığına görə dünya ölkələri sırasında 39-cu yeri tutub. Sahibkarlığın inkişafı istiqamətində dövlətin fiskal siyasəti, o cümlədən güzəştli kreditlərin verilməsi, investisiya fəaliyyətinin gücləndirilməsi, iqtisadi fəaliyyət iştirakçılarına sağlam rəqabət şəraitinin yaradılması, antiinhisar və digər iqtisadi münasibətlərin tənzimlənməsi uğurlu nəticələrini verib. Belə ki, son 10 il ərzində ölkədə 99,8 faizi qeyri-neft sektorunda və 78,2 faizi regionlarda olmaqla 1 mln. 200 mindən artıq yeni iş yeri açılıb. Bu müddətdə ölkədə işsizlik səviyyəsi 10,6 faizdən 5,0 faizədək, yoxsulluq səviyyəsi isə 44,7 faizdən 5,3 faizədək azalıb”.

Nazir bildirib ki, “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında Azərbaycanın gələcək illər üçün inkişaf prioritetləri müəyyən edilib. S.Müslümov həmçinin əməyin təhlükəsizliyi və sağlamlaşdırılması üzrə Milli Strategiyanın layihəsinin hazırlanaraq, bu ilin mart ayında Nazirlər Kabinetinə təqdim olunduğunu bildirib.

Nazirliyin əsas fəaliyyət sahələrindən biri kimi ünvanlı dövlət sosial yardımı proqramının icrasından söz açan nazir hazırda 130 mindən artıq ailənin bu proqramdan faydalandığını nəzərə çatdırıb: “Son bir il ərzində aktiv sosial yardım və ya özünə yardım proqramının tətbiqinə pilot əsaslarla başlanılıb. Bu proqram çərçivəsində ailələr öz sosial yardım müavinətlərinin bir illik məbləğini bir dəfəyə ala və bu vəsaiti gəlir əldə etməyə imkan verən müxtəlif fəaliyyətlərə yönəldə bilirlər. Nəticələr çox ümidvericidir, benefisiarların 90 faizindən çoxu gəlirlərini artırmağa nail olublar”. S.Müslümov fiziki məhdudiyyəti olan və çətin şəraitdə yaşayan uşaqlara müxtəlif növ sosial xidmətlərin göstərilməsi üçün ötən ildən vətəndaş cəmiyyəti təşkilatlarına sosial xidmət sifarişlərinin verilməsinə başlandığını, bu xidmətlərdən 2500-dən artıq uşağın və onların ailələrinin istifadə etdiyini bildirib.

Nazirliyin fəaliyyət sahələrində aparılan islahatlar prosesində nüfuzlu beynəlxalq təşkilatlarla, xarici ölkələrin müvafiq dövlət qurumları ilə fəal əməkdaşlığın həyata keçirildiyini deyən S.Müslümov bildirib ki, dünyanın 20-dən artıq ölkəsinin, o cümlədən Almaniya, Avstriya, Niderland, İsveç, Türkiyə və digər ölkələrin aidiyyəti qurumları ilə ikitərəfli əlaqələr qurulub və inkişaf etdirilir: “İndiyədək Nazirliyin səlahiyyət dairəsi çərçivəsində xarici ölkələrin aidiyyəti dövlət qurumları və beynəlxalq təşkilatlarla 30-dan artıq hökumətlərarası və nazirliklərarası saziş, protokol, memorandum və proqram imzalanıb və müntəzəm olaraq görüşlər keçirilir. Eyni zamanda, nazirlik Beynəlxalq Əmək Təşkilatı, BMT-nin İnkişaf Proqramı, Dünya Bankı, Beynəlxalq Miqrasiya Təşkilatı, BMT-nin Əhali Fondu, BMT-nin Uşaq Fondu, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı, Avropa İttifaqı, Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi və digər qurumlarla əməkdaşlıq şəraitində fəaliyyət göstərir”.

Nazir vurğulayıb ki, Azərbaycan BMT-nin “Bütün əmək miqrantların və onların ailə üzvlərinin hüquqlarının qorunması haqqında”, “Əlilliyi olan şəxslərin hüquqlarına dair” Konvensiyalarını, BƏT-in əmək və məşğulluq sahəsində əsas insan hüquqlarını əhatə edən ümumilikdə 57 Konvensiyasını, «Dəyişdirilmiş Avropa Sosial Xartiyası»nın müəyyən bəndlərini ratifikasiya edib. Digər tərəfdən, Avropa Şurasının “Əlilliyi olan insanların hüquqlarının və cəmiyyətdə tam iştirakının dəstəklənməsi: 2006-2015-ci illər ərzində əlilliyi olan şəxslərin həyat səviyyəsinin yaxşılaşdırılması üzrə Avropa Şurasının Tədbirlər Planı” çərçivəsində bu təşkilatla əməkdaşlıq həyata keçirilir.

