Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Muğam kütləvi sənət deyil, seçilmişlərin, mümtazların sənətidir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Müsahibə > Muğam kütləvi sənət deyil, seçilmişlərin, mümtazların sənətidir

Muğam kütləvi sənət deyil, seçilmişlərin, mümtazların sənətidir


Yavər Hüseynbəyli: “Sufiliyin öyrənildiyi yerlərə meyxana deyilir, saqi o sufi elmini öyrədən şəxsdir, mey həmin o sufi elmlərdir ki, öyrədilir insanlara”


Bu gün bütün dünya Mövlana Cəlaləddin Rumidən danışır amma çox az adam bilir ki, onun müəllimi Şəms Təbrizi olub. Sufiliyi Cəlaləddin Rumiyə öyrədən şəxs.

Rubrikamızın çox maraqlı bir qonağı var. İş adamı, “Çahargah” otelinin sahibi Yavər Hüseynbəyli. Bizə görə bu ağır, qələndər adamın təqdimata ehtiyacı yoxdur. Amma görünməyi çox sevmədiyindən oxucularımıza onu az da tanıtmağın zəruriliyini hiss elədik. Oxuyanı dinləyən daha yaxşı dərk edər, Yavər bəy də gözəl müşahidəçidir. Bütün gözəlliklərin müşahidəçisi. Elə gözəl fikirləri, elə gözəl təhlilləri var ki, arada sual verməyi belə unutdum. Bu adam alıb götürmüşdü məni Füzuli dünyasına. Belə gözəl adamları olan bir məmləkət üçün ölməyə dəymıəzmi?!
Sizi müsahibimizlə baş-başa buraxırıq:


-Yavər bəy, özünüzü necə təqdim edərdiniz?
-Bu, mənim üçün ən çətin suallardan biridir. İxtisasca riyaziyyatçıyam. Həyat və məqsədlərim üçün, ideyalarım və ideəllarım üçün vasitə olaraq biznesim var. Həyatımın mənası isə fəlsəfə, idrak, dünyanı dərk etməkdir. Özümə aid bəzi düşüncələrim var, bütün bunların üzərində də yaşayıram.

-Bu istiqamətdə hər hansı bir nəşriniz varmı?
-Bilirsiz, sizə bir fikrimi deyim, mən bir iddiadayam, bilirəm, qeyri-təvazökardır, amma bunu deməliyəm. Mən düşünürəm ki, kainatın yaranmasının universal bir qanununu kəşf eləmişəm. Bu yaxın zamanlarda bir kitab halında nəşr olunacaq. Yəni kainatın yaradılmasında universal bir qanun var, mənə görə. Mən iddia edirəm ki, məhz o qanunu mən kəşf etmişəm. İnsan dərk elədiyi bütün məsələlərdə bir rahatlıq tapır.
İnsanları ən çox narahat edən məsələlər onların dərk edə bilmədiyi məsələlərdir. Hətta o dərk etdiyi şey onun xeyrinə olmasa belə, onu dərk etdiyi üçün rahatlaşır. Onun niyə belə olduğunu başa düşür. Bilirsiz, insan psixologiyasında qeyri-müəyyənlik onu sakitləşməyə qoymur. Bu, mənim məşğul olduğum sahələrdən biridir. Fəlsəfə, idrak etmə. Bundan əlavə poeziyaya çox böyük marağım var. Xüsusən klassik ədəbiyyata. Fizulu, Nəsimi, Seyyid Əzim Şirvani və s..

-Müasir ədəbiyyatından necə? Daha doğrusu 60-cı illərin ədəbiyyatının yaşayan nümayəndələrindən...
-Belə deyək, mənim yaradıcılığını küll halında qəbul elədiyim şair yoxdur. Tək-tək şeirlərini bəyəndiyim şairlər var. 60-cı illər ədəbiyyatının əksər şeirlərini bəyəndiyim, ruhən şair kimi qəbul elədiyim Ramiz Rövşəndir. Amma yenə təkrar edirəm ayrı-ayrı şeirlərini bəyəndiyim şairlər çoxdur. Ən azından Bəxtiyar Vahabzadə var, Məmməd Araz, Musa Yaqub var. Mən çox təəssüf edirəm ki, Seyyid Əzim Şirvaninin dili mürəkkəbdir. Seyid Əzim çox böyük şəxsiyyətdir, yaradıcılğı Fizulu və Nəsimi yaradıcılığına bərabərdir. Özü çox təhsilli biri olub, 27 il təhsil alıb, 40-dan çox elmi mükəmməl öyrənib, müşteyid olub. Poeziyaya olan sevgim də məni gətirib muğam sevgisinə.

