Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azər Həsrət: - Bir daha ordu və informasiya haqqında
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hərb, DAVAMın yazıları > Azər Həsrət: - Bir daha ordu və informasiya haqqında

Azər Həsrət: - Bir daha ordu və informasiya haqqında


Dünən Azərbaycan Ordusu öz tarixində çoxdan gözlənilən bir əmələ imza atdı. Ermənistan işğalçı qüvvələrilə təmas xəttində Ermənistan ordusuna aid hərbi vertolyot vuruldu. Təbii ki, olay ölkə içində, ölkə dışında çox diqqət çəkdi. Çəkməliydi də. Çünki sıradan bir olay deyildi.

Bu olay onu göstərdi ki, Azərbaycan Ordusu, Azərbaycan Əsgəri sözdə deyil, əməldə döyüşə tam hazırdır. Yayımlanmış videoya baxanda bunu tam aydın görmək mümkündür. Çünki bizim əsgərlərimizin Ermənistan hərbi vertolyotunu vurmaq üçün heç elə də əziyyət çəkmədiyi görünür. Bir neçə saniyəlik hazırlıq və ardından də yüzdə yüz dəqiq atəşlə düşmən vertolyotu öldürücü zərbəylə vurulur. Bu, çox yüksək göstəricidir. Özü də döyüş şəraiti üçün həqiqətən də hava və su kimi lazımlıdır.

Bu atışda hədəfdən yayınma faizi sıfırdır! Olduqca yüksək göstəricidir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Ordusu 20 ildir bu cür silahlardan istifadə etmədən atəşkəs rejiminin qorunmasına çalışır və təbii ki, təcrübə kasadlığı özünü göstərə bilərdi. Amma gördük ki, heç bir kasadlıqdan söhbət gedə bilməz, əksinə, yüksək peşəkarlıq ən əla formadadır.

Bu olay Ordumuzun hazırlıq səviyyəsini göstərməklə bərabər bir gerçəyi bir daha üzə çıxardı: biz informasiya məsələsində yenə də axsayırıq!

Bakıda oturmuşuq, xəbər bizə çatıb, az sonra ayrıntıların olacağı haqda vədlər verilir və bu anda Berlində oturmuş Həbib Müntəzir adlı birisi olayın videosunu paylaşır! Bunun adı nədir?!

İndi kimsə düşünməsin ki, bununla Həbibə hücum etmək fikrim var. Əsla! Çünki Həbibin o videonu yaymasına qədər olan mərhələni incələmədən fikir söyləmək yanlış olardı.

Videodan anlayırıq ki, əsgərlərin bir neçəsi düşmən vertolyotuyla məşğulkən başqa birisi cib telefonuyla çəkiliş aparır!

Aparsın, etiraz etmirik!

Amma bu çəkiliş niyə səngərdən birbaşa Həbib Müntəzirə göndərilir?

Müdafiə Nazirliyinə bağlı bir əsgərin birbaşa səngərdən bu cür reportaj verməsinə niyə şərait var?

Üstəlik, niyə əsgərlərimiz hələ də bilmirlər ki, xəbərin pis və ya yaxşı olmasına baxmayaraq onun yayılması, özü də təmas xəttindən, düşmənlə üz-üzə mövqedən yayılması qətiyyən yolverilməzdir?

Məgər bu ilin avqust olayları zamanı bu məsələni geniş ictimaiyyət müzakirə edib bu qənaətə gəlmədimi ki, orduyla bağlı xəbərlər yalnız və yalnız Müdafiə Nazirliyindən yayımlanmalıdır?

Niyə əsgərlərimizin arasında hələ də bunu anlamaynlar var?

Niyə ordumuzun ayrı-ayrı bölmələrində siyasi-ideoloji işə məsul olan şəxslər əsgərlərə təbliğ etməyib ki, belə özbaşınalıq yolverilməzdir?

Bu cür sualları artırmaq da olar. Amma düşünürəm ki, məsələ ciddi şəkildə Müdafiə Nazirliyində nəzərdən keçirilməli, o videonu sağa-sola paylaşacaq qədər beyinsiz olan əsgərin (və ya komandirin) cəzası verilməlidir!

Üstəlik, bütün ordu qüvvələrinə ciddi təlimat verilməlidir ki, bir daha belə əməl törətmək Vətənə xəyanət kimi qiymətləndiriləcək və müharibə qanunlarıyla cəzalandırılacaq!

Biz unutmamalıyıq ki, atəşkəs olsa da faktiki müharibə durumundayıq və qarşımızdakı da silahlı düşmən ordusudur!

İndi isə təkrar Həbib Müntəzirə qayıdıram. Tamam, o videonu göndərmiş adam beyinsizdir, nə etdiyini anlamır, bəs sənə nə gəlib? Yəni doğrudanmı anlamırsan ki, belə bir video yayınlanmamalıdır? Yəni doğrudanmı ağlın kəsmir ki, düşmənlə üz-üzə duran ordumuzun mövqelərinin açıq əks olunduğu, döyüş taktikasını özündə əks etdirən görüntüləri paylaşmaqla Azərbaycana zərər vurursan? Bəs axı sən iddia edirsən ki, güclü, normal, demokratik Azərbaycan üçün çarpışırsan! Hanı, əlinə düşən ilk videoyla Azərbaycanın bəzi hərbi sirlərini bütün dünyaya faş etdin! İndi iddia etmə ki, bu sirləri qorumaq kimi bir öhdəliyin yoxdur! Var! Əgər sən Azərbaycanı doğrudan da sevən, doğrudan da demokratiya, insan haqları dərdi çəkən birisənsə, bunu etməməliydin! Etdin və bir daha bizi əmin etdin ki, sənin və sənin mənsub olduğun çevrələrin dərdi heç də demokratiya, insan haqları deyil!

Sonda özəl olaraq, altını cızaraq, vurğulayaraq qeyd etmək istərdim ki, təmas xəttindəki əsgərlərin kommunikasiya imkanları mütləq şəkildə hərbi çərçivəyə salınmalıdır. Yəni hər əsgərin cibində bir telefon, internetə çıxışı olmamalıdır. Unutmayaq, internet və cib telefonu açıq səhra kimidir, kimdə varsa, bütün dünya onu görür demək. Döyüşən ordunun əsgərininsə belə açıqda görünməsi qətiyyən yolverilməzdir.

Geri dön