Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Hacı Zeynalabdin Tağıyevin Bakıdakı kənd məktəbinin 110 illik yubileyini nə vaxt keşirəcəyik?
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət, DAVAMın yazıları > Hacı Zeynalabdin Tağıyevin Bakıdakı kənd məktəbinin 110 illik yubileyini nə vaxt keşirəcəyik?

Hacı Zeynalabdin Tağıyevin Bakıdakı kənd məktəbinin 110 illik yubileyini nə vaxt keşirəcəyik?


Diqqət! Diqqət! Məktəb tariximizin qaranlıq səhifələrini işıqlandırırıq! Sözünüz varsa,buyurun!



Hacı Zeynalabdin Tağıyevin Bakıdakı kənd məktəbinin
110 illik yubileyinə az qalır


Hacı Zeynalabdin Tağıyev haqqında yazdığım məqalələrin hamısında onun elm və maarif sahəsində gördüyü əzəmətli işləri dünyanın ən böyük xeyriyyəçilərinin fəaliyyəti ilə müqayisə edirəm.Özümdən asılı olmayaraq, birinci yerdə həmişə H.Z.Tağıyev olur.
Hər dəfə arxiv materialları əsasında məqalə yazarkən, əlləri çox da uzaqlara gedib çatmayan babalarımızın elm və təhsil yolunda özlərinə məxsus fədakarlığı qarşısında baş əyirəm.
Müxtəlif illərdə H.Z.Tağıyev haqqında Azərbaycan və rus dillərində yazdığım "Плохих педагогов Г.З.Тагиев не держал" ( "Баку "-04.02 1993), "Носил ли Г.З.Тагиев белые перчатки?" ("Баку ", 06.02.1993), "Onların arzuları" ("Azərbaycan məktəbi" jurnalı,2008, №8, səh.100-104), "İşıq" qəzeti H.Z.Tağıyevin bir portreti haqqında"( Milli Azərbaycan Tarixi Muzeyi" məcmuəsi -2011, səh. 195-200) adlı məqalələr oxucular və elmi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır.
Sonralar H.Z.Tağıyev mövzusuna dəfələrlə qayıtmışam.
H.Z.Tağıyevin Əhmədli kəndində öz fabrikində işləyən fəhlələrinin-Əhmədli və Zığ kəndlərində yaşayan fəhlə uşaqları üçün açdığı ibtidai məktəbə aid yazım dabu mövzudadır.
XX əsrin əvvəllərində - 7 oktyabr 1901-ci ildə Bakıda fəaliyyətə başlayan qızlarməktəbi hələ açılmamışdan məşhurlaşmışdı. Məktəbinaçılışıgünü BakıyaRusiyamüsəlmanlarından, dini idarə rəhbərlərindənonlarla təbrik teleqramı gəlmişdi. Qonşu ölkələrin dövlət başçılarıvəömrünü məktəbvə maarif işinə həsr edən ziyalılar bu məktəbin uğurları ilə tanış olmaq istəyirdilər.
1902-ci ilın sentyabrındaİranşahı Müzəffərəddin şah (1853-1907)Avropa səfərindən öz ölkəsinə qayıdarkənzövcəsi ilə bərabəryolüstü Hacı Zeynalabdin Tağıyevin və Bakının mötəbər din xadimlərinin müşayiəti ilə qızlar məktəbinə gəlir. Məktəbşahın çox xoşuna gəlir, burada oxuyan qızların hərəsinəhədiyyə olaraqmedalyonluqızıl zəncir bağışlayır. Heçkəsə borclu olmaq istəməyən H.Z.Tağıyev şahaöz ləyaqətini göstərmək istəyir. H.Z.Tağıyev 1902-ci il noyabrın13-də Bakı Quberniyası və Dağıstan Vilayəti Xalq Məktəbləri İdarəsinin direktoruna rəsmi şəkildə müraciət edərək, ona məxsus olan Əhmədli Lifli Materiallar Zavodunun fəhlələrinin uşaqlarının yaxşı təhsil almaları, cəmiyyət üçun faydalı vətəndaş olmaları üçün Əhmədli kəndində özünün Lifli Materiallar və Pambıq Məhsulları Cəmiyyətinin fabrikində işləyən fəhlələrin uşaqları üçün ibtidai məktəb açmasına icazə istəyirvə bu məktubunda məktəbə İran şahı Müzəffərəddinin adının verilməsini xahiş edir (F.309,siyahı 1,saxlama vahidi 814, vərəq 1).Bakı Quberniyası və Dağıstan Vilayəti Xalq Məktəbləri İdarəsidən Qafqaz Təhsil Dairəsinin popeçitelinə(himayədarına-N.N.) göndərilən 4 mart1904-cü il tarixli məktubda da bu xahişlər təkrar olunur(1,v.4).
