Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Xarici donor portfelinin hara və necə xərclənməsi tam aydın deyil
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sosial > Xarici donor portfelinin hara və necə xərclənməsi tam aydın deyil

Xarici donor portfelinin hara və necə xərclənməsi tam aydın deyil


Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev “Media forum” saytının suallarını cavablandırıb.


- Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, noyabrın 1-də QHT-lərin qrant layihələrinin qeydiyyatı üçün yeni mexanizm qüvvəyə minməlidir. Noyabrın 1-də yeni mexanizm işə düşəcəkmi?

- Prezident İlham Əliyevin sərəncamında nəzərdə tutulan müddətin başa çatmasına az vaxt qalıb, qrantların qeydiyyatının yeni mexanizmi noyabrın 1-dən sonra hazırlanıb təqdim olunmalıdır. Biz məsələni Ədliyyə Nazirliyinin nümayəndələri ilə birgə müzakirə etmişik. Hazırda ciddi və intensiv iş gedir.

QHT qanunvericiliyinə edilən bəzi əlavə və dəyişikliklər, yeni normalar bir qrup həmkarımızı narahat edir. Hesab edirəm ki, yeni qanunların qəbul olunmasından, qanunvericiliyə edilən əlavə və dəyişikliklərdən narahat olmaq üçün ciddi əsas yoxdur. Əsas məsələ qanunların icra mexanizmini təkmil və işlək formada təşkil etməkdir. Mənim təklifim ondan ibarətdir ki, qrantların qeydiyyata alınması sadə, şəffaf, aşkar və çevik olsun. Qrantın qeydiyyatı üçün müraciət edən bütün QHT-lər qanunvericiliklə müəyyənləşdirilmiş normalar və zaman çərçivəsində lazım olan sənədi ala bilməlidir.

Ədliyyə Nazirliyinin müvafiq idarələrinin rəhbərləri ilə müzakirələr zamanı onların da fikri belə oldu ki, son aylarda yaşanan bəzi texniki çətinliklər də aradan qalxacaq, elektron xidmət tətbiq olunacaq, lazım olan bütün məlumatların alınması, qeydiyyatı elektron formada həyata keçiriləcək. Fəaliyyətlərini qanunun tələbləri əsasında quran QHT-lər layihələrini Ədliyyə Nazirliyindən qeydiyyatdan keçirib banka təqdim etməli olduqları bildirişi almaq üçün müəyyənləşdirilən müddət ərzində hər hansı bürokratik əngəllə, çətinliklə üzləşməyəcəklər.

- Milli Məclisin QHT qanunvericiliyinə etdiyi bir dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanı qrant layihəsinin məqsədəmüvafiqliyinə dair rəy verməlidir. Çox güman ki, müvafiq icra hakimiyyəti deyəndə Ədliyyə Nazirliyi nəzərdə tutulur. QHT-lər dəyişiklikdən narahatdırlar. Bu dəyişiklik bürokratik əngəllərə, məmur süründürməçiliyinə, şəxsi kontekstdə qiymətləndirməyə səbəb ola bilərmi?

- Əslində burada o qədər də ciddi bir yenilik yoxdur. Çünki hazırda qüvvədə olan qanunvericiliyin tələblərinə görə, xarici QHT-lər və donor təşkilatlar Azərbaycanda özlərinin filial və nümayəndəliklərini açan zaman müvafiq icra hakimiyyəti orqanından razılıq almalıdırlar, saziş imzalamalıdırlar. Bütün fəaliyyət sahələri, növləri, istiqamətləri, qrant layihəsinin məqsədi həmin sazişdə əks olunmalıdır, orada göstərilməlidir, dövlətlə razılaşdırılmalıdır. Bu mənada qrant proqramının məqsədəmüvafiqliyi haqqında rəyin alınması məsələsinə saziş imzalanan zamanı paket şəklində də baxıla bilər. Sual oluna bilər ki, bütün bunlar dövlətlə niyə razılaşdırılmalıdır? Çünki dövlət bilir ki, bu gün Azərbaycanın daha çox nəyə ehtiyacı var və bu ehtiyacları aradan qaldırmaq üçün qrant layihələri hansı istiqamətlərə yönəldilməlidir, xarici donorlar, resurslar burada hansı rol oynaya bilər. Regionların inkişafı, yoxsulluğun azaldılması, təhsilin, səhiyyənin inkişafı, peşə sahəsində bilik və bacarıqların artırılmasını götürək. Dövlət bilir ki, bu sahələrdə nəyə daha çox ehtiyac var. Ona görə də dövlət xarici tərəfdaşlarını daha çox ehtiyac duyulan sahəyə qrant vəsaiti ayırmağa yönəldə bilər. Bu isə imkan verəcək ki, xaricdən daxil olan vəsait daha rasional, effektiv, səmərəli formada istifadə olunsun.