-Yeri gəlmişkən, “Çahargah” adı da buradan gəlir yəqin.
-Çox sevdiyim muğamlardan birisidir. Buranı bir musiqi məbədinə çevirmək istəyirəm. Xanəndələr yığışır bura. Muğamlar, xalq mahnıları ifa olunur, şeir məclisləri düzəlir, bəzən o şeirlərin müzakirələri gedir. Əsas fəaliyyət istiqaməti budur.
Həqiqi poeziyaya münasibətim tamam başqadır. Poeziya da o idrak prosesinin tərkib hissəsidir, mənə görə. Sufilikdə bir çox məqamlar var ki, onlar çox maraqlı məqamlardır. Məsələn, sufilik düşünəsinə görə bir var külli-əql deyilən varlıq ki, hər şeyin vəhdəti ona bağlanır. Bir də var onun müxtəlif təcəllaları. O cümlədən maddi varlıqlar da onun təcəlla formalarından birisidir. Və ağıl özü də maddi olduğu üçün o ancaq maddi olanları dərk edir. Maddi aləm və maddi aləm arasında mövcud olan qanunauyğunluqları ağıl dərk edə bilir. Amma maddi aləmdən başqa vəhdətül-vücuda görə, Qeyb aləmi vardır. Yəni ruhlar aləmi var, vəhdətül-vücudun mövcud olduğu aləm var, məna aləmi var - o aləm ki, orada artıq bizə məlum olan ölçülər, forma, şəkil, məkan kimi anlayışlar yoxdur. Onları ağıl dərk edə bilmir. Sufi düşünəsinə görə ağıl iki cür olur. ELMİL-YƏQİN - burada öyrənilməyi mümkün olan elmlər nəzərdə tutulur.
ELMİL-LƏDÜL - bu isə insanlara vəhylərlə verilir. İnsanın bəsirət gözü açılır, bir nurlanma yaranır və bəzi həqiqətləri dərk edir. Sanki hardansa ona bilgilər ötürülür. Bu, demək olar ki, əksər insanlarda olur. Amma dərəcəsi və ötürülən məlumat müxtəlif olur. Bu, ağlın idrak edə bilmədiyi yerdir. Bu, ruhu təmiz olan şəxslərə qismət olur. Ruhun təmizliyi üçün insan maddi dünya ehtiraslarını azaltmalıdır.

-Yavər bəy, aydın məsələdir ki, insan başa düşdüyü qədər ağrıyır. Yəni, insanın daxili aləmi nə böyüklükdədirsə məsələləri o şəkildə qavrayır. Sizcə çox dərin daxili aləmə sahib olmaq bizneslə məşğul olmağa çətinlik yaratmır ki? Axı ticarətin başqa qanunları var...

-Biznes- ingilis sözü olub, iş deməkdir. Bizim hər birimizin bir dolanışıq vasitəsi, işimiz var. Müəllimlik də biznesdir həkimlik də biznesdir, iş anlamında. Bundan əlavə, hən insanın öz daxili dünyasına, dünyagörüşünə görə məşğul olmaq istədiyi sahələr var. Bu anlamda, mən biznesə vasitə kimi baxıram. Hər kəsin öz dəyərlər sistemi var, axı.
Bu biznesdir, mən burdan dolanışıq üşün bir vəsait əldə edirəm. Amma bu mənim məqsədim deyil, vasitəmdir. Qarşıma da biznesdə çox irəli getmək kimi bir məqsəd qoymamışam. Düşünürəm ki, insanın yaşaya bilmək üçün sabit təminatı olmalıdır. Əks təqdirdə fikri daima maddi ehtiyaların yanında qalacaq. Biznesdə böyük istəklər mənim dünyagörüşümə ziddir, çünki onları düşünsəm, mən artıq o dəyərləri itirmiş oluram.
Fizuli deyir ki,
“dünyayi mahifayiyi bilən, arif degil,
Arif odur ki, bilməyə dünyayi-mahifa nədir”

