Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Mədəniyyət > Urmiyanın Güney Azərbaycan ədəbiyyatında bədii təcəssümü
Urmiyanın Güney Azərbaycan ədəbiyyatında bədii təcəssümü |
Urmiyanın başı üstündən bəlalar, fəlakətlər heç əskik olmayıb
I yazı Hər dəfə Urmuya həsr olunmuş nəsr və poeziya nümunələrini oxuduqda düşünürdüm ki, şairlərə ilham qaynağı olmuş bu diyarın məxsusi özəllikləri nədir görəsən? Nə üçün Urmu-Urmiya-Urmiyyə haqqında yazılan əsərlərdə qəm notları sevinc duyğularından daha üstündür: Mahmud Sadıqpur Şami, Əli Daşqın, Nazir Şərəfxani, Kərim Məşrutəçi Sönməz, Ruqiyyə Kəbiri, Amanoğlu, Salah Bəhlul Camurcu, İsmayıl Cəlili, Xosrov Barışan, Təyyar Şərif, Susən Rəzi, Rəhim Gözəl və başqalarının əsərləri ilə tanış olduqca anlamışam ki, bu gözəlim diyarın, Urmiyanın başı üstündən bəlalar, fəlakətlər heç əskik olmayıb. Şairlər Urmiyanın başından keçən olayları, üzləşdiyi acıları ürəklərinin qanı ilə qələmə alaraq şəhəri əhatələyən əsl təbiət möcüzəsi - Urmu gölünün suyunun duzlu, şor olmasının səbəblərini öz baxış bucaqlarına görə incələməyə, bədii şərhini, təsvirini verməyə səy göstəriblər. Mən o göldə üzə-üzə ağlaram Kərim Məşrutəçi Sönməz kimi: Kim görüb ki, mən özümdən boy deyim? Sınamamış hər şənliyə toy deyim? Urmu gölü nədən şordur, qoy deyim: Mən o göldə üzə-üzə ağlaram... Sönməzin dördlüyü bədii sualla başlaması, bir-birinin ardınca sual cümlələri işlətməsi fikrin emosionallığını, mövzunun - hədəfin bədii təsir gücünü artırmaq vasitəsidir. Epik və lirik əsərlərdə bədii sual adətən müəllifin dilindən verilir və nəticə etibarilə o, sualının cavabını yaxşı bilir, amma həmin anı oxucunun, ədəbi ictimaiyyətin və cəmiyyətin diqqət mərkəzində saxlamaq üçün fikrini sual şəklində ifadə edir. Həmin sualı cavablandırmaq üçün hərə bir ünvan axtarır, Sönməz isə bəndin sonuncu misrasında oxucuya və oxucunun təmsil olunduğu cəmiyyətə ünvanladığı sualları cavablandıraraq yazır ki, "Urmu gölünün suyunun şor, duzlu olmasının əsas səbəbi mənim o göldə üzə-üzə ağlamağım və göz yaşlarımın duzunun gölün suyuna qarışmasıdır". Bu misralarda əsrlərcə xalqının və yurdunun - Urmunun üzləşdiyi dərd və problemlərin ümumiləşdirilmiş ifadəsi-obrazı ilə üz-üzəyik. Burada itirdiklərimizdən itkinlərimizdən dolayı yaşanılan iztirabın, ağrı-acının, dərdin son akkordu duyulur. Hər cür riyakarlıq, saxtakarlıq və fantastik yalanlardan uzaq olan, yalnız gördüklərini, həyatın gerçəkliklərini, acı həqiqətlərini yazan və Azərbaycanın ikiyə bölünməsindən sonsuz iztirab çəkən şair Urmunun bu günü ilə türklüyün tarix və mədəniyyət mərkəzi statusu daşıdığı dönəmlərini qiyaslayarkən "mavigözlü duzlu gəlinin" əsir durumuna üzüldüyünə, ayrılığın fərağında, həsrətin odunda qovrularaq Urmu gölündə üzə-üzə ağladığına oxucunu inandırırır. O böyüklükdə (1980-ci illərdə gölün ərazisi həqiqətən də böyük idi) gölün suyunun göz yaşlarından şorlaşması hadisəsini orijinal bir mübaliğə yaratmaqla