Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət, Türk dünyası-Turan > Türk dili və rus imperiya siyasəti II HİSSƏ
Türk dili və rus imperiya siyasəti II HİSSƏ |
Müasir dünya maddiliyə aludə olaraq ("pulu o yerə qoy ki, ondan artıq qazanasan" prinsipinə əsasən) elə bir maddi gəlir gətirməyən tarix elminin dünyəvi əhəmiyyətini yaddan çıxarıb, ona diqqətini azaltmışdır.
Əvvəllər qızıl-gümüş tapmaq eşqi ilə arxeologiyaya qoyulan pul və ehtiraslar sönməkdədir. Elmi-texniki inqilab daha çox dəqiq elmlərə yönəldiyindən maddi varlıqlar və çoxlu insan zəkası da humanitar elmlərdən texniki elmlərə keçdi. Ümumiyyətlə, bütün tarix boyu, ayrıca da olaraq son üç-dörd yüzildə tarix elmindən siyasi, ideoloji münaqişələr məqsədi ilə ayrı-ayrı dövlətlər tərəfindən istifadə edildiyindən (kullanıldığından) tarixçilər arasında parçalanma, ciddi fikir ixtilafları yarandı, bundan ən çox itirən biz insanlar və tarix elmi oldu. Tarix elmini elmiliyindən uzaqlaşdırıb ondan siyasi-ideoloji məqsədlə istifadə etmək bəşəriyyətə, sağlam insan düşüncəsinə xəyanətdən başqa bir nəsnə deyildir! Bu sonuncu - 4-cü bənddə dediyimiz olmasaydı onda dəvənin, atın Amerikaya nə vaxt aparıldığını bilənlər onların kimlər tərəfindən, harada əhliləşdirilib aparıldığını da bilmiş və söyləmiş olardılar. Dünyanın bir yerində demək olar ki, qazılmamış, yəni arxeoloji qazıntı aparılmamış yer qalmadığı halda, başqa bir yerində bir-iki qəbiristanlıq və ya kurqan-təpədə qazıntı aparılmış (dediyimiz kimi, qızıl axtarmışlar), bunun ucbatından da ölkələrin və xalqların tarixi birtərəfli öyrənilmişdir. Bu çatışmazlıqların sırasını artıqmaq da olar, ancaq buna ehtiyac duymuruq. Tarix elmi "nə etməli" vəziyyətindən necə çıxmalı, inkişaf startı götürməlidir? Hər bir elm öz tarixini və öyrəndiyi obyektin tarixini öyrənməkdədir və buna məcburdur, çünki bunsuz gərəyincə inkişaf edə bilməz. [Tarix elmi] bu elmlərin tarix baxımından öyrəndiklərini bir yerə toplamalı, onları vahid tarix elminin məlumat mənbəyinə gətirməlidir. Beləliklə, fizikanın tarixini dəqiq və texniki elmlərin öz çiyninə qoyaraq, ara-sıra onlara yardım edib tarixə baxış yolunu göstərməlidir. Bu birincinin fonunda və içində insanın - o böyük və bütün varlıqların, yarananların incisi İnsanın yaranışından bugünədək tarixini öyrənməli və öyrətməlidir. İnsanlığın yaranış, yaşayış və gəlişməsində, dünənində, bugünündə türk insanı çox önəmli rol oynamışdır. Nə yazıq ki, türkün tarixi gərəyincə öyrənilmədiyi üçün onun dilinin tarixi də gərəyincə öyrənilməmiş, başqa-başqa yerlərdə türk dilinə hər ötən kəs istədiyi bir adı vermişdir. Sonucda, yuxarıda göstərdiyimiz kimi, Azərbaycanda türk dili ayrı-ayrı adlar qazanmışdı. Bunun necə bir tarixin törəməsi olduğuna göz yetirsək yalnız və yalnız rus imperiyasının siyasəti ilə bağlı olduğunu görərik. Onda bu, necə olmuşdur? Türk-slavyan toqquşmasının çox uzun və dolaşıq bir tarixi vardır. Slavyanlar türk və Avropa imperiyaları arasında gedən, arada qızışan, arada sakitləşən uzun tarixli müharibə, münaqişə, mübarizə və barışlarda Göytürk imperatorluqlarının tərəfində çıxış edirdi. Bir neçə yüzil davam edən bu böyük tarix qarşıdurmasında slavyanlar din və təlimdə Roma-Bizans imperatorluğunun, hərb, siyasət və dövlət quruculuğunda türk imperatorluqlarının təsiri altına düşmüşdülər. Rus xalqı və