Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Güntay Gəncalpla müsahibə
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Müsahibə > Güntay Gəncalpla müsahibə

Güntay Gəncalpla müsahibə


“Davam” qəzetinin İranda türklük mövzusunda Güntay Gəncalp ilə müsahibəsi

- Güntay bəy öz haqqınızda oxucularımıza bir bilgir verin lütfən!
- Mən Güney Azərbaycanda dünyaya gəlmişəm. 5-ci sinifdə oxuduğumda İranda inqilab oldu. İranın Pəhləvilər zamanını xatırlayıram. O zaman petrolun qiyməti çox yüksəlmişdi. İran dövlətinin büdcəsinə bol para gəldiyindən məktəblərdə “cirə” verilirdi, yəni hər çocuğa yemək verilirdi gündə bir kərə. Bu üzdən də kənd mühitində hər kəs uşağını məktəbə qoymaq istəyirdi. Çünkü kəndlərdə çox yoxsulluq var idi. Xatırlayıram ki, kənddəki məktəblərin uşaqları bu yeməyin bir qismini yeməyib evlərinə aparırdılar. Pəhləvilər zamanında ölkə sürətlə inkişaf edir və modernləşirdi. Bu modernləşmənin mərkəzində fars dili və kimliyi durmaqda idi. Oxuduğumuz tarix kitabları da buna görə hazırlanmışdı. Belə olması da doğal idi, çünkü türklərin siyasi-mədəni güc kimi modern tarix səhnəsində olmalarına daxili və xarici imkan mövcud deyildir. O zaman kəndlərdəki müəllimlər şahın bütün ölkədə yazıb-oxumağı yayqınlaşdırmaq üçün təşkil etdiyi “əsgər-müəllim”lər idi. Yəni orta məktəbi bitirmiş olan gənclər əsgərliklərinin yerinə 2 il ölkənin çox uzaq və məhrum yerlərində müəllimlik edirdilər. Bu “əsgər-müəllim” projəsi olması idi, bizlər də çoban həyatını davam etməyə məhkum olacaqdıq dədələrimiz kimi. Tariximizdə yazıb-oxumaq səfərbərliyi olmamışdır bizim. Çöllükdür tariximiz. Bunu ilk başladan Pəhləvilər olmuşdur. Pəhləvilərin ən yaxşı projələrindən biri bu idi. İndi artıq o dönəmi söyüb aşağılamanın bir anlamı yoxdur. Bir çox əksikliklər var idi ölkədə. Bu əksiklik bütün Şərq ölkələrinə məxsus idi. Ancaq ölkə miqyasında yazıb-oxuma əməliyatına girişmək çox müsbət iş idi. Tarix hər zaman öncədən düşünüldüyü kimi irəli getməz. Pəhləvi rejiminin bu savadlandırma fəaliyəti fars milliyətçiliyi mərkəzli asimilasion olsaydı da, ancaq öz kimliyini anlayan adamlar da yetişirdi.

- İnqilabdan sonrakı dönəmi necə xatırlayırsınız?
- Məndən böyük olan qardaşım orta oxula girdiyi üçün şəhərdə oxumalı idi. O, yalnız qalmasın deyə, atam məni də Ərdəbildə məktəbə buraxdı. 5-ci sinifdə idim. 1978-ci ildə bütün ölkəni inqilabi həyəcan sarmışdı. Yeni-yeni kitablar çap olurdu. İnqilabçı marksistlər və dinçilər əsasən öz kitablarını parasız dağıdırdılar. Səməd Behrənginin uşaq ədəbiyatı ilə o zaman tanış oldum. Behrənginin “Qaraca balıq” əsəri məni çox etkiləmişdi. Demək olar ki, Pəhləvi rejiminə qarşı uşaqdan böyüyə hər kəs etiraz edirdi. Sanki gizlin bir ruh gəlmiş və toplumun varlığını işğal etmişdi. Hər kəs ölümə hazır idi. Toplumun bu etiraz enerjisini ortadan qaldıracaq islahatlar edilsə idi, bəlkə fərqli sürəc ortaya çıxa bilərdi. Nədən etiraz etdiyimizi bilmirdik. Küçə yürüşlərinə hər kəs qatılırdı. Mən də neçə kərə qatılmış və polisə daş atmışdım. Bir dəfə də yanqınsöndürən arabaları ilə üstümüzə soyuq su fışqırmışdılar. Hər kəs yaxalanmamaq üçün qaçıb bir yerdə gizlənirdi. Mən də qapısı açıq olan bir evin həyətinə girib tualetdə gizləndim. Cumculuq su idi. Iki saata yaxın orda qalmışdım. 1979-cu ilin əvvəllərində şah getdi və inqilab dalğaları daha da gücləndi. Məktəbləri tətil etdilər. 2-3 ay məktəblər tətil oldu və mən kəndimizə geri dönmək zorunda qaldım. İnqilab olduğunda kənddə radiodan qulaq asırdıq. Radio markisislərdən kömək istəyirdi. O zaman marksistlər çox fədakarlıq etdilər. Daha doğrusu marksislərin qəhrəmanlıqları hesabına inqilab oldu, ancaq nəticəyə Xumeyni sahib çıxdı.

