Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Mədəniyyət, Müsahibə > Təhrif edilmiş tarix: Babək və hürrəmilər olduğu kimi kitabının müəllifi ilə Müsahibə
Təhrif edilmiş tarix: Babək və hürrəmilər olduğu kimi kitabının müəllifi ilə Müsahibə |
Müsahibimiz, “Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun həmtəsisçisi, tədqiqatçı-yazar, Azərbaycan Universitetinin vətən tarixi bölümü üzrə doktorantı Ceyhun Bayramlıdır
- Ceyhun bəy, bu günlərdə müəllifi olduğunuz “Təhrif edilmiş tarix: Babək və hürrəmilər olduğu kimi” kitabının təqdimat mərasimi keçiridi. Bu, sizin Babəklə bağlı sayca ikinci kitabınızdır. Kitabla bağlı məlumat vermənizi istərdik. - Bu kitabda əsasən 2011-ci ildə işıq üzü görmüş “Babək və hürrəmilik: yalanlar və gerçəklər” kitabında araşdırılmamış məsələlərə toxunulub. Tarix elmində ilk dəfə olaraq Babək təkcə bir üsyançı kimi deyil, eyni zamanda 22 il ərzində konkret ərazilər üzərində hökmranlıq etmiş bir dövlət başçısı - hökmdar statusunda təqdim olunur, Hürrəmilər dövləti adlı bir dövlətin mövcudluğu faktından danışılır və bunu söyləməyə əsas verən mənbə məlumatları diqqətə çatdırılır. Bu əsərdə Babək və hürrəmilər hərəkatı dönəmində erməni-hayların tutduqları mövqe, atdıqları addımlar və Babəkin bir hökmdar qismində onlara qarşı qətiyyətli addımları təhlil süzgəcindən keçirilir. Xatırlamaq olar ki, sovet dövründə “xalqlar dostluğu” tezisindən irəli gələrək hürrəmilərin erməni-haylarla savaşları barədə, ümumiyyətlə, danışmağa izn verilməmiş, əksinə, ictimaiyyətə belə təqdim olunmuşdu ki, guya erməni-haylar əvvəldən bu hərəkata dəstək vermiş, xürrəmilərin sırasında yer almışlar. Bu düşüncənin əksini söyləməyə imkan verən məlumatlar bu əsərdə əks olunub, həmin məlumatların bir çoxu elə erməni mənbələrinə məxsusdur. Bundan başqa, yeni işıq üzü görən bu kitabda Babəkin etnik-milli mənşəyi barəsində manipulyativ fikirlər irəli sürənlərin iddiaları təkzib olunur və bununla əlaqədar yeni faktlar diqqətə çatdırılır, Babəkin şəxsiyyətini səciyyələndirən xarakterik cəhətlər ayrıca fəsildə qeyd olunur, ən mühümü isə, hürrəmilərin dini-məzhəbi dünyagörüşləri islami baxış bucağında və şəriət və fiqhlə məhdudlaşdırılmadan, geniş spektrdə təhlil olunur. - Siz Babəkin müsəlman olduğunu qeyd edirsiniz. Amma bəzi araşdırmaçılar bunun yanlış olduğunu bildirirlər. Hansı mənbələr təsdiqləyir ki, Babək müsəlman olub? - Bu haqda mənbələrdə çoxlu maraqlı məqamlar vardır. Bu məqamları həm 2011-ci ildə işıq üzü görmüş və hazırda təkrar nəşrə hazırlanan “Babək və hürrəmilik: yalanlar və gerçəklər”, həm də bu günlərdə ictimaiyyətə təqdim etdiyim “Təhrif edilmiş tarix: Babək və hürrəmilər olduğu kimi” əsərlərində ətraflı qeyd etmişəm və bir müsahibə daxilində həmin məqamları sadalamaq mümkünsüzdür. Məsələ bundan ibarətdir ki, xilafət sarayının diktəsi ilə tarix yazmış yazarların əsərlərində hürrəmilərin müsəlman olduqları barədə birmənalı fikirlərə rast gəlinməməsinin səbəbi özü-özlüyündə