Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Yerin görünür, Bəy...
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > Yerin görünür, Bəy...

Yerin görünür, Bəy...


Bundan sonra Onun haqqında hələ çox yazılacaq, deyiləcək. On illər keçəcək tədqiqatçılar yenə də onu anlamaqda çətinlik çəkəcəklər, sirr dolu bir ömrü araşdırmaqda davam edəcəklər - Elçibəy ömrünü. Çünki “Hər şeyin zamana ehtiyacı var” deyibən çox mətləbləri açmadı, sirr, müəmma dolu bir ömrü başa vurub dünyamızı tərk etdi...

O, bir Turan sevdalısı idi. Güney Azərbaycandan Altaylaradək, Kərkükdən uyğurlaradək Türkün qalibiyyətinə inanırdı. Bir gün bütün yolların dağlar sultanı, dağlar piri Savalana aparacağına əmin idi. “Bu gün, sabah Xudafərin qurular” deyirdi. Sovet quruluşunun dağılacağını dediyi üçün başı müsibətlər görsə də, o günün şahidi oldu, ancaq Türk dünyasının azadlığına, Türk dövlətlərinin bir yumruğa dönməsinə, Qarabağın, Təbrizin, Kərkükün azad olmasına şahidlik etməyə ömrü çatmadı.

Əminəm ki, Elçibəy sağ olsaydı, bu gün Güneydə dar ağacına çəkilən hərəkatçıların müsibətinə, Krımın ilhaqına, Kərkükdə İŞİD-in törətdiyi qətliamlara, Rusiyada skinxedlərin azərbaycanlıları döyə-döyə öldürməsinə, Çindəki uyğurların terroruna, türk generallarının həbsinə Azərbaycan cəmiyyəti indiki tək laqeyd qalmazdı, Bakıda hər gün diplomatik nümayəndəliklərin qarşısında azadlıq hayqırtıları səslənərdi. Çünki onun missiyası bir özgə idi.

Elçibəy “bu yolda həbs də var, ölüm də, mühacirət istisnadır” deyirdi. Dediyi kimi də etdi. Həbsi də seçdi, ölümü də, lakin 1993-cü ilin ağır iyun günlərində hətta doğma Türkiyəyə belə mühacirət etmək təklifini qəbul etmədi, kəndinə getdi...

İllərdir ki, Elçibəyin yoxluğu hər yerdə özünü göstərir, həm siyasətimizdə, həm ədəbi-bədii məclislərimizdə, həm mədəniyyətimizdə, həm də jurnalistikamızda...Elçibəy olsaydı, Azərbaycan siyasətdə indiki kimi yetim, boynubükük görünməzdi. O, istənilən an proseslərə dinamika gətirməyi bacaran, hər açıqlaması ilə geniş polemikaya yol açan lider idi.

Nədənsə mənə elə gəldi Elçibəyi həyatı boyu 7 rəqəmi izləyib. 7 illik Unuskənd məktəbini bitirib, 1957-ci ildə BDU-ya daxil olub. 1975-ci ildə tələbələr arasında millətçi və antisovet təbliğatı aparmaqda ittiham olunub, 17 iyul 1976-cı ilədək azadlıqdan məhrum edilib. 1992-ci ilin 7 iyununda prezident seçilib. 17 iyundan səlahiyyətlərinin icrasına başlayıb. 1993-cü ilin 17 iyun gecəsi Bakını tərk edərək Kələkiyə gedib və 1997-ci ildə geri dönüb. Bəlkə də bu yeddilərdə özünün də hiss etmədiyi bir qanunauyğunluq olub...

****

O, başdan-ayağa birləşdirici fiqur idi. Müxalifətin Elçibəyli dövrünü xatırlayın, masa ətrafında kimlər yox idi? Hətta onun devrilməsində iştirak edən, ayağını qazanlar da yanakı stulda əyləşərdi. Auditoriyanı ələ almaq bacarığı baxımından əsl fenomen idi.