Tədqiqatçı Marat Cəfər oğlu İbrahimov yazır ki, H.Z.Tağıyev Lifli Materiallar və Pambıq Məhsulları Auksioner Cəmiyyəti yaratmaq üçün çar hökumətinə 1897-ci ilin əvvəllərində müraciət etmiş, həmin ilin iyun ayının 27-də onun xahişinə əməl olunmuşdur (8,səh.76-77).Çox güman ki, H.Z.Tağıyev bu addımı Auksioner Cəmiyyətin fabrikinin gələcəyini daha etibarlı,savadlı insanlara etibar etmək məqsədilə atmışdır.
Xalq Məktəbləri İdarəsinindirektoru H.Z.Tağıyevinxahişməktubunun məzmununuQafqaz Təhsil Dairəsinə xüsusi məktublaxəbər verir.Qafqaz Təhsil Dairəsinin hamisi 1903-cü ilin martında 381 nömrəli məktubu ilə məktəbin açılışınaöz razılığını bildir(1,v.3,4), lakin nədənsə məktəbə İran şahının adının verilməsi xahişinə məktəbin açılış məqamında məhəl qoyulmur . Çox güman ki,bu, ölkədəgündən-günə qüvvətlənən qarışıqlıq və hərc-mərcliklə əlaqədar idi.
İran şahı Müzəffərəddin şah (1853-1907) bəzimənbəələrdə yazıldığına görə, 1900-cu ildə Osmaniyyədə rəsmisəfərdə olarkən Əbdülhəmid şahdan Azərbaycan(Cənubi Azərbaycan- N.N.) məktəblərində türk dili tədrisinin bərpa olunmasını xahiş etmişdi. Gürünür , İran şahının Bakıdakı Qızlar Məktəbinə səfəridə məktəb və maarif məsələlərinin tərəqqisi yolunda görmək istədiyi yeni layihələrlə bağlı olmuşdur.
H.Z.Tağıyevin Əhmədli kəndindəki ibtidai məktəbinin rəsmi açılışını Müzəffərəddin şahın Bakı səfərindən iki il sonra- 1904- cü il oktyabrın 1-də keçirmək qərara alınsa da, bu iş bir az ləngiyir (1,v.8).
17.12.1904-cü ildə H.Z.Tağıyevin adından Bakı Quberniyası və Dağıstan Vilayəti Xalq Məktəbləri İdarəsinə göndərilən bir məktubdan məlum olur ki, məktəbin 46 şagirdi var; onlardan 10-u rus,2-si alman , qalanları müsəlmandır.O vaxtlarda Bakıda rusvə başqa əcnəbi dillərdə çıxan qəzetlərdən məktəbin açılışı haqqında ətraflı məlumat toplamaq mümkündür. (1,v.11) Rəsmi sənədlərdə bu məktəbin H.Z.Tağıyevin Əhmədlidəki Kağız-İplikvə Toxuculuq Fabriki işçilərinin uşaqları üçün açıldığı xüsusi qeyd edilir. Lakin burada yaxın kəndlərdə yaşayan yoxsul balaları da təhsil alırdılar.
Məktəbin Nizamnaməsində burada üç müəllimin işləməsi nəzərdə tutulurdu. Müəllim əməyinin qiymətləndirilməsində nədənsə çox böyük fərqlər var idi: elmi fənlər müəlliminin əmək haqqıildə 600 rubl,Azərbaycan dili və şəriət müəllimininmaaşı isə ildə300 rubl müəyyənləşdirilmişdi(1,v.2).
Məktəbin kadr siyasəti ilə təsisçi şəxsən özü məşğul olurdu. O, tanıdığı, bilik və bacarığına inandığı müəllimlərin işə qəbul olunmasına üstünlük verirdi. 1904-cü il oktyabrın 27-də Yelizavetpol quberniyasının Gülablı kənd məktəbinin direktoru Əbdülkərim bəyVəlibəyov H.Z.Tağıyevin ibtidai məktəbinə direktor vəzifəsinə dəvət olunur.