aydındır - onlar qarşı tərəf idi və düşmən bildikləri tərəf barədə obyektiv informasiyanı öz əsərlərində qeyd edə bilməzdilər. Tarix elminin bu günədək hürrəmilər hərəkatına olan baxışları əsasən səthi olub, yalnız həmin qərəzli və çox zaman da bir-birini təkzib edən mənbə məlumatlarına əsaslanır. Belə yerdə isə tarixçi-alimlər və tədqiqatçılar yalnız intuisiya və məntiqin gücü ilə hansı informasiyanın doğru, hansının yalan olduğunu aşkarlamağa çalışmalıdırlar. Həm Bağdadi, həm İstəxri, həm Şəhristani, həm Məqdisi, həm Yaqut əl-Həməvinin, həm də digərlərinin əsərlərində Babək və hürrəmilərin müsəlman olduqlarını isbatlaya bilən çoxlu sayda maraqlı məqamlar vardır. Problem əslində cəmiyyətin və tarixçilərin “müsəlman” olmağın parametrlərinə olan yanlış baxışlarındadır. Məsələn, bir insan Allahı, peyğəmbərləri və Hz.Muhəmmədi, onun əhli-beytini, endirilən kitabları və konkret “Qurani-Kərim”in ehkamlarını, sünnənin peyğəmbər zamanında formalaşmış olan şəklini qəbul edə bilər, lakin ənənəvi şəriət məzhəblərinin hər hansı ehkamını qəbul etməyib təfərrüatda fərqli baxış sərgiləyərsə, din xadimləri və onların təsir dairəsində olanlar artıq onun adını “İslamdan çıxmış” kimi qeyd etməyə meyllidir. Bu, hələ bu gün - XXI əsrin əvvəlində belədirsə, təsəvvür etmək çətin deyil ki, IX əsrin əvvəllərində necə olub. Gözümüzün önündə bu gün Anadolu ələviləri İslamın təməl prinsiplərini qəbul etdikləri halda, Haqq-Muhəmməd-Əli dedikləri halda, onları “dindən çıxmış” kimi təqdim edən çoxlu sayda şəriət üləması, din xadimi və onların təsirində olan insan vardır. Adlarını qeyd etdiyim qədim dövrün mənbə yazarlarının “müsəlmanlıq” barədə öz fikirlərinə inansaq, o zaman “müsəlman” dedikdə yalnız hakim mötəzilə məzhəbinin mənsublarını nəzərdə tutmalıyıq və yerdə qalan bütün cərəyan və təriqətləri, başda bu günkü 5 ənənəvi məzhəb də daxil olmaqla İslamdan çıxdaş etməliyik. Xatırlamaq yerinə düşər ki, Abbasilərin mənsub olduğu mötəziliyyə cərəyanı digər təriqət və məzhəblərin görkəmli şəxsiyyətlərini, başda peyğəmbər əhli-beytinə mənsub olan imamlar və onların ailə üzvləri olmaqla, əhli-sünnənin bu gün imam olaraq ehtiram göstərdiyi Əbu Hənifə, imam Şafei, Əhməd ibn Hənbəl olmaqla, təqiblərə, sürgünlərə, işgəncə və məhrumiyyətlərə, hətta terrora belə məruz qoymuşdur. Bu gün də yanlış düşüncə bundan ibarətdir ki, İslam yalnız şəriət müstəvisindən ibarətdir. Halbuki əsrlər boyu şəriət İslamı ilə parallel olaraq xalq İslamı da mövcud olmuş, hətta bir çox məsələlərdə şəriət İslamından daha sabit, daha dayanıqlı və İslamın ana qaynağı “Qurani-Kərim”ə daha uyğun baxışlara malik olmuşdur. Hürrəmilər də xalq İslamına mənsub olub, İslamın batini hikmətlərini özündə ehtiva edən firqələrdən biri idi, bunu çoxsaylı mənbə məlumatları da təsdiqləyir. - Sizcə, Babək dövlət xadimi olub? Əgər dövlət xadimi olubsa, bu dövlətin adı nə olub? Hansı faktorlar hürrəmiləri dövlət olaraq təsdiqləyir? - Öncə onu deyim ki, Azərbaycan