Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azər Həsrət: - Şəhidlərin mübarək, Vətən!
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Gənclik, DAVAMın yazıları > Azər Həsrət: - Şəhidlərin mübarək, Vətən!

Azər Həsrət: - Şəhidlərin mübarək, Vətən!


Yenə də erməni təbliğat maşınının ardınca sürünürük. Onlar bizi yanıltmaq üçün hər şey edirlər. Azərbaycan mediası, üzdəniraq “ekspertlər”imiz də əllərindən gələni edir ki, millət ruhdan düşsün! Savaşda belə olmamalıdır! Hətta ən çətin durumda belə media, ekspertlər, savaşdan anlayanlar insanları ruhdan salacaq deyil, ruhlandıracaq açıqlamalarla çıxış etməlidir!

Son gün ərzində erməni işğalçıları öz doğmaca torpağımızda 11 əsgərimizi şəhid etdi! Neynək, “Torpaq, əgər uğrunda ölən varsa Vətəndir”! Demək ki, üzərində yaşadığımız bu torpaq Vətəndir! Və onu bizə Vətən edən dünən şəhid olmuş can parçalarımız da daxil neçə-neçə igid oğlanlarımızdır! Onlar bu torpaq Vətən olsun deyə şəhid düşdülər, canlarını verdilər!

O oğullar canlarını bu torpaq üçün fəda etmişkən, digər oğullarımız da düşmən qarşısında keçilməz sipər kimi durmaqdaykən kimlərsə çıxıb iddia edir ki, Azərbaycan yas elan etməlidir! Niyə? Çünki şəhidlərimiz var!

Şəhid vermək, əlbəttə ki, şərəfli olduğu qədər də ağırdır. Hələ-hələ o şəhidlər gəncəcik çocuqlarımızsa! Amma unutmayaq ki, torpağın Vətən olması üçün şəhid də verilməlidir! Və Vətənin keşiyini çəkən gənclər arxalarında sınıxmış, yasa batmış, öləzimiş, ruhdan düşmüş, matəmə bürünmüş bir toplum görməməlidir! Əksinə, o əskərlər ki, orda keşik çəkirlər, geri qanrılanda arxalarında əsib-coşan, kükrəyən, savaşa can atan bir toplum görməlidir! Ona görə də, gəlin, yas çağırışları etməyək! Gəlin, savaş, intiqam çağırışları edək! Gəlin, yağı düşmənin öz torpağımızdaca şəhid etdiyi gənclərimizin qanını almağa çağırışlar edək! Gəlin, onların cansız bədənləri soyumadan düşməndən on qat artıq qisas alaq!

Şəhid vermək Vətən üçün toy-bayramdır! Bəli, məhz toy-bayram! Siz heç ruhdan düşmüş, günlərlə yas tutan, matəm elan edən millətlərin savaşlarda qalib gəldiyini gördünüzmü tarixdə?! Olmayıb belə bir şey! Yalnız ən sonuncu nəfərinədək savaşan millətlər qalib olub və tarixdə qalıb! Bir qaşıq qanından qorxub dərhal yasa bürünənlər isə yağıya qul olub, ömrünü də qul kimi başa vurub!

Bu gün savaş günüdür! Mübarək bir gündür! Bu gün ağlamaq, sızlamaq, yatağa düşmək, matəm tutmaq günü deyil! Bu gün verdiyimiz şəhidlər bizə bir daha özümüzə gəlib, kükrəyib, coşub düşmən üzərinə atlamağı əmr edir! Çünki onlar Vətənin bir parça torpağını daha düşmənə qapdırmamaq üçün canlarını sipər etdilər!

Bu gün savaş günüdür! Bu gün mübarək gündür! Şəhidlərin mübarək, Vətən!

Geri dön