rus dövləti belə bir şəraitdə türk, varyaq-norman və slavyan etnoslarının çulğaşmasından, qaynayıb-qarışmasından yarandı. Din və təlim baxımından tam Avropaya dayanan Rusiyanın çarlarını da Avropadan seçməyə başladılar. Alman əsilli, kral nəsilli Mixail (Mişel) Roman Moskva taxtına əyləşdiriləndən (1613-cü il) sonra Moskva Avropanın caynağına keçdi və türk-islam dünyasına qarşı müharibələrdə onun ən güclü alətinə çevrildi. Yeri gəlmişkən, göstərək ki, sovet şovinist rus tarixçiləri dəridən-qabıqdan çıxaraq sübut etməyə çalışırdılar ki, guya "Rusiya" adı XV yüzilin sonu - XVI yüzilin başlanğıcında yaranıb. Buna heç bir sübut-dəlil olmadığı halda, onu bizə "hökm" kimi qəbul etdirmişdilər. Əslində isə Moskva ətrafında yaranan dövlət XVIII yüzildə zaman-zaman Rusiya adlanmağa başladı. XVIII yüzilin başlanğıcınadək Moskva Krım xanlarına töycü verirdi. Uzun danışıqlardan sonra Osmanlı sultanı Moskvanın yalvarışlarına qulaq asıb Krım xanlarından xahiş etdi ki, Moskvadan daha töycü almasınlar. Krım xanları Türkiyənin bu xahişini yerinə yetirdilər. I Pyotrun Prut yaxınlığında Osmanlı orduları tərəfindən mühasirəyə düşməsi və mühasirədən qadın və qızılın gücünə çıxması (1711-ci il), sonradan Pyotrun Dərbəndə - Azərbaycana hərbi yürüşünün tam məğlubiyyətlə nəticələnməsi Moskvanın tarixi məğlubiyyətləri olsa da rusların türklərə qarşı gərəkli bir silah olacağını Avropaya bir daha anlatdı. Məhz Pyotrun vaxtından etibarən Avropa Rusiyanı hərtərəfli dəstəkləməyə başladı, Rusiya addım-addım türk torpaqlarını udaraq XVIII yüzildə imperiyaya çevrildi. XIX yüzilin birinci yarısında dünyaya iki imperiya meydan oxuyurdu: Böyük Britaniya və Rusiya. Rusiya imperiya qurmağı Britaniyadan öyrənirdi. Hər ikisi Asiyanı işğala girişmişdi. Həmin yüzilin ilk başlanğıcında Rusiya Uzaq Doğu, Mərkəzi və Orta Asiya və Qafqazda, Britaniya isə Çin, Hindistan və s. yerlərdə fəal işğalçılıqla məşğul idilər. Rusiya 1803-cü ildə Qacarlarla müharibəyə başladı və Azərbaycanın quzeyinə ordu çıxardı. Azərbaycanın ən böyük faciəsi başlandı. XVIII yüzildə xanlıqlara bölünmüş Azərbaycan rus işğalına qarşı öz qüvvələrini bir mərkəz ətrafında toplaya bilmədi. Azərbaycan türkləri Rusiyaya qarşı amansız və rəşadətli mübarizə aparırdı. Doqquz il davam edən müharibədə rusların böyük hərbi qüvvələri darmadağın edildi, bir çox rus generalları öldürüldü. Müharibənin gedişində həlak olan Gəncə xanı Cavad xan, vəliəhd Abbas Mirzə Qacar böyük qəhrəmanlıq göstərmiş, xalq onlara şer və dastanlar qoşmuşdu. İngiltərəni çıxmaq şərti ilə 1812-ci ilədək bütün Avropanı işğal edən Fransa - I Napoleon Bonapart həmin il Rusiyaya hücuma keçdi. Bəlli olduğu kimi, Fransa-Rusiya müharibəsi üç il çəkdi və Rusiya Fransanı darmadağın edib Parisə girdi. Bunları yazmaqda məqsədim odur ki, Napoleon imperiyasını üç ilə darmadağın edən Rusiya on il müharibə apararaq Azərbaycanın Arazdan quzeyə, İrəvan xanlığını və Naxçıvanı çıxmaqla, yalnız beşdə birini qoparmağa nail ola bilmişdi. Bu, Azərbaycan türklərinin Rusiya imperiyasına qarşı müharibəsinin necə sərt və dönməz olduğuna ən tutarlı sübutlardan biridir. Bunu rus imperiyası açıq-aydın [dərk edirdi. Çox keçmədən tatarlar və] azərbaycanlılar (azerbaydjantsı) termininin, gələcəkdə isə "Azərbaycan dili" anlayışının yaradılmasına ilkin təkan buradan başladı. Ruslar işğalçı