Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Mədəniyyət > “Sona bülbüllər” yetim qaldı...
“Sona bülbüllər” yetim qaldı... |
“Qarabağ xanəndəlik məktəbinin tanınmış nümayəndələrindən biri olan Rüstəmov Qədir Çərkəz oğlu 1935-ci ildə Ağdam rayonunda anadan olmuşdur.
Əvvəlcə Azərbaycan Dövlət Musiqi Məktəbində ustad-xanəndə Hacıbaba-Hüseynovdan muğam dərsləri almış, sonradan Ağdamda təhsilini davam etdirmişdir. Özünəməxsus ifa tərzi ilə xalqın rəğbətini qazanan Qədir Rüstəmov xanəndə kimi çox məhşurlaşmışdır. Qarabağın toy məclislərində , el şənliklərində Qədir Rüstəmov muğam dəstgahları böyük məharətlə ifa etmişdir. Qədir Rüstəmovun ifasında bir sıra muğam dəstgahlar - “Rast”, “Çahargah” lentə alınaraq radionun fondunda saxlanılır. Yüksək tessituralı səsə malik Qədir Rüstəmov bütün registrlərdə səs keyfiyyətini nümayiş etdirməyi bacarır. O, oxuduğu muğamlarda uzun və coşğun zəngulələr vurması ilə də fərqlənir. Onun “Sona bülbüllər” mahnısı xüsusilə çox sevilir”. Uzun internet axtarışlarından sonra tapdığım material ancaq bu qədər oldu. Bir də ölum xəbərləri. Nə deyim, nə yazım ki, hiss elədiklərimin haqqını versin. Bilmirəm. eləcə düşündüklərimi aşağıdakı kəlmələrlə sizinlə paylaşıram. Qədir Ağdama, Ağdam Qədirə həsrət… Ya da atəşkəs daha neçə adamın bu dünyadan əli uzalı getməsinə səbəb olacaq?! Qədir Rüstəmov “Sona bülbüllər” oxuyur... İçim sızıldayır bu ifanı eşidəndə. Gözlərimdən yaşlar süzülür. Elə bilirəm, əsirlikdə qalanlarımız bir tikanlı hasarın arxasından əllərini uzadır mənə sarı və mən heç nə edəmmirəm. Bir quzu mələrtisi gəlir qulaqlarıma, kimsə əzizini haylayır, içimin göynərtisi üzümə vurur. Qədir “Sona bülbüllər” oxuyur... Kəlağayısını başına atıb, suya gedən gəlinin kəlağayısını külək alıb aparır, gəlinin əli uzalı qalır arxasınca. Səhəng düşür, su dağılır, Qədir “Sona bülbüllər” oxuyur... Kol dibində bənövşə boy qaldırır, bir sevgili, dildarına yalvarır, Elə yar-yar deyirlər, Heç məni də dindirməz, Ay Sona bülbüllər… Qədir “Sona bülbüllər” oxuyur... Evin tikilsin, səs yiyəsi, belə də yanğımı olar? Ürəyimin başı sızıldadı axı, içimdə basdırdığım dərdlərin sızıltısı beynimə işlədi. Bir anlıq yumun gözlərinizi, unutduğunuz, içinizdə gizlədiyiniz nə varsa axıdın bu musiqiyə. İmkan verin, yaşlar sel olsun, sizi siz olmaqdan çıxaran hər şeyi atın bir kənara. Qədir oxuyur axı. Ağdamda bir Qədir vardı. Bizim Qədir, hər kəsin səsini duyduğu anda ayağını saxladığı, Azərbaycanın “Sona bülbüllər”ini ötdürən Qədir.”Qaragilə”nin dərdinə yalvaran Qədir. “…bizim muğamat mükəmməldi. Si kökündə tarda, kamançada çalan, oxuyanın böyrüncə getməlidir. Mən bunu özümdən demirəm ha. Sözlər belədi ey, muğamatda əslində bir dəstgahı bir qəzəllə oxumalısan. Elə bil su axır, ordan nə qədir istəsən götür. Amma bir qabdan artıq götürəmməzsən ha. Oturub düzgün səslə axıracan bir dəsgahı oxumasan sən oxuyan döyülsən. Qaragiləni götürək, Habil kamançada elə çalır ki, elə bil sözün böyrüncə gedir“. Mən birdəfəyə oxuyuram, birbaşa. Axı nəfəsdir, sözdür, bu zəncirdir. Birdən arada bir cümləni unutdum? Hazır, canlı, elə-belə oxuyuram da. Özüm-özümə, pis-yaxşı ta nə bilim nətəri. Oxumağınkı odur ki, danışmaq lazım döyül, oxu. Nətəri gəldi, oxu… …hə, mənim də havam varıydı e Ağdamda səhərəcən oxuyurdum. Dədəm deyirdi, ə, nə