tarixi dövlətçilik institutları sırasında Hürrəmilər dövlətinin adının keçməməsi rus-sovet tarixşünaslığının Babəklə bağlı xüsusi konsepsiyasının olması ilə əlaqədar idi. Onun sinfi mübarizəyə atılmış bir üsyan başçısı və utopik sosializm carçısı kimi təqdim edilməsi Babəkin bir müstəqil dövlətin hökmdarı olması versiyasını irəliyə çıxmağa qoymayıb. Əslində isə hər kəsə aydındır ki, bəşər tarixində 22 il 5 aydan çox davam edən bir üsyan, yaxud qiyam görülməmişdir. Adətən, qısa müddət davam edən üsyanlar zamanı ya hakim qüvvə həmin üsyanı qan gölündə boğmuş, ya da əksinə, üsyançı qüvvələr qarşı tərəfi məğlub edərək öz şərt və tələblərini həyata keçirmişlər. Babəkin hürrəmilər hərəkatının öndəri seçilməsindən başlayaraq Abbasilər xilafətinin 7 ordusu darmadağın edilibsə, bu artıq o deməkdir ki, xalq-azadlıq hərəkatı qələbə ilə sonuclanıb və Azərbaycan ərazilərində xilafətdən asılı olmayan müstəqil bir dövlət qurumu yaranıb. Xilafət tarixçiləri bunu inkar etsələr də, öz yazdıqları özlərini təkzib edir. Digər tərəfdən, bu günədək Babəkin kim olması barədə tarix elmi yalnız düşmən tərəfin fikirlərinə istinad etmiş, onların baxışlarına əsasən bu tarixi şəxsiyyətimizin statusunu müəyyən etməyə çalışmışdır, amma Babəkin özünün özünü hansı ampulada, hansı statusda görməsinə diqqət yetirilməmişdir. Babək Hürrəmi özünü müstəqil bir dövlətin hökmdarı hesab edirdi və mənbələrdə bu haqda, onun dilindən fikirlər əks olunub. Erkən orta əsr feodal tipli dövlət qurumlarına xas olan demək olar ki bütün atributlar Babəkin rəhbərlik etdiyi dövlət qurumunda olmuşdur. İstər bayraq, ordu, paytaxt, hökmdar sarayları, hərəmxana, taxt, xəzinə, möhür, sülalə varisliyi, idarəetmə orqanları və məhkəmə-cəza mexanizmi, istərsə də yerlərdə valilərin təyin olunması, digər dövlətlərlə rəsmi yazışmalar, yerlərdə mövcud dövlət qurumuna qarşı üsyan və qiyamların yatırılması və sair amillərə Babək dövrünün Azərbaycanında rast gəlinir. Bu baxımdan, Azərbaycan tarix elmində çəkinmədən Hürrəmilər dövlətinin mövcudluğu barədə danışmaq və Babəki məhz hökmdar statusunda qəbul etmək olar. - Ceyhun bəy, qərb tarixçiləri Babək haqqında hansı fikri yürüdürlər? - Bilirsiniz, dünya tarix elmində bir mənfi tendensiya var, hansısa ərazilərdə müəyyən dövrdə baş verənlərə dair həmin ərazilərdə yaşamış yazarların mənbə məlumatlarından daha çox qərb tarixçilərinin bu haqda fikirlərinə önəm verilməsi. Cəmiyyətdə qərb tarixçilərinin bütləşdirilməsi meyli də var. Tarixi məxəzlərin məlumatlarının böyük bir qismi hər halda ortadadır və belə olduğu halda, baş verən hadisələri həmin mənbələrin orijinalından tədqiq etmək daha faydalı olar, yoxsa bu haqda qərb tədqiqatçılarının fikirlərindən? Əlbəttə ki, birincidən. Bu o demək deyil ki, Avropa tarixçilərinin hürrəmilər hərəkatı barədə fikirləri bir kənara qoyulmalıdır, sadəcə, onlara ikinci dərəcəli əhəmiyyət verilməsinin, məhz mövcud faktoloji materiallar, mənbələr əsasında tədqiq edildikdən