Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Dəmir yolu işçilərinin peşə bayramıdır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Dəmir yolu işçilərinin peşə bayramıdır

Dəmir yolu işçilərinin peşə bayramıdır


Azərbaycanda 1878-ci ildə ilk dəmir yolu salınıb
Azərbaycanda dəmir yolu nəqliyyatının yaranması tarixi XIX əsrin sonlarına təsadüf edir. Bakıda neft sənayesinin inkişafı istehsal olunan məhsulun daşınma zərurətini meydana çıxarıb. Odur ki, Azərbaycanda polad magistral yolların çəkilişi də həmin dövrə - 1878-ci ilə təsadüf edir. Buna görə də Azərbaycanda dəmir yolunun tikintisinin başlanması və onun sonrakı inkişafı neftin çıxarılması və emalı ilə sıx bağlı olub. Neftin daşınması uzun illər primitiv şəkildə dəvə karvanı və arabalarda yerləşdirilmiş taxta çəlləklərlə yerinə yetirilirdi. Bu üsulla neftin nəqli həm əziyyətli idi, həm də baha başa gəlirdi. Bunun üçün də neft istehsalçıları böyük gəlirlər əldə etmək məqsədi ilə dəmir yolu xətlərinin çəkilişinə böyük maraq göstərməyə başladılar.

Beləliklə, Bakıda istehsal olunan neftin nəqli məsələsinin aktuallaşması, əvvəl Bakıda sonra isə bütün Azərbaycanda dəmir yolunun yaranmasına səbəb olmuşdur. Azərbaycanda 1878-ci ildə salınmış ilk dəmir yolunun uzunluğu 20 kilometr olaraq Bakı-Suraxanı-Sabunçu yaşayış məntəqələrini əhatə edib. Bununla da dünyada ilk dəfə olaraq Azərbaycanda neftin sisternlərdə daşınması başlanmışdır və bu gün, tarixə Azərbaycanda dəmir yolunun əsasının qoyulması kimi düşüb.

Sonrakı 20 il dəmir yolu tikintisinin yüksək inkişafı ilə müşahidə edilmişdir. 1883-cü ildə neftin Qara dəniz limanlarına çatdırılması üçün Bakı-Tbilisi-Batumi, 1890-cı ildə isə Biləcəri-Dərbənd magistral xətləri çəkilib. 1900-cu ildə Dərbənd-Tixoretskaya xəttinin tikintisinin başa çatdırılmasından sonra Bakı Şimal istiqamətində ümumrusiya dəmir yolları şəbəkəsi ilə birləşdirilib ki, bu da Bakı neftinin dəmir yolu ilə Rusiyanın mərkəzi və qərb rayonlarına çatdırılmasına imkan yaradıb.

İkinci Dünya müharibəsindən sonrakı illərdə, xüsusən də 60-70-ci illərdə SSRİ-nin digər təsərrüfat sahələrində inkişafın sürətləndirilməsi ilə əlaqədar başqa növ yüklərin daşınmasının həcmi də artıb. Dəmir yolu ilə yük daşımanın maksimal həcmi 1987-ci ilə təsadüf edir. Bu zaman 44,5 milyon ton yük, o cümlədən 12,9 milyon ton neft və neft məhsulları daşınıb. Neft və neft məhsullarının ən yüksək daşınma həcmi 1970-ci ildə yerinə yetirilib. Ötən əsrin 80-ci illərinin sonunda Azərbaycan dəmir yolunda yük dövriyyəsi 43 milyard ton-kilometrə çatıb.

Qeyd etmək lazımdır ki, keçmiş Sovet İttifaqında dəmir yollarının elektrikləşdirilməsi 1926-cı ildə ilk dəfə olaraq Azərbaycanda başlanmış və Bakı-Sabunçu xəttində həyata keçirilib.

Bu gün Azərbaycanda irili-xirdalı 176 dəmir yolu stansiyası vardır və onlar ölkə iqtisadiyyatında əhəmiyyətli rol oynayırlar.

XX əsrin 90-cı illərinin əvvəllərində dəmir yolu sahəsi tənəzzülə uğrasa da, ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıdışı respublikanın polad şəbəkəsi dirçəliş dövrünə qədəm qoyub. Dəmir yolunun idarəetmə strukturları dəyişdirilib, xidmət və şöbələrin bazasında müstəqil fəaliyyət göstərən istehsalat birlikləri, müəssisə və təşkilatlar yaradılıb. Ölkədaxili, qonşu ölkələrə sərnişin daşınmasının yüksək səviyyədə təşkili üçün yeni vaqonlar alınıb, qonşu ölkələrin dəmir yolları ilə iqtisadi əlaqələri bərpa edilib. Dəmir yolu vasitəsilə tranzit yüklərin daşınmasına da böyük əhəmiyyət verilib.

Prezident İlham Əliyev tərəfindən həyata keçirilən iqtisadi islahatlar Azərbaycan dəmir yolunun tərəqqisinə də öz müsbət təsirini göstərməkdədir. Dövlətimizin başçısının Azərbaycanın dəmir yolu işçilərinin ölkə iqtisadiyyatının inkişafında və sosial həyatında mühüm rolunu nəzərə alaraq 2005-ci il 7 oktyabr tarixli Sərəncamı ilə hər il oktyabrın 13-nü Dəmir yolu işçilərinin peşə bayramı günü kimi təsis etməsi isə bu sahəyə dövlət səviyyəsində olan qayğı və diqqətin bariz göstəricisidir. Respublikada dəmir yolunun hərtərəfli inkişafını, iqtisadiyyatın və əhalinin daşımalara olan tələbatının daha dolğun ödənilməsini, idarəetmənin təkmilləşdirilməsini və görülən işlərin səmərəliliyinin daha da artırılmasını təmin etmək məqsədi ilə Prezident İlham Əliyevin 2009-cu il 20 iyul tarixli Sərəncamı ilə yaradılan “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti isə ölkəmizdə dəmir yolunun inkişafını təmin edən əsas qurumdur.

Bu gün ölkəmizin regionda və beynəlxalq aləmdə artan nüfuzu, iqtisadi inkişafı respublikamızın dəmir yolu sahəsində də böyük layihələr həyata keçirməsinə əlverişli zəmin yaradıb. Belə ki, tarixi “İpək yolu” adlanan və xalqlar arasında körpü rolunu oynayacaq Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi ilə bağlı sazişin 2007-ci il fevralın 7-də imzalanması bu baxımdan əlamətdar tarixi hadisədir. Bu layihənin Xəzər hövzəsi regionunun və Mərkəzi Asiya ölkələrinin Avropa ilə bilavasitə nəqliyyat əlaqələrinin qurulmasında xüsusi rolu olacaq. Bundan başqa, bu layihənin həyata keçirilməsi yük və sərnişinlərin Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə birbaşa Avropaya və Çinə çıxışına, ölkəmizin Avropaya inteqrasiyası prosesinin sürətləndirilməsinə xidmət edəcək. Bakı-Tiflis-Qars dəmir yolunun tam olaraq 2014-cü ildə istifadəyə verilməsi planlaşdırılır.

Bundan başqa, “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 kilometr yol əsaslı təmir edilir ki, məhz bunun nəticəsində də qatarların sürət həddini 140 kilometrədək artırmaq mümkün olacaq.

Son illər əldə olunan uğurlar fonunda “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti beynəlxalq və regional layihələrdə iştirak etməklə yanaşı, öz infrastrukturunu qoruyub saxlayır, əhalinin, dövlət strukturlarının daşımalara olan tələbatının ödənilməsi istiqamətində fəaliyyətini uğurla davam etdirir.

Geri dön