- Yəqin ki, inqilabdan sonra yaşlandıqca ölkədəki siyasi cərəyanlarla maraqlanırdınız....
- Doğru, maraqlanırdım. Çox maraqlanırdım. İnqilab olmuşdu. Mən 3 aydan sonra yenə də Ərdəbilə oxuluma geri döndüm. İnqilab olmuş və toplumun həyəcanı sönmüşdü. Müxtəlif təşkilatlar və fikri axımlar artıq özlərinə tərəfdar toplamağa başlamışdı. İnqilab yenicə olduğundan demokratik bir mühit mövcud idi. Ölkə TV və radiolarında marksist düşünürlərlə islamçıların canlı elmi mübahisələri gedirdi. Yeni iqtidarın şəkillənmə sürəci başlamışdı. 1981-ci ilə qədər azadlıq var idi. Sol və sağ təşkilatların məktəblərdə, universitetlərdə və şəhərin mərkəzlərində büroları var idi. Daha sonra bunların hamısı qapatılacaqdı. Evdə bir mən idim, bir də məndən böyük qardaşım. Ev özümüzün idi. Biz şəhərə getmədən atam ev almışdı Ərdəbildə. Bu üzdən də dəyişik siyasi təşkilatların şəhər üzrə məsulu olan adamlar tez-tez bizə gəlib fikirlərini təbliğ edir və bizi öz təşkilatlarına cəlb etmək istəyirdilər. Ancaq nədənsə bizdə marksist bir pozisiya var idi. Bu üzdən də evimiz sol örgütlərin uğraq yeri olmuşdu. O zaman marksiszm İran miqyasında din mərkəzli tarixdən qurtulmaq üçün bir dayanaq idi. Marksizmin nə olduğunu bilmirdik. Ancaq Şərqin qorxunc qaranlığına qarşı devrimci yanaşan tək ideologiya marksistlərin ideologiyası idi. Minlərcə gənc adam bu yolda edam edildi. Onlara yaşam haqqı tanınsaydı, çoxları gələcəkdə mənim kimi fikirlərini dəyişəcəkdi. Çünkü insan təkamüldə olan bir varlıqdır.

- Nədən o tarixi şəraitdə marksizm belə çox tərəfdar toplaya bilmişdi?
- O dönəmin sosialpsixologiyasını incələrsək, bir şeyə şahid olacağıq: Bütün oxumuş və modern yaşam biçimini dəstəkləyən insanların hamısı marksist görüşdə yer almışdılar. Marksizmin ədəbi, sosioloji və tarixi ədəbiyatı İranda və dünyada o qədər güclənmişdi ki, çox cazibəli görünürdü. Elə bir durum yaranmışdı ki, marksist ədəbiyata aid olmayan kitablar da onun içində görünürdü. Nədən belə idi? Çünkü marksizm müxalifətdə idi. Müxalifətdə olan hər ideologiya ümumən mütərəqqi görünər. Yenilikçilik çağrışdırırdı marksizm. Bu üzdən də oxumuş gənclər üçün çox cazibəli görünürdü. Markisizmin tarixə qarşı savaş açışı öz haqlılığını göstərdi. Xumeynizm Şərq tarixinin dini keçmişindən qaynaqlanan modernizm qarşıtı kimi ortaya çıxdı. Marksizm İran miqyasında toplumun tarixi strukturunu dəyişdirmək istəyirdi. Bu, özü-özlüyündə çox böyük bir iddia idi. Cahanşümul ədalət, qardaşlıq və bərabərlik şüarları İrandakı marksistlərin əsas amacı idi. Çox dadlı bir utopiya. İnsan bir yönü ilə utopik varlıqdır. O zamankı tarixi şərtlərdə bu utopiya toplumun içində dalğalanırdı.