S.Müslümov ölkəmizlə Aİ arasında əməkdaşlığa əsaslanan TVİNNİNQ, TAİEX və SİGMA alətləri çərçivəsində Aİ ölkələrinin aidiyyəti dövlət qurumları ilə birgə layihələrin icra olunduğunu da qeyd edib. Nazir Dünya Bankı ilə əməkdaşlıq müstəvisində konseptual baxımdan yeni, ölkə üçün vacib olan “Sosial Müdafiənin inkişafı” layihəsindən də bəhs edib: “Layihənin icrası nəticəsində işsiz və işaxtaran vətəndaşlara, eləcə də əhalinin sosial cəhətdən həssas qruplarına göstərilən xidmətlərin təkmilləşdirilməsi, Dövlət Məşğulluq və Əmək Müfəttişliyi Xidmətlərinin institusional potensialının gücləndirilməsi, İSCO 88/08-ə uyğun təkmilləşmiş peşə və müvafiq təlim standartlarının, modul təlim proqramlarının hazırlanması və digər sahələrdə uğurlu işlər aparılıb. Bununla yanaşı, BMT-nin İnkişaf Proqramının dəstəyi və Norveçin SYSLAB (Yenilik və məşğulluq üzrə sistem laboratoriyası) təşkilatı ilə birgə icra olunan “Azərbaycanda İnnovasiyanın və məşğulluğun inkişafı” layihəsi xüsusi önəm kəsb edir. Bu layihənin əsas məqsədi işsizlik səviyyəsinin azaldılması, ölkəmizdə yeniliklərə əsaslanan düşüncə tərzinin həvəsləndirilməsi və mütərəqqi texnologiya əsasında kiçik və orta sahibkarlığın gücləndirilməsidir”. Nazir qarşıdakı dövrdə beynəlxalq əməkdaşlığın genişləndirilməsi üçün nazirlik tərəfindən bütün lazımi səylərin göstəriləcəyini, keçirılən bu tədbirin yeni əməkdaşlıq istiqamətlərinin müəyyən olunmasında mühüm önəm kəsb etdiyini diqqətə çatdırıb.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi, BMT İnkişaf Proqramının rezident nümayəndəsi Antonius Bruk dinamik sosial-iqtisadi inkişaf mərhələsini yaşayan Azərbaycanla əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlıq təcrübələrindən danışaraq, bu əməkdaşlığın nəticə etibarilə fəaliyyət sahələrində müasir tələblərə uyğun yanaşmaların tətbiqinə yönəldiyini bildirib. Ölkəmizdə aparılan islahatlar prosesinin BMT-nin İnkişaf Proqramı tərəfindən maraqla izlənildiyini qeyd edən A.Bruk cəmiyyətin ümumi rifahında mütərəqqi yeniliklərə şərait yaradan islahatlara bundan sonra da dəstək verəcəklərini vurğulayıb.

Ayrı-ayrı beynəlxalq qurumların təmsilçiləri hətta qlobal böhran illərində belə inkişaf prosesləri davam edən Azərbaycanda insan kapitalının inkişafı, əmək bazarının ümumi iqtisadi inkişafa uyğun tənzimlənməsi, sosial cəhətdən həssas əhali qruplarının sosial müdafiəsi mexanizminin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən siyasətin təqdirəlayiq olduğunu bildiriblər. Onlar əməkdaşlıq əlaqələrinin gələcəkdə daha da genişləndirilməsinin vacibliyini ifadə ediblər.

Tədbirdə “Azərbaycanda əmək bazarı: reallıqlar və hədəflər” və “Azərbaycanda sosial müdafiə sistemi: məqsədlər, problemlər və imkanlar” mövzularında təqdimatlar olub. Açıq müzakirələr şəraitində davam edən tədbirdə beynəlxalq tərəfdaşlarla gələcək əməkdaşlıq istiqamətləri ilə bağlı fikir mübadilələri aparılıb.

Geri dön