Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Mədəniyyət > Azərbaycan eposunda Ağac kultu ilə bağlı inanclar
Azərbaycan eposunda Ağac kultu ilə bağlı inanclar |
Qədim türklərin inamlar sistemində mövcud olan ağac kultuna və kultla bağlı inamın xüsusi status daşıdığına nəzər yetirdiyimiz zaman ağacın türk mifologiyasındakı dəqiq yeri təyin olunur. Belə bir təyinatdan sonra ağacın türk etnik-mədəni ənənəsində ana və ata başlanğıc kimi mövqe tutduğu, ağac obrazının Azərbaycan-Türk eposunda böyük bir arealı əhatə etdiyi bəlli olur. Aşkar olur ki, ağac obrazı türk mifoloji düşüncəsində “Bay terek”, “Temir kavak” yaxud “Həyat (dünya) ağacı” olaraq şifrələnmiş, transformasiya edilmiş və kulta çevrilmişdi.
Epos ənənəsində ağacın əski türklərin anası kimi bilinməsi faktına öncə “Oğuz Kağan” dastanında rast gəlirik. Oğuz Kağanın ikinci arvadının ağac onqonu ilə birbaşa bağlılığında, Oğuzun ağac oyuğundakı qızla evlənməsindən bəhs etmiş mərhum prof. Mirəli Seyidov yazmışdır ki, Oğuzun “ ...gölün ortasındakı ağacın içindən çıxan arvadı su stixiyası, ağac ilahəsi ilə bağlıdır və ondan doğulan uşaqlar başlıca olaraq su torpaqla ilişgilidir-Gök, Teniz, Tağ”. Məhz bu çözümün aydın parametrləri ağacın yaradılış aktında başlıca substansiya olduğunu təsdiq edir və “Oğuz Kağan” dastanında ağacla əlaqədar mifik ünsürləri üzə çıxarmağa imkan verir. Bu baxımdan “Oğuz Kağan”dakı ağacın sakral mahiyyəti, türk kosmoqoliyasında kosmik ünsürdən törəmiş əski inamların aparıcı elementi kimi təzahür etməsi diqqəti çəkən reallıqdır. Bununla bağlı “Oğuz Kağan” eposunu ətraflı izah etmiş prof. F. Bayat yazır: “Türk mifologiyasında Göy Tanrıdan qopub ayrılmış ağac bir sıra etnoqonik miflərdə ilk ana kimi xatırlanır. Mifə görə dağın üstündə bitən ağaca göydən işıq düşmüş, bu ağac gövdəsi şişmişdir. Bir müddətdən sonra gövdə yarılmış, oradan beş uşaq çıxmışdır. Onların ən kiçiyi olan Buğu Təkin sonradan bir çox xalqları özünə tabe edərək böyük dövlət yaratmışdır”. Göründüyü kimi ağacın miforitual ənənədəki mövqeyi sonrakı mərhələlərdə formalaşmış, türk mədəniyyəti polifoniyasının daşıyıcısı olmuş epos ideyasının təməl daşı idi. Azərbaycan epos ənənəsində bərpa edilmiş dağ, at və digər kult simvolikası ilə yanaşı, ağac kultunun yaratdığı inamlar radiusu da türk həyat tərzini, dövlət quruculuğunu və hegemoniyasını əks etdirən sfera timsalında müəyyən edilir. Qeyd edək ki, bir çox yakut oloxolarının girişində müqəddəs ağacın (Aaal Luuk mass, Aaal Duuk mass, Aaal Kuduk mass) rəmzi funksiyasında bəhs edilir. Həmin ağacın zirvəsi üst dünya, gövdəsi orta dünyanın təcəssümü və Yer yiyəsinin sığınacağı olaraq təsvir edilib. Sözügedən ağacın kökləri isə Alt dünya və şər qüvvələrlə (abaası) bağlıdır. Ümumiyyətlə, ağacla əlaqəli mifoloji təsəvvürlər türk etnoqrafiyasında, inanclarında geniş şəkildə əksini tapıb. Məsələn, yakutlarda qayınağacı yer ruhunun (Aan doydu-iççite) sığınacağı hesab olunur və bu ağaca at tükündən hörülmüş sicim bağlanırdı. Bu mifoloji rituala paralel fakt kimi Altayların inanc elementlərini də nümunə göstərmək mümkündür. Altaylar ağaca canlı məxluq kimi yanaşır, ağac ruhuna (aqaştın yesi) tapınaraq ona qurban verirdilər. Ağac ruhunun övlad bəxş etməsi ilə bağlı yakut inanclarında xeyli sayda mifik epizodları görmək mümkündür. Uşağı olmayan “yerin sahibinə” dua edirdilər. Bundan sonra uşaq olduqda onun Tanrıdan, yer və ağac ruhlarından alındığına inanırdılar. Sonralar şamançılıqdan qalmış müqəddəs ağaclar, əcdadların və qamların qəbirləri islamlaşdırılaraq övliyaların məzarlarına, pirlərə çevrilmişdir. Lakin qədim dövrlərdən qalma inancların bir çoxu öz mahiyyətini saxlamış, İslam və digər dinlərin qabığı altında yaşamışdır. “Oğuz Kağan” da Oğuzun oğlanlarının yay-ox tapmaları ağacın funksiyasından əlavə digər keyfiyyətini də ortaya qoyur. Əski türklərdə yay-ox kultunun mövcudluğu dastanda müxtəlif və dəyişik detallarda verilir. Əgər yayın qızıldan olduğuna diqqət