Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Elmar Məmmədyarov: “Ermənistan beynəlxalq birliyin çağırışlarına əhəmiyyət verməməkdə davam edir”
Elmar Məmmədyarov: “Ermənistan beynəlxalq birliyin çağırışlarına əhəmiyyət verməməkdə davam edir” |
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 66-cı sessiyasında çıxış edib.
Nazir Azərbaycanın Baş Assambleyanın 65-ci sessiyasında münaqişələrin sülh yolu ilə nizamlanması, münaqişələrin qarşısının alınması və həlli üçün vasitəçilik rolunun gücləndirilməsinə dair qəbul edilmiş qətnaməni alqışladığını deyib: “Bu sənəddə Baş Assambleyanın bütün üzv ölkələrin BMT Xartiyasında qeyd olunduğu kimi öz öhdəliklərinə ciddi şəkildə sadiq qalmalı olduğu bir daha bəyan edilib və beləliklə də, bütün ölkələrin suverenliyi, ərazi bütövlüyü və siyasi müstəqilliyinə hörmət öhdəliyi bir daha təsdiq edilib. Azərbaycan qətnamədə qeyd olunduğu kimi, daha effektiv vasitəçilik üçün müvafiq təlimata ümid edir və biz bunun işlənib hazırlanmasına tövhə vermək üçün hazırıq”. Elmar Məmmədyarov təəssüflə qeyd edib ki, heç də bütün ölkələr öz beynəlxalq öhdəliklərinə məsuliyyətlə yanaşmır və beynəlxalq hüququn hamı tərəfdən qəbul edilmiş norma və prinsiplərinə əməl etmirlər: “Təqribən 20 ildir ki, biz BMT Xartiyasının və beynəlxalq hüququn digər sənədlərinin Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə qarşı zorakılıq tətbiq etmiş Ermənistan Respublikası tərəfindən kobud şəkildə pozulması ilə qarşı-qarşıyayıq. Bu zorakılığın nəticəsi olaraq, Azərbaycan torpaqlarının 20 faizi hələ də işğal altındadır və təqribən 1 milyon azərbaycanlı qaçqın və köçkün öz torpaqlarına qayıda bilmir. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal, tam şəkildə və şərtsiz olaraq çıxarılmasını tələb edən 4 qətnamə qəbul etdi və Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədlərinin toxunulmazlığını bir daha təsdiq edib. Bu kimi müraciətlər həmçinin digər beynəlxalq təşkilatlar tərəfindən də edilmişdi. Təəssüf ki, Ermənistan dünya ictimaiyyətinin çağırışlarına məhəl qoymamaqda davam edir. Ən narahatedici məqam odur ki, öz xalqını sülh, rifahlı və stabil gələcəyə, qonşu ölkələrlə əməkdaşlığa hazırlamaq əvəzinə, Ermənistan rəhbərliyi gənc nəsilləri yeni müharibələrə, zorakılıq və təcavüzə açıq şəkildə təhrik edir, eyni zamanda, tək Azərbaycana deyil, regionun digər xalqlarına qarşı da düşmənçilik və nifrətin təhlükəli ideyalarını bütün vasitələrlə yayır. Azərbaycanın işğal edilmiş ərazilərində etnik ermənilərin köçürülərək yerləşdirilməsi, eyni zamanda, tarixi və mədəni irsin məhv edilməsi və mənimsənilməsi kimi qanunsuz fəaliyyətlər daha bir ciddi narahatlıq mənbəyidir. Bu kimi fəaliyyətlər işğalın mövcud vəziyyətini daha da möhkəmləndirmək və etnik təmizləmənin nəticələrini və işğal edilmiş ərazilərin kaloniyalaşdırılmasını təmin etmək məqsədi daşımaqla yanaşı, münaqişənin həlli perspektivlərinə də ciddi maneçilik törədir. Daha əvvəl biz Ermənistan Prezidentinin çox aqressiv və qeyri-konstruktiv çıxışının şahidi olduq. O, Ermənistanın destruktiv siyasətini açıq şəkildə təsdiq etdi. Azərbaycanın işğal edilmiş ərazilərində ötən ilin oktyabrında ATƏT-in Minsk Qrupu tərəfindən keçirilmiş Sahə Dəyərləndirmə Missiyası xüsusilə vurğulayıb ki, işğalın mövcud vəziyyəti qəbuledilməzdir və Ermənistan bu ərazilərdə qanunsuz işlərə son qoymalıdır”. Xarici işlər naziri ərazisinin işğalından və yüz minlərlə vətəndaşının zor gücünə köçürülməsindən əziyyət çəkən bir ölkə kimi Azərbaycanın münaqişənin ən qısa zamanda danışıqlar yolu ilə nizamlanmasında ən çox maraqlı olan tərəf olduğunu deyib: “Bizim mövqeyimiz beynəlxalq ictimaiyyətə