Eyni zamanda bu, donor təşkilatlar üçün yeni bir fürsətdir. Onlar fürsətdən istifadə edib özlərinin saf niyyətlərini, şəffaf fəaliyyət göstərdiklərini bir daha təsdiq və təqdim etsinlər. Hesab edirəm ki, açıq, şəffaf olan, Azərbaycanın maraqlarının qorunması, cəmiyyətin inkişafı, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi naminə fəaliyyət göstərən donor təşkilatlar sadə formada və bir neçə gün ərzində özlərinin prioritet portfellərini təqdim edə biləcəklər. Müvafiq rəy əldə etdikdən sonra öz fəaliyyətlərini maneəsiz olaraq təşkil edə biləcəklər. Ona görə də qrant layihəsinin məqsədəmüvafiqliyinə dair rəy verilməsində hər hansı siyasi çalar görmürəm, burada siyasi məqsəd yoxdur.

Bir daha təkrar edirəm ki, qeyd edilən dəyişiklik effektiv koordinasiya, resurslardan səmərəli istifadə və şəffaflığın təmin olunması prinsiplərinə əsaslanır, bunları nəzərdə tutur. Təbii ki, bura milli təhlükəsizliyi də əlavə etmək olar. Çünki Azərbaycanda radikal dini qruplaşmalar, terror təşkilatlarına dəstək vermək istəyən, daxildən və xaricdən qızışdırılan qüvvələr var. Bütün bunları qanunvericilik əsasında tənzimləmək lazımdır. Qanunvericilikdə bu sahədə müəyyən boşluqlar var idi və indi onu aradan qaldırırıq.

- 2013-cü ildə Azərbaycan QHT-ləri xaricdən nə qədər qrant alıb?

- 2013-cü ildə Azərbaycan QHT-lərinin illik büdcəsi 65 milyon manatdan çox olub. Bunun təxminən 35 faizi xarici donorların payına düşür. Gəlin etiraf edək ki, 22 milyon manatdan çox təşkil edən xarici donor portfelinin hara və necə xərclənməsi tam aydın deyil. Son illərdə Azərbaycanda həyata keçirilən elə qrant layihələri var ki, onlar haqqında məlumatı yalnız Baş Prokurorluğun apardığı araşdırmalar zamanı öyrənmişik. Məncə, bu bizim hamımızı narahat etməli və düşündürməlidir. Məsələn, siz necə baxırsınız: bəzi beynəlxalq təşkilatlar gəlib Azərbaycanda layihə həyata keçirir, sonradan bəlli olur ki, onlar təslimçiliyi təbliğ edirlər, Ermənistanla sərhədyanı bölgələrdə və cəbhə xəttində yaşayan insanların əhval-ruhiyyəsini, müharibəyə münasibətini, işğal olunmuş əraziləri azad etmək üçün müharibə başlanacağı təqdirdə sərgiləyəcəkləri davranışı, ictimai-siyasi proseslərə münasibətlərini öyrənirlər. Bunlar kimə lazımdır, hansı ölkənin marağındadır, bunu kimlər sifariş edir? Cavab hamıya bəllidir. Ona görə də həmin təşkilatlara deyirik ki, əgər burada fəaliyyət göstərmək istəyirsinizsə, nə etmək istədiyinizi əvvəldən açıqlayın və bunu dövlətlə razılaşdırın.

- Yeni mexanizm qüvvəyə minəndən sonra da QHT-lər əvvəllər olduğu kimi xaricdən qrant ala biləcək?

