Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Bildiriş > ÖRNƏK
ÖRNƏK |
İki oğlu şəhid, bir oğlu Qarabağ əlili olan ata, balaca övladını da zabit kimi Vətənə verdi
Bir ailənin tarixçəsi İbrahimov Vüqar İsfəndiyar oğlu-28.IX.1970-ci il Şəmkir rayonunun Sabirkənd kəndində dünyaya gəlib. 1977-1984-cü 7 illik təhsildən sonra 1984-1987-ci illərdə C. Naxçıvanski adına hərbi liseydə təhsil alıb. 1987-1992-ci il tarixləri arasında Stavropol Ali Hərbi Rabitə Mühəndisləri Məktəbində təhsil alıb və “hərbi rabitə mühəndisi” ixtisasına yiyələnib. Təyinatı Rusiyanın Kapustin-Yar şəhərinə verilib. Amma təyinat yerinə getməyən gənc zabit Azərbaycan Respublikası Müdafiə Nazirliyindən onu qaynar nöqtələrin birinə göndərmələrini xahiş edib. Onu indiki H. Əliyev adına Hərbi Akademiyaya kadr hazırlamağa göndəriblər. Bu təklifi də qəbul etməyən Vüqar “isti yer istəsəydim bura gəlməzdim” deyə israr edincə onu Gədəbəydə yerləşən 861 saylı alayın rabitə bölüyünün komandiri təyin ediblər. Az bir vaxtda alayın rabitə rəisi, daha sonra 171 saylı briqadanın rabitə rəisi vəzifəsinə çəkilib. Eyni vaxtda baş leytenant rütbəsi alan zabitə sərhədin 280 km-ni rabitələşdirmək tapşırılıb. Və o, öz vəzifəsinin öhdəsindən layiqincə gəlib. Gecələr kəşfiyyatda, gündüzlər rabitədə döyüş vaxtı isə döyüşün ən qızğın yerində, həmişə ön xəttə olub. Dəfələrlə mühasirədə qalan yoldaşlarının harayına çatıb, onların həm dirisini, həm də ölüsünü düşmən əlindən alıb. Döyüş yoldaşlarının dediklərindən: “mən cavuş Musayev Rövşən 1992-ci ilin avqustunda ikinci dəfə orduya çağrılanda əvvəlki xidmətimdə radoteleqrafçı olduğuma görə rabitə bölüyünə götürüldüm. Komandirim Vüqar İbrahimov bizimlə həm komandir, həm ağsaqqlal, həm də sıravi bir əsgər kimi rəftar edirdi. Biz boş vaxtlarımızda idmanla məşğul olurduq. Çünki Vüqar deyirdi ki, “əsl əsgər fiziki hazır olmalıdır, döyüşə!” O, həmişə bizimlə birgə yatıb-durardı və deyərdi ki, komandir əsgərlə bir həyatı yaşamalı, onunla bir yerdə olmalıdır. O, hər şeyin yerini bilən bir komandir, eyni zamanda çox zəhmli bir adam idi, dediyini edərdi. Həmişə irəlidə gedərdi, qorxu nə olduğunu bilməzdi. 1994-cü il yanvarın 1-də bizi Daşkəsənlə-Murovdağ arasında Kəlbəcər hücumu zamanı əlaqə yaratmağa göndərdilər, yolda maşınımız az qaldı dərəyə düşə. Vüqar bizdən əvvəl yaxınlıqdakı batalyondan kömək gətirərək həm maşını qəzadan, həm bizi ölümdən həm də tapşırığı gecikməkdən qurtardı”. “Mən Mürşüdov Mübariz baş leytenant İ. Vüqarı heç vaxt zabit yeməkxanasında, zabit yatağında görmədim. O, bizimlə yatıb, bizimlə oyandı. Döyüşlərin birində rabitənin maşını bizim yanımızdan keçəndə Vüqar maşını