Mahifa Allahın özündən başqa yerdə qalan hər şeyin ümumi adıdır. Masiva da deyilir, mahifa da. Yəni, bu dünyadakı hər şeyi hesaba almadan yaşamaq. Bu, artıq sufiliyin yüksək məqamıdır ki, buna fənah-fillah deyilir, sufilikdə. Ruhunu bu dünyanın maddi çirkablarından tamamilə azad edib fənaya uğrayırsan. Fənaya uğramaqsa maddi olan hər şeydən nəfsini uzaq tutmağı bacarmaq deməkdir. Fənaya uğrayan adam bəqa-billah deyilən zirvəyə yüksəlir, daimi olur.
Fizulu deyir ki,
Rəhi eşq içrə, məqsudim fəna idi, mənim,
Şükür ki, məqsuduma yetdim, intizarım qalmadı...

Yəni eşq yolunda məqsədim fənaya uğramaq idi. Mən də məqsədimə çatdım. Sufilikdə bu məqamlar var. Sufilər insanın içərisindəki o ruhi varlığa “mən” deyirlər. Ruh da iki cür olur, heyvani ruh, insani ruh (heyvan ərəbcədən tərümədə canlı deməkdir). Kainat sufi anlayışına görə dörd ünsürdən ibarətdir: od, su, hava, torpaq.
Mədənat - cansız varlıqlar,
Nəbatat - bitkilər,
Heyvanat - canlı aləm.
İnsan ruhuna “qüdsü ruh” da deyilir, ruhi-rəvan, yəni gedib-gələn ruh. Çünki, əvvəl ruh yaranır, sonra bədənə, yerə gəlir, bir ömür yaşayır, sonra yenə qayıdır ruhu varlıqların içərisinə. Sanki bir dövr edir. Ruh elə ki, maddi aləmlə təmasda olur, ruh artıq maddi aləmin çirkabını görəndən sonra geriyə qayıtmaq istəyir. Bədən isə buna imkan vermir. Ya gərək insan ölsün, ruh tərk edib getsin ya da
Fizuli demiş
“Ruzi-hicrandır, sevin ey, mürğü-ruhim, kim, bu gün,
Bu qəfəsdən mən səni əlbəttə, azad edirəm”.

Yəni hicran günüdür, mən ölürəm amma mürğü-ruh, ruh quşum, sən sevin, çünki mən səni azad edirəm. Bu bir yoldur. İkinci bir yol isə insanın yaşaya-yaşaya ruhunu azad etməsidir. Bu isə təriqət yolu ilə mümkündür. Insan bir təriqət serçməli, sufiliyi öyrənməlidir. Sufiliyi öyrədən adamlara mürşid, öyrənən adamalara isə mürid deyilir. Sufiliyin öyrənildiyi yerlərə meyxana deyilir, saqi o sufi elmini öyrədən şəxsdir, mey həmin o sufi elmlərdir ki, öyrədilir insanlara. Məqsəd isə o elmə nail olmaqdır ki, o elmin vasitəsilə sən ruhunu sağkən o dünyəvi ehtiraslardan azad edib həmin o həqiqət dünyasına qovuşdura biləsən. İnsan bir şeyləri dərk etdikcə onlardan həzz alır, bu həzz məstlik yaradır. Bu da o meydən məst olma kimi ifadə olunur. Bütün bunlar rəmzi ifadələrdir ki, sufilər yarananda çox təqib olunub. Hətta bəziləri asılıb, o cümlədən Mənsur Həllac. Daha sonra bəraət qazandırılıb və o əzabkeş kimi qəbul edilib.
Bir məsələ də var. Mən sufiliyi bilməsəm, klassik ədəbiyyatı başa düşmərəm, islam dinini bilməsəm həmin o klassik ədəbiyyatdakı müəyyən məqamları anlamaram. Amma bu o demək deyil ki, mən bunu bilirəmsə mütləq buna şamil olunmalıyam.
Fizuli deyir ki,
Dərdimi dəvəyə yükləsələr,
Cəhənnəm əhli keyf eləyər.


