Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Müsahibə, Özəl xəbər, Fərəc Quliyev > “Hər axşam vicdanıma hesabat verirəm" - MÜSAHİBƏ
“Hər axşam vicdanıma hesabat verirəm" - MÜSAHİBƏ |
Fərəc Quliyev: “Korrupsiyanın mövcudlugunu prezidentdən tutmuş, məmurlara qədər bütün səviyyələrdə etiraf edirlər”
Milli Məclisin deputatı, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevin Qaynar.info-ya müsahibəsi: - Fərəc bəy, Milli Məclisin yaz sessiyasının müddəti artırıldı. Qarşıdan gələn iclaslarda hansı təşəbbüslərlə çıxış edəcəksiniz? - Milli Məclisin plenar iclasları əvvəldən planlaşdırılır, o cümlədən parlamentin yaz sessiyasının gündəliyi əvvəldən müəyyənləşdirilib. Məsələlər növbəli şəkildə gündəliyə salınır. Bütün məsələlərə müzakirələr zamanı münasibət bildirmişəm. Bundan sonra da hər bir məsələnin müzakirəsində fəal iştirak edəcəm. - Cari məsələlərin müzakirəsi zamanı hansı təkliflərlə çıxış edəcəksiniz? - O baxır vəziyyətə. İndidən bu haqda danışmaq olmaz. Hər dəfə cari məsələlərlə bağlı müəyyən təkliflər ortaya çıxır. Mən bu dəfə Güney Azərbaycandan bura gəlmiş 20 nəfərin məsələsini qaldıracam. Onlara verilmiş müvəqqəti kimlikdə qaçqın və məcburi köçkünlərə aid statusların şamil olunması təsbit edilib. Amma təəssüf ki, bunun real icrası yoxdur. Çalışacam ki, həmin məsələnin real həllinə kömək edim. - Son günlər bəzi məmurların övladlarının qanunsuz əməlləri daha da artıb. Özbaşınalıqlar idarəolunmaz dərəcəyə çatıb, sərhəd tanımır. Milli Məclisdə niyə bu məsələni qaldırmırsınız? Nə üçün cərimələr, qanunlar sərtləşdirilmir? - Bunu bütün məmurlara şamil etmək olmaz ki? Elə məmurlar var, hətta onların övladları nümunəvi davranışları ilə seçilirlər. Mən nümunəvi davranışları olan bir neçə nazir övladının adını çəkə bilərəm. Amma təbii ki, normal davranışları olmayan məmur övladları da daha çox nəzərə çarpır. Çünki cəmiyyətin diqqəti daha çox bu məmurların övladlarının üzərində olur. İnsanların hüquqları bərabərdir. İstər məmur övladı olsun, istərsə digəri, kimsə özünü başqalarından üstün tutmamalıdır. Hər gün müəyyən hadisələr baş verir. Nə qədər ki, cəmiyyət var, dövlət, yaşayış var, belə hadisələr olacaq. Bu başqa məsələdir ki, məmurlar da, onların övladları da qanunlara bir addım daha yaxın olmalı, ictimai nəzarətdə olduqları üçün davranışlarına daha çox riayət etməlidirlər. Mən həmin fikri sizinlə bölüşürəm. - Milli Dirçəliş Hərəkatı Partiyası bələdiyyə seçkilərində iştirak edəcəkmi? - Mütləq. Hər bir partiya öz gücünü seçkilərdə yoxlayır. Həm də hakimiyyət uğrunda aparılan mübarizədə, hakimiyyətə gəlmək üçün göstərilən fəaliyyətdə yerli özünü idarəetmə sistemində təmsil olunmaq, orada yarışmaq daha mühümdür. Prezident seçkiləri yarışlarında bütün partiya bir nəfərin seçilməsi uğrunda çalışırsa, yaxud parlament seçkilərində bir neçə nəfərin seçilməsi naminə mübarizə aparırsa, bələdiyyə seçkilərində partiyanın yuxarı strukturları aşağıların seçilməsina nail olmağa səy göstərir. Bu, qarşılıqlı himayə mexanizmidir. Yerli idarəetmədə təmsil olunmaq üçün bələdiyyə seçkilərində iştirak edəcəyik. - Bəzi deputatlar millət vəkilinin