Əbdülkərim bəy Vəlibəyovun kənddən paytaxtın kənd məktəbinə rəhbər vəzifəyə dəvət edilməsiheç də təsadüfi deyildi. Əbdülkərim müəllimin qardaşı Əbdüləli bəy Bakıdakı 8 nömrəli rus-tatarməktəbində direktor vəzifəsində işləyirdi, o, paytaxt ictimaiyyətinin tanıdığı, pedaqoji fəaliyyətinə və savadına güvəndiyi ziyalılardan idi.
Görkəmli maarif xadimi Əlməmməd Əbdüləli oğlu Mustafayev (1883-1976) xatirələrində Əbdüləli bəy Vəlibəyovun maarifçilik fəaliyyətini çox yüksək qiymətləndirmişdir: "Səkkizinci rus-tatar məktəbinin müdiri Əbdüləli bəy Vəlibəyovdur. Qori seminariyasının (Zaqafqaziya Müəllimlər Seminariyasının-N.N.) məzunlarındandır. Özü də bir qədər lovğadır.Buna görə də onu "qraf Vəlibəyov" çağırırlar. Bu adam seminariyanı bitirdikdən sonra xeyli müddət Stavropol şəhərində rus dili müəllimi işləmişdir. Bakıda onun məktəbi nümunəvi hesab olunur. Çünki Vəlibəyov qaydaları gözəlcəsinə bilir. Baxmayaraq ki,onun məktəbi "Güllü dərə" rayonundadır( müəllif etik qaydalara görə söz birləşməsinin birinci tərəfini dəyişmişdir-N.N.), şəhərin geridə qalmış yerindədir, ancaq məktəbdə səliqə-sahman, təmizlik, təzəlik yarada bilmişdir.İctimai işlərdə iştirak etmir.Sənəti məktəbdarlıqdır (10,səh.90-91).
"Qraf Vəlibəyov"- Əbdüləli bəy Vəlibəyov 1904- cü il oktyabrın 27-də H.Z.Tağıyevin xahişiniteleqramlaGülablıda yaşayanqardaşına xəbər vermiş, onun Bakıya gəlişinitezləşdirmişdi. Bakıya dəvət olunan qardaş - Əbdülkərim bəy Vəlibəyov ölkə təhsilinin tanınmış nümayəndələrindən biri idi. O, 1896-cı ildə Qoridəki Zaqafqaziya Müəllimlər Seminariyasını bitirmiş,təyinatla Yelizavetpol quberniyasının Gülablı kənd məktəbinə direktor (smotritel) vəzifəsinə göndərilmişdi. Əbdülkərim bəy Vəlibəyov burada səkkiz il kənd məktəbinə başçılıq etmişdir.
Əbdülkərim bəy Vəlibəyov Əlahəzrət Cənab Hacı Zeynalabdin Tağıyevə (Его Высокородию Господину Гаджи Зейнал Абдину Тагиеву-.N.N.) 20 noyabr 1903-cü ildə yazdığı məktubunda şəhərin yeni kənd məktəbində işləmək təklifini məmnuniyyətlə qəbul edir, məktubunun sonunda tapşırılan işin məsuliyyətini dərk etdiyinə görə ailəli olduğunu xüsusilə vurğulayır(1,v.9).
8 il Xalq Maarif Nazirliyisistemində səmərəli fəaliyyət göstərənən kənd məktəbi müdiri Əbdülkərim bəy Vəlibəyovun Bakıya məktəb rəhbəri vəzifəsinə dəvətedilməsi H.Z.Tağıyevin yaxınlarından biri olan, Vəlibəyovları həmyerli kimi yaxşı tanıyan, mühəndis Fərrux bəy Vəzirovun təklifi də ola bilərdi.
Məktəbə Azərbaycan dili və şəriət müəllimi vəzifəsinə o vaxtlar Bakıdakı şəhər məktəblərində ehtiyat şəriət müəllim və ana dili müəllimi kimi fəaliyyət göstərən Mirzə Abdulla Talıbzadə(AbdullaŞaiq- N.N.) dəvət olunmuşdu(1,v.8). Hacı Zeynalabdın Tağıyev Talıbzadələri yaxşı tanıyırdı.Axund Molla Mustafa Talıbzadə uzun illər Zaqafqaziya Şiə Ruhani İdarəsində işləmiş, anadilli dərsliklərin hazırlanmasında,onların metodiki hazırlığında fəal iştirak etmişdir. Ailənin böyük oğlu - Mirzə Yusif Talıbzadə
( 1877-1922) H.Z.Tağıyevin dini maarifçilik və mədəni siyasət ideyalarının həyata keçirilməsində fərqlənən ziyalılardan idi. Yusif və onun kiçik qardaşı Xorasanda təhsilini başa vurandan sonra ailəyə maddi kömək göstərmək məqsədilə Bakıya gəlmiş, burada pedaqoji işlə məşğul olmuşlar.

