Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Sərhəd Hərəkatı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Mədəniyyət > Sərhəd Hərəkatı

Sərhəd Hərəkatı


İndi Fərəc bəydən - Türkə iftixar,
bəhs edək, keçdiyi şərəfli yol var...
Səhərdir, AXC məntəqəsində,
Müzakirə gedir iş barəsində.
İş də belədir ki, plan düşünmək,
sərhəd xətlərini ləğv etmək gərək.
Ölçülüb-biçildi tədbirlər xeyli,
gəldi bir araya hər kəsin meyli.
Birinci mərhələ - manevra etmək,
ruslarla danışıb sazişə getmək.
Əgər alınmasa razılıq, söhbət,
silahlı basqınlar etmək, nəhayət...
Odur ki, general Nikiforovla,
danışıb işləri qoydular yola.
Sərhədçi general, bu nümayəndə
qanan insan idi, ağıllı bəndə.
Dünyadan məlumat bilirdi geniş,
anlayırdı zaman, necədir gərdiş.
Görmüş Almaniya hadisəsini,
görmüş Pribaltika vəlvələsini...
Anlayırdı daha xalqlar oyanmış,
imperiya zülmü ərşə dayanmış...
Ordubad AXC ər alayları,
Silahlı igidlər-çoxdur sayları...
İndi Azər Türklər o tay, bu taylı,
görüşmək istəyir millət, çoxsaylı.
Sərhəd zolağında Araz boyunca,
düzülüb insanlar cavan, həm qoca.
Sərhəd açılmasa, qan töküləcək,
qırğınlar gedəcək, insan öləcək...
Bu qan kabusundan yayınmaq üçün,
general düşünüb, yol seçdi düzgün.
Söylədi şərtini: “ kazarmalara,
toxunmaq olmasın, həm “vışkalara”.
Nə də ki, sərhədçi rus əsgərinə,
yol da verilməsin xətərlərinə...
Sökülsün bir neçə yerdən dirəklər,
qalsın “vışka”larda hərbi keşiklər.
Sərhəd xətdindəki məntəqələrdə,
olsun görüşlərə həm nəzarət də...”
Fərəc bəy şərtləri qəbul edərkən,
düşündü: “Hələlik belə düşün sən.
Azacıq bir fürsət, gərəkdir imkan,
Sonra neyləyərəm, göstərər zaman!”
İş üzrə icraçı polkovnik ilə,
Fərəc bəy hərəkət etdilər belə:
Razılığa görə görüşüb səhər,
qaldılar baş-başa nümayəndələr.
Fərəc bəy silahı- barmaqda tətik,
dirədi zabitin başına çevik.
Dedi polkovnikə:- Ratsiya ilə,
əmr edin təcili, söyləyin belə:
“Vışka”, kazarmada- əldə nə ki var,
yığılsın anbara hərbi silahlar.
Sizin icazəniz olmadan heç kəs,
Əlini silaha vurmasın bir şəxs!..
Tərlədi polkovnik qorxu təşvişdən,
gördu gecdir, artıq keçmiş iş-işdən.
Düşündü: ”Boş yerə, hədər ölümdən,
hansı mənfəəti görəcək vətən?
Mənim öz vətənim bir Ukraynadır,
o da işğal altda, istiladadır...
Çoxdur qara günü bu millətin də,
bölünmüş, əzilir şər zillətində.
İllərdir ki, həsrət qardaş bacıya,
ayrılıb qardaşlar, dözür acıya...
Əlimdə var ikən bu fürsət, imkan,
əmr edim, qurtarsın millət əzabdan.
Pislikdən bir xeyir, kim görüb fayda,
yaxşılıq qalacaq fani dünyada.
Yaşlı bir zabitəm, lap bərkə-bərkdə,
Qovarlar bu işdən, getsin rütbəm də.
Gedərəm vətənə, dolmuşam yaşa,
qalan az ömrümü vuraram başa...”
Əmr etdi polkovnik, bütün silahlar,
yığıldı anbara... Artıq sevinc var:
Dırnış igidləri, cəbhəçi ərlər,
fəallıq göstərdi, çalındı zəfər.
İntizar qəlblərə işıq verərək,
sərhəd dirəkləri yandı məşəl tək.
Söküldü tikanlı məftillər tamam,
qarışdı həsrətli böyük izdiham.
Özünü Araza atıb keçən kim...
niskilli qəlblərə şadlıqdır hakim!
O taylı, bu taylı qarışıb axın...
Görüşür insanlar-qohumlar yaxın.
Fərəc bəy söylədi:- İgidlər gedin,
Qədim bir adət var, siz əməl edin.
O uca zirvədə, “Bəlkə” dağında,
bir tonqal qalayın, xəbər yayın da.
Qalmışdır ənənə Dədə Qorquddan,
bu da bir tarixdir-qələbə, dastan.
İgidlər də tezcə dağa getdilər,
tonqalı yandırıb, şadlıq etdilər.
Millət bir-birini təbrik eləyir,
Elçibəy Bakıdan uğur diləyir...
Söyləyir: - Qəhrəman, ey igid ərlər,
Azadlıq, qələbə - sizdədir hünər!
Vardır ruhunuzda nurun ziyası,
birləşsə, gur olur işıq şüası.
Elə bir işıq ki, deşən zülməti,
istisi əridən şər, əsarəti.
Tez gəlsin o gün ki, anamız Vətən-
Bütöv Azərbaycan qurtarsın şərdən!..
Beləcə, baş verdi tarixi dönüş,
“Sərhəd hərəkatı” adlanan yürüş.
Bu sərhəd yürüşü davam edərək,
çatdı Sədərəyə, ilham verərək.
Türkiyə- Naxçıvan sərhəddi olan,
söküldü məftillər çıxdı aradan.
Yarandı əlaqə, ünsiyyət sərbəst,
Mənşəyi bir millət, həm iki dövlət...
Söyləyək indi də şanlı bir dastan,
Mövzusu “Soyuq”dan ibarət olan.
Yazdım bu dastanı elin dilindən,
Pafosla, qürürla söylədiyindən.
İndi Şəhriyarı yad eləyək biz,
Yaşasa, sevinci olardı hədsiz.
Görərdi ellərin qovuşmasını,
Yazardı şadlanıb xoş misrasını...