məlumdur və beynəlxalq hüququn ərazinin güclə alınmasının yolverilməz olduğu, eyni zamanda, qəti və şərtsiz şəkildə rədd olunduğu vurğulanan norma və prinsiplərinə ciddi bağlılıq üzərində qurulub. Həm Azərbaycanın işğal edilmiş ərazilərində, həm də öz ərazilərində azərbaycanlıların tam etnik təmizlənməsini həyata keçirmiş Ermənistan rəhbərliyinin öz müqəddəratını təyin etmə prinsipini tətbiq etmək cəhdləri tamamilə məntiqsizdir. Aydın məsələdir ki, etnik əsasda əhalini öz evindən qovan heç kəs yerdə qalan əhalinin öz müqəddəratını təyin etməsindən danışa bilməz. Azərbaycan qəbul edir ki, xalqların öz müqəddəratını təyin etmək hüququ yalnız və yalnız BMT Xartiyasının məqsəd və prinsiplərinə, eyni zamanda, Helsinki Yekun Aktında öz əksini tapdığı kimi, dövlətlərin ərazi bütövlüyünün də daxil olduğu beynəlxalq hüququn müvafiq normalarına uyğun şəkildə tətbiq edilə bilər. Biz əminik ki, münaqişənin nizamlanması Ermənistan silahlı qüvvələrinin müəyyən olunmuş vaxt çərçivəsində işğal edilmiş ərazilərdən çıxarılması ilə başlamalıdır və kommunikasiyaların bərpası, qaçqın və köçkünlərin öz torpaqlarına geri qayıtması və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağda azərbaycanlıların və ermənilərin sülh şəraitində birgə yaşamaları üçün şərtlərin yaradılması ilə davam etdirilməlidir. Vasitəçilər tərəfindən təklif olunmuş və təəssüf ki, Ermənistan rəhbərliyindən başqa beynəlxalq ictimaiyyətin digər üzvləri tərəfindən qəbul edilmiş bu mərhələli yanaşma regiona davamlı sülh, sabitlik və müəyyənlik gətirə bilər. Azərbaycan hələ də bu çox çətin və həssas danışıqlar prosesinə olan marağını, stimulunu və səbrini qoruyub saxlayır. Biz inanırıq ki, beynəlxalq ictimaiyyət Ermənistan tərəfini beynəlxalq hüququn hamı tərəfindən qəbul edilmiş norma və prinsiplərinə hörmət etməyə və azərbaycanlıların Dağlıq Qarabağ regionu da daxil olmaqla öz torpaqlarında yaşamaq hüquqlarını pozmalarını dayandırmağa inandıracaq. Biz öz növbəmizdə bu regiona Azərbaycan Respublikasının tərkibində olmaqla, özünü idarənin ən yüksək formasını təmin etməyə hazırıq”. Elmar Məmmədyarov çıxışında Fələstin məsələsinə də toxunub: “Azərbaycan BMT-yə üzv ölkələrin əksəriyyəti tərəfindən ifadə olunmuş mövqeyə bağlılığını bir daha bəyan edir. Biz Fələstin xalqı və rəhbərliyi ilə davamlı həmrəy olduğumuzu bir daha bəyan edirik və inanırıq ki, çox vacib və uzun müddətdir davam edən bu məsələdə nailiyyət əldə olunmasının vaxtı çatıb. Fələstinin BMT-də tam şəkildə təmsil olunmasının vaxtı yetişib”. Xarici işlər naziri Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə öz namizədliyini irəli sürdüyünü xatırladıb: “Beynəlxalq sülh, təhlükəsizlik, sabitlik və inkişafın qorunub saxlanılması üçün bundan sonra da tövhə vermək arzusunda olan Azərbaycan BMT Təhlükəsizlik Şurasında 2012-2013-cü illər üçün qeyri-daimi üzvlüyə öz namizədliyini irəli sürüb. Seçkilər cari ilin 21 oktyabr tarixində BMT Baş Assambleyasında keçiriləcək. 2012-ci il Azərbaycanın BMT-yə üzvlüyünün 20-ci ildönümü olması ilə əlamətdardır, lakin buna baxmayaraq, digər Şərqi Avropa ölkələri qrupunun namizədlərindən fərqli olaraq, Azərbaycan heç vaxt Təhlükəsizlik Şurasının üzvü olmaq imkanını əldə etməyib. Azərbaycanın Təhlükəsizlik Şurasına seçilməsi kiçik və inkişaf etməkdə olan ölkələrin aşağı səviyyəli təmsilçiliyinə yeni görünüş verəcək və bu BMT orqanına daha çox balanslaşdırılmış üzvlük anlayışını gətirəcək. Azərbaycan hökuməti BMT-nin bütün üzv ölkələrinə Azərbaycanın BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzvlük üçün irəli sürdüyü namizədliyə göstərəcəkləri dəstəyə görə minnətdar olacaq”. Geri dön |