Mirzə Abdulla Talıbzadə 20 noyabr 1903-cü il tarixli ərizəsində sənədlərinin yeni məktəb rəhbərliyinə təqdim etdiyini göstərir. lakin o, məktəb açılanacan Sabunçudakı üçsinifli kəndməktəbində işə düzəldiyinə görə H.Z.Tağıyevin Əhmədli kənd məktəbində işləməmişdir(1,v.13).İkinci təklif ƏlauddinƏfəndiyə olmuş və o, 1906-cı il sentyabrın 17-dək - Bakı Kommersiya Məktəbinə keçənədək burada Azərbaycan dili və şəriət dərslərini keçmişdir(1,v.15).

Məktəbdə bir müddət Azərbaycan dili və şəriət dərsləriboş keçmiş, sonralar bu iş Rza bəy Lətifbəyovahəvalə olunmuşdur(1,v.15,21).Bakı Quberniyası və Dağıstan Vilayəti Xalq Məktəbləri İdarəsinin müfəttişi S.M.Qəniyevin H.Z.Tağıyevə ünvanladığı 5 sentyabr 1915-ci il tarixli 1887 nömrəli məktubundan məlum olur ki, Rza bəy Lətifbəyovdan sonra Əhmədli kənd məktəbində Azərbaycan dili dərslərinin tədrisi 1 sentyabr 1915-ci ildən əmrlə Aleksandr Məktəbi kurslarının məzunu Törə xanım Zamanovaya tapşırılmışdır(1,v.28).

Məktəbin ilk direktoru Əbdülkərim bəy Vəlibəyov olmuşdur. Sənədlərdən məlum olur ki, o, Əhmədli kənd məktəbində 4 il işləmişdir. Əbdülkərim bəy Vəlibəyovdan sonra - 1908 -ci ilin sonunda R.Cəfərov soyadlı müəllim məktəbə direktor təyin olunmuşdur. R.Səfərov Əhmədli kənd məktəbinə Şuşadan gəlmişdi.Görünür, onun namizədliyi şuşalı Əvdülkərim müəllim vermişdir. (1,v.16). R.Səfərov Əhmədli kənd məktəbində bir neçə ay işləyir. R.Cəfərovdan sonra direktorluq vəzifəsi Vera Stefanovskayaadlıbir müəlliməyə tapşırılır (1,v.19). Cəmibir neçə aydan sonra o da rəhbərlikdən uzaqlaşdırılır.Vera Stefanovskayanın yerini M.Reyn tutur (1,v.23).M.Reyn hər il yay tətilini Kiyevdə keçirirdi. Onun valideynləri Kiyevin 8-ci Jitomir küçəsindəki 15 nömrəli evin 4-cü mənzilində yaşayırdı. Fonddakı sənədlərin tarixinə görə M.Reyn H.Z.Tağıyevin Əhmədli kənd məktəbinin orijinal təklifləri ilə yadda qalan direktoru olmuşdur.
M.Reyn Bakı Quberniyası və Dağıstan vilayəti Xalq Məktəblər İdarəsinin müfəttişi sS.M.Qəniyevə ünvanladığı 24 oktyabr 1914-cü il tarixli məktubunda Əhmədli kəmd məktəbində ondan qabaq işləyənlərin fəaliyyətini pisləyir.Yaranmıç vəziyyətdən çıxış yolunu ikinci qrupla üçüncü qrupu birləşdirməkdə görür. (1,v.23).
M.Reynin Kiyevdən Bakı Quberniyası II Rayon Şöbəsinin müfəttişi S.M.Qəniyevə göndərilən son məktubu 27 iyul 1917-ci ildə imzalanmışdır. M.Reynin budəfəki məktubunda Kiyevdəki ünvanı əvvəlkindən fərqlidir: Kiyev,Teatr küçəsi, №3, mənzil 11(1,48).
S.M.Qəniyevə 10 oktyabr 1917 ci il tarixli məktubların birində rus dili müəlliminin Yekatirina Semyonova Muravyova olduğu göstərilir(1,v-46).