- Bu utopiyanın ortaya çıxışında xarici amillərdə varmı idi?
- Sovetlər Birliyi dünyanın ən güclü dövlətlərindən biri idi. Sovetlər tərəfindən edilən propaqandanın etkisi var idi. Ancaq tək amil bu deyildi. Kültür antropologiyası baxımından da durumu dəyərləndirmək gərəkir. İran miqyasında mövcud olan kültürün görüntüsü qeyri-insani idi. Xumeynizm bunu dəyişdirmək istəmirdi. Xumeynizm islamiyətdən yana idi. Zatən İslam var idi. Şahın zamanında da islam var idi. Ancaq marksizm moderləşmədən yana idi. Toplumun düşüncəsinin yeniləşməsindən yana idi. Bunu nə qədər başarmaq mümkün idi, bu başqa məsələ. Örnəyin gördük ki, sosialist ölkələrdə, o zaman bizlərin sevimlisi olan Çequvaranın və Fidelin ölkəsində başarılmamış, oralarda da diktatorluq qurulmuşdu. Ancaq marksizm də tam olaraq bir inanc kimi yeni nəslin içində yerləşmişdi. Sadəcə İranda deyil, hətta Türkiyədə də belə idi. Örnəyin Dəniz Gəzmiş kimi qəhrəman gənclər bu yolda fədakarcasına və geri çəkilmədən ölümü gözə aldılar. Bunlara qarşı bu edam cəzaları olmasaydı, öz yollarını tapacaqdılar. Bu üzdən də görürük ki, Karl Poperin “Açıq cəmiyət və onun düşmənləri” əsərində savunduğu demokratiya enerjili gənclərin həyatlarının da qurtarıcısıdır.

- O tarixi şəraitdə milli məsələyə necə yanaşılırdı?
- Hər sosial durumu öz tarixiliyinə görə dəyərləndirmək gərəkir. Əlbəttə ki, günümüzdə mövcud olan milli oyanış o zaman yox idi. Çünkü günümüzdəki milli oyanışın bir çox xarici və daxili səbəbləri var. Qloballaşmanın təsiri var. O zaman milli oyanış üçün tarixi, elmi, fəlsəfi qaynaqlarımız yox idi. Bununla maraqlanan da ya yox dərəcəsində idi, ya da çox az idi. Ancaq marksist kəsim İranda milli məsələ ilə çox cüzi olaraq uğraşırdılar. Bu da əsas amac deyildir, yan söyləm idi. O dönəm türk dilində çap olan bütün dərgi və kitablar demək olar ki, marksistlər tərəfindən gerçəkləşirdi. Baxıldığında İnqilabdan sonra milli məsələni duyğularda yerləşdirən marksistlər olmuşdur. “Yoldaş”, “Günəş”, “Yeni yol” kimi dərgiləri marksistlər çıxarırdı. Bir tək “Varlıq” dərgisinin baxış açısı liberal idi. Milli məsələnin duyğulardakı oyanışını söylədim. Ancaq düşüncələrdə bunun oluşması mümkün deyildi. Çünkü düşüncə birdən birə ortaya çıxmaz, onun kökü olmalıdır. Güney Azərbaycanda da milli məsələnin düşüncədə dərinliyi olmamışdı. Zatən olmadığı üçün biz bu gündəyik. Bir də türk dilində bolca mərsiyə kitbaları çıxardı, indi də çıxmaqdadır. Mərsiyə kitabları ilə milli məsələ olmaz ki, ağlaşma ilə olan iş deyil milli məsələ. İndiki rejim də mərsiyə və növhə kitablarının yayılmasına qarşı çıxmaz. Çünkü bizi qaranlığa gömən və dilimizin qanunlarını silən bu kitablardır. Mərsiyə kitablarında da türk dilinin qramatikasına əməl edilməz. Bunun özü xeyirdən çox zərər verir. Qramatik pozuqluq dili farslaşdırır. Ancaq sol kəsimin yayınladığı dərgilərdə dilin qramatikasına önəm verilirdi. Xüsusən bakıda oturuşmuş dil qramatikası əsasında yazılar yazılırdı.

- Ancaq inqilabdan dərhal sonra Şəriətmədari başçılığı ilə Azərbaycanda böyük hərəkət yarandı. Bunu necə dəyərləndirmək olar?
- Doğrudur, inqilabdan sonra Azərbaycanda Ayətullah Şəriətmədarinin başçılığı ilə bir hərəkət yarandı. Ancaq bu sualı sormalıyıq: Azərbaycanda yaranan hər hərəkət milli olmuşmu? Azərbaycanda çoxlu hərəkətlər yaranıb. Məşrutə hərəkəti də yaranmış. O məşrutə ki, milli türk dövləti olması mümkün olan Qacarı devirib verdi farslara. Bunun yaranmasının nə önəmi var ki? Milli düşüncə olmadıqdan sonra Səttarxan kimi qəhrəmanlar nəticə etibarı ilə öz millətinə qarşı çıxar və onun qəhrəmanlığından özgə millətlər, farslar yararlanarlar. Şəriətmədarı hərəkətini milli olaraq dəyərələndirmək olmaz. İranda anayasa yazılanda Şəriətmədarı anayasanın 110-cu maddəsinə etiraz etdi. 110-cu maddə qorxunc bir diktatorluğa imkan yaradır və “Vilayəti-fəqih”ə sonsuz səlahiyətlər verir. Şəriətmədarinin etirazı buna idi. Bu etiraz öz nəfsində ədalətli etiraz idi, ancaq milli deyildi. Şəriətmədari o zaman əsas gücə sahib idi. Sadəcə Azərbaycanda 3 milyon qeydiyatdan keçmiş tərəfdarı var idi. Azərbaycan bütünü ilə onun arxasında idi. O üzdən də Xumeyni onun evinə gedib fikirlərini öyrənmək istəyirdi. Şəriətmədaridə milli şüur və qətiyət olsaydı bu rejim olmazdı və bizim də milli məsələmiz çözülərdi. Heç birisi yox idi. Ona görə də onu öz evinə həbs etdilər və tərəfdarları ilə də hesablaşdılar. Azərbaycan tarixində Şəriətmədarı hərəkəti adında bir olqu var, ancaq milli şüur tarixində yoxdur.