yetirsək, onun müstəqil Türk dövlətinin rəmzi kimi keçərlilik qazanmasının semyotikası da aydın olar. Dastanda isə Oğuzun öz oğlanlarına hakimiyyət verəndən sonra qırx qulac uzunluqda ağac ucaltdırması (“kırık kulac” yığacını tikrürdi anunq”) və onun başına bir qızıl toyuq qoydurması ağacı Tanrı rəmzi olaraq şərtləndirir. Beləliklə, “Oğuz Kağan” da birbaşa Ulu Göy Tanrıya ünvanlanmış inamı müşahidə edirik. Xatırlayaq ki, Altay mifologiyasında göy üzünə doğru yüksəlmiş böyük bir şam ağacından danışılır. Həmin ağacın başında Tanrı Bay Ulgen otururdu. Qeyd edilən “Bay” sözü isə başı göylərə dəyən, kökləri isə Erlik xanın yeraltı səltənətinə qədər işləyən və adına “Bay terek” deyilən mifik Dünya ağacına qoşulmuşdu. Bu kodlaşdırmadan sonra zəruriliyi bütün detallarına qədər üzə çıxır. Yəni, Oğuz Kağan yer üzündəki missiyasını başa vurduqdan sonra Göy Tanrıya qovuşmağa məhkum idi. Bu prosesdə isə ağac Ağuzla Göy Tanrı arasında vasitəyə çevrilir. Oğuz tərəfindən ucaldılmış ağacın başında qızıl toyuğun qoyulması da Günəşin (Danın) doğmasına bir işarə sayılmışdır. Məsələn, “Yaradılış” dastanında Göylə əlaqəli ağacların göy üzündəki dağ, yaxud təpə üstündə bitməsi faktı bəllidir. Həmin ağacların bir yanında Ay, digər yanında Günəş dururdu. Sibirdəki Abakan tatarlarının əfsanələrində də oxşar bir motiv var. Onların inancı belə idi: dünyanın astanasında göylərə qədər yüksələn bir dəmir dağ bərqərardır. Və bu dağın üzərində 7 budaqlı bir qayın ağacı bitir. Bu mifik detaldan aydın olur ki, ağacın yerlə göyü birləşdirən funksiyası yaradılış prosesində başlıca motivdir və buna görə Tanrıya qovuşmağın yolu kimi ağacın göy üzünə ucaldılması kosmoqoniya aktındakı ciddi rituallardan biri hesab edilir. Qeyd edək ki, ağac kultunun türk mədəniyyətinin mifoloji çağında mühüm yer tutması qabarıq olan bir faktordur. Mətin Ərqun yazır ki, ağacın mübarək üzlü sayıla bilməsi üçün öncə onun bitdiyi yerdə tənha olması vacib şərtdir. Məhz “Dədə Qorqud” kitabında da mübarək üzlü ağacın vəsfinə aid elementlərin təzahürünü görürük: “Ağac, ağac!” dersəm sana, ərlənmə, ağac! Məkkə ilə Mədinənin qapusu ağac! Böyük-böyük suların köprisi ağac! Qara-qara dənizlərin gəmisi ağac! Şahi-mərdan Əlinin Düldülinin əyəri ağac! Zülfiqarın qınıyla qəbzəsi ağac! Şah Həsənlə Hüseynin beşiği ağac! Eposun ikinci boyunda Uruzun ağaca bu cür müraciət etməsi ritual-mifoloji konteksdən müşahidə edilir. Uruzun sözügedən müracəti Qazanın “xəbərləşmələr”i ilə eyni sferada birləşir. Uruzun müraciətindəki İslami obrazlar mifik etalonu arxa plana keçirmir, Tanrıçılığn İslamla əvəzlənməsi Məkkə və Mədinə sakral sferasında vəsf edilməsi mifik ritualın nümunəsi sayılır. Bəlli olduğu kimi, əski türklər inanırdılar ki, ilk insanı Həyat ağacı deyil, böyük Tanrı yaradıb. Yakut mifologiyasına görə Tanrı göydə ilk Şamanı yaratdığı zaman onun evinin qapısı önünə bir də 8 budaqlı ağac basdırmışdı. Göy üzündəki Şaman əbədilik yaşadığı üçün onun ağacı da solmadan və çürümədən qalırmış. “Dədə Qorqud” kitabında Basatın atası Aruzu anması motivi də mifoloji ana statusunu səciyyələndirir: Anam adın sorar olsan Qaba Ağac, Atam adın diyirsən qağan Aslan, Mənim adım sorursan Aruz oğlu Basat. Basatın qeyd edilən cavabı İslamdan öncəki Türk düşüncəsinin mifik çalarlarını sərgiləyir. Prof. Mirəli Seyidov yazmışdır ki, Basatın mifik anası Qaba ağacdır-başqa sözlə desək, bərk, iri Dünya ağacıdır. Yağarlılıq-Dirilik ağacıdır, Dünya ağacı bütün əski dünya xalqlarında, eləcə də azərbaycanlılarda və onların soy-kökündə duran qəbiləbirləşmələri də görkəmli yer tutmuşdur. Deməli, Basatın mifik anası böyük mifik gücü olan, insanların, yurdun (hunlara görə) qoruyucusu, gözəl, bərk Dünya ağacıdır. Beləliklə, Ağacın ilkin başlanğıcı simvollaşdıran obrazı kimi Oğuzların düşüncəsindəki yerli araşdırmalarımız nəticəsində aydınlaşır və dastan mətnlərindəki İnsan-Ağac bağlantısı əski ritual-mifoloji siqləti üzə çıxarır. R. Əlizadə (AMEA) Geri dön |