Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > «İran parlamenti parlament deyil, hərbi idarədir»
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan-Təbriz > «İran parlamenti parlament deyil, hərbi idarədir»

«İran parlamenti parlament deyil, hərbi idarədir»


Əkbər Ləkestani: «İran məhkəmələrində qərarı hakim yox, «Ettelaat» verir»

«Güneylə Quzey Azərbaycanı heç bir qüvvə bir-birindən ayıra bilməz»

Müsahibimiz 2010-cu ildən ABŞ-da yaşayan soydaşımız, jurnalist Əkbər Ləkestanidir.



- Özünüz haqqında qısa məlumat verərdiniz.
- 1968-ci ildə İranın paytaxtı Tehran şəhərində anadan olmuşam. Ali təhsilimi də elə bu şəhərdə almışam, fotojurnalistika fakültəsini bitirmişəm. İrandan tərk edənə qədər də ixtisasım üzrə fəaliyyət göstərmişəm. «Etimad» və başqa bir neçə qəzetlərlə əməkdaşlıq edirdim.

- İranda Azərbaycan türklərinin hüquqları əsasən hansı sahələrdə pozulur?
- Bir çox hüquqları pozulur. Orada yalnız bizim yox, digər millətlərin də haqları tapdalanır. Demək olar ki, ölkədə yaşayan 70 milyonun hüquqları pozulur. Amma türklərin, ərəblərin, kürdlərin, bəluçların, lorların hüquqları daha çox tapdanır. Ana dilimizdə təhsil ala bilməməyimiz beynəlxalq konvensiyalara görə də ən böyük hüquq pozuntularından biridir. Haqlarımızı demokratik və sivil yollarla da tələb etməyimizə icazə verilmir. Kim hüququnu müdafiə etsə, rejim tərəfindən ağır basqılarla qarşılanır. Mən hazırda ABŞ-ın Kaliforniya ştatının San-Fransisko şəhərində yaşayıram. Burada ispandilli meksikalılar çox olduğundan sənədlər iki dildə yazılır. Kağızların bir üzü ingiliscə, digəri isə ispan dilində yazılır. Amma İranda öz tarixi torpaqlarında yaşayan 30 milyondan çox azəri türkü üçün belə bir hüquq tanınmır. ABŞ-da hansı idarəyə getsək, orada tərcüməçiləri tapmaq olur. İranda isə dövlət idarələrində tərcüməçilər işləmir. Vətəndaş mütləq fars dilini bilməlidir, yəni qeyri-farsların bu cür dil məcburiyyəti var.

- Bütün ölkə əhalisinin haqlarının pozulduğunu qeyd etdiniz. Yəni farsların da hüquqları pozulur?
- Rejimdən narazı olan farslar da var. Onlar da həbs olunur, işgəncələrə məruz qalırlar, təcavüzə uğrayırlar. Onlar da azadlıq, demokratiya istəyirlər. Azad şəkildə sözlərini deyə biləcəkləri sivil toplumda yaşamaq, vətəndaşlar arasında bərabər hüquqların təmin olunmağını istəyirlər. Bir çox hüquqlar var ki, yalnız sistemdə çalışan məmurlara tanınır. Onlar sosial cəhətdən yaxşı yaşayır, maddi sıxıntı çəkmirlər. Halbuki çalışdığı yerdən və ixtisasından asılı olmayaraq, sosial rifah hər bir ölkə vətəndaşının haqqıdır.