Gəlin bunu başa düşək. Bu, Quranda olan bir hədisə işarədir. Belə ki, müsəlman olan cəhənnəm əhli Allaha şikayət edir ki, bizim cəhənnəmimizi başqa dinlərdən olanlarla bir yerə salmayın. Bizim cəhənnəmimizi ayırın, bəlkə günahlardan arınıb cənnətə gedə bildik. Allah da heç nəyə yox demir, axı. Deyir ki, mən sizin cəhənnəminizi o zaman ayıracam ki, dəvə inəlib iynənin deşiyindın keçsin. Fizuli deyir ki, mənim dərdimi dəvəyə yükləsələr dəvə nazilib iynənin gözündən keçər, həmin şərt yerinə yetmiş olar, Allah da cəhənnəmi ayırar. Demək ki, bir beytin mənasını anlamaq üçün bu hədisi bilmək lazımdır. Eləcə də, sufiliyi, hürufiliyi bilməlisən.

-Bu gün niyə Fizuli, Nəsimi yetişmir?
-Şərqdə bu günə qədər haqqında danışdığımız o böyük şəxsləri götürsəz, bu şəxslərin hər birisi öz dövrlərində bütün elmləri kamil biliblər. Fizuli, Nəsimi, Seyid Əzim Şirvani, elə Hüseyn Cavid özü də. Cavid iki ali təhsil alıb, İstanbul Universiteti, bir də Almaniyada fəlsəfə üzrə universitet bitirir. Bu insanlar bütün elmlərdən yüksək biliyə malik olublar. Elə məhz ona görə də onların poeziyasında bir siqlət, bir böyüklük var. Sənət insanın özünün, öz dünyagörüşünün ifadəsidir. Onlar dövrlərinin çox böyük alimləri olublar. Bugünkü yazarlarımızın əksəriyyətində məhz bu, çatmır. Səbəb ümumi dünyagörüşünün zəif olmasıdır.

-Gözləntiləriniz nələrdir?
-Azərbaycan tarixini izləyəndə görürük ki, çox böyük şəxsiyyətlər yetişib. Məsələn, Əbül Üla Gəncəvi vaxtilə saray şairlərinin başçısı olub. Əfzələddin Xəqani onun kürəkəni olub. Xəqani Şirvani yenə çox böyük mütəfəkkir şairdir, Nizami, Füzuli, Qətran Təbrizi, Şəms Təbrizi. Bu gün bütün dünya Mövlana Cəlaləddin Rumidən danışır amma çox az adam bilir ki, onun müəllimi Şəms Təbrizi olub. Sufiliyi Cəlaləddin Rumiyə öyrədən şəxs.