ifadə edir. Əlbəttə, "Urmu gölü nədən şordur, qoy deyim: Mən o göldə üzə-üzə ağlaram" beytindəki mübaliğə şairin bədii tapıntısı, poetk kəşfidir. Əfsuslar ki, bədii tapıntıya vəsilə olan obyektə real həyatda ağır bir hökm oxunub və Urmu ölümə məhkumluq qisməti yaşamaqdadır. Tale sanki Urmu gölündən üz döndərib Urmu gölü quruyur, Urmu kimi nadir bir gözəllik bu gün can verir! Hə yazıq ki, bu əsrarəngiz təbiət möcüzəsi artıq Yer üzündən silinməkdə, tarixə qovuşmaqdadır. İstedadlı şair İsmayıl Cəmilinin "Urmu gəlini" şeirində gölün məhz bugünkü ağır vəziyyəti, real durumu ən təsirli bədii dillə canlandırılır: Urmu gölü yenə də mavi gözlü duzlu gəlin, Urmiyanın ağ don balası, "elin əzizi, Azərbaycan dənizi" kimi öyülür. Lakin şairin sevə-sevə vəsf elədiyi təbiət gözəlinin "tülkülərin pusqusu, quduz yadların qurğusu" ilə artıq qara bəxti yazılıb, gölə təbii yolla axan gür çayların səmti dəyişdirilib, yolundan azdırılıb, nəticədə "dustağa, dalğaları duzlağ"a çevrilib. Qara bəxtin cızdığı sonrakı ömür yolunda duzlu gəlinin "ağ qanadları da sınıb, can yarası göz-göz olub, çiçəkləri yarpaq-yarpaq solub, buludları sürgün olunub. Ağ xələti biçilmədə" - kəfəni hazırlanmaqda, sanki "son bardağı içilməkdə" olan gölün halına yanan el-obasının isə üzgünlükdən beli bükülüb: Dadsız qalan duzlu gəlin, Duru mavi gözlü gəlin. Urmunun ağ don balası Göz-göz olan can yarası: Ağ qanadı sınan mələk Yarpaq yarpaq solan çiçək. Urmu gölünün sürətlə quruduğu son illərdə İsmayıl Cəmilinin də ifadə etdiyi kimi, dərdi yerə-göyə sığmayan Güney Azərbaycanın milli fəalları meydanlara axışaraq bu duruma qarşı öz etiraz səsini ucaldır, aksiyalar keçirir, İran hökumətinin rəsmilərini təbii fəlakətin qarşısını almağa çağırır, tələblər irəli sürür, dünyanın, beynəlxalq qurumların diqqətini Urmu gölünün başının üstünü almış ölüm faciəsinə yönəltmək istəyirlər. Güney ziyalıları-yazarlar da bu mübarizəyə qoşularaq xalqla çiyin-çiyinə hərəkət edir, öz sözlərini daha çox qələmin gücü ilə deyirlər: Bu yazarlardan biri, 1998-ci ildə I Şimal-Qərb Jurnallar Festivalında "Ana" adlı şeiri ilə birincilik qazanan və qadın hüquqlarının müdafiəsinə həsr edilmiş uluslararası qurultay və seminarlarda iştirak edərək cəsarətli, demokratik ruhlu düşüncə və fikirlərini yüksək kürsülərdən hayqıran şair Fəranək Fərid-İpək xanım digər qələmdaşları kimi, Urmu hadisələrində də öz sözünü deyib. 2011-ci ilin sentyabrında Urmu gölünün qurudulması faciəsinə qarşı təşkil olunan nümayişdə tutulub, 42 gün zindanda qalıb. Lakin dövlət büdcəsinə 100 mln. tümən ödədikdən sonra azadlığa buraxılıb. Urmiya gölünün qurudulmasına etiraz etdiyinə görə, məhkəmə Fəranək Fərid xanıma 3 ay 1 gün həbs cəzası və 1 mln. tümən nəqd pul cəriməsi kəsib. Həqiqətən anlaşılmaz durumdur. İnsan öz milli mənsubiyyətini, milli kimliyini dərk edib "Ana dilinə, milli mədəniyyətinə yiyə durursa, üzləşdiyi ekoloji fəlakətə qarşı birləşib tədbir tökməyə, vəziyyətdən