Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Nizami Cəfərov: “Azərbaycanda adlar və soyadlarla bağlı xüsusi qanun qəbul edilə bilər”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər > Nizami Cəfərov: “Azərbaycanda adlar və soyadlarla bağlı xüsusi qanun qəbul edilə bilər”

Nizami Cəfərov: “Azərbaycanda adlar və soyadlarla bağlı xüsusi qanun qəbul edilə bilər”


“Hazırda Nazirlər Kabinetində ad və soyadlarla bağlı geniş təhlillər aparılır”

“Adlar və soyadlarla bağlı məsələ artıq akademik təhlildən keçib. Müəyyən ilkin təhlillər var. Tezliklə soyad sonluqları ilə bağlı məsələ tam şəkildə öz qanuni həllini tapacaq”. Bu barədə Milli Məclisin mədəniyyət komitəsinin sədri Nizami Cəfərov bildirib. Onun sözlərinə görə, hazırda bununla bağlı Azərbaycan Nazirlər Kabinetində iş gedir: “Adlar və soyadlarla bağlı geniş təhlillər aparılır. Hər bir münasibəti, tendensiyaları, maraqları nəzərə alaraq yaxın zamanlarda normal bir sənəd ortaya çıxacaq”.

N. Cəfərov deyib ki, soyadlarla bağlı müəyyən problemlər də var: “Bəzən bizim cəmiyyətimizdə də deyirlər ki, bu məsələni tez bitirmək lazımdır. Amma bu, kifayət qədər mürəkkəb prosesdir. Cəmiyyətin hətta kiçik bir hissəsi bununla razılaşmırsa, bu barədə düşünmək lazımdır. Sabah kimsə desə ki, mən “ov”, “yev” soyad sonluğunu saxlayıram, ona deyə bilmərik ki, saxlama. Çünki bu, şəxsiyyətlə bağlı məsələdir. Elə olmalıdır ki, bu təkcə qanun kimi yox, yaşam üsulu kimi hər bir azərbaycanlıya aid olsun. Qanun olarsa, bu, ancaq Azərbaycan Respublikasına aid olacaq. Amma dünyada nə qədər azərbaycanlı var. Elə metodlar tapmalıyıq ki, bu, bütünlükdə azərbaycanlı şüuru üçün qəbul olunsun. Bu məsələ ilə bağlı Nazirlər Kabinetinin xüsusi qərarı olduqdan sonra “Adlar və soyadlarla bağlı qanun” da qəbul edə bilərik. Çünki ad, soyad, ata adı məsələləri yalnız sərəncamla həll oluna bilən məsələ deyil”.

Komitə sədrinin sözlərinə görə, soyadlarla bağlı icbari metodlar tətbiq etməkdən daha çox soyad sonluqlarının götürülməsinin sərbəstliyinin genişləndirilməsi lazımdır: “Qoy 5-10 faiz “ov”, “yev” sonluğu qalsın. Amma qəti şəkildə əminəm ki, heç də Azərbaycan əhalisinin 80 faizi bu soyadları istədiyinə görə saxlamır. Bu ancaq texniki məsələdir, insanların bu soyad sonluqlarına xüsusi məhəbbətinin nəticəsi deyil. Sadəcə burada hüquqi baxımdan çoxlu sənədlər tələb olunur. Bizə də bəzən soyad sonluqlarının dəyişdirilməsi ilə bağlı müraciət edirlər. 30-40 yaşlı adam soyad sonluğunu dəyişirsə, onunla bağlı bütün sənədlər dəyişməlidir”.

Geri dön