Xudafərindən söz düşəndə Elçibəy xatırlanır, Savalandan, Təbrizdən danışılır, Onu anırıq, “Qaragilə” mahnısı səslənir, “Süleymani” çalınır, yenə O. Bir müddət öncə Türkiyədə olarkən Sakarya bölgəsində müsafir olduq, Bəyin sevə-sevə dediyi Nəcip Fazil Kısakürəyin “Sakarya türküsü”nü elə türkiyəli qardaşlarımız xatırladılar. Alparslan Türkeşdən sonra Elçibəy itkisi Türk dünyasında böyük bir boşluq yaradıb, türkləri sarmış ümidsizlik ovqatı həm burdan yanadır...

Mətbuatda ilk yazımı Elçibəydən, daha doğrusu, onun sədrlik etdiyi Bütöv Azərbaycan Birliyinin iclasından yazmışam. AXC-nin qərargahında BAB-ın ənənəvi şənbə iclası olardı, tanınmış simalar toplaşar, Azərbaycanın, Türk dünyasının dərdlərindən danışılardı. Olduqca demokratik ab-havada. Elçibəy elə atmosfer yaradardı ki, hər kəs öz sözünü deyə bilsin. Hətta bir kərə cavanlığıma salıb gündəlikdəki Şah İsmayıl Xətai ilə bağlı müzakirələrdə sünni-şiə mövzusundan uzun-uzadı danışılmasına etiraz eləmişdim. Əbülfəz bəy hələ tanımadığı bir gəncin iradını belə səbrlə dinləyib “bəy, daha yaxşısı budur ki, bütün məsələləri elə burada, öz aramızda müzakirə edək, çünki bayıra çıxdı mahiyyətini dəyişir” demiş, zaldakıları da sakitləşdirmişdi...

Elçibəyə Səbayel Məhkəməsində qurulan divanı da yaxşı xatırlayıram. Məhkəmədən çox izdihamlı meydan aksiyasına bənzəyirdi. Elə buna görəydi ki, davamına lüzum görülmədi, işə xitam verildi. Ünvanına çox hədyanlar deyildi, ağır təhqirlərə belə məruz qaldı, amma sonucda ölümündən sonra da olsa, eks-prezident olaraq haqqını qazandı.

****

...Bir ara meydanda görünməməsi xeyli söz-söhbətlərə səbəb olmuşdu. Yadımdadır, günün birində “Elçibəy işə çıxıb” xəbərini alan kimi Cəbhənin qərargahına qaçmışdım. Qısa müddətdən sonra geri- evə dönürmüş, elə qərargahın qarşısında rastlaşdıq. Mühafizənin cəhdlərinə baxmayaraq ayaq saxladı, danışdıq. İşə çıxmamasının səbəbini soruşanda “heç qrip idi, keçdi, getdi” söylədi. “Necə oldu ki, nəhəng sovet imperiyasını yıxan lider adicə qripin qarşısında gücsüz qaldı” sualımın qarşılığında onun mənə dikilmiş baxışlarını isə ömrüm boyu unutmayacağam. Hər dəfə bu anı düşündükcə elə zənn edirəm ki, bu sualımla Bəyin ürəyinə xal salmış, bəlkə də günaha batmışam.

Günaha batanlar bilirsinizmi nə qədərdir?

....Sənə bir daş atar yerindən duran,
Səni sevdiklərin daş-qalaq eylər.
Bir əlində daş var, birində Quran
Daş atan bilirmi nə günah eylər?


****

O, hər zaman bağışlayardı. Daşı atanı da...Necə ki, dəfələrlə kürəyinə xəncər saplayanları belə bağışlamış, hətta bağrına da basmışdı. Böyük ürək sahibiydi axı. Böyük Azərbaycanla, Türküstanla birgə döyünən ürəyin...
Doğum gününüz qutlu, ruhunuz şad olsun, Bəy! Amma yerin illər keçdikcə yaman görünür...



P.S. Bu foto şəxsi arxivimdəndir. 1999-cu ilin fevralında Aydınlar Birliyinin toplantısında çəkilib.

Yerin görünür, Bəy...





Elşad PAŞASOY

Geri dön