çıxış yolu bulmağa çağırırsa, bu, niyə günah sayılır, cinayət hesab edilir!?" Bəli, nə yazıq ki, türk olmaq, milli kimliyini anlamaq, Ana dilinə sahib çıxmaq istəklərində bulunmaq İranda suçdur, cəzası isə tutuqlanmaq, zindanlarda can çürütməkdir. Urmu gölünün qurudulmasına etiraz etmək, aksiya keçirmək də həmçinin. Maraqlı, həm də çox acınacaqlı bir durumdur. Bu ağır durumdan bəhs edərkən istər-istəməz Yaşar Sulduzlunun "Urmuda kürdlər niyə və kimə qarşı silahlanırlar?" adlı məqaləsindən bir məqamı xatırladım: "Urmu vilayətinin Urmu, Xoy, Səlmas, Maku və digər şəhərlərində, eləcə də kəndlərdə İran Kürdüstanından köçüb gələn kürdlərin yerləşdirilməsi ildən-ilə daha da artıb. Kürdlər ermənilərdə olduğu kimi xüsusi məhəllələr yaradaraq kompakt şəkildə yaşamaqla yanaşı, həm də məskunlaşdıqları ərazilərdə özünümüdafiə silahlı qrupları yaradırlar. İran dövləti isə müəmmalı şəkildə bütün bunları susqunluqla seyr edir". Silahlı özünümüdafiə dəstələrinin yaradılmasına seyrçi qalan bir dövlət təbii fəlakət qaynağına çevrilən bir gölün qurudulmasına qarşı sadəcə etiraz səsini çıxaranları isə zindanlara atır və min bir işgəncə və əzablara məruz qoyur. İnsan şaşırıb qalır: Türk kimliyi, varlığı bu qədərmi qorxulu, Türk xofu bu dərəcədəmi vahiməlidir? Yəqin bu xofun gücü o dərəcədədir ki, 21 fevral Beynəlxalq Ana dili günündə İranda Azərbaycan türkcəsinə qarşı mövcud qadağalara son qoyulsun!" - şüarı ilə toplantıya qatılan 200 nəfərdən çox siyasi fəal həbs edilərək zindanlara atılıb?! Axı tarixi torpaqlarında, dədə-baba yurdunda yaşamaq əzəl haqqı olan bu türk xalqı Ana dilində təhsil almaq, milli hüquqlarını bərpa etmək, milli kimliyini qəbul etdirməkdən başqa nə istəyir ki?! Sadəcə, İranda xəyanətkar və cəllad ermənilərə tanınan adi hüquqları tələb edir. Yenə də Yaşar bəy Sulduzlunun fikirlərinə haqq verməyə bilmirsən: "İranda demokratik hərəkatın uğur qazanacağına inamım azdır. Avropa Birliyi, ABŞ, BMT və digər beynəlxalq qurumlar İran məsələsində farslara və kürdlərə məxsus hərəkatları, insan hüquqları təşkilatlarını tanımaqla yanaşı, onlara hərtərəfli dəstək verdikləri halda, Güney Azərbaycanda insan hüquqları, demokratik hərəkat məsələsində susmaqla bundan yan keçirlər. Beynəlxalq qurumlar İraqdakı qondarma "Kürdüstan Hökuməti"nin 2010-cu il büdcəsində "İranda kürd hərəkatlarını maliyyələşdirmək" maddəsini "demokratiyaya dəstək" kimi müdafiə ediblər. Bu qərara görə İrandakı "Kürdüstan Demokrat Partiyası"na 55 milyon dinar, bu partiyanın Mustafa Hicri qanadına 50 milyon dinar, "Kürdüstan-Komilə Partiyası"na 50 milyon dinar, bu partiyanın Ömər Elxanizadə qanadına 50 milyon dinar, həmin partiyanın İbrahim Əlizadə qanadına 50 milyon dinar, "Kürdüstan Azadlıq Partiyası"na 50 milyon dinar, "Kürdüstan Xibat Partiyası"na 50 milyon dinar, "Kürdüstan Şurişgah Birliyi" təşkilatına isə 45 milyon dinar vəsait ayrılıb. Bu rəqəmlər sadəcə etiraf olunanlardır. Güney