Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > Bakı və Ankaradan düşmənlərə yeni sərt mesaj
Bakı və Ankaradan düşmənlərə yeni sərt mesaj |
Fərəc Quliyev: "Bakı ilə Ankara arasındakı birgə təlimlər ona mesajdır ki, üzərimizə gələn, bizə qarşı ədalətsiz davrananlar birgə təpkimizi də görə bilərlər"
Məlumat verildiyi kimi, hazırda təsdiq edilən plana əsasən sentyabrın 13-dən 20-dək Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin mərhələli surətdə birgə irimiqyaslı əməliyyat-taktiki təlimləri keçirilir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, birinci mərhələdə kəşfiyyatın bütün növlərinin, Xüsusi Təyinatlı Qüvvələrin, Hərbi Hava Qüvvələri, o cümlədən, hava hücumundan müdafiə qoşunlarının qarşılıqlı fəaliyyəti və uzlaşma məsələlərinin öyrənilməsi nəzərdə tutulub. İkinci mərhələdə isə quru qoşunlarının birləşmə və hissələri müxtəlif şəraitlərdə, o cümlədən, dağlıq ərazidə hücum əməliyyatının təşkili və aparılması, taktiki hava desantının, reyd və ön dəstələrin tətbiqi, əməliyyatların hərtərəfli təminatı üzrə tapşırıqları yerinə yetirəcəklər. Ali Baş Komandan, Prezident İlham Əliyevin göstərişinə əsasən, təlimlər zamanı birləşmə və hissələrin səfərbərlik tapşırıqlarının yerinə yetirilməsi səviyyəsinin yoxlanılması məqsədilə ehtiyatda olan 10.000 nəfərədək hərbi vəzifəli təlim toplanışına cəlb ediləcək. Üçüncü mərhələdə təlim mərkəzləri və poliqonlarda motoatıcı və tank bölmələrinin, raket və artilleriya qurğularının, zenit-raket komplekslərinin, döyüş təyyarə və helikopterlərinin döyüş atışları icra olunacaq, praktiki raket buraxılışları və bombalama həyata keçiriləcək. Rəsmi məlumatlara görə, bu təlimlərə 30 000 nəfərədək şəxsi heyət, 250-dən artıq zirehli texnika, raket və artilleriya qoşunlarının 150-dən çox qurğusu, Hərbi Hava Qüvvələrinin 20-dək təyyarəsi və 15 helikopteri və s. cəlb edilib. Qeyd edək ki, Bakı ilə Ankara arasında hərbi sahədə əməkdaşlıq durmadan güclənir. İki qardaş ölkə arasında çoxsaylı hərbi təlimlər də keçirilib. Hazırda baş tutan hərbi təlim isə daha geniş miqyaslıdır. Aydın məsələdir ki, keçirilən hər bir hərbi təlim tərəflərin döyüş təcrübəsinin daha da təkmilləşməsi və möhkəmlənməsinə xidmət edir. Bu mənada iki qardaş ölkə hərbçiləri arasında baş tutan bu hərbi təlim də geniş rezonans doğurur. Millət vəkili Fərəc Quliyevin fikrincə, keçirilən bu birgə hərbi təlimlər ona dəlalət edir ki, biriləri iki qardaş ölkə ilə hesablaşmalıdırlar: "Azərbaycanla Türkiyə Silahlı Qüvvələrinin keçirdiyi birgə hərbi təlimlərdə ən mühüm olanı odur ki, bununla dünyaya türk etnoslarının qurduğu cümhuriyyətlərin güclü olduğu və gücümüzü də bir yerdə ancaq sabitliyə, barışığa həsr etməkdə maraqlı olduğumuz mesajını veririk. Hər hansı bir bloklaşmamız təhdid xarakterli deyil və kimsənin ərazisini işğal etməyə yönəlməyib. Bu bölgədə barışa söykənən daimi bir sabitliyin olması üçün bizimlə hesablaşmaları və gücümüzü nəzərə almaları lazımdır. Davranışın birinci mesajı budur. İkinci bir tərəfdən, həmin birgə təlimlər həm də ona mesajdır ki, təhdid edən, üzərimizə gələn, bizə qarşı ədalətsiz davrananlar belədə birgə təpkimizi də görə bilərlər. Bu mütəffiqlik daha geniş sahəni əhatə etməklə, həm də digər türk cümhuriyyətlərini də bura sövq edəcək. Onsuz da iqtisadi, mədəni, müəyyən hərbi sənaye məsələlərində əməkdaşlıq vardır. Artıq konkret olaraq müəyyən tədbirlərin keçirilməsi, səy və resursların birləşdirilməsi daha geniş inteqrasiyadan xəbər verir. Ən azından bu iki cümhuriyyət üçün dostumuz bir, düşmənimiz birdir mesajını verir. Bu bölgədə iki qardaş dövlətin ədalətli status-kvosuna zərər gətirmək istəyənlər həmin amildən mütləq nəticə çıxarmalı və davranışlarında korrektlər etməlidirlər. Başqa yolları yoxdur. Artıq ciddi bir məqama gəlib çatmışıq ki, bu iki dövlət öz münasibətlərini iqtisadi, mədəni sahədən hərbi, siyasi sahəyə keçmək üçün əməli addımlar atdılar. Bu o deməkdir ki, bir ölkənin təhlükəsizliyi təhlükə altına düşəcəksə, ona qarşı hər hansı bir aqressiya olacaqsa, onlara cavab da birgə olacaq. Bütün resursları, təbii ehtiyatlarla yanaşı, həm də ciddi insan resursları və hərbi potensialı bölgədə kifayət qədər üstün vəziyyətdə olan dövlətlərlə sadəcə, bir məsələdə, yəni ədalətli davranışda olmaq zərurəti ortaya çıxır. Başqa formada davranış olarsa, bu, əks reaksiyaya səbəb olacaq. Çünki, dünya budur. Əslində. çoxdandır ortalıqda iki sual mövcuddur: haqlı olan güclüdür, yoxsa, güclü olan haqlıdır? Zəmanəmiz belədir ki, güclü olan haqlıdır tendensiyası daha üstün vəziyyətdədir. Bizlər isə həm haqlıyıq, həm də güclü olmalıyıq ki, bu güclü haqqımızı da qoruyaq. Artıq bizim haqlı olmağımızı güclü olmağımızla bir yerdə qəbul edib, haqqımızı əlimizdən almamaq üçün hər kəsin düşünmələri lazımdır". Rüfət NADİROĞLU Geri dön |