dayandırıb bizdən soruşdu ki, “rabitə işləyirmi?” Elə bu zaman bizim toplarımızdan biri partladı, 2 nəfər həlak oldu, 3 nəfər yaralandı və biz özümüzü itirdik. Amma o, yaralılara kömək etdi, onları tibb məntəqəsinə göndərib bizi dayanmağa qoymadı ki, “müharibədə hər şey olar, o biri toplardan atın. ” Özü də getmədi, qalıb bizimlə vuruşdu.” Vüqar İbrahimov dəfələrlə döyüşə rəhbərlik etmişdir. Bir dəfə ermənilərin atəşinə onun əmrilə cavab verilir və Krosnoselski yerlə-yeksan edilir. Düşmən üç gün matəm saxlayır. Bu döyüş zamanı bizim əsgərlərdə 9 nəfərinin meyidi düşmən tərəfində qalır. Çox danışıqlardan sonra rabitəyə Vüqar qoşulur və və əgər meyidlər qaytarılmasa Krosnoselsk matəminin təkrar olunacağını deyir. Məhz bundan sonra ermənilər razılaşır və meyidlər qaytarılır. Vüqar, “Bala Pereval”, “Ləzgi qalası”, “Keçəldağ” yüksəkliyi, “İskəndər” qalası və başqa məntəqələrin əldə saxlanılmasında xüsusi şücaətlər göstərib və dəfələrlə təşəkkürlər alıb. Onun Milli Qəhrəman adı alması üçün o vaxtkı alay rəhbərliyi ölümündən sonra Müdafiə Nazirliyinə təqdimat da göndərib. Amma nədənsə bu məsələ öz qüvvəsini itirib. Vüqarın yas yerində iki ayaqdan əlil bir əsgər vardı. Və olmayan ayaqlarına döyüb, “məni döyüş bölgəsindən sən çıxardın, mən indi yarımcan yaşayıram amma sən yoxsan” deyə hönkürürdü... İbrahimov Sənan İsfəndiyar oğlu-18.IX.1971 Şəmkir rayonu Sabirkənd kəndində doğulub. 1978-1989-orta məktəbi, 1990-cı ildə peşə məktəbini bitirib 1990-1992-Kursk vilayətində hərbi xidmətini keçməsinə baxmayaraq 10.VIII.1992-könüllü olaraq Laçında daha sonra, Gədəbəydə vuruşub. Müharibədən daxili orqanlarından əlil qayıdıb. İbrahimov Araz İsfəndiyar oğlu-13.II.1974 Şəmkir rayonu Sabirkənd kəndində doğulub. 1981-1992 Sabirkənd orta məktəbində təhsil alıb. 7.VII.1994-hərbi xidmətinə Salyan rayon Çuxanlı kəndində başlayıb. 3 aylıq hazırlıqdan sonra Gədəbəyə göndərilib. 1994-cü il dekabrın 22-si şəhid olub. Araz haqqında deyiləcək bir kəlmə söz tapa bilmirəm. O qədər az yaşadı ki, sadəcə əsgərliyə çağrıla bildi və burda geri dönmədi. Ailəsindən verilən məlumata görə uşaqlıqdan Vüqarla bir neçə dəfə ölümlə rastlaşıblar, hər dəfəsində də bu hamının təəccübünə səbəb olub. Çünki, başlarına nə gəlibsə qoşa gəlib. Araz Atasını, qardaşını özünə ideal bilib və Vüqarı o qədər sevib ki, ondan bir addım belə ayrılmayıb. Tanrı onları ölümlərində də ayırmadı... İbrahimov Bəhruz İsfəndiyar oğlu 31.V.1976 orta məktəbdən Xocalı soyqırımının səhəri qaçıb və Xocalıya gedib. Bir müddət meyidlərin daşınmasına yardım edəndən sonra Türkiyəli jurnalistlərin təkidi və köməyi ilə evinə qaytarılıb. Hal-hazırda o ağırlığı