Azərbaycan, xüsusilə Urmu vilayəti məsələsində son zamanlar Ermənistan və kürdlərə məxsus bu qurumların rəhbərlərinin sıx təmasları yaranıb. Belə ki, Ermənistan EA Şərqşünaslıq İnstitutu türkologiya şöbəsinin nəzdində yaradılmış "Güney Azərbaycan Dosyesi"nin araşdırmalarına görə, Təbriz, Urmu, Xoy, Mərənd, Zəngan, Maku, Həmədan və digər şəhərlərdə türklərdə milliyyətçi düşüncənin inkişaf etməsi Ermənistanın varlığını daim sual altında qoya bilər və bu, həm də separatçı Dağlıq Qarabağın müharibə aparılmadan süquta uğraması deməkdir. "Demokratiya kollektiv kimliyi qəbul edən quruluşdur. Kollektiv kimlik qəbul olunmursa, fərdi kimlikdən söhbət gedə bilməz. İranda aparılan müxalif mübarizənin, "Yaşıllar" hərəkatının demokratiya anlayışı bu deyil. Onların tək bir kollektiv anlayışı var: iranlı, yəni farslar. Demokratiyaya bu cür yanaşıldığı üçün təbii ki, qeyri-fars millətlər bu hərəkatı boykot edir. Çünki "İrandakı mübarizə insan haqları uğrunda deyil, dünyəvilik uğrundadır". Bəs bu həqiqət niyə İranda diqqətə alınmır?! Esmira Fuad, yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru Boynuna taxılan boyunbağı okean mirvarisi deyil, Urmunun duz dənələridir... Niyə 40 milyondan çox bir xalqın ana dilində - Azərbaycan türkcəsində təhsil almaq, oxumaq haqqı yoxdur? II yazı Niyə 40 milyondan çox bir xalqın Ana dilində - Azərbaycan türkcəsində təhsil almaq, oxumaq haqqı yoxdur?! Bir xalqın bədbəxtliyi üzərində başqa bir xalq öz xoşbəxtliyini qura bilməz axı? Urmu hadisələri də həmçinin. Bəyəm bu gölün quruması nəticəsində baş verəcək duz fırtınası təkcə o bölgənin əbədi sakinləri olmuş Azərbaycan türklərinə ziyan vuracaq, yoxsa bütün İrana?! Bu həqiqət kifayət qədər anlaşılan deyilmi?! Gənc yazar Ruqiyyə Kəbirinin lap son dönəmdə - 2013-cü ildə yazdığı "Yasasız törən" adlı şeirində "görülən profilaktiki tədbirlər sayəsində" artıq 80 faizi quruyan Urmunun durumu o qədər orijinal təhkiyə ilə bədii-poetik əksini tapıb ki, oxucu özünü bu yasadışı, qeyri-qanuni düzənlənmiş toy mərasiminin içində hiss edir, bir növ hadisələrin iştirakçısına çevrilir. Canlandırılan aydın mənzərələr, cızılan tablolar qarşısında heyrətdən dil susur, gözlər qan ağlayır, bircə ürək danışır. Birinci tabloda yasadışı toydur, törənin məkanı Urmudur, amma çal-çağırsız, heç bir oyunsuz, rəqssiz-filansız. Sanki yas mərasimi qurulub, törənin qonaqları isə "damarı yaralanmış bir el"dir. İkinci tabloda gərdək gecəsidir, bu gecənin qəhrəmanı isə gəlindir. Gəlinlik paltarı duzlaqdan, boynuna taxılan boyunbağı okean mirvarisi deyil, Urmunun duz dənələridir. Və gərdəkdə sevişən, bir-birinə eşqini isbatlayan iki aşiqin sevişmələri ağı deyir. Üçüncü tabloda isə final daha tükürpədicidir, daha acı bir gerçəyin mənzərəsi cızılır. Gərdəkdəcə hamilə qalan gəlinin dölü "Ölüm" adlı bir yaratıqdır. Sözün bitdiyi yerdir artıq... Ölümə məhkum edilmiş Urmunun bugünkü halını bundan doğal, bundan real necə anlatmaq olar?! "Yasasız