- İran—İraq savaşı dönəmində durum necə olmuşdur?
- İran-İraq savaşında türklər ölümə göndərildi. Milli hədəfimiz, milli şüurun tarixçəsi olmadığından Azərbaycan-türk gəncləri Xumeyninin dini çağrılarına təslim olub könüllü olaraq savaşa qatıldılar. İndi Azərbaycan şəhər və kəndlərinin qəbristanlıqlarında savaşda ölən yüzminlərcə adam uyumaqdadır. Milli şüur olmadığından hər gələn bizi xam mal kimi qullanmışdır. Savaş Xumeyniyə bəhanə oldu daxildəki hər növ fərqli düşüncəni boğsun. Zindanlar dolub daşdı cavanlarla və hamısını da 1987-ci ildə edam edib toplu qəbristanlıqlarda basdırdılar. 1980-li illərdə iki önəmli şəxsiyət İran miqyasında milli məsələni ədəbi planda gündəmdə tuta bildilər: Dr. Cavad Heyət və mərhum Yəhya Şeyda. Bunların dışında kimsə bir iş görə bilmirdi. Sadəcə evlərdə, adgünlərində, toylarda milli törələrimizi gizlincə yaşadırdılar. Milli törələrimizi yaşatmaq xəlqi bir cərəyan idi. Ozanlar bu görəvi üstlənmişdilər. Bir çox ozanı da öldürdülər. Örnəyin Aşıq Bəşirin sazını alıb qırdılar və özünü də zorla savaşa göndərdilər, savaşda öldü. Belə idi durum. İran-İraq savaşını qonu edən bir roman yazmışam Bakıda “Qanun” nəşriyatı tərəfindən çap olubdur. O savaşda mən də əsgərlik etdim...

- Sizin yaradıclığınız nə zaman başlamışdır?
- İran mühitində türkçə yazmaq asan deyil. Çünkü dilin qramatikası çox önəmlidir və bunu da insan məktəbdə öyrənər. Özəlliklə nəsr yazmaq İranda daha da çətindir. Bu üzdən də İranda türkçəyə rəğbət göstərmək özü yaradıcılıq sayılır. Çünkü o mühitdə türkçə düşünmək, türkçəni düşüncənin dili etmək gerçəkdən çox zordur. Bir şəkildə fərdin öz fərdi dünyasında devrim yapması anlamındadır. Bu baxımdan mən öz düşüncəmdə bir dil devrimi gerçəkləşdirdim. Mən bu an çox asanca türkçə düşünüb yaza bilirəm. Hətta bəzən farsca danışanda da hiss edirəm ki, türkçə düşünüb farsca danışıb yazıram. Bunun üçün sürəkli türkçə oxumaq və yazmaq gərəkir. Bu devrim bizdə sadəcə fərdlərdə deyil, fərdlərin ruhundan toplumsal sahəyə də daşınmalıdır. Toplumsal sahəyə daşınması üçün ana dildə oxulların olması şərtdir. Bizim evimizdə milli ruh güclü olmuşdur. Orta məktəbdə oxuduğumda ana dilimizdə olan dərgiləri filan oxuyub oraya o zamankı səviyəmə görə yazdığım hekayə və şeirlərimi göndərərdim. Onların çap olması məni həvəsləndirdi və məndə özümə güvən oluşdurdu. Daha sonra bu yolda irəlilədim. Türkcənin sonsuz dənizində özümü tapdım. Asan yol deyil, gerçəkdən çətin yoldur. Çünkü türkçə oxuma alışqanlığı olmayan bir toplumun içindən çıxırsan və yazdıqlarını oxuyan yox. Olsa da barmaq sayı adamlardır. Çünkü türkçə yazıb-oxuma alışqanlığı bizim toplumda və bizim tariximizdə olmamışdır. Tariximiz boşluqdur, öz dilimizə sayqısız yanaşma tarixidir tariximiz. Heç bir millətin tarixi türk tarixi qədər qaranlıq və bezdirici deyildir. Bu tarixə görə biz məhv olmalıyıq. Qloballaşma bizi millət yapmaqdadır, yoxsa tarixi sürəklilik kimi biz yox olmalı idiq. Hansı millət 1000 il öz dilinə qarşı savaş açmış tarixdə? Yalnız türklər bu işi etmişlər. Atatürk də türk tarixini devirdiyi üçün indiki modern türkiyə və türkçəni qura bildi. Yəni Güney Azərbaycanda və İranda elə bir türk yazar çıxmaz ki, kitabları xalq tərəfindən oxunsun və o da bunun zövqünü yaşasın.