ictimai statusunun aşağı olmasından şikayətlənirlər. Onlar bunu deputat sorgularına, zənglərə cavab verilməməsi ilə əsaslandırırlar. Millət vəkili niyə hörmətdən düşüb? - Bu fikri bölüşmürəm. Düzdür, özüm də dəfələrlə parlamentdə Qarabağ dinləmələrinin keçirilməsi ilə bağlı məsələ qaldırmışam. Ya qapalı, ya da mətbuatın iştirakı ilə dinləmələr keçirilsin. Xarici işlər, digər nazirliklərin nümayəndələri ora gəlsinlər. Dəfələrlə tələb etməyimə baxmayaraq Azərbaycan parlamentində Qarabağ dinləmələri keçirilməyib. “Avronest”in üzvü kimi bir sıra Avropa dövlətlərindəki Qarabağ dinləmələrində məruzəmlə çıxış etmişəm. O fikirlə razıyam ki, müəyyən nazirliklər ardıcıl olaraq parlamentdə hesabat xarakterli çıxışlar etməlidir. Sorguya, zənglərə cavab verilməməsi ilə bağlı iradlara gəlincə, elə bir nazirlik olmayıb ki, onunla əlaqə saxlamaq istəyim alınmasın. Hər hansı sorğumun cavabsız qalması halı olmayıb. - Parlament seçkilərindən 4 ilə yaxın vaxt keçir. Etiraf edin ki, başqa deputatlıga namizədlər kimi siz də müəyyən vədlərinizə əməl etmədiniz. - Əksinə, verdiyim vədlər, nəzərdə tutduqlarımız problemlər artıqlaması ilə həllini tapmaqdadır. Açığı, bir sıra məsələlər mənimçün gözlənilməz oldu. Məsələn, hərbçilərin daimi mənzillə təminatı, şəhid ailələrinin, veteranların təqaüdlərinin, təzminatların artırılması ilə və s. bağlı məsələlər qaldırmışdım. Heç gözləmirdim ki, bunlar tezliklə həllini tapsın. Amma prezident tərəfindən müəyyən qərarlar qəbul olundu, sərəncamlar imzalandı. Mənim seçildiyim dairədə 2010-2013-cü illəri əhatə edən proqram vardı. O, uğurla həyata keçirildi. 2013-2015-ci illəri əhatə edən proqramdan irəli gələn məsələlərin detalları həyata keçirilməyə başlanılıb. Çətinlik çəkdiyimiz məsələ insanların işlə təminatıdır. Ki, bununla bağlı insanlara o qədər də kömək edə bilmirik. Obyektiv və subyektiv səbəblər üzündən həllinə nail ola bilmədiyimiz bir sıra məsələlər var. Amma prinsip etibarilə verdiyim vədlərə sadiqəm və vicdanım qarşısında təmizəm. Ona görə ki, hər gün 3 köməkçim seçicilərimlə, parlamentlə işləyir. Suraxanı rayonu Qaraçuxur bələdiyyəsində daimi fəaliyyət göstərən iş otağımız, qərargahımız var. Hər gün səhər saat 10-dan axşam saat 18-ə qədər köməkçim orda olur. Heç bir şikayətçinin probleminə diqqətsiz yanaşmırıq. O başqa məsələdir ki, gücümüz çatanları həll edir, gücümüz çatmayanları isə həll edə bilmirik. Yaxud bütün şikayətlər obyektiv olmur, qanunsuzları da var. Çalışıram ki, bütün seçicilərimin etimadını doğruldum və hər gün axşam yatanda özüm özümə hesabat verim ki, vicdanım qarşısında rahat ola bilim. - Amma etiraf edək ki, Milli Məclisdə siz də daxil olmaqla cəmi 20-25 deputat 125 nəfərin yerinə çalışır. - Verdiyiniz bu dəyərə görə xüsusi təşəkkür edirəm. - Cəmiyyətin Milli Məclisdə təmsil olunan bəzi partiyaları müxalifət kimi tanımaması ilə bağlı iddialara münasibətiniz? Parlamentdəki partiyaları niyə müxalifət kimi qəbul etmirlər? - Belə iddialar ola bilər. Nə qədər adam tanıyırsınızsa, cəmiyyətdə sizə qarşı o qədər iddialar var. Amma siz kimsinizsə, əslində osunuz. Bəzi şeylər ayrı-ayrı insanların