-Amma çox adam Mövlana ilə Şəmsin bir-birinə sevdalı olmağından danışır...
-Sufilikdə EŞQ insanın Allaha olan sevgisidir. İki yerə bölünür, maddi varlıqlara olan sevgi, buna Məhəbbət deyilir, EŞQ deyiləndə isə ancaq Allaha olan sevgi başa düşülür. Mövlana ilə Şəms o qədər sufiliyi idrak etmişdilər ki, biri- birilərinin yanında olmaq istəyirdilər. İnsan ruhuna yaxın bir insanla həmsöhbət olmaq üçün uzaq məsafələri belə qət edir. Onların bağlılığı da belə idi. Bu ruhi yaxınlığın kökündə onların hər ikisinin idrakının yaxınlığı əsas götürülür, başqa tərəflər yox. Sufilər deyir ki, EŞQ köz özüdür, məhəbbət isə onun işığı.
Kitabdan oxuyuruq ki, od adamı yandırar. Bilirik ki, yandırar. Sonra gözünlə görürsən, ki, od kimisə yandırdı. Bir də var ki, özün yanırsan. Bax bu anda sən yanmağın əsl mahiyyətini hiss edirsən. Ona qədərkilər də idrakdır amma əsl idrak özün yanandadır. Bilməklə dərk eləmək fərqli şeylərdir. Bir şeyi dərk edib, idrak edib, özününkü eləmək çox çətin prosesdir. Təriqət bir yol deməkdir, o yolu tumuş adam müxtəlif məqamlardan keçir. Hər məqam bir mərhələdir. Mürşidinin rəhbərliyi ilə o məqamlardan keçir. Keçdikcə də müəyyən hallar yaşayır. Baxın hal əhli ifadəsi də buradan gəlir. Hal əhli olan insan mükəmməl səviyyəyə çatanda ona arif deyirlər. Yəni sufilik elmini (mərifət) öyrənmiş şəxsə arif deyilir. Halın son həddi heyranlıqdır. İnsan həqiqəti dərk edəndə elə bir heyranlıq həddinə çatır ki, heyrət həddini alır:
Heyrət ey büt, surətin gördükdə lal eylər məni,
Surəti-halım görən, surət xəyal eylər məni...

Yəni ey büt, səni tam dərk edəndə elə bir heyrətə gəlirəm, donub qalıram. Məni bu halda görən adam elə bilir ki, mən adam deyiləm, bir rəsməm, şəkiləm.
Bu artıq zövq, feyz yaşadığın hallardır. İlahi bir feyz. Eşq budur. Onun verdiyi məstlik də budur. Sufilərin bir çoxu deyib bunu, həmin bu “öylə məstəm ki” məqamı Fizulidə də var, Racidə var, Seyid Əzim Şirvanidə var. Hətta Nəbatinin bir qəzəli var, orada Allaha elə bir mərtəbədə yaxınlaşır ki, heç peyğəmbəri də tanımır.
“...dilbər nədir,
Başımda bu sevda nədir...”

Bu heyrət məqamıdır. Ona görə muğam sənəti kim nə deyir-desin kütləvi sənət deyil, seçilmişlərin, mümtazların sənətidir. Hamı qulaq asar, amma onun içərisindəki o əsl gözəlliyi dərk eləmək hər adama nəsib olmaz. Elm də bunu deyir ki, idrak prosesi ki, o beş mərtəbədən ibarətdir, sonuncu mərhələ təfəkkürdür. Hələ bu Sovet akademiki Anoxinin apardığı tədqiqatlara görə yalnız hər on min nəfərdən ikisi təfəkkür həddinə gəlib çatır. O iki nəfərin anladığı ilə yerdə qalanların anlamağı fərqlidir. Bu anlamda muğamın dinləyicisi də fərqlidir.
Ona görə də mənim bu gün üzrərində durduğum məsələlərdən birisi muğamlarımızın düzgün ifa olunmasıdır. Ümumiyyətlə ifa şeirin ifasıdır. Muğam sözü ifa eləməkçün olan musiqidir. Söz də qəzəldir. Qəzəl də əruzda yazıldığından onun öz ahəngi, öz tipi var. Ovqatı var ki, şeirin məqsədi həmin o ovqatı verməkdir. Sözlər bir vasitədir. Necə ki, rəssamlıqda rənglər, musiqidə notlar, poeziyada da sözlər bir vasitədir ki, onların müəyyən bir düzümü xüsusi bir ovqat yaradır. Sən o ovqatı nəsrlə verə bilmirsən. Şeir təhrif olunsa o ovqatı verə bilməzsən.
Məsələn:
Əyağın öpməli, xadimi meyxanələrin,
Bəlkə əksini görək camidə cananələrin
Burada əyağ ərəbcədən tərcümədə - badə,
Meyxanənin xadimi - sufiliyi öyrədən şəxs,
Badəyə toxunmaq - onun elmini öyrənmək,
Təmas eləməliyik ki, cananəmizi - Allahımızı görək.