- Ancaq Şəhriyar örnəyi Sizin dediyinizi inkar edir. Şəhriyarin “Heydər babaya salam” əsəri xalq tərəfindən oxundu və oxunur.
- Şəhriyarın əsəri xalqın güncəl həyatını qonu etmiş. Folklorunu və tarixi əmək xatirələrini. Ancaq bir topluma sadəcə şeir lazım olmaz, öz dilində fəlsəfi, elmi, tarixi bilgilər də gərəkir. Örnəyin bir romanı türkçə oxuma həvəsi lazımdır. Şəhriyarın dediyiniz kitabını başdan sona qədər oxumaya da bilərsiniz. Ordan-burdan da oxuya bilərsiniz. 2-3 bənd oxusanız da olar. Ancaq bir romanı başdan sona qədər oxumalısınız. Bunu Şəhriyar özü də deyir. Şəhriyar son nəfəslərində ağrı dolu səsi ilə deyir ki, anamdan eşitdiyim nağıllar əsasında romanlar yazmaq istəyirdim. Ancaq olmadı, çünkü türkçə nəsr yazmaq imkanından məhrum olduq. Şəhriyarın özü də türkçə nəsr yaza bilməzdi. Türkçə yazılan başqalarının şeirlərinə dəyərləndirmə yazarkən farsca yazardı. Yadımdadır ki, dostum Muğanoğlunun “Ay savalan” poemasına Şəhriyar farsca bir önsöz yazmışdı. Türk dilinin 1000 illik İran tarixində yayqın nəsr təcrübəsi yoxdur. Dilimiz M. F. Axundovla nəsr olaraq ədəbi yazıya girmişdir.

- Nədən İran tarixi mühitində türklük bilinci doğmamışdır?
- İslamiyətin ortaya çıxışı ilə Sasani dövləti devrilmişdir. Fars dili də Türk dili kimi ərəb dilinin saldırısına uğramışdır. Ancaq 9-cu əsrdən başlayaraq fars dilində ədəbiyat oluşdurma şüuru farslarda doğmuşdur. Farslar bu dönəmi, yəni 7-ci əsrdə Sasani dövlətinin devrilişi və 9-cu əsrdə Samani dövlətinin quruluşunu “200 il səssizlik” dönəmi adlandırırlar. 9-cu əsrdən başlayaraq ədəbi fars dili Nişabur və indiki Əfqanistan bölgələrində şəkillənməyə başlamışdır. Bu, farsların milli şüurunun oyanışı mərhələsidir. Farslarda milli şüur çox erkən vaxtlarda ortaya çıxmış və İndiki İran, Əfqanistan, Tacikistan fars dili və fars kimliyi ilə çox sərt bir şəkildə donatılmışdır. Fars dili vergi sistemində təcrübə qazandığı üçün daha sonra gələn türk dövlətləri də vergi və ədəbiyat dilini fars dili olaraq qullanmışlar. Türk dilinin çevrəsi daralmış, sadəcə orduda və bir də xalq arasında keçərli olmuşdur, yazıya keçməmişdir. Bu üzdən də biz daha çox şifahi millət, farslar isə, kətbi millətdirlər. Fars dili nəzmlə başlamış və nəsrdə də geniş təcrübə qazanmışdır. Ərəb dilində yazılmış bir çox tarix kitablarını farscaya tərcümə etmişlər. Özləri ilə bir yerdə türklər də bu dildə yazmışlar. Min il az zaman deyil. Min il içində türklər üçün yazı dili deyildiyində sadəcə fars dili nəzərdə tutulmuşdur. Bu alışqanlıq elə bir həddə çatmışdır ki, hətta Şahnamədə keçən xəyali İran sınırlarını da Fars dili aşmış və Osmanlı sarayına varmış, İstanbulda da qullanılır hala gəlmişdir. Əlbəttə ki, fars dilini Bizansın baş kəndinə daşıyan türklər olmuşdur. Sonra da bu dildə o qədər ədəbiyat oluşdu ki, onun etkisindən uzaqlaşmaq çətinləşdi. Bu gün bizim İrandakı ana sorunlarımızdan biri də budur ki, fars dilini bilənlər bu dildəki zəngin ədəbiyatın hipnozundan ayrıla bilmirlər. Təsəvvür edin ki, Mövlanadan, Nizamidən necə ayrılmaq olar? İndiki Quzey Azərbaycan belə, 1930-ların sonlarına doğru rusların basqısı ilə fars dilindən ayrıldılar. Bir ulusun kimliyini bəlli edən onun dilidir. Türk dili dövlət aristokrasisində təcrübə qazanmadı. Fars dili qazandı. Beləcə də farslar heç bir savaşa girmədən hazır bir ölkəyə sahib oldular. Yəni min il farslar üçün çalışdıq. İndi bizlər nə səfir oluruq, nə vəzir, nə də İranda mədəni bir yerdə çalışa bilirik. Çalışa bilməmiz üçün fars dilinin içində türklüyümüzü yox etməmiz gərəkir. 1000 illik türk aymazlığı üzündən bölgəyə farslar sahib oldu. İndinin özündə də İranda türklük bilincini doğrumaq çətin işdir. Dünyadakı millətlərin oyanışı bizim toplumun milli vicdanını etkiləyir. Tariximizdən bizə yardımçı olacaq bir tək örnək yoxdur. Türklük bilinci son 1000 illik tarixin antitezi kimi ortaya çıxa bilər, tarixin sürəkliliyi kimi deyil. Yəni bu 1000 illik tarixdən qopuş öz-özünə türklük bilincini doğura bilər. Bunu da ancaq modern gəlişmələr edə bilər. Fars kimliyi ilə möhkəmcə toxunub donatılmış İran tarixi mühitini qloballaşma fərqli yönlərə sürükləməkdədir. Bu fərqli yönə yönəliş nəticəsində bizim də milli kimliyimizi anlama imkanlarımız ortaya çıxmaqdadır. Son min ildə farslara “ərbabani-qələm” (qələm ağaları), türklərə “ərbabani-şəmşir” (qılınc ağaları) ləqəbləri taxılmışdır. 1000 illik tarixin nəticəsi göstərdi ki, qələm qılıncı yenmişdir. Şüur qələm məsələsidir, qılıncla icad edilməz. Günümüzdə türklük bilincini oluşdurmaq da qələmlərin türk dilində uğur qazanması ilə mümkün olacaqdır.

