Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Bildiriş > Ömrün müdriklik zirvəsində
Ömrün müdriklik zirvəsində |
Namiq Həsənov Naxçıvanda doğulub boya-başa çatan kadrlarımızdandır. Ali təhsilini başa vurduqdan sonra bir müddət doğulduğu Babək rayonunun Cəhri kəndində fizika müəllimi işləyib, sonradan rəhbər komsomol işinə keçib. 1973-1977-ci illərdə Naxçıvan şəhər-rayon Komsomol Komitəsinin birinci katibi vəzifəsinə seçilib, şəhər Partiya Komitəsinin büro üzvü olub. Bu yüksək etimad onun üçün əsl sınaq məktəbinə çevrilib. N.Həsənovun gənclərlə iş sahəsində təşkilatçılıq bacarığı, ictimaiyyətin rəğbətini qazandıran fərdi keyfiyyətləri o vaxtkı muxtar respublika rəhbərliyinin diqqətindən yayınmayıb və o, vilayət Partiya Komitəsində məsul vəzifəyə irəli çəkilib, burada da öz çalışqanlığı, savadı və qabiliyyəti ilə fərqlənib.
Namiq Həsənov təkcə geniş erudisiyası olan bir kadr deyil, həm də dəyərləri üstün tutan bir insandır. O, azərbaycanlı adını, ölkəsinin mənafeyini, şərəfini həm ictimai həyatda, həm də çalışdığı kollektivlərdə uca tutan bir şəxsiyyətdir. Bu baxımdan onun 1983-1992-ci illərdə Naxçıvan MR Daxili İşlər Nazirliyi sistemindəki fəaliyyəti xüsusilə yadda qalan olub. Bu məsul dövlət qurumundakı fəaliyyəti ilə də vəzifəyə karyera, şan-şöhrət naminə deyil, vətəninə, xalqına ləyaqətlə xidmət etmək üçün gəldiyini sübut edə bilib. Məlum olduğu kimi, ümummilli liderimiz, böyük öndərimiz Heydər Əliyev keçmiş SSRİ-nin siyasi rəhbərliyindəki vəzifələrindən istefa verdikdən sonra Moskvanın birbaşa havadarlığından bəhrələnən erməni millətçiləri ölkəmizə qarşı ərazi iddialarına başladılar. Sovet imperiyasının hələ tam süquta uğramadığı, rus qoşunlarının ərazilərimizdə olduğu, milli ordumuzun isə hələ yaradılmadığı bir vaxtda ermənilərlə həmsərhəd rayonlarımızın, sərhəd kəndlərimizin müdafiəsi, əhalinin təhlükəsizliyi vəzifəsi yalnız daxili işlər orqanlarının öhdəsinə qalmışdı. Həmin ağır vaxtlarda - 1990-1992-ci illərdə polis polkovniki Namiq Həsənovun polis geyimini hərbi mundirlə əvəz edib səhra komandiri, çox vaxt adi vətən mücahidi kimi düşmənlə amansız döyüşə girməsini, ilk gündən torpaqlarımızın müdafiəsinə qalxan Naxçıvan polisinin ön sıralarında dayanmasını hər kəs yaxşı xatırlayır. O, Sədərək, Şada, Kərməçataq, Buzqov, Günnüt və digər yaşayış məntəqələrindəki ən ağır döyüşlər zamanı əsil fədai kimi nümunə göstərirdi. Həmin dövrdə məhz Daxili İşlər Nazirliyi rəhbərliyinin, o cümlədən N.Həsənovun ətrafında birləşən polis və könüllü özünümüdafiə dəstələri Naxçıvan torpağının bir qarışına da düşmən ayağının dəyməsinə imkan vermədilər Çağdaş tariximizin ağrılı-acılı, faciəvi səhifələrinin əsasının qoyulduğu o dövrlərdə Namiq Həsənovun xalqına, elinə-obasına bağlılığı bütün aydınlığı ilə üzə çıxdı. Təkcə vətənsevər bir rəhbər zabit kimi yox, Silahlı Qüvvələr və müharibə veteranı kimi ad qazandı. Onun şəxsi rəhbərliyi ilə daşnak qüvvələrinin Şada və Kərməçataq kəndlərinə güclü basqınlarının qarşısının alınmasını, yəqin ki, Naxçıvan əhalisi heç zaman unutmayacaq. Həmin döyüşlərin birində bir neçə könüllü və ağır yaralanmış milis nəfəri düşmən mövqelərinin nəzarəti altında qalmışdı. Namiq Həsənov çətinliklə də olsa ruslardan döyüş helikopteri əldə edərək və həyatını təhlükəyə ataraq döyüşçülərimizi ağır təhlükədən xilas etmişdi. Məhz bu keyfiyyətləri onu o zaman əqidəsi cibində, amalı və sədaqəti dilində olan bir çox rəhbər işçilərdən fərqləndirirdi. Onun məhz bu parlaq