Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “İtini əyləndirmək üçün afrikalını itinə “hədiyyə” edənlərin fransız olduğunu unutmamalıyıq”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Müsahibə > “İtini əyləndirmək üçün afrikalını itinə “hədiyyə” edənlərin fransız olduğunu unutmamalıyıq”

“İtini əyləndirmək üçün afrikalını itinə “hədiyyə” edