Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sosial, Hüquq > Haqqımızı necə qoruyaq?
Haqqımızı necə qoruyaq? |
Hüquq məsləhətxanası: Haqsız müqavilə şərtlərindən qorunmağın yolları
Gündəlik həyatımızda bir çox məsələlərlə bağlı müqavilələr bağlayırıq. Bu müqavilələr bəzən bizə müxtəlif problemlər yarada bilir. Bakı Hüquq Mərkəzinin (BHM) hüquq məsləhətçisi vəkil Dünyamin Novruzov ANS PRESS-ə müsahibəsində, belə hallardan qorunmaq üçün bir sıra dəyərli məsləhətlər verib. Hüquqşünas bildirir ki, müqavilə azadlığı prinsipi müqavilə bağlamaq və ya bağlamamaq azadlığı ilə yanaşı şəxslərin müqavilənin şərtlərini müstəqil şəkildə müəyyənləşdirməkdəki sərbəstliyini də ehtiva edir. Müqavilə azadlığı mütləq azadlıq deyil və qanunla müəyyənləşdirilmiş qaydada məhdudlaşdırılması mümkündür. Ümumi sözlərlə desək, belə məhdudiyyətlər tərəflərin kifayət qədər məlumatlı olmamaları və ya tərəfin öz maraqlarının təmini üçün yetərli müzakirə gücünün olmaması ilə bağlı olur. Vəkil vurğulayıb ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyi müəyyən hallarda məhkəmənin haqsız müqavilə şərtlərinə müdaxilə etməyə imkan verir. İstehlakçılarla bağlanan müqavilələrdə onların haqsız müqavilə şərtlərinə qarşı qorunması mühüm əhəmiyyət kəsb edir. Çünki istehlakçının yalnız satılan malın, təqdim edilən xidmətin (işlərin) xüsusiyyətləri baxımından (məsəslən, malın lazımı keyfiyyətdə olması, təhlükəsiz olması və s.) müdafiəsi kifayət deyil. İstehlakçı həm də mal və xidmətləri (işləri) əldə etmə şərtlərini müəyyənləşdirən, tərəflərin hüquq və öhdəliklərini nizama salan müqavilə mətnlərinə qarşı da qorunmalıdır. Təklif etdiyi müqaviləni əvvəlcədən hazırlayan və istehlakçıya müzakirə şansı və imkanı vermədən imzalatdıran satıcı (icraçı) bununla da həmin müqaviləyə tamamilə özünü xeyrinə olan şərtləri daxil edəcəkdir. Nəticədə istehlakçılar qanunla onlara verilmiş hüquqlardan müqavilə bağlamaqla könüllü şəkildə imtina etmiş kimi qəbul olunacaq və öz hüquqlarını həyata keçirə bilməyəcəklər. “Digər tərəfdən, istehlakçıların təşkilatlanmış istehsalçıların, satıcların və ya kredit təşkilatlarının qarşısında istər iqtisadi, istər savad, istərsə də, müzakirə gücü baxımından zəif olması faktı da nəzərdən qaçırılmamlıdır. Başqa sözlə, əksər hallarda istehlakçının təklif edilmiş müqaviləni oxumağa vaxtı belə olmur; hətta vaxtı olsa və oxusa belə, istehlakçı böyük ehtimalla həmin müqavilə şərtlərini başa düşməyəcəkdir. İstehlakçı müqavilənin şərtlərini başa düşsə belə, həmin şərtlərə qarşı etirazını ifadə edə bilmir, çünki əks halda, təklif edilən maldan (xidmətdən, işdən) faydalana bilmir. İstehlakçının başqa satıcının yanına getsə də, eynilə belə şəraitlə qarşılaşacağı aydındır.”- deyə D.Novruzov bildirib. Hüquqşünas bildirir ki, AR Mülki Məcəlləsində haqsız müqavilə şərtinin anlayışı verilməmişdir. AR MM-in 417-420-ci maddələri haqsız şərti təklif etmiş tərəfin dəfələrlə istifadə üçün əvvəlcədən birtərəfli qaydada müəyyənləşdirdiyi və müqaviləyə daxil etdiyi, lakin etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi – istehlakçı üçün zərərli olan şərt kimi xarakterizə edir. AR MM-də haqsız müqavilə şərtlərinin qəti olmayan siyahısı verilib ki, bu da, haqsız müqavilə şərtləri ilə bağlı hər hansı mübahisəyə baxan məhkəməyə müəyyən qədər kömək edəcək. Vəkil D.Novruzovun sözlərinə AR MM istehlakçıların haqsız müqavilə şərtlərinə qarşı qorunmasında mərhələli yoxlama (nəzarət) mexanizmi müəyyənləşdirmişdir. Belə ki, ilkin olaraq müqavilə tərəflərinin haqsız olması iddia edilən şərti bilavasitə müzakirə edib-etməməsi, sonra həmin şərtin müqavilənin tərkib hissəsinə çevrilib-çevrilməməsi, daha sonra sözügedən şərtin etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərli olub-olmaması araşdırılmalıdır. Aparılmış araşdırmanın nəticəsində müqavilə şərtinin haqsız şərt olmasına qərar verildikdə, AR MM-in etibarsız əqdlərin nəticələri ilə bağlı müvafiq müddəaları tətbiq edilir. “Sonda təəssüf hissi ilə qeyd emək lazımdır ki, ölkəmizdə istehlakçı hüquqlarının müdafiəsi lazımı səviyyədə deyil. Bu sferada məhkəmə təcrübəsinə demək olar ki, rast gəlinməməkdədir. Bunun iki əsas səbəbi vardır. Birincisi, istehlakçıların bilik səviyyəsi müqavilədəki şərtin haqsız şərt olmasını əsaslandırmaq üçün yetərli deyil. İkincisi, məhkəmələrimizin müqavilədən (məsələn, bank və istehlakçı arasındakı kredit müqaviləsi və s.) irəli gələn mübahisələrdəki mövqeyi əksər hallarda “müqavilə müqavilədir, şərtlərinə əməl edilməlidir” kimi olur. Başqa sözlə, bu növ mübahisələrin özü belə məhkəmələrimiz üçün kifayət qədər yenidir” –deyə vəkil bildirib. Geri dön |