Şəhriyar...
Ellərinə əsdi hicran küləyi,
İlk baharda soldu gülü-çiçəyi...
Var olmadı Xiyabani diləyi,
Torpağında indi hakim “Sasanlar”-
Bu dərdlərə dözəmmədi Şəhriyar.

Gözlərimdən çəkilməyir bircə an,
Oylağında yağı sürür xoş dövran.
Xəyanətə qurban getdi Səttarxan,
Şəhidlərə ağı dedi analar:
Bu dərdlərə dözəmmədi Şəhriyar.

Namərd sürür bu torpağın səfasın,
Mərdlər çəkir bu torpağın cəfasın.
Min yol gördük “ağaların” vəfasın.
Divan tutdu azərlərə şah və çar:
Bu dərdlərə dözəmmədi Şəhriyar.

Parçalanan millətinə ağladı,
İtirilən şan-şöhrətə ağladı.
Rəzalətə, səfalətə ağladı,
Ürəyində öldü neçə arzular:
Bu dərdlərə dözəmmədi Şəhriyar.

Pay verdilər Zəngəzuru, Göyçəni,
Dağıtdılar həm Bakını, Gəncəni,
Doğradılar mürgü vuran ölkəni,
Haray çəkdi bu tayında kaman, tar:
Bu dərdlərə dözəmmədi Şəhriyar.

Çox gözlədi yatmış millət oyana,
Düşmən başı öz qanına boyana.
Bakı, Təbriz qoşa dura, dayana,
Arzulara, diləklərə yağdı qar,
Bu dərdlərə dözəmmədi Şəhriyar.

Bu millətə rəhmin gəlsin, ay Allah,
Güc ver, Hörmüz zülmü dəlsin,
ay Allah!
Namərd çöksün, mərd yüksəlsin,
ay Allah!
Qanlar tökür, at oynadır zülmkar:
Bu dərdlərə dözəmmədi Şəhriyar.

Geri dön