baxışlarına görə formalaşmaz və müəyyənləşməz. Belə deyək, cəmiyyətdə verilən qiymətlər bazarda çəki daşı deyil. Hər halda fəaliyyətimiz ortadadır. Biri özünü radikal, digəri liberal adlandıra bilər. Amma çox rahatıqla deyə bilərik: - cəmiyyətdə hamı bilir ki, bizim heç bir xarici təşkilatla, dövlətə bağlılıgımız yoxdur. Prezident seçkilərində sübut etdik ki, əlimiz nə Rusiyanın qurduğu Milli Şuranın, nə “Milyarderlər İttifaqı”nın cibində olmadı. Başımız başqalarından fərqli olaraq özünü milli demokratik qüvvə kimi göstərənlərin qoltuğundan çıxmadı. Radikallığa gəlincə, 90-cı illərdə sovet imperiyasına qarşı mübarizə apardıq. Amma mən indi müstəqil dövlət qurmuşam. O, mənim dövlətimdir. İndi yersiz radikallıq eləməməli, quruculuq işləri ilə məşğul olmalıyam. Kəm-kəsirləri deməli, islahatlar üçün əlimizdən gələni etməliyik. Milli Məclisdə təmsil olunan təşkilat kimi mübarizəni meydanlardan parlamentə daşımalıyıq. Düşüncə davası eləməliyik, şəxsi qərəzlik, ölkəmizin imicinə zərər gətirən hərəkətlər, insanları küçələrə çıxarıb döydürməklə iş görmək olmaz. Mən özünü radikal adlandıran istənilən siyasi təşkilatın fəaliyyətilə partiyamızı müqayisə etməyi sizin ixtiyarınıza buraxıram. İstər Avropa təsisatlarında, istərsə də cəmiyyətdə. Kənardan kiminsə nəsə deməyi məni maraqlandırmayıb. Mən heç vaxt ictimai rəyin qulu olmamışam. Necə fəaliyyət göstərirsən göstər, istənilən cəmiyyətdə sabit tərəfdarların olur. Nə cür fəaliyyətin olsa da 10-20 faiz əleyhdarların olmalıdır. - Milli Məclis kənardan sanki ancaq Prezident Administrasiyasından gələn qanunları təsdiqləməklə məşğul olan əlavə qurum kimi görünür. - Təbii ki, Milli Məclis Prezident Administrasiyasından gələn qanunları da təsdiqləməklə məşğul olmalıdır. Bu, həm də onun işidir. İstənilən qanun layihəsi, müqavilə gələndə ratifikasiya olunur. Xatırlayırsınızsa, ötən plenar iclasda rəyasət heyətinə irad bildirdim ki, bura notarial kontariusu deyil. Burda yalnız qanunlar təsdiqlənməli deyil. Deputatlar fikirlərini bildirməli, ortaya təşəbbüslər qoyulmalıdır. Prezident Administrasiyasından və digər strukturlardan qanunlar ona görə gəlir ki, müzakirə edilsin, cilalansın, sahmana salınsın və qəbul olunsun. Bu, bir normadır, prosedurdur. Əgər deputatlar bu məsələlərə münasibət bildirmirlərsə, yaxud verilən təkliflər yetərincə nəzərə alınmırsa, bu başqa məsələdir. - Cəmiyyətdəki korrupsiyanın, rüşvətxorluğun, digər qanunsuzluqların kökünü qanunverici orqan olaraq niyə kəsmirsiniz? - Cəmiyyətdə korrupsiyaya qarşı mübarizə ifadəsi varsa, deməli korrupsiya var. Bunu prezidentdən tutmuş, məmurlara qədər bütün səviyyələrdə etiraf edirlər. Korrupsiya halları bütün ölkələrdə mövcud olub, olur. Buna qarşı mübarizə üçün bir neçə yanaşma olmalıdır. Təkcə inzibati amillə kifayətlənmək olmaz. Maariflənmə həyata keçirilməli, monopoliya aradan qaldırılmalı, qanunların işləməsi üçün elə bir mexanizm olmalıdır ki, hər kəs qanun qarşısındakı cavabdehliyini hiss etsin. Bu məsələlərdə boşluqlar var. Korrupsiyaya qarşı mübarizə aparılsa da, hesab edirəm bu, daha effektli ola bilər. Cavid Əlisoy Qaynar.info Geri dön |