Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İrəvan qalası ilə bağlı yaradılan saytın təqdimatı olub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Qərbi Azərbaycan-İrəvan > İrəvan qalası ilə bağlı yaradılan saytın təqdimatı olub

İrəvan qalası ilə bağlı yaradılan saytın təqdimatı olub


İrəvan qalasının 500 illiyinə həsr olunmuş www.erevangala500.com tarixi-analitik portalının Bakıda təqdimat mərasimi keçirilib.

Təqdimat mərasimində Azərbaycan Prezidenti Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin Siyasi araşdırmalar və analitik təhlil sektorunun müdiri Fuad Axundov bildirib ki, erməni vandalizmi hansısa daşı dağıtmaq istəyəndə bilməlidir ki, informasiya texnologiyaları vasitəsilə sənədli sübutu olacaq.

"İnformasiya əsrində vandallar başa düşməlidirlər ki, divarı dağıtmaqla qala dağılmır. İrəvan qalasının tarixinin 600, 700 illiyi də qeyd olunacaq. Rəssam Frans Rubo tarixi hadisələri dəqiqliklə əks etdirən rəssamdır. O XIX-cu əsrin axırlarında İrəvan qalasının şəklini çəkib və bu, tarixi faktdır və dəqiqliklə qalanın simasının necə olduğunu göstərir", - o deyib.

Axundov İrəvan şəhərini İtaliyanın Pompey şəhəri ilə müqayisə edib. "Pompey dünyada yeganə şəhərdir ki, 2 min il ərzində öz simasını dəyişməyib. Əksinə, İrəvan şəhəri yeganə şəhərdir ki, öz simasını tamamilə dəyişib. Pompey şəhəri vulkan külü altından çıxarılandan sonra bir daş belə dəyişdirilməyib, amma İrəvanda daş-daş üstə qalmayıb", - o deyib və qeyd edib ki, İrəvan şəhərinin dağıdılması həmin şəhərdə məskunlaşanlar üçün tam yad şəhər olması ilə bağlıdır.

Axundov bildirib ki, İrəvan qalası məsələsini 2006-cı ildə ilk dəfə qaldıran Prezident İlham Əliyev olub. Hər sammitdə dövlət başçısı bu məsələni qaldıraraq erməniləri təşvişə salır.

Tarixçi professor Fəridə Məmmədova tədbirdə bildirib ki, bir çox beynəlxalq konfranslarda ermənilər öz uydurma tarixləri barədə danışılarkən sadə suallar qarşısında aciz qalırlar.

Məmmədova qeyd edib ki, tarixi sənədlərdə ermənilər tərəfindən "Qandzasar kilsəsi" adlanan tikilinin Alban hökmdarı Həsən Calal tərəfindən tikilərək öz xalqına ərmağan edilməsi göstərilir. Tarixçinin sözlərinə görə, ermənilər həmin binada bütün digər yazıları silərək erməni yazıları həkk ediblər.

Suxumi Dövlət Universitetinin (Gürcüstan) professoru Quram Marxulianın sözlərinə görə, o ilk dəfə "Ermənistanın paytaxtı olan qədim Azərbaycan şəhəri İrəvan" yazanda anlamırdılar. "Onda mən erməni tarixçilərindən soruşuram ki, "İrəvan" sözünün mənası erməni dilində nə deməkdir? Məsələn, "Tbilisi" sözü "isti su" deməkdir. Siz "öz şəhərinizin" tarixi adının mənasını bilirsiniz? Yox, çünki bu, qədim Azərbaycan şəhəridir", - Marxulian deyib. Onun sözlərinə görə, tarix sübut edir ki, ermənilər bu torpaqlara köç ediblər.

Azərbaycan Müəllif Hüquqları Agentliyinin rəhbəri Kamran İmanov bildirib ki, dəfələrlə ermənilərin yalanlarının ifşa olunması istiqamətində hücuma keçməyə ehtiyac var.

O qeyd edib ki, erməni təbliğat maşını absurdu reallıq kimi təqdim etmək istəyir, lakin dünyada məntiqdən məhrum olmayan insanlar doğrunu yalandan ayıra bilirlər.

Təqdimat mərasimində Qafqaz və Kiçik Asiya Mərkəzinin direktoru Şəlalə Həsənova bildirib ki, sayt bir çox əcnəbi ekspertlərin və tarixçilərin müraciət etməsi üçün rus dilində yaradılıb. Onun sözlərinə görə, saytın Azərbaycan və ingilis versiyaları da hazırlanacaq. "Saytın videoçarxına artıq 14 mindən artıq baxış olub", - Həsənova deyib. O qeyd edib ki, saytda yerləşdirilən xəritədə ermənilər tərəfindən dəyişdirilmiş azərbaycan toponimləri yerləşdirilib.

Tarixçi professor Rauf Hüseynov bildirib ki, hazırkı Ermənistan ərazisində olan abidələrin araşdırılmasına ehtiyac var.

Geri dön