- İndiki tarixi pozisiya ilə əski çağ nələrlə fərqlənir?
- Dünya tarixindən ayrı yaşamırıq. Dünyada durum dəyişmişdir. Dünyada qövmlərin özünü dərk etməsi bir zərurət kimi ortaya çıxmış. Bu, tarixi zərurətdir. İranı da dünyadakı bu tarixi sürəc öz etkisi altına almış və orada yaşayan bütün uluslar, o cümlədən türklər də öz haqlarını istər olmuşlar. Bu doğrultuda yeni dönəmdə bəzi şəxsiyətlər yetişmiş ki, əski tariximizdə belə şəxsiyətlər olmamışdır. Get-gedə də bu şəxsiyətlərin sayı artmaqdadır. Bunlar türkçə yazıb düşünə bilirlər. Zamanla bu kimi şəxsiyətlərin xalqa örnək oluşlarına şahid olacağıq. Dünya tarixinin ümumi gedişi bizim milli kimliyimizin yararınadır. Bunu anlaya bilsək kimlik savaşına girə bilərik, anlaya bilməzsək, zaman keçər gedər və fürsət də əldən çıxar. Bu baxımdan mən belə düşünürəm ki, biz mədəni intibah, ya da mədəni devrim gerçəkləşdirməliyik. Bunun üçün modern teknoloji və ilətişim aracları da yardımçı olmaqdadır. İranda türklük savaşı mənə görə bir mədəniyət savaşı olmalıdır, siyasi deyil. Çünkü siyasi savaş olması üçün olanaq yoxdur. Mədəni dərinləşmə güclənirsə, zamanı gəldəyində siyasi fəaliyət üçün geniş meydan açılacaqdır. Bu mədəni devrimin də dili türkçə olmalıdır, farsca yazmaqdan tam olaraq saqınmalıyıq.

- Soyuq Savaş sonrası İrandakı türklüyün durumunu necə dəyərləndirmək olar?
- Soyuq Savaş öncəsi türk gəncləri ideologiyaların əsiri olmuşdular. Sağ-sol təşkilatlar içində kimlik qazanma arxasıncaydılar. Bütün təşkilatların da dili və düşüncəsi farsca idi. Soyuq Savaş sonrası bütün bu ideologiyalar yox oldu. Tarix o dönəmi qapadı. Artıq günümüzdə biri özünü marksist kimliklə tanımlasa, onu məsxərə edərlər. Tarix bunu qəbul etməz. Hər devrin öz ehtiyacları var. Soyuq Savaş sonrasında türk gənclərdə güclü milli təmayül ortaya çıxdı. Sovetlərin dağılması və Azərbaycanın müstəqil dövlət kimi tarixə girməsi də bu mənada çox təsirli oldu. Özəlliklə Türkiyəni böyük mədəni imkanları ilə kəşf edişimiz İranda milli kimlik yolunda fəaliyət göstərənlər üçün yeni və böyük fürsətlər doğurdu. Fars dili və fars kimliyi ilə donatılmış İran mənəvi mühitini dağıdacaq və orada türklük bilinci oluşduracaq ən önəmli amil Türkiyədə modernləşən dilimiz və kimliyimizdir. Bu baxımdan Türkiyə amili çox önəmlidir. Çünkü Türkiyə türkçəsində geniş bilgilər var. Orda dilimiz çox gəlişmişdir.