Əhmədli kənd məktəbi ilə ilgili maraqlı faktlardan biri də burada M.Reynin direktor olduğu vaxtlarda yaşlılar üçün axşam kurslarının açmasıdır. Məktəbin direktoru M.Reyn 18 yanvar 1916-cı ildə H.Z.Tağıyevə yazdığı məktubda Təhsil Nazirliyinin axşam məktəblərinə aid 20 mart 1907-ci il qərarına əsasən ona Əhmədli kənd məktəbində yaşlılar üçün axşam kurslarının açılmasına icazə verilməsini xahiş edir(1,v.33). Bakı Quberniyası və Dağıstan Vilayəti Xalq Məktəbləri İdarəsinin 25 fevral 1916-cı il tarixli 2093 nömrəli məktubunda kurslarda müəllimlik vəzifəsi müvəqqəti olaraqəmrlə Bakı Şəhər Məktəbinin məzunu Abdullayev Mir Məcidə tapşırılır(1,34). Məktubda yeni dərs ili üçün (1916/1917 si dərs ili üçün -N.N.) yaşlıların axşam qrupuna daha münasib müəllim tapılacağına ümid bəslənilir.


1909-cu ilyanvarın 1-nə aid siyahıdan öyrənirik ki, məktəbin 4 şöbəsində (qarma siniflərdə ) oxuyan 34 şagirdin 24-ü müsəlman, 10-uisərus idi. Müsəlmanşöbəsində - oxuyanların sayı 7 nəfər idi (1,v.18). Tarixi dəyərləndirmə üçün onların hamısının ad və soyadını tədqiqatçılara təqdim edirik:
1.Abdullayev Əlisəftər
2.Babayev Məmmədtağı
3.Hacıyev İbad
4.Dadaşov Heydər
5.Cəlalov Əbülfəz
6.İsayev İsa
7.Salmanov Salman

Digər müsəlmanlar( azərbaycanlılar--N.N.) - beynəlmiləl siniflərdə oxuyurdular(1,v.18).
H.Z.Tağıyevin Bakı Quberniyası və Dağıstan Vilayəti Xalq Məktəbləri İdarəsinin Direktoruna yazdığı 13 noyabr 1903-cü il tarixli 253 nömrəli məktubunda Əhmədli kənd məktəbində həm oğlanların, həm də qızların bir yerdə təhsil alacağı göstərilsə də (1,V.2),
1 yanvar 1909-cu ilə aid siyahıya görə məktəbdə əsasən oğlanların oxuduğu göstərilmişdir(1,v.18). Fikrin təsdiqi üçün birinci şöbədə (qarmaqarışıq şöbədə-N.N.) oxuyanların siyahısını təqdim edirik:
1.Ağazamanov Ağa İbrahim oğlu
2.Aslanov Hacı Baba oğlu
3.Atamoğlanov İbrahim
4.Həsənov Qüdrət
5.Zeynalov Zeynal
6.Koşelyov Konstantin
7.Nasirov Əli
8.Popov Andrey
9.Samoletov Aleksandr
10.Şafiyev İsmayıl
11.ŞEMİXİNA VARVARA
12.Şibayev Konstantin (1,18)