insani cəhətləri və haqq işi uğrunda mücadiləsi ümummilli liderimiz Heydər Əliyevin diqqətindən yayınmadı və Naxçıvana gəldiyi ilk günlərdən N.Həsənov onun layiqli köməkçisinə çevrildi. Heydər Əliyev şəxsiyyəti Naxçıvan əhalisi üçün nə qədər əzəmətli, nə qədər əziz olsa da, bu fenomeni dərk etməyənlər də var idi. Mühafizəkarlar, mərkəzin tapşırığını cani-dildən yerinə yetirən radikal qüvvələr belə adamlardan istifadə etməyə çalışırdılar. Amma ümummilli lider Heydər Əliyevin təkcə Naxçıvan üçün deyil, bütün Azərbaycan üçün xilaskarlıq missiyasını yaxşı başa düşən Namiq Həsənov və onun kimi ziyalı insanlar təxribatlara imkan vermir, bütün qüvvələrin Ümummilli Liderin ətrafında daha sıx birləşməsinə çalışırdılar. N.Həsənovun ulu öndər Heydər Əliyev şəxsiyyətinə və ideallarına sonsuz sədaqəti o vaxtkı Azərbaycan iqtidarının, Xalq Cəbhəsi-Müsavat cütlüyünün də diqqətindən yayınmadı. O vaxtkı iqtidarın muxtar respublikanın Daxili İşlər Nazirliyini ulu öndər Heydər Əliyevə qarşı çevirmək planlarının həyata keçməsinə imkan vermədiyinə görə, 1992-ci ildə N.Həsənovu qərəzli şəkildə həm vəzifədən, həm də orqandan xaric edərək təqaüdə göndərdilər. Lakin o, həm öz əqidəsi, həm də Heydər Əliyevin tövsiyəsi ilə iş otağını tərk etmədi, nazirliyin parçalanmasına imkan vermədi, hadisələrin gedişinə nəzarət etdi, ulu öndərin dövlətçilik ideyalarının həyata keçirilməsinə axıradək sədaqətlə xidmət göstərdi. O dövrdə səriştəsiz rəhbərliyin DİN-in, Televiziya və Radio Verilişləri Komitəsinin binalarını silahlı yolla ələ keçirərək Naxçıvanda dövlət çevrilişi etmək cəhdinin qarşısının alınmasında Heydər Əliyevin ən yaxın köməkçilərindən, təşkilatçılarından biri də məhz Namiq Həsənov idi. Ümummilli lider Heydər Əliyev xalqın tələbi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıdandan az sonra - 1994-cü ilin aprelində Namiq Həsənovu Naxçıvan MR Ali Məclisinin sədri vəzifəsinə tövsiyə etdi. Ulu öndər Heydər Əliyev kimi fenomenal şəxsiyyətin Naxçıvanda başladığı işləri davam etdirmək nə qədər şərəfli idisə, bir o qədər də çətin və məsuliyyətli idi. Namiq Həsənov burada da böyük öndərin siyasi xəttinə sədaqət nümunəsi göstərərək muxtar respublika əhalisinə ləyaqətlə xidmət etdi. Qarşıda Naxçıvanın etibarlı müdafiəsini təmin etmək üçün yenicə yaradılmış nizami ordunun möhkəmləndirilməsi, blokadada olan Naxçıvan əhalisini elektrik enerjisi, yanacaq, çörək və digər zəruri ərzaq məhsulları ilə təmin etmək kimi çətin vəzifələr dururdu. Ən ağır məqamlarda Ümummilli Liderin diqqət və qayğısına ehtiyac olurdu. Bu dövrdə N.Həsənov Ulu Öndərdən əxz etdiyi ənənələrə, iş üslubuna sadiq qalaraq tez-tez əhali ilə görüşlər keçirir, onları çətinliklərin tezliklə aradan qaldırılacağına inandırırdı. Zaman göstərdi ki, Namiq Həsənov qənaətlərində yanılmayıb. Onu el içində nüfuz və hörmət sahibi edən əsas amil də elə budur. Azərbaycan Prezidentinin Sərəncamı ilə onun son iş yeri respublikanın Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini vəzifəsi idi. N.Həsənov burada da ona göstərilən etimadı doğrultdu, yüksək şəxsi keyfiyyətlərini ortaya qoydu, dövlətimizin sosial islahatlar xəttinin uğurla reallaşdırılması yolunda layiqli xidmət göstərdi. İndi Namiq müəllim ömrünün müdriklik dövrünü yaşayır. O, 70 illik ömür yolunun zirvəsindən keçdiyi yola nəzər salaraq xatirələrini bizimlə həvəslə bölüşür, Azərbaycanın bugünkü uğurlarına ürəkdən sevinir. Onun bu uğurlara görə sevinməyə haqqı vardır... Məmməd İsayev Geri dön |