- İran və dünya türklüyünün ilişkilərini bu baxımdan necə dəyərləndirmək olar?
- Tarixin nəticəsi bəlli olmadığı sürəcə onun üzərinə yorum gətirmək olmaz. İrandakı İslami inqilab nəticə etibarı ilə dünya türklüyünün və dolayısıyla İranda yaşayan türklərin yararına olmuşdur. Çünkü İrandakı devrim sonucu Türk Dünyası bir-birinə strateji enerji qaynaqları açısından bağlandı. İrandakı fanatik rejimin Qərblə düşmənliyi üzündən bütün petrol və qaz boru xətləri Türküstanı və Azərbaycanı Türkiyəyə bağladı. Bu,çox önəmlidir. Əslində ən qısa və sərfəli yol İrandan keçirdi. Ancaq İrandakı dinçi rejim üzündən türk Dünyasının iqtisadi bağlantılılığına imkan yarandı. Bu, uzun vədədə Türk Dünyasında böyük yaxınlaşma yaradacaq. Ticari, iqtisadi və enerji axışı istər-istəməz düşüncə və dil birliyinə də imkan yaradacaq. Bu birlik o qədər geniş bir coğrafiyanı içərir ki, İrandakı türklüyü də kəndiliyindən öz içinə alacaqdır. Türk birliyinə heç bir hadisə enerji axınları qədər yardım çı olmamaqdadır. Mərkəzi Asiya və Qafqazların enerji axını yollarında Türk dövlətlərinin hakim olması çox böyük tarixi fürsətdir. Bunun mədəniyətimizə yansıyan etkilərini görməkdəyik, gələcəkdə daha da açıqca görəcəyik. Bunlara dəmir yolları da əklənəcək. Bütün bu olanlar İranda türklük duyğu və düşüncələrinin sağlıqlı və dərin biçimdə şəkillənişinə olanaq sağlayacaqdır. Türk Dünyasındakı müsbət gəlişmələrlə ölkə içindəki milli oyanış bir bütün halına gəldikdən sonra güclü və köklü gəlişmələr ortaya çıxacaqdır. Bunun etkilərini Güney Azərbaycanda şəkillənən ədəbiyat növlərində görməkdəyik. Güney Azərbaycanda türkçənin geniş imkanlarına dayanan ədəbiyat növləri yazılır. Əslində bu gün dil birliyinə Güney Azərbaycanda yazılan ədəbiiyatda rastlanmaqdayıq. Çünkü Azərbaycan-Türkiyə dil birliyi Güney Azərbaycanda gerçəkləşməkdədir.