1909-cu ilin sentyabrında H.Z.Tağıyevin ibtidai məktəbininin dörd şöbəsində oxuyanlarınsayı 80 nəfərə çatmışdı. Burada "xalqın böyük ehtiyacı olan,bilməyəcəyi təqdirdə əlacı olmayan" (S.Ə.Şirvani-N.N. ) rus dili ilə yanaşı, Azərbaycan dilinin tədrisinə də böyük qayğı göstərilirdi. Şagirdlər əsas fənlərdən başqa, əl əməyi,nəğmə, hüsnxətt dərsləri də keçir, islam dininintarixini öyrənirdilər.
H.Z.Tağıyevin Əhmədli kənd ibtidai məktəbin 1914-cü ilə aid həftəlik dərs cədvəli də arxiv sənədləri kimi diqqəti cəlb edir (1,v.25 a,b). Cədvəli Bakı Quberniyası və Dağıstan Vilayəti Xalq Məktəbləri İdarəsinin müfəttişi, məktəbin tədris işləri üzrə direktor müavini xanım V.Ottomar Şteyn imzalamışdır. Cədvəldən məlum olur ki, birinci şöbədə hər gün 4 saat dərs keçmək planlaşdırılmışdır. Dərslərin çoxunu direktor özü keçmişdir. 24 saatlıq dərs həftəsinin19 saatlıq dərs yükü direktora həvalə olunmuşdur.Həftənin birinci günü keçirilən şəriət dərslərində sinif iki qrupa bölünmüş, dərsləri xristian tələbələrə M.Reyn, müsəlmanlara isə R.Lətifbəyov keçmişdir(1,25 a,b).
Təlimi Azərbaycan dilində olan hazırlıq sinfində gündə 3 saat dərs keçirilir.1914-cü ildə 18 saatlıq dərs həftəsinin 6 saatı tatar dili adı ilə keçirilən Azərbaycan dii dərsləridir. Bu dərslər üç gün dərs gününün birinci saatında, üç gün isə ikinci saatında keçirilmişdir. Hazırlıq kurslarında hər həftə rus dilində 8-9 saat leksik dərslərin keçirilməsi də hakim dili yaxşı öyrənmək siyasətinə əsaslanırdı(1,v.25 a,b).

Dərs cədvəlinə görə şəriət dərsinə həftədə cəmi bir saat vaxt ayrılmışdır.Hazırlıq şöbəsinin şagirdlərinə həftədə 6 dəfə sistemli rus dili dərsi keçirilməsi planlaşdırılmışdır. Məktəbdə şagirdlərin yazı savadına da xüsusi fikir verilmişdir:yazı vərdişlərinə yiyələnmək üçün şagirdlərə hər dərs gününün sonunda ayrıca dərs keçirilmişdir. 1910-cu ildən hazırlıq şöbəsinin bütün dərslərini Rza bəy Lətifbəyov tədris etmişdir ( 1, v.21,25).
H.Z.Tağıyevin ibtidai məktəbinə aid tədrislə ilgili son sənədlər 1917-ci il iyulun 27-də imzalanıb. Sənədlər içərisində pedaqogikatariximiz üçün maraqlı görünən materiallar çoxdur. Məktəbdə keçirilən ədəbi-bədii gecələrin proqramları (v.36), dərs bölgüsü və cədvəllər, müxtəlif yazışmalar buqəbildəndir.
Məktəbdə şagirdlərin bədii-estetik tərbiyəsinə,vətənpərvərlik uğrunda böyümələrinə həmişə xüsusi diqqət verilmişdir.
25 mart 1916-cı ildə məktəbdə Novruz bayramı ilə ilgili ədəbi-bədii uşaq axşamı keçirilmişdir. Tədbirin iki hissəli proqramdan məlum olur ki,uşaqların ifasında səslənən materiallar diqqətlə seçilmiş,onların hamısı gənc nəslin bədii və idraki zövqünün formalaşdırılmasına yönəldilmişdir.Tədbirdə rusdilli şagirdlərlə yanaşı,Azərbaycan bölməsinin uşaqları da fəal iştirak etmişlər; Rəhimov rus dilində "Quşların şikayəti" şeirini oxumuş, Bagiyev isə Abdulla Talıbzadənin tolerantlığın təbliğinə yönəlmiş "Hamımız bir günəşin zərrəsiyik" ("Həpimiz bir günəşin zərrəsiyik"-N.N,) şeirini Azərbaycan dilində ifa etmişdir.(1,v.36).

9 dekabr 1904-cü ildə H.Z.Tağıyevin adından Bakı-Dağıstan Xalq Məktəbləri İdarəsinin direktoruna göndərilən məktubda göstərilir ki, dərslər 1904-cü il dekabrın 4-dən başlasa da, ibtidai məktəbin rəsmi açılışı 1905-ci ilin aprelində olacaqdır(1,v.12).
Yeri gəlmişkən qeyd edək ki,H.Z.Tağıyevin maarifçilik fəaliyyəti Bakının sərhədlərindən xeyli uzaqlarda da geniş vüsət alırdı. ARDTA-da 372 nömrəli fondda saxlnılan bir məktubdan məlum olur ki, maarif və mədəniyyət məsələlərinə müntəzəm və operativ qayğı göstərən H.Z.Tağıyevin Petrovskidə də (indiki Mahaçqala-N.N.) qız pansionu var imiş.Tağıyevlər ailəsinə yaxın olan Heydər Tarkovski H.Z.Tağıyevdən ona məxsus olan Qız Pansionunda oxuyan qızı Şirni xanımın 1914-1915-ci tədris ilinin ikinci yarısı üçün 100 rubl təhsil haqqını ödəməsini xahiş edir (2; v.98; 9).