özündə daşıyır. İbrahimov Xəzər İsfəndiyar oğlu-28.IX. 1985. H. Əliyev adına Hərbi Məktəbi (AHM) bitirib. Hal-hazırda Azərbaycan Ordusunun zabitidir. Beyləqanda N saylı hərbi hissədə xidmət edir. Bu, Şəmkir rayonunun Sabirkənd kəndində yaşayan bir ailənin tarixçəsidir. Böyük Vətən müharibəsində üzünü görmədiyi atasını itirən İsfəndiyar müəllim, Qarabağ müharibəsində oğullarını başına yığıb, “mən oğullarımı müharibəyə göndərməsəm, Şəmkirdə baş qaldırıb gəzə bilmərəm” dedi və göndərdi. Hər şey də bundan sonra başlandı. Evdəki hər kəs müharibə rejimində yaşamağa başladı. Hər qapı çalınanda hər kəsin ürəyi qopdu. Bayram aşlarının qazanları hərbi hissələrdə açılmağa, həyətin qurbanlıqları əsgərlərin hər gəlişinə kəsilməyə başladı. Minarə xanımın sandıqları əsgərlər üçün açıldı. Vüqarın zabit olduğu hərbi hissənin əsgərləri eyni cür corabları, eyni cür dəyişəkləri geyməyə başladılar. Soruşan olanda da hamısı eyni cavabı verdi; ”anam geydirib”. Və o məşum gün... 1994-cü il 22 dekabr. Gədəbəyin Şınıx bölgəsində, döyüş zamanı Vüqar İbrahimovun təklifi ilə salınan körpünün üstündə Rabtiə Maşını ermənilər tərəfindən vuruldu. İbrahimov Vüqar, İbrahimov Araz və daha iki əsgər Asif və Şahin şəhid oldu. Həm də qardaşları Sənanın gözləri qarşısında. Müdafiə Nazirliyinin Rabitə Rəisi Minarə ananın qarşısında diz çökdü; “Elə oğullar böyütdüyünüz üçün mən sizin qarşınızda diz çökürəm!” Bu ailənin sonrakı taleyinə gəlincə Şəmkirdə hər kəsin tanıdığı, hər kəsin ağsaqqal-ağbirçək deyə üz tutduğu bu ocaq yenə alovlanır, yenə də ayaqda qalmağa davam edir. Yenə üzlərinin nurunu kimsəyə əksik etmirlər. Yenə bu qapıdan ümid paylanır hər kəsə. Amma başdan-ayağa dərdləşmiş halda. Başları həmişə dik, simaları qürurludur, əzəmətlidir. Bu ailədə indi Vüqar böyüyür. Amma İbrahimov Vüqar İsfəndiyar oğlu olaraq yox, İbrahimov Vüqar Xəzər oğlu deyə. Bu ailədə Araz da doğulacaq, yenə doğulacaq, niyə, bilirsinizmi? Yenidən Vətənə qurban olmaq üçün! Yenidən şəhid olmaq üçün! Çünki bu ailə bundan böyük həqiqət tanımır! Bu dərdə dağ dayanmasa da Sabirkənd qəbiristanlığındakı bir cüt qoşa məzar, bir də İbrahimovlar ailəsi dayanır. O məzarların gül-çiçəkləri heç solmur, ziyarətçiləri heç əksilmir. Solmur bu məzarların çiçəkləri. Bu qoşa məzarın ətrafında qapqara qızılgüllər bitir. Sabah Vüqarın anım günüdür. 25 yaşlı zabitin 41 yaşı tamam olur. Yenə güllər qonacaq məzarların sinəsinə, yenə insanlar daşa dönəcək qoşa məzarın qarşısında. Yenə ağlayacaq Arazın, Vüqarın anası. Amma onlar heç qocalmadan elə-eləcə gülümsəyəcəklər daş abidələrindən... Tanrı bütün Şəhidlərimizə rəhmət eləsin! Amin! “Davam” qəzeti Geri dön |