Bir məsələ də var, mənim fikrimcə, Azərbaycanın bu gün müəyyən problemlər yaşamasının kökündə milli məsələ dayanır. Tarixi səbəblərə görə biz milli kökümüzdən çox uzaqlaşmışıq. Erməni-müsəlman müharibəsi deyilir, amma bizim adımız deyilmir. Biz müsəlman olmaqla, İslam ümmətçiliyinə giririk, din qardaşlığı var, burada milli faktor əhəmiyyətsiz sayılır. Bu, çox təhlükəli məqamdır, deməli bütün insanlar müsəlmanlığı qəbul eləməklə Quran oxumalıdır ərəbcə, ərəb adət-ənənələrinə tabe olmalıdır, və ərəb düşüncə tərzini daşımalıdır. Bu yalnız ərəb üçün gözəldir, nəticədə biz milli kimliyimizi itirib ərəbləşirik. Milli düşüncəni itiririk. Millət olmasa onun dövləti olmaz. O millət dövlət qurar, o dövlət də millətə xidmət edər. mənim düşüncəmə görə bu gün bu azərbaycanlı adı altında biz çox yayqın, qeyri-müəyyən kütlə halını almışıq. Sanki Azərbaycan türkü ifadəsindən qorxuruq. Azərbaycan türkü olmaq, Azərbaycanda yaşayan qeyri millətə qarşı deyil. Amma bu millətin qurucusu mənəm, çünki mən çoxluq təşkil edirəm, mən isə öz milli dəyərlərimin üzərində dövlətimi qurmalıyam. Dini nöqteyi-nəzərdən baxırıqsa onda dünyada bircə millət olardı. Onda bu xalqlar niyə var idi? Deməli bunun özündə də nəsə bir hikmət var. Türkə qarşı qəribə bir qısqanclıq, bir yanaşma tərzi var ki, buna bir aydınlıq gətirmək lazımdır.

-Necə düşümürsüz, nə eləmək lazımdır? Burada ziyalıların üzərinə çoxmu iş düşür?
-Bilirsiz, 20 il müstəqillik üçün elə də çox müddət deyil. Tarixi təhlil eləmək, müəyyən bir konkretləşmələrə gəlmək, müəyyən bir bazislər ortaya qoymaq zaman istəyir. Müstəqilliyi sadəcə elan eləmişik, bu prosesdir və davam edir. Biz konturları cızmalı, baş verənləri təhlil eləməliyik. Mən həqiqi mənada Azərbaycanın gələcəyinə çox inanıram, çünki, millətə çox inanıram. Bizim millətdə insanı heyrətə gətirən, qeyri-adi bir potensial var. Bu qədər basqılar var, Rusiyanın özündə azərbaycanlılara qarşı, ama azərbaycanlılar o mürəkkəb şəraitdə gedib olur Kərim Kərimov, azərbaycanlı gedib düşür Amerikaya olur, Ayzek Əzimov, olur Lütfi Zadə. O potensial açıldıqca uyğun cəmiyyət imkan verən kimi Azərbaycan elə bir intibah yaşayar ki, dünyanı heyrətə gətirər.

-Bəs gəncliyi necə görürsünüz?
-Mən gənclik haqqında başqalarından fərqli olaraq çox yüksək fikirdəyəm. Gənclərlə ünsiyyətdə oluram, söhbətlər aparıram bədbinliyə qapılacaq heç bir səbəb görmürəm. Bizim çox gözəl, müasir dünyagörünüşünə malik olan, dünyəvi dəyərləri, milli dəyərləri anlayan sağlam bir gəncliyimiz yetişir. O azdır demək pedaqoqikanı bilməyən adamların düşüncəsidir.
SSRİ dağıldıqdan sonra KQB arxivləri açılanda bəzi materiallar ortaya çıxdı: müəyyən millətlərin üzərində natamamlıq kompleksini təlqin eləmək. Həmin siyasətin nəticəsidir ki, biz həmişə düşünmüşük ki, biz özümüzü idarə edə bilmərik. Amma belə deyil. Biz sübut etdik ki, biz dövlət də qurmağa qadirik, onu idarə etməyə də!

Söhbətləşdi: Nigar İsfəndiyarqızı

Geri dön