- İranda jurnalist kimi fəaliyyət göstərmisiniz, bu problemləri, insanların hüquqlarının pozulması faktlarını işıqlandıra bilirdinizmi?
- İranda diktator rejimi söz azadlığının qarşısını alır. Media ciddi nəzarət altındadır və rejimin əleyhinə heç bir tənqidi informasiyaya, yazılara yer verilmir. Bu qadağa İranda fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin bütün sahələrinə aiddir. Kim qarşı çıxarsa, həbslə nəticələnir. Odur ki, millətimizin üzləşdiyi hüquq pozuntularıyla bağlı yazılarımı İran mətbuatı dərc etmirdi. Bununla belə, mən jurnalist fəaliyyətimdən başqa istiqamətdə istifadə edib dünya mediasına hüquq pozuntularıyla bağlı xəbər ötürürdüm. Məsələn, müsahibələr verirdim və ya yazılarımı göndərirdim. Bir çox xarici elektron mediada rejim əleyhinə verdiyim müsahibələrim yayımlandı, İranla bağlı xəbərlər verildi. Mən jurnalist olduğumdan dəfələrlə İran parlamentində olmuşdum. Parlamentdə çox sayda yerli və xarici jurnalistlər də olurdu. Mənim milli haqlarımızla bağlı yazılarım İranda dərc olunmadığından bu məlumatların başqa vasitə ilə yayılmasının yolunu tapdım. Parlamentdə xarici ölkə jurnalistlərilə təmas qura bildim. Orada təxminən 30-dan çox yerli və xarici media qurumlarının nümayəndələri vardı. Məmurlar xəbər tutana qədər başladım jurnalistlərə İranda pozulan insan haqlarından danışmağa. Dedim ki, vətəndaşlar hüquqlarını tələb edir, aksiyalar keçirir, amma rejim nümayişçilərə atəş açır, milli fəallar həbs olunaraq işgəncələrə məruz qalır və s. Onu da söylədim ki, bura parlement deyil, hərbi idarədir. Millət vəkilləri İranın hüquq-mühafizə orqanlarına xidmət edən adamlardır, bunlar xalqın istəyi ilə seçilməyiblər, təyin olunublar. Odur ki, millət yox, sistem vəkilləridir. Mən bunları danışırdım ki, bir müddət sonra məmurlar gəlib məni parlamentdən çıxardılar. Jurnalistlərin yanında mənə heç nə etmədilər, amma bayıra çıxaran kimi əllərimi qandallayıb apardılar. Məni o qədər döyüb fiziki işgəncələr verdilər ki, 5-6 saat huşsuz qaldım. Amma jurnalistlərlə görüşüm çox faydalı olu. Nəinki xarici, hətta yerli KİV-də də müsahibələrim yayımlandı. Zindanda nə qədər ağır işgəncələrə məruz qalsam da, məqsədimə çatdığım üçün sevinirdim. Millətimizin pozulan haqları ölkə və dünya ictimayyətinə çatdırıldı, bir müddət medianın gündəmində qaldı.

- Hansı ittihamla mühakimə olundunuz?
- Mənə qarşı sistemin əleyhinə çıxmaq və təbliğat aparmaq və Azərbaycan türklərini hakimiyyətə qarşı çıxamağa təhrik etmək kimi ittihamlar irəli sürmüşdülər. 40 min ABŞ dolları məbləğində zəmanətlə müvəqqəti azadlığa çıxdım, sonra məhkəməm keçirildi. Məhkəmədə mənə vəkil tutmağa icazə verilmədi.

- Bəs məhkəmədə özünüzü müdafiə etmək üçün sizə söz haqqı tanıdılar?
- İranda məhkəmələr müstəqil deyil, «Ettelaat»dan asılıdır. Odur ki, formal olaraq məhkəmə qurulur, müttəhimə söz verilir, hakim danışır. Amma qərar «Ettelaat»ın göstərişi ilə çıxarılır. Hakim sadəcə idarə olunan oyuncaqdır. Buna görə də məhkəmənin keçirilməsi, gedişatı, proseslərdə kimin nə dediyinin, vəkilin olub-olmamasının heç bir əhəmiyyəti yoxdur, «Ettelaat» hansı cəza tələb etsə, hakim də o qərarı verir. İran məhkəmələri tamaşadan başqa bir şey deyil.

- İrandan neçə ildir çıxmısınız?
- Üç il olar. Bir ildir ki, ABŞ-da yaşayıram. Burada da jurnalist fəaliyyətimi davam etdirirəm. Amerikada fəaliyyət göstərən bəzi informasiya saytlarının fars dilində bölmələri var. Ora yazılar yazıram. Amerikada yaşayan farslar var. Bəzi yazılarımı da tərcümə edib ingilis dilində yayımlayırlar. Çox təəssüf ki, fars dilində təhsil aldığım üçün Azərbaycan türkcəsində səlist yaza bilmirəm. Ona görə də fars dilində yazmaq məcburiyyətindəyəm. Amma 2 il Türkiyədə qalanda övladlarım türk dilində yazmağı öyrəndilər. Sevinirəm ki, onlar türkcə yazıb-oxumağı yaxşı bacarırlar.