bağırırsan? Niyə qoymursan camaat yata? Çəkiləsən o yana, başını təmizləyəsən, sakitlikdə, oxuyasan dayanmadan, dəli olasan, elə oxuyanda da kilometri keçir səsin. Bu mikrafon-zad çıxandan sonra elə zadmı olar? Bunlar adamı yatırır, kilometr nədir, heç yana getməz. Oxumaq heç zada baxmır ha, oxuyursan da”. İlham Rəhimli: - Ay Qədir, elə bir mahnı varmı ki, ürəyindən tikan çıxara? - Mənim ürəyimə havax tikan batıf ki, indi də çıxa? İlham Rəhimli: - Ay Qədir, bu qədər ki, şövqlə oxuyursan, adamı belə oxudan bir sevgili, bir yar olmalıdır. Sənin heç belə işlərin olubmu? - Vallah, mən helə şeyi bilmirəm, heş bilmirəm o söhbət nədir. Sağ ol, ayrı sual ver. Belə də ki, mənim sualdan-zaddan zəhləm gedir ey, bəsdi bu qədər danışdıq. Hə, sənə bir söz də deyim, ən çox söz qoşulan mənəm, axı. Söhbət eləyirəm, eləmi, danışıram, qarşımdakı deyir ki, niyə əsəbiləşirsən? mənim də evə gedəndən sonra yadıma düşür ki, bə mən ona niyə demədim, mən əsəbiyəm, bə saa noluf?...” “…toyuymuş, Mirzə Şəfi Vazeh də gedib qapının arxasından baxırmış. Bir nəfər də sinnidə çay aparırmış. Mirzə Şəfi Vazeh bu çay aparana deyir ki, apar bu sinnini ver müğənniyə, tutsun üzünə. Deyir, niyə? Deyir, oxuyanda içi yanır, sifəti pis hala düşür. Mənə də deyirlər, muğam oxuyanda gül. A kişi, mən necə gülüm? Bir gün güzgünün qabağında oturdum, görüm oxuyanda gülə bilirəmmi? Gördüm, yox. Mən elə beləyəm ey. Xan rəhmətlik, bir damcı açırdı ağzını…” Mədəniyyət kanalına baxıram. 2008-ci ildə, İlham Rəhimlinin hazırladığı “Qədir Rüstəmovla sərbəst söhbət” verilişinin təkrarı yayımlanır. Qaval əvəzinə bir kitabı tutub qulağına, Qaragilə oxuyur: …qızılgül əsdi, səbrimi kəsdi, sil gözün yaşın, Qaragilə, ağlama, bəsdi… Ay Allay, ay Tanrı, yaratdığına, xəlq elədiyinə şükür. Sanki kimsə dizini yerə qoyub Qaragilənin dərdinə yalvarır. Qədir əridi, Qədir axdı, yox oldu Qədir. Özüylə bizi də apardı. Daha Qədir yoxdu. Olmayan bir çox dəyər kimi Qədir də getdi. “Sona bülbüllər”i yetim qaldı. Sanki zaman bircə-bircə çərçivəyə sığmayanları aramızdan almaqla başımıza taleyin ağlarını hörür. Biz bizə uymaq əvəzinə, çərçivəyə uyuruq. Daha kimsə Qədir kimi efir xatirinə yerini, danışığını bilməyən aparıcıların dərsini verməyəcək. Kimsə “bax məni çəksəniz, çıxıb gedəcəm, haa” deyə ondan bir anı belə yaxalayıb xatirə saxlamaq istəyənlərdən öz təbirincə inciyib-küsməyəcək. Amma ən ağrılısı azad olunmuş Ağdamı daha heç vaxt görməyəcək. Ağdam da onun səsinə ömürlük həsrət qalacaq. Qədir Ağdama qovuşammadı, Ağdam Qədirdən nəyisə qoruyub-saxlayacaqmı? Sənə rəhmət deməyə dilimiz gəlməz, ustad. Neçə ki, “Sona bülbüllər”in var, sən də var olacaqsan. Neçə ki, o sızı, o yanğı, bir də bu bəşəriyyətdə Azərbaycan adında məmləkət var, sən həmişə qulaqlarda çınlayacaqsan. Çox yanıxan var, səndən geriyə az səsin, mahnıların qaldı deyə. Amma unudurlar ki, bizim millət bir xatirəni belə yaddaşına həkk edib qoruyandısa “Sona bülbüllər”i unudarmı?.. Yenə dinləyirəm. Amma bu dəfə gözlərimdən süzülən həsrətim deyil, Qədirin özüdür. Azərbaycan bülbül səsli ustadına yas tutur. Hərənin içində qərib bir yer sızıldayır indi. Hamı yas tutur, hamı Qədirə ağlayır. Əslində ağladıqlarının yetim qalmış bir dəstə sona bülbül olduqlarından xəbərləri yoxdur… Yerin behişt, ruhun şad olsun, ustad. Nigar İsfəndiyarqızı Geri dön |