Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanda mədəni sərvətlərin ölkədən çıxarılmasını qadağan edən qaydalar təsdiq olundu
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Hüquq > Azərbaycanda mədəni sərvətlərin ölkədən çıxarılmasını qadağan edən qaydalar təsdiq olundu

Azərbaycanda mədəni sərvətlərin ölkədən çıxarılmasını qadağan edən qaydalar təsdiq olundu


Nazirlər Kabineti "Mədəni sərvətlərin idxalı, ixracı və Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçirilməsi Qaydası"nın təsdiq edilməsi haqqında qərar qəbul edib.
Nazirlər Kabinetindən verilən məlumata görə, Qaydanın tələbləri Azərbaycan Respublikasının ərazisində olan və (və ya) fəaliyyət göstərən bütün fiziki və hüquqi şəxslərə, o cümlədən dövlət hakimiyyəti orqanlarına və təşkilatlarına, vəzifəli şəxslərə şamil edilir.
Qaydaya görə, şəxslər tərəfindən mədəni sərvətlərin qanunsuz idxalı, ixracı və ya tranziti həyata keçirildikdə, onlar mədəni sərvətləri başqalarının istifadəsinə, sahibliyinə və ya sərəncamına verə bilməzlər. Mədəni sərvətlər barəsində qanunsuz idxal, ixrac və ya tranzit əməliyyatlarının həyata keçirildiyini bilən və ya bilməli olan şəxslər tərəfindən onların əldə edilməsi qadağandır.
Sənədə əsasən, təsviri sənət əsərləri, o cümlədən lövhələr, şəkillər, rəsmlər, qravüralar, estamplar, litoqrafiyalar, naxışlar, heykəltəraşlıq əsərləri, orijinal bədii toplular və montajlar; kino, xüsusi əhəmiyyətli televiziya, radio, video materialları, fotoəsərlər və fotomateriallar, dizayn işləmələri və memarlıq layihələri; əlyazmalar, xüsusi əhəmiyyətə malik kitablar və kitabçalar, dövri mətbuat materialları, avtoqraflar, markalar, açıqcalar, mədəniyyət və tarix profilli arxivlər və arxiv sənədləri, not yazıları, məktublar, elmi-tarixi yadigarlar, nadir nəşrlər; tətbiqi-sənət əsərləri - xalılar və xalça məmulatları, qızıl, platin, gümüş, qiymətli daşlar, mis və gildən hazırlanmış əşyalar, keramika məmulatları; səhnə və ekran geyimləri, dekorları, butaforiya və rekvizitləri; qədim nadir kolleksiyalar və otuz ildən çox tarixi olan muzey əhəmiyyətli əşyalar (o cümlədən, mebel, musiqi alətləri və s.); şifahi xalq yaradıcılığı nümunələri; arxeoloji və numizmatik xarakterli əşyalar; flora və fauna, mineralogiya, anatomiya nümunələri və paleontologiya baxımından maraqlı muzey əşyaları mədəni sərvətlər hesab edilir.
Qaydanın 4.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil olan daşınan mədəni sərvətlərin Azərbaycan Respublikasının ərazisindən ixracı qadağandır. Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil olan daşınar mədəni sərvətlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən "Sərgi, qastrol səfərləri, bərpa işləri, təqdimat, beynəlxalq mədəniyyət tədbirlərinin keçirilməsi ilə əlaqədar mədəni sərvətlərin müvəqqəti ixracı Qaydası"na əsasən müvəqqəti ixrac oluna bilər.
Bu Qaydada göstərilən mədəni sərvətlərdən başqa digər mədəni sərvətlərin ixracının qadağan edilməsi də yolverilməz hesab olunur. Lakin 100 il əvvəl yaradılmış kitabələri, əlyazmaları, sikkələri, oyma möhürləri, qədim musiqi alətlərini və mebel əşyalarını Azərbaycan Respublikasının ərazisinə gətirmiş fiziki və ya hüquqi şəxslər onları bu Qaydanın tələblərinə riayət etməklə Azərbaycan Respublikasının ərazisindən aparmaq hüququna malikdirlər.
Bu Qaydanın 4.1-ci bəndində göstərilən mədəni sərvətlər istisna olmaqla, digər mədəni sərvətlərin ixracı bu barədə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin qərarından sonra həyata keçirilir.
Hökumətin qərarında, həmçinin qeyd edilir ki, ixrac olunması nəzərdə tutulan mədəni sərvətlər ekspertizadan keçirilməlidir. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müəyyən edilmiş müddətdə şəxsin mədəni sərvətlərin ekspertizaya təqdim olunmasından imtina etməsi onun tərəfindən mədəni sərvətlərin ixrac olunmasından imtina kimi qəbul edilir. Ekspertiza Mədəniyyət və Turizm Nazirliyi tərəfindən muzey, arxiv, kitabxana, restavrasiya və ya elmi tədqiqat təşkilatlarının, habelə həmin Nazirliyin mülki hüquqi müqavilə əsasında cəlb etdiyi digər mütəxəssislərin iştirakı ilə həyata keçirilir. Mədəni sərvətin ixracının mümkünlüyü barədə qərar qəbul edildikdə, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mədəni sərvətin mühafizə şəhadətnaməsi verilir.
Qaydaya əsasən, idxal olunan mədəni sərvətlər üzərində gömrük nəzarəti Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq həyata keçirilir, habelə onların Mədəniyyət və Turizm Nazirliyində uçotu aparılır. Mədəni sərvətlərin mülkiyyətçisi və ya onun səlahiyyətli nümayəndəsi mədəni sərvətləri ölkəmizin gömrük ərazisinə idxal etdiyi tarixdən 3 gün müddətində Mədəniyyət və Turizm Nazirliyinə mədəni sərvətlərin uçotunun aparılması üçün müvafiq sənədlərlə müraciət etməlidir.
Mədəni sərvətlərin tranziti Nazirlər Kabinetinin 2014-cü il 14 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş "Malların beynəlxalq və daxili tranzit xüsusi gömrük prosedurları altında yerləşdirilərək daşınması Qaydaları"na uyğun olaraq həyata keçirilir.
Mədəni sərvətlərin beynəlxalq poçt göndərişləri vasitəsilə daşınması Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 50-ci fəslinin, "Poçt haqqında" Azərbaycan Respublikası Qanununun və bu Qaydanın tələbləri nəzərə alınmaqla həyata keçirilir.
Mədəniyyət və Turizm Nazirliyinin ixrac olunan mədəni sərvətlər barədə ekspertizanın nəticələrinə əsasən mədəni sərvətin dövlət və ya bələdiyyə muzeylərinə, arxivlərinə və ya kitabxana fondlarına götürülməsi barədə qərarının qəbul edilməsindən sonra Mədəniyyət və Turizm Nazirliyi mədəni sərvətin mülkiyyətçisindən mədəni sərvəti onun mədəni sərvətin dəyərini müəyyən edən sənədində göstərilən qiymətə satın almaq hüququ vardır. Mədəniyyət və Turizm Nazirliyi mədəni sərvətin dəyərini müəyyən edən sənəddə göstərilən məbləği tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş müddətdə ödəyir.
Dövlətin mədəni sərvətləri əldə etməkdə üstünlük hüququ ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.

Geri dön