törən"ə üz tutaq: Zaman mitray doğulan çağ deyil, 1391-ci günəş ili Məkan-Urmu dənizi: Yas rəngində, Yasasız, Ayın-oyunsuz bir törən Gərdək gecəsi: Dəvətlilər, damarı yaralanmış bir el Hamun dənizindən iki canlı qalmış bakirədən danışmıram Gəlinliyi duzlaqdan, Boyun-boğazına düzülmüş, Okeanların sədəflərinin ürəyində gizli qalmış Mirvarı deyil, Duz dənələri. Sevişmələri ağı ağlayır: Urmu dənizindən iki canlı qalmış qız gəlin Dölündə Ölüm adlı bir yaratıq Mitray doğulan çağ deyil 1391-ci günəş ili Yasasız, Ayın-oyunsuz bir törən. Xosrov Barışanın "Duzlu gəlinim" şeirində də motiv eynidir, amma yanaşma tərzi fərqli səpkidədir. Şeiri oxuyur və şahid olursan ki, Urmunun real durumu hər bir qələm sahibi kimi gənc şair Xosrovu da düşündürməyə bilmir. "Ey səni özgə özgəyə pay verən"- deməklə tarixə ekskurs edən gənc şair "Paydan pay olmaz" atalar sözünü xatırlayaraq Türkmənçay müqaviləsilə iki imperiya - Rusiya ilə İran arasında pay-pürüş edilən, "özgənin özgəyə pay verdiyi" gözəlin cəhənnəmə məhkumluğuna, məhv edilməsinə üzülür. Onun kədəri misralara hopur, duzluluğu duzlağa dönüşən, ahının burulğanında bir yarın, bir gələcək dağılan, yəni sabahı məhv edilən Urmunun-doğmasının, əzizinin, var-yoxunun düşdüyü çarəsiz duruma yanıb-yaxılır: Ey səni özgə özgəyə pay verən Damo bəzək duzlu gəlinim; Gözlərin göm-göy bir dəniz: O (Bu) yenələnən heçlaqda Gərdəyə girəcəksən! "Sevgilisiz ögey bir dul kimi korlanacağına, hətta turşuyacağına" üzülən və obrazlı təhkiyə sərgiləyən, "şeir dediyini silahsız bir fədayi çerikə" bənzədən şair, "Adını Urmu qoyduğu Sevgilini qurtarmaq" - fədakarlığına da hazırdır, təki "bağrı çatlamış:" qəbir gözlü gözəli", Urmusu-sevgilisi ölümdən qurtulsun: əgər qurtulmazsa, "şeirinin gəmisi kapitansız qalacaq", düşüncə dalğaları "dodu-dodu dolanacaq". Xosrovun nəhayət, "Duzlu gəlinim" şeirinin son misralarında Xosrovun apardığı orijinal paralellik-canlı metafora və tragik açıqlama xəncər tək birbaşa ürəyə saplanır: "Sevişmək artıq yasaqdır. Gəlinlik var, Gəlin yox!!!" Urmu gölünə bu dərəcədə həssas münasibətin, şəninə neçə-neçə şeir və poemaların həsr edilməsinin təsadüfi xarakter daşımadığı son illərin elmi axtarışlarında bir daha öz təsdiqini tapdı. Arxeoloji qazıntılar zamanı Urmu gölünün sahilində yerləşən Urmiya şəhərinin kənarındakı Həsənli qəbiristanlığında toplu məzarların aşkar edilməsi 1918-ci ildə erməni cəlladlarının 150 mindən çox Azərbaycan türkünü qətlə yetirməsini əyani olaraq aşkara çıxardı. Tarixi faktlar təsdiqləyir ki, Azərbaycan türklərinin qanuni ata-baba torpaqlarını zəbt edərək burada "əzəmətli" Ermənistan yaratmaq istəyən ermənilərin türklərə qarşı soyqırğını əməliyyatı İrəvan, Göyçə və Zəngəzurdan başlasa da, Azərbaycanın nə quzeyindən, nə də güneyindən yan keçməmişdi. "Həmin qanlı olayların izləri Dağlıq Qarabağa qarşı ermənilərin qətl və qarətlərlə dolu yürüşləri, bugünkü olaylarla təzələnmişdi. 