- Yəqin ki, hazırda jurnalist fəaliyyətinizdə Güney Azərbaycan mövzusu yer alır?
- Əlbəttə. Urmiya gölündə yaranmış ekoloji fəlakət və bunun nəticəsində yaranan problemlər, eləcə də İranda mövcud diktator rejiminin basqıları, soydaşlarımızın milli və vətəndaş hüquqlarının pozulması haqqında yazıram. Ötən gün BMT-nin baş katibi Ban Ki Muna məktub yazaraq İranda milli fəalların qanunsuz həbsindən, siyasi məhbuslara zindanlarda verilən işgəncələrdən bəhs etmişdim.

- Mediada Güney Azərbaycan mövzusunun yer alması milli mübarizəyə necə təsir edir?
- İstər yerli, istərsə də xarici KİV-də İrandakı diktator rejimi, qanunsuz həbslər, vətəndaş haqlarının pozulmasıyla bağlı informasiyaların verilməsi çox əhəmiyyətlidir. Media informasiya ötürücüsüdür. Onun vasitəsiylə ölkə və dünya ictimayyəti məlumat əldə edir. Nə qədər çox hüquq pozuntusu gündəmə gətirilsə, informasiyalar yayılsa, bir o qədər də milli mübarizəyə kömək olar. Çünki məlumat blokadasında saxlanılan Güney Azərbaycanın informasiya dəstəyinə çox ehtiyacı var. Digər tərəfdən insanlar maarifləndikcə mübarizəyə daha çox qoşulurlar. Əvvəllər millətimiz hüquqlarından xəbərsiz idi, amma öyrənəndə ki, bizim də ana dilində məktəbimiz, televiziyamız, qəzetimiz olmalıdır, bunları tələb etməyə başladılar. Hüquq və azadlıqlardan xəbəri olmayan insanlar haqlarını necə tələb edə bilərlər? Bunun üçün ilk növbədə hüquqi maarifləndirmə olmalıdır ki, bu işdə ən faydalı vasitələrdən biri elə mediadır. Güney Azərbaycanda soydaşlarımız məruz qaldıqları hüquq pozuntularını öyrəndikcə milli oyanış baş verir. Rejimin qorxusu da bundadır. Odur ki, türkləri keçmişindən ayırmaq, milli kimliyindən uzaqlaşdırmaq üçün ana dilində təhsildən məhrum edir, haqlarını tələb edən, millətimizi oyatmağa çalışan milli fəallara qarşı amansız təzyiqlər göstərir. Rejim Güney Azərbaycanın tək elmi-mədəni deyil, eyni zamanda sosial-iqtisadi inkişafının da qarşısını almağa çalışır. İstəyir ki, maddi sıxıntı çəkən millətin başı ancaq dolanmağa qarışsın, siyasi-milli fəaliyyət yada düşməsin. Odur ki, Güney Azərbaycanda fabrik və zavodların tikilməsini, hətta əhalinin əkinçiliklə məşğul olmasını istəmir. Haqqı tələb etmək lazımdır, onu heç kim vermir. Haqq verilməli deyil, alınmalıdır.

- Quzey Azərbaycana nə sözünüz var?
- Quzeydə yaşayanlar da bizim bacı-qardaşımız, anamız, ailəmizdir. Sizə sevgimiz hər zaman ürəyimizdədir, qarşınızda baş əyirəm. Mən də Bakıda olmuşam, çörəyinizi yemişəm. Hər zaman sizdən özümüzə qarşı səmimiyyət və doğmalıq hiss etmişəm. Hətta İranda yaşayanda da Qarabağ problemi ilə yaxından maraqlanır, ürək ağrısı ilə baş verən faciələrdən xəbər tuturduq. Biz bir millətik. Qarabağda qətlə yetirilən bizim öz qanımızdan olan bacı-qardaşlarımızdır, tökülən qan bizimdir. Jurnalist olaraq xarici mediaya tək Güney Azərbaycanla yox, Qarabağla da bağlı xəbərlər də ötürürdüm. İndi də görüşlərimdə, Amerikalı həmkarlarımla söhbətlərimdə Güneylə yanaşı, Qarabağ haqqında da danışır, təbliğat aparır, həqiqətləri buradakı ictimayyətə çatdırmağa çalışıram. Mən hər dəfə Quzeydən olan bacı-qardaşlarımla danışanda özümü Bakıda hiss edirəm. Biz başqa bir qitədə də olsaq, ürəklərimizi yenə də birdir. Güneylə Quzey Azərbaycanı ən uzaq məsafə və heç bir qüvvə bir-birindən ayıra bilməz! Ürəyimizi bölsək, bir hissəsi Güney, o birisi isə Quzey Azərbaycandır.

MDHP Güney Azərbaycan Departamenti


Geri dön