Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Göyçə şairlərindən İsmixan Didərgin
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Qərbi Azərbaycan-İrəvan, DAVAMın yazıları > Göyçə şairlərindən İsmixan Didərgin

Göyçə şairlərindən İsmixan Didərgin


Ulu Türk toprağı olan Göyçənin qələm sahiblərindən biri də şeirləri el aşıqlarının sazında-sözündə səslənən İsmixan Didərginin “Ayırdılar qucağından Göyçənin” kitabına nəzər yetirdim. 1992-ci il “YAZIÇI” nəşriyyaı tərəfindən çap edilən bu şeirlər toplusuna görkəmli şair Məmməd Aslan əldən gedən ulu torpaqlarımız haqqında ürək yanğısı ilə ön söz yazmışdır. Elsevər Şairimiz Məmməd Aslan İsmixan Didərgin yaradıcılığının Aşıq Ələsgər ocağının qayaqlarından olduğunu vurğulamışdır: Göyçə mahalı ilə yanaşı məkrli düşmən tərəfindən qarmalanmış ellərimiz, obalarımız da ümumi dərdimizdir, deyə qəmli bəlağələr söyləmişdir. Təbiət, cəmiyyət hadisələrini bəddii ibarələrə çevirməkdə çox mahir olan Məmməd Aslanın kitaba yazdığı ön sözdən bir abzasa müraciət etməklə fikirimi təsdiq etmək istəyirəm:
“...İsmixan haqqında bu vurnuxmalı siftəliyim də xalqımıza üz vermiş ellik kədərdən. Kədərdən yox, döğrusu, ellik fəlakətimizdən belə düyün düşdü boğazımıza. Yasa gedəndə çox vaxt bir söz tapıb deyə bilmədiyimizdən eləcə gözümüzü döyüb susuruq. Təsəllisiz dərdlər var. Göyçə bizim təsəllisiz dərdimizdir. Bu yerlər dünyamızın əvvəllərindən bizim olub; bu silsilə dağlar, bu gözyaşı kimi dupduru Göyçə gölü bizim nəfəsimizlə isinib. Göyçə Aşıq məktəbi dediyimiz sənətyönlü bölgümüz ruhumuzun söz gözəllikləri fışqırdığı yurdumuzun adını bütün Şərqdə məşhür etmişdir. Beş yüz il bundan əvvəl bu dağlardan dünyaya Miskin Abdalın poetik nəfəsi nəğmə oxumuşdur:

Nəs illərdən satın aldın pis günü.
Çağırdın dumanı, tökdün çiskini,
Gözü yaşlı qoydun Cuda Miskini:
Eylə gülə-gülə tamaşa, dağlar.

Beş yüz əvvəli bu gün dilə gətirən ovqatına baxsan, siz Allah! Dünyanın əvvəlindən bu günə əliyalın qoruyub saxladığımız Göyçəmiz zamanın bu şeytan əsrində su kimi əlimizdən buxarlanıb getdi. Getmədi, getdirdilər. Doğruluğa, duruluğa öyrənmiş bizim ipək təbiətimiz bu şeytan əsrinin şeytanlıqlarını öyrənib mənimsəyə bilmədiyindən başımıza bu fəlakət gəldi. Di gəl təmizliyə, döğruluğa sevin. Bircə Göyçəmi! Göyçə boyda neçə-neçə mahalımızı əsrin nəbzini tutan fürsətkeş qonşularımız dünyanın gözü qabağında əlimizdən dartıb aldılar... Övladları cəlayi-vətən düşdü.”
Bəli, İsmixan Didərgin Göyçənin süquta uğradığı zamanından “didərgin” təxəllüsünü götürdü: bununla da sanki dərdini bölüşmək istədi. Şeirlərində dönə-dönə o ulu diyarın təbiətini niskilliklə yad elədi... Yurdsevər şairin o şeirlərdən biri olan “məni də çağır” rədifli bu təəssüratlarını və “NƏDƏNDİ” Cığalı təcnisini sizə təqdim edirəm:

MƏNİ DƏ ÇAĞIR

Qış günü sovuşub gələndə bahar,
Göylər gah qımışıb, gah ağlayanda,
Dəyişib donunu tikanlı kollar,
Yağış çimdirəndə bizim yaylağı,
Dağ çayı dərədə layla çalanda,
Tovuz tamaşalı göyün qurşağı
Bu dağdan o dağa körpü salanda,
Gördün ki, üfüqdən yerə nur yağır,
Məni də harayla, məni də çağır!

Kəklik oxuyanda qaya başında,
Qartal qayalarda qıy vuran zaman,
Çadırlar ağarıb yalın qaşında,
Çoban tütək çalıb hay vuran zaman,
Həyat qaynayanda, aşıb-daşanda,
Quşlar gözəlliyə nəğmə qoşanda,
Utancaq qızların yanaqları tək
Gördün ki, qızarır döşdə çiyələk,
Uşaqlar qüzeydə göbələk yığır,
Məni də harayla, məni də çağır!

Lalələr torpağa boyun əyəndə,
Gördün ağ çiçəkdən qar yağıb döşə,
Sümbülün saşağı yerə dəyəndə,
Hər səhər dərəndə şehli bənövşə,
Yalın ayağını üşüdəndə şeh,
Saçını yalayıb, oxşayanda meh,
Gördün kimsə yoxdu haman yerdəki
Biz çıxaran bulaq çağlayır, axır,
Bir sənsən, tənhalıq, bir də birdə ki,
Görüş yerimizə uzanır cığır,
Hay salıb aləmə məni də çağır!

Ellər axışanda tarlaya, düzə
Birdən aranızda olmasam əgər,
Bir an iş yerində dəyməsəm gözə...
Məzarım üstünə gəlib hər səhər...
Bir sənsən, tənhalıq, bir də birdə ki,
Ötən günlərimi soraqla bir-bir,
Ömür kitabını varaqla bir-bir...
Elin şad günündə, elin yasında,
Hər kəs gün görəndə öz komasında,
Çılığın bir ah çəkib, qışqırıb-bağır!
Bu gözəl aləmə məni də çağır,
Məni də harayla, məni də çağır!

NƏ DƏNDİ
(cığalı təcnis)

Üç mətahın tamarzısı, acıyam,
Kimsə bilməz nə nemətdi, nə dəndi.
Mən aşığam, nə dəndi.
Danışmırsan nədən di.
Mən ha sənə qurbanam,
Bu dönüklük nədəndi?
Həmdəm üçün naləm ərşə dayanıb,
Dost duymayır əfğanımı, nədəndi?
Üç sevgi var bir ürəkdə bir dənə,
Bir qardaşdı, bir övladdı, bir də nə?
Mən aşığam, bir dənə,
Şəkkin olar birdən ə!
Könül sevən dünyada
Bir dənədir, bir dənə.
Könlüm quşu müşdaq olub bir dənə,
Nə acıdı, nə şirindi, nə dəndi.
Yaxşı dolan, baxma iblis sözünə,
Kişi gərək sərhəd qoysun sözünə.
Mən aşığam, sözünə.
Şirin, şəkər sözünə.
Nakəslərin dünyada
Özü nədir, sözü nə!
İsmixanın təzə düşür sözü ünə,
Görən deyir saçındakı nə dəndi?!

Hazırladı: Niftalı Göyçəli

Geri dön