- Birmənalı şəkildə alacaqlar. Axı yeni mexanizm xarici qrant layihələrinin Azərbaycanda icrasına qadağa qoymur, bunu arzuolunmaz fəaliyyət növü elan etmir. Əlbəttə, burada qanuna edilmiş əlavə və dəyişikliyin mahiyyətini anlamaq və onu təhrif etməmək lazımdır.

Bir də bu layihələrə şərh verən zaman xoş niyyət və obyektivlik də çox önəmlidir. Qərəzli yanaşma olmasa beynəlxalq və yerli ictimaiyyət məsələnin mahiyyətini tam biləcək və bunları anlayışla qarşılayacaq.

Onu da qeyd edim ki, qrant vəsaitlərindən səmərəli və effektiv şəkildə istifadə təkcə xarici donorlara aid olmamalı, bu həm də yerli donorlara şamil edilməlidir. Deməliyəm ki, dövlət büdcəsi hesabına qrant proqramları həyata keçirən qurumların fəaliyyətinin effektiv şəkildə əlaqələndirilməsinə və vəsaitlərin daha rasional xərclənməsinə ciddi ehtiyac var. Bu gün elə dövlət qurumları var ki, eyni sahəyə və eyni təşkilatlara dəfələrlə böyük məbləğdə qrant ayırır. Hesab edirəm ki, belə halların aradan qaldırılması, dövlət qurumlarının ayırdığı qrant vəsaitlərinin səmərəli və şəffaf istifadəsi üçün yeni mexanizmlər haqqında düşünməliyik.

- Qrantın yeni qeydiyyat qaydaları qüvvəyə minəndən sonra bank hesabları üzərində həbs olmayan QHT-lər hesablarından pul çıxara biləcəkmi?

- Məhkəmə qərarı ilə bank hesabına həbs qoyulan təşkilatlar aparılan istintaqın başa çatmasını gözləməlidirlər. Bank hesabları məhkəmə qərarı ilə açıla bilər. Hazırda Baş Prokurorluq istintaq aparır və istintaq başa çatandan sonra bütün məsələlər tənzimlənəcək. İndi qəbul edilən qərarlara mövcud suallara tam aydınlıq gətiriləndən sonra yenidən baxılacaq. Şuranın mövqeyi budur ki, bu məsələlərə tezliklə aydınlıq gətirilsin və heç bir qanun pozuntusuna yol verməyən QHT-lər maneəsiz bank əməliyyatlarını bərpa etsinlər.

- QHT-lər neçə günə bildirişi ala biləcəklər?

- Bununla bağlı böyük zaman tələb olunmur. 7 iş günü ərzində bildirişin verilməsi mümkündür.

- Azərbaycan donorların adlı siyahısına keçə bilərmi? Yəni bir siyahı tutulur, orada olan təşkilatlardan qrant almaq qanuni sayılır, qalanlarına qadağa qoyulur...

- Xeyr. Bütün donorlara fərdi və bərabər yanaşılacaq və onların fəaliyyəti yalnız qanunvericiliyə uyğun olaraq tənzimlənəcək.

- Azay müəllim, hökumət yerli QHT-lərin imkanlarını genişləndirmək üçün QHT-lərə Dövlət Dəstəyi Şurasına ayrılan vəsaiti artıra bilərmi?

- Dövlət büdcəsindən şuraya ayrılan vəsaitin artırılmasına ciddi ehtiyac var. Oktyabrın 16-da QHT-lərlə dövlət qurumlarının dialoqunu təşkil etdik və müzakirələrdə QHT nümayəndələri şuraya ayrılan vəsaitin azlığından narahatlıq ifadə etdilər, bunun artırılması məsələsini qaldırdılar. Mən də hesab edirəm ki, şuraya ayrılan vəsaitin bir neçə dəfə artırılmasına ehtiyac var. Dövlət büdcəsindən bizə ayrılan vəsait o həddə çatdırılmalıdır ki, vətəndaş cəmiyyəti qurumları maliyyə qıtlığı, problemi yaşamasınlar.

Milli Məclis noyabr ayında 2015-ci ilin dövlət büdcəsini müzakirə edəcək və imkan olsa QHT sektorunun şuraya vəsaitin artırılması haqda təklifini parlamentin və hökumətin diqqətinə çatdıracam.

Geri dön