ordularının tərkibində Azərbaycana müxtəlif mütəxəssislər göndərmişdilər (Rusiya bunu Britaniya və Fransadan öyrənmişdi); işğal ordularının tərkibinə yerləşdirilən tarixçi, coğrafiyaçı, təbiətşünas, həkim, etnoqraf və müxtəlif sahələr üzrə ekspertlər işğal olunan ölkə və xalq haqqında hərtərəfli tədqiqat, araşdırma aparır, mərkəzi hakimiyyətə məlumat, hesabat, təqdimat, təlimat və s. yazır, imperiyaların işğal etdikləri ölkələrdə siyasətlərinin müəyyənləşməsində əsas rol oynayırdılar. Rusiya imperiyası öz siyasətini belə müəyyənləşdirirdi: Bütün imperiyalar kimi ayır-buyur, yəni böl-ağalıq et siyasəti yürütmək. Rusların ağalığını təmin etmək. Rusardan sonra həm Rusiyada, həm də işğal edilmiş torpaqlarda yaşayan başqa xristianları ruslara yardımçı və darğa etmək. Çoxsaylı xalqları idarə etmək və itaətdə saxlamaq üçün onların içərisində yaşayan azsaylı toplumlardan maksimum istifadə etmək. Çoxsaylı xalqların içindən rus imperiyasına "sadiq" xidmətçilər, kölə-məmurlar tapmaq. Xalqlar arasında düşmənçilik yaratmaq, ayrı-ayrılıqda hər birinə rusların dost, qardaş olduğunu təbliğ etmək. Hind-Avropa xalqlarının birliyi nəzəriyyəsini əsas tutaraq onların hamısını, hətta samiləri də türklərə qarşı yönəltmək. Müsəlmanlar arasında təriqət, məzhəb ixtilaf və davası salmaq, bunun üçün hətta çarın xəzinəsindən qızıl pul xərcləmək. İşğalçılıq siyasətində rus qadınından hər cür istifadə etmək. Rus çarı Yekaterina demişdir: "Rus qadınının ayağı dəyməyən yeri rus generalı ala bilməz!". İmperiya ağır duruma düşdükdə işğal etdiyi torpaqların elə hissəsini güzəştə getmək ki, sonralar onu geri almaq asan olsun. Dünyada xristianların müdafiəçisi kimi çıxış etmək. Avropaya inanmamaq, ancaq ondan yararlanıb Asiyanı işğal edərək isti sulara çıxmaq. İşğal altına alınmış qeyri-xristianları xristianlaşdırmaq, hərtərəfli assimilyasiyaya uğratmaq. Rusiyaya qonşu ölkələri işğal etmək və gələcəkdə onları Rusiyaya birləşdirmək. (Bu sonuncu prinsipdə Rusiya Britaniyadan çox fərqlənirdi. Britaniya işğal siyasətini özündən çox-çox uzaqda - ərəb ölkələrində, Hindisanda, Çində, Avstraliyada və s. apardığı halda, Rusiya gücü çatan bütün qonşuların torpaqlarını amansız zəbt edir, özünə birləşdirirdi). Rusiya bütün bu müstəmləkə üsullarını bu və ya başqa formada Azərbaycana tətbq etmişdi. 1800-cü ildən 1853-cü ilədək (Krım müharibəsinin başlanmasınadək) Rusiya bir imperiya kimi çox güclənmişdi. Bu dövrdə bir yandan Qafqaz, Azərbaycan və Osmanlı imperatorluğuna, başqa bir yandan Avropaya qarşı müharibələr apararaq işğal ərazilərini həddən artıq genişləndirmiş, üçüncü yandan Sibiri və Orta Asiyanı tam işğal etmək üçün böyük hazırlıqlar görmüşdü. Rusiya 1801-ci ildə Gürcüstanı, 1803-1813 və 1826-1828-ci illərdə Azərbaycanın quzeyini işğal etmiş, 1812-1815-ci illərdə Fransanı məğlub edib İngiltərəni çıxmaqla, bütün Avropanı öz təsiri altına salaraq "dünya jandarmı" olmuşdu. Osmanlılar, Qacarlar - Azərbaycan türkləri və bir sıra Qafqaz xalqları Rusiyanın barbar işğalını qəbul edə bilmirdilər. 1839-cu ildə Türkiyədə orduda və ictimai-siyasi həyatın bir çox sahələrində islahatlar keçirilməyə başlandı. Gülxanə xətti-şərifi adı ilə tanınan bu islahatlar Osmanlı imperatorluğunu bir sıra geriliklərdən qurtarır, onu Avropaya yaxınlaşdırırdı. (davamı gələn sayımızda) Əbülfəz Elçibəy Geri dön |