sonra onların fikirlərinin araşdırılmasının tərəfdarıyam, nə qədər tanınmış olmalarından asılı olmayaraq. Məsələn, tanınmış fransız şərqşünası Klement Huart “İslam Ensiklopediyası”nda (Encyclopedie de L'Islam) İbn-ən-Nədimin “Kitab əl-Fehrist” əsərinə istinadən “Babəkin Əl-Bəzzdə taxta çıxması mərasimini” xatırladır. Bunu Klement Huartın dilindən bilmək əvəzinə, daha yaxşı olar ki, birbaşa mənbənin özündən oxuyub tədqiq edək. Digər yandan, hələ hadisələrə tarixi baxımdan daha yaxın dövrlərdə yaşamış, adına “müsəlman” dediyimiz mənbə yazarlarının çoxu Hürrəmiyyənin dini-məzhəbi dünyagörüşlərini tədqiq etməkdə çətinlik çəkibsə, yanlış nəticələr hasil edibsə, öz dini baxışlarından çıxış edərək təhrifə yol veribsə, XIX-XX əsrin qərb tədqiqatçılarının bu haqda obyektiv fikir bildirmə ehtimalı daha azdır. Lakin istənilən halda, daha dəqiq fikir yürütməyə kömək məqsədilə istər Brokelmanın, istər Velhauzenin, istərsə də digər qərb tarixçilərinin həmin dövr hadisələrinə olan mövqeləri də araşdırılmalıdır. Onun tərəfdarıyam ki, öz tarixi şəxsiyyətlərimizi, nəhayət ki, öz baxışlarımızla, öz gözümüzlə görüb öyrənək, tədqiq edib araşdıraq. - Kitabda diqqət çəkən məqamlardan biri də hürrəmilərin zamanında erməni hayları indiki Ermənistan ərazisində cəm olmağa başlanması ilə bağlı səslənən fikirlərdir. Əslində, bu bölgəyə haylar hansı yerlərdən gəliblər? - Öncədən bildirim ki, bölgədə sonradan məskunlaşmış bədnam qonşularımızı Qarabağın isəvi alpan soylularından fərqləndirmək üçün əsərdə həmin etnosu erməni-haylar kimi qeyd etmişəm. Və ermənilərlə bağlı Firudin Ağasıoğlunun elmi yanaşmasını həqiqətəuyğun hesab edirəm. Haylar tarixən daim Qafqaz bölgəsinə can atmışlar, istər miladdan öncə, istərsə də erkən orta əsrlərdə. VIII əsrdə hayların Qafqazlarda söz sahibi olma cəhdlərinin arxasında onların öncə Əməvi, sonra isə Abbasi hökmdarları ilə pərdəarxası əlaqələri dayanırdı. Bu münasibətlərin kökü hələ xəlifə Osman dövründə Şam valisi olan gələcək Əməvilər sülaləsinin banisi Müaviyəyə gedib çıxır. O dövrdə haylar əsasən Van gölünün qərb tərəfində və qismən də Kilikiya ərazilərində idilər. Müaviyənin hay feodalı Teodor Rştunini Qafqaza məlik təyin etməsi ilə erməni-haylar bu bölgədə özlərinə torpaqlar əldə etmək arzusunu gerçəkləşdirməyə başlamışdılar. Bu məqsədlə Qriqorian kilsəsinin mərkəzi kimi indiki Ermənistan ərazisindəki Dvin seçilmişdi, bu yerin erkən orta əsrlərdəki adı Dəbil idi. Hürrəmilər hərəkatının başladığı dönəmdə bölgədəki xaosdan və Mehranilərin sonuncu rəsmi nümayəndəsi sayılan II Varaz Trdatın 822-ci ildə öldürülməsindən sonra yaranan müvəqqəti qarışıqlıqdan istifadə edən erməni-hay feodalları bölgədə özlərinə yer eləmək üçün bir yandan çoxsaylı silahlı dəstələrlə qərbi Azərbaycan ərazilərində möhkəmlənməyə çalışmış, digər yandan isə qeyri-ənənəvi təriqət və cərəyanlar daxilində güc mərkəzi formalaşdıraraq Alpan elinin müxtəlif yerlərində qarışıqlıqlar yaratmağa səy göstərmişlər. Onların