1918-ci ildə türklərə qarşı ermənilərin Qərbi Azərbaycanda İrəvandan əlavə, 211 yaşayış məntəqəsində törətdiyi soyqırımda 300 min nəfər soydaşımız qətlə yetirilmişdisə, Güney Azərbaycanda təkcə Urmu və Səlmasda şəhid olanların sayı 130-150 min nəfər arasında göstərilir". 1946-cı ilin dekabrında, yəni Milli Hökumət süquta uğradıldıqdan sonra şah qoşunları və Rza şah Pəhləvinin xarici havadarları tərəfindən "Cənubi Azərbaycan torpağı qan dəryasına qərq edilmişdi. Öldürülənlər şəhər küçələrində o qədər çox idi ki, yollardan keçmək mümkün deyildi. Demokratların cənazələrini doğrayaraq arabalara yığıb, küçələrdə gəzdirir, kəsik başlarını nizəyə taxaraq ətrafında dövrə vurub oynayırdılar. Onların arvadlarını, uşaqlarını diri-diri su quyularına, yanar təndirə atırdılar. Gözlərini çıxarır, qulaqlarını kəsir, bədənlərinə dağ basır, qızlarını soyundurub küçələri gəzdirirdilər. Canlı insan bədənlərindən tonqal düzəldirdilər, onları daş-qalaq edir, atın quyruğuna bağlayır, 60-70 yaşlı qocaları peyin arabalarına qoşaraq küçə-küçə gəzdirir, yoldan ötənləri onların üzünə tüpürməyə vadar edirdilər. Bütün bu təhqirlərə, xalqın mərd oğul və qızları mətanətlə dözür, ruhdan düşmək nə olduğunu bilmirdilər. Urmiyədə ADF-nin üzvü Bəhram Nəbi öldürülərkən Azərbaycan himnini, 70 yaşlı Nurullaxan Yeqani isə Səttarxana həsr edilmiş şeri oxuya-oxuya həlak olmuşdu. Azərbaycan xalq qoşunları Marağa qarnizonunun polkovniki Qulu Sübhi ölümünü bir qəhrəman kimi qarşıladı. Urmiyə fədailərinin başçısı Azad Vətən vəhşicəsinə öldürülməzdən qabaq, ona tutduğu yoldan dönmək, yəni düşmən tərəfə keçmək təklif olunarkən cavabında: "Nə danışırsınız, bişərəflər! Söyüd budaqlarını ikiqat əymək olar, qocaman çinar isə sınar, əyilməz" demişdi... Əlbəttə, bu qanlı hadisələrə, çarəsi hələ də bulunmayan milli dərdlər və dərdi mətanətlə, dözümlə çəkən Vətən oğul və qızlarının şücaəti, zaman-zaman ulu yurdun istilalara, haqsız hücumlara və əhalinin kütləvi soyqırğınına məruz qalmasına şahid olan şairlər də öz növbəsində bu mövzuya dönə-dönə müraciət etməyə, göz yaşlarını bədii sözün gücü ilə ovutmağa ehtiyac duymuşlar. Bu gün Güney yazarlarının əsərlərindən boy verən Urmu gölünün sürətlə quruması, quruma nəticəsində Azərbaycan türklərinin daha sıx yaşadığı Urmu şəhərini və ətraf bölgələri gözləyən duzlaşma-duz fırtınası, qeyd etdiyimiz kimi, İİR dövlət rəsmilərinin o qədər də ciddiyə almadığı gerçək bir milli problemdir. Marağalı şair Amanoğlu Urmunun bu ağır durumuna dözə bilmir, "Qayıt qədim çağlarına, qovuş qədim dostlarına - Cığatıya, Mürdü çaya, aç qucağın qonaqlara, bir ana tək"- diləyilə Urmu gölünə üz tutur: Bir gölüm vardı mənim, heyranıyam, Urmu gölü! Hər kəsə aydın dəyəri, duzlu gölüm, Urmu gölü Hər dəfə düşdüm suyuna, boğdu məni O bitmiyən, sevindirən məhəbbətin Urmu gölü Sən ölkəmin ad sanısan dol qürura Güneylilər fəxrisən, ey Urmu gölü! Esmira Fuad yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru Geri dön |