- İran- Qərb ilişkilərində Türklük necə etkilənə bilər?
- İran mədəniyəti qapalı mədəniyətdir. Pəhləvilərlə modernitəyə keçişdə də bu qapalılıq ortadan qalxmadı. Tam tərsinə olaraq tarixə fərar paradiqması gəlişdirdilər. Ari irqçiliyi üstünlüyü. Tarixdən də buna örnək bulmağa çalışdılar. Yəni İran-fars milliyətçiliyinin iki paradiqması olmuşdur: 1- ari irqçiliyi. 2- Şiə irqçiliyi. Hər ikisi də qapalı bir sistem. Hər ikisi də Qərb modern mədəniyətinin dalğaları qarşısında çökmüşdür. Bu gün İranda gerçək din və məzhəb krizi var. İnsanlar şiə məzhəbindən dönüb geniş ölçüdə xristianlaşırlar. Bu baxımdan Qərb mədəniyəti İranı fəth etdikcə insanların özgürlük anlayışı da dəyişəcək. Dəyişən bu özgürlük anlayışı ilə bizim ulusda ulusal kimlik qazanma sürəci başlayacaq. Sekularlaşma türklüyün yararına ola bilər. Yoxsa türk tarixindən bizə kimlik qazandıracaq heç bir şey yoxdur. Çünkü bugünkü İran zatən türk tarixinin məhsuludur. Tarixi milliyətçilik türklüyün İran və Əfqanistanda tam olaraq silinişideməkdir. Bu tarixdən qopuş Əfqanistanda türklük bilincini nisbətən gəlişdirmişdir. Qərb mədəniyəti kimlik qazandıran bir mədəniyətdir. Modernitənin özəlliyi insana onur və şərəf qazandırma olmuşdur. Onurlu bir insanın da bir milli kimliyə mənsub olduğunun bilincində olması gərəkməkdədir. İran-Qərb ilişkiləri bağlamında tək qazanclı çıxacaq olan türklər ola bilər. Fars milliyətçiliyinin paradiqmaları çökdüyü üçün özünü yenidən toparlaması mümkün olmayacaq məncə. Ya da onun özünü toparlaması sürəsincə İrandakı türklərdə də yeni oluşumlar ortaya çıxacaqdır. Bizim Qərb mədəniyətinə ehtiyacımız var. Heç bir millət bu baxımdan türklər qədər Batı modern mədəniyətinə möhtac deyildir. Qərbin insan haqları, qadın, yaşlı və çocuq haqlarının yanı sıra sürəkli hərəkət və dəyişimdən yana olan mədəniyəti türklüyün oyanışına təkan verə bilər. Belə olmazsa, bizim qurtuluşumuz çətin olar. Çünkü biz tariximizi farslara buraxmış olan tək millətik, tariximizdən bizə yardım gəlməməkdədir. Yəni bizim tək müttəfiqimiz modernitədir, modern mədəniyətdir. Səttarxan, Baqırxan bağırmaqla heç bir şey olmaz. Onlar modern dünyaya lazım olmayan qullanım vaxtı keçmiş adamlardır. Məşrutənin o zaman ilk maddəsi belə idi: “Fars dilini bilməyən məclisə girə bilməz.” Səttarxan da farscanı bilmirdi. O zaman niyə fars milliyətçiliyi yolunda belə canfəşanlıq edirdi? Yəni onlar nə etdiklərini bilməyən təsadüfi adamlar idi. Günümüzdə isə, bilinci yerində olan insanlar lazımdır. Azərbaycan doludur Səttarxanlarla. Ancaq Rəsulzadə, Göyalplarımız olmamışdır. Bir sözlə fikri məğlubiyət bizi bu günə gətirmişdir. Bu məğlubiyəti oratadan qaldırmanın tək yolu isə, modern mədəniyətdir.

- Müsahibənin axışı içində dil qonusuna çox işarə etdiniz. Bizim mübarizəmiz, yalnız dil istəyi ilə sınırlımı qalmalıdır, yoxsa bunun siyasi tərəfi də olmalıdır?
- Mən indiki durumda siyasətin dışındayam. Sırf mədəniyət və dil yolunda çabalamaqdayam. Siyasi tərəfini bu işlə uğraşanlar açıqlarlar. Mənim işim yazarlıq. Yazıçılıq, ədəbi tənqid doğrultusunda çalışıram. Bu çalışmanın da sahəsi dildir. Güney Azərbaycanda və İranda türklərin iqtisadi, siyasi sorunları da var. Ancaq nədən mən daha çox dil qonusu üzərində durmaqdayam? Çünkü varlığın açıqlanması dillə mümkün olur. Varlığın bilincində olma, insanı dillə birləşdirib bütünləşdirir. Tarix dildə baş verir, başqa yerdə deyil. Tarixi hafizənin də yaradıcısı dildir. Dil yoxdursa, tarix də yoxdur. Diqqət etsəniz son 1000 ildə dilimiz dövlət düzənində olmadığı üçün, artıq o tarix bizim deyildir. Çünkü fars dili dövlət düzənində yer almışdı. Dil dolayısıyla varlıq və tarix anlaşılır. İnsan dil yoluyla tarixi, mədəni durumunu və milli varlığını idrak edir. Dil bir araç və vasitə deyldir. Çünkü aracsız və vasitəsiz yaşamaq olar, ancaq dilsiz yaşamaq olmaz. Örnəyin bir ceb telefonu, internet bir aracdır. Bunlarsız yaşaya bilərik və əski zamanlarda da yaşanmışdır. Ancaq dilsiz yaşamaq olmaz. Dili arac olaraq nitələmək əksik tanımlamadır, yetərli deyildir. İnsan dil yoluyla heyvanlar üçün bilinməz olan özgürlüyü təcrübə edir. Uğrunda minlərcə insan fəda edilən özgürlük sorunu da bir dil qonusudur. O da dillə beynimizdə var edilir. Bütün istəklərimizin anlatıcısı və açıqlayıcısı dildir. Bu baxımdan dilimizdə ədəbi, fəlsəfi, elmi əsərlər yazmaq qurtuluşun başlanqıc evrəsidir. Mən bu yolda yaradıcı enerjimi səfərbər etməyə çalışıram.

Müsahibəni götürdü: Əlirza Amanbəyli

Geri dön