Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > DAVAMın yazıları > Mənim ağrım...
Mənim ağrım... |
Şərəfim yazmalıydım, deyilmi?!
Bu həftə Qarabağ müharibəsində şəhid düşən iki qardaşımdan birinin anım günüdür. Vüqarın... 25 yaşlı qardaşımın 41 yaşı tamam olur. Bunu özümün qələmə aldığım üçün məni bağışlayın. Məqsədim, qürurumu eyni zamanda ağrılarımı sizə çatdırmaqdır. Bu Vətən deyilən torpaq elə bir dəyərdir ki, onun uğrunda canından bir parçanı qoparsan ağrımaz yeri. Amma Azərbaycanda bütün şəhid ailələrinin yada salınmamaq, diqqətdən kənarda qalmaq kimi bir nisgilləri var. Nədənsə şəhidləri yazıq gözündə görəcək qədər zavallı olan insanlar nəyi yaraladıqlarından xəbərsizdilər. Şəhidlər bir millətin and yeri, şərəf tarixidir. Bu Azərbaycan üçün daha keçərlidir, çünki tarix boyu istilalara məruz qalan xalqımız həmişə qəhrəmanlarıyla var olub. Müharibələr maddi-mənəvi uçqunlar buraxar. Qarabağ müharibəsi də eləcə. Torpaqlar alınar, dava bitər və ya atəşkəs olar amma nisgil qalar yerində... Qələbə geciksə də Qarabağ müharibəsində oğullar döyüşdü. Heç bir gücün, qüvvənin bacarmayacağı şəkildə can qoydular, baş qoydular bu torpağa. Və heç birisi nə geridə qalan sevdiklərini nə də ölümlərindən sonra onlara qoyulacaq qədir-qiyməti düşündü. Oğullar döyüşdü! Sözün əsl mənasında, qəhrəmanlıqla vuruşdular. Bir addım torpağa onlarla can qurban oldu. Bunlar hamımızın bildiyi həqiqətlərdir. Yenidən xatırlatmaqda fayda varmı, bilmirəm. Sadəcə hamımızın unutduğumuz bir məqam var. Bu qəhrəmanlar xəbərlərdə verilən on saniyəlik bir xəbər yox, bir millətin şərəf simvoludur. Torpaq uğrunda ölən varsa Vətəndir! Biz bunu nə tez unutmuşuq?! Və ən dəhşətlisi unuda bilmişik. Biz “Şəhidlər Xiyabanı”nda ingilis əsgərinin məzarını qoruyacaq qədər “mərhəmətlli”, dilimizi unudub ana-bacımızı qırğına verən rusun dilində danışacaq qədər “elitar”, daha nə bilim nə iyrəncliklərə yol verəcək qədər zəif olduqdan sonra şəhidlərimizi unutmağımız normal haldır. Unutmayan təkcə odun düşdüyü yerdir. Korun-korun yanan atəş heç sönməz şəhid ailələrinin ürəyində. Süfrədə bir yer həmişə boş qalacaq. Əvəzində qapqara bir daş dikəcəklər torpağa, daşa dönüb bax deyə qarşısında. Hər bayram şəhidbaşına bir kilo düyü, bir kilo ət göndərəcəklər aş bişirib ye, deyə. Bir də yaşa deyəcəklər, bağrından axan qanı içinə yığıb, bağırmamaq üçün boğduğun səsinlə. Dövlət idarələrində “oğlun atəşkəs dövründə ölüb, şəhid statusu yoxdu”, deyə sənə verilən qanpulunun sənədini istəyəcəklər. Halbuki, sən o oğulu müharibəyə göndərəndə yanında kimsə yoxuydu və ağlına da gəlməzdi bütün bunların olacağı. Göndərəndə də sağ göndərib sayrı qarşılayanda da ağlında sadəcə Vətən vardı... Azərbaycanda şəhid ailəsi olmaq bütün bunları yaşamaq deməkdir! Şərəfsiz məmurların şərəfsiz rəftarlarına, mənəviyyatı bir qəpiyə dəyməyən, müharibə dövründə Dubayda, Rusiyada, Amerikada daha nə bilim haralarda baş girləyənlərin övladlarının əlinin altında əzilmək, onların “maraq”larına xidmət eləmədiyin, eləyə bilmədiyin üçün cəmiyyətin bütün yazıqlığını daşımaqdır. Və Azərbaycanda şəhid ailəsi olmaq bağrının başında bir “heyif” kəlməsini gəzdirməkdir! Tanrı bütün şəhidlərimizə rəhmət eləsin! Amin! Doğum günün mübarək, qardaş! Kəndimizə, ziyarətinizə gəlirəm. Bağrınıza basarsınızmı?... Və sonda yaxşı ki, şəhidlik Tanrıdan gəlir! Tanrıdan gəldiyindəndir ki, bir də şərəf var! ən çökdüyüm anımda bir gözəl qürur gələr ruhuma və başımı qaldırıb Tanrıya boylandığım anda oradan Allahın yanında yüksəlmişlər içərisində qardaşlarımı da görəndə eləcə dik qalxmış başımla həsrətimə balta çalaram!!! Nigar İsfəndiyarqızı Geri dön |