Əlbəttə,100 rub - səxavətdə Hatəm Taidən geri qalmayan H.Z.Tağıyev üçün o qədər də böyük məbləğ deyildi.( Yeri gəlmişkən qeyd etmək istəyirəm ki, məni 372 nömrəli fonddakı bu faktları öyrənməyə istiqamətləndirən tarix üzrə fəlsəfə doktoru,H.Z.Tağıyevin irsiini, həyat və fəaliyyətini ardıcıl öyrənən, qatı açılmamış arxiv fondlarından zərrə-zərrə topladıqlarını elmi ictimaiyyətə qalın-qalın kitablarla çatdıran Fərhad Cabbarovdur. Ona öz minnətdarlığımı bildirirəm).
İşinin çoxluğuna,əhatə dairəsinin genişliyinə baxmayaraq, H.Z.Tağıyev himayədarlıq etdiyi və yardım göstərdiyi təhsil ocaqlarının bütün problemlərinə atalıq qayğısı göstərir, təhsil uğurlarını milli mədəniyyətimizin göstəricisi kimi dəyərləndirirdi.

H.Z.TağıyevinƏhmədli kəndindəki ibtidai məktəbində keçirilən tədbirlərdə şəhərin adlı-sanlı adamları, o cümlədən təsisçinin özü də fəal iştirak edirdi. Məktəbin bir şox məzunları sonrakı təhsillərini şəhərin rusdilli məktəblərində uğurla davam etdirmişlər. Onlarıh adlarını tapıb üzə çıxarmaq, maarifçilik tariximizdə özünə şərəfli yer tutan bu nümunəvi təhsil ocağının tarixini hərtərəfli öyrənmək, onun unudulmuş yubileyini keçirmək pedaqoji ictimaiyyətimizi ciddi düşündürməlidir.

Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi,
Avropa Azərbaycan Məktəbinin Azərbaycan dili və ədəbiyyatı kafedrasının müəllimi,
Təhsil Nazirliyinin Elmi Metodik Şurasının bölmə üzvü,
TQDK-nın Azərbaycan dili üzrə eksperti.

Bakı, 08.09.2014.

Ədəbiyyat siyahısı

1.ARDTA(Azərbaycan Respublikası Dövlət Tarix Arxivi).
Fond 309 siyahı 1, saxlama vahidi 814. (Бакинско-Дагестанская Дирексия Народных училищ. Материалы о деятельности начального училища при фабрике Г.Z.А.Тагиева).
2.ARDTA. Fond 372. Siyahı 1, saxlama vahidi 50, vərəq 98.
3.Nəsrəddinov Nazim. Onların arzuları."Azərbaycan məktəbi" jurnalı, 2008, №4, səh.100-104.
4.Nəsrəddinov.Nazim. "İşıq" qəzetində H.Z.Tağıyevin bir portreti haqqında. "Milli Azərbaycan Tarixi Muzeyi" məcmuəsi, 2011,səh.195-200.
6.Nəsrəddinov Nazim. H.Z.Tağıyevin ibtidai məktəbi. "İslam dünyası" qəzeti,15.06.1993,№12.
7.Nasreddinov Nazim. Школа при фабрике Г.З.Тагиева. Газета "Баку", 1993, № 164(8496).
8.Ибрагимов М.Дж. Предпринамательская деятельность Г.З.Тагиева.Баку,1993.
9.Nəsrəddinov Nazim. H.Z.Tağıyevin daha bir qız pansionu üzə çıxdı."Modern.az "saytı,13.07.2012.
10.Mustafayev Əlməmməd. Xatirələr,hekayə və felyetonları. Bakı,Yazıçı,1985.


Summary
This article is about a primary school named after H.Z.Taqiyev,which was founded in 1904,in Ahmadli settlement for the children of cotton mill.The azerbaijani language,the russian language, mathematics,shariat,religious laws, calligraphy was studied in the school.
During early years of Taqiyev school the school leader was the graduate of Zaqafqaziya seminary, Abdulkarim Velibekov.

Geri dön