bu məkrli niyyətlərini vaxtında anlayan Babək 827-830-cu illər ərzində həm hayların silahlı dəstələrini Göyçə gölünün cənubunda və şimalındakı Tavusin adlı yerdə baş verən döyüşlərdə darmadağın edərək onları təkrarən Van gölü tərəfə qovmuş, həm də pavlikianların Beyləqanda və digər yerlərdə baş qaldırmış üsyanlarını yatırtmaqla erməni-hayların arzularını gözlərində qoymuşdur. - Hürrəmilər hərəkatını dini-ideoloji nöqteyi-nəzərdən sufizmə yaxın hesab etmək olarmı? - Mənbələrdə hürrəmilər “ibahiyyə sufiləri” kimi qeyd olunur. Bizlər bu gün elə zənn edirik ki, İslam dedikdə yalnız şəriət ehkamlarının məcmusuna əsaslanan “mədrəsə İslamı” nəzərdə tutulmalıdır. Yəni cəmiyyətə dörd bir tərəfdən belə təlqin olunmaqdadır ki, sanki İslam yalnız şəriətdən, sünni-şiə fərqlərindən, məzhəbi düşüncədən ibarətdir. Lakin bir toplum olaraq dönüb keçmişimizə obyektiv baxışla nəzər salsaq, görəcəyik ki, peyğəmbərdən sonrakı dövrlərdən bu günümüzə kimi mədrəsə İslamı ilə paralel bir “xalq İslamı” modeli də olmuşdur. Sufi yönümlü təriqət və cərəyanlar öz dini-ideoloji görüşlərinə görə məhz xalq İslamına mənsub olmuşlar. Təbii ki, hürrəmilər də bu sırada istisna deyildilər. Və “şəriət İslamına” xidmət edən din xadimləri də istər əhli-sünnə, istər əhli-şiə olsun, xalq İslamına mənsub olan təriqət və cərəyanları daim çıxdaş etməyə, onların İslami dünyagörüşlərini şəriət müstəvisinin dar qəlibindən təhlil və inkar etməyə meylli olmuşdur. Yeni çapdan çıxan əsərdə mən bu fərqləri, yanaşmalardakı müxtəliflikləri məhz İslami baxış bucağından təhlil etməyə, hürrəmilər də daxil olmaqla, xalq İslamına mənsub olan cərəyanların dünyagörüşlərinin İslami təməllərini araşdırmağa çalışmışam. Fikrimcə, hürrəmilərin istər “halal-haram”, istər “qadın-kişi münasibətləri”, istər Hülul, istər Təcəlla, istər Tənasüx məsələlərinə olan baxışlarının İslami nöqteyi-nəzərdən ciddi əsasları olmuşdur. Lakin nə tarix elmi, nə ilahiyyat, nə də təriqətşünaslıq sahələrində bunlar dərindən tədqiq olunmamışdır. - Qarşıda yeni əsərləriniz gözlənilirmi? - Hazırda həm “Xürrəmilər hərəkatının tarixşünaslığı” adlı elmi işim üzərində çalışıram, həm də daha iki kitabı işləməkdəyəm. Bunlardan biri təxminən “Quran ayələrində Azərbaycan və türklər” mövzusundadır. Digər işlədiyim əsər isə, mənbə məlumatları əsasında hazırlamaqda olduğum, miladdan öncə VI yüzillikdə bu bölgədə baş verən hadisələr barədə bir tarixi romandır. Bilirik ki, Azərbaycan ədəbiyyatında miladdan öncəki dövrlərə aid hadisələri əhatə edən tarixi roman, demək olar ki, yazılmayıb, bu sırada yalnız Yusif Vəzir Çəmənzəminlinin daha çox şəxsi düşüncələri əsasında yazdığı “Qızlar bulağı” və yazıçı Əfqanın eramızın ilk əsrlərinə aid “Bəy İnal” əsərini istisna etmək olar. Güman ki, Allah qismət edərsə, bu ilin payızına həmin tarixi romanı çap edib oxucuların ixtiyarına vermək fikrindəyəm. Ümid edirəm ki, bu əsərlər Azərbaycan oxucuları üçün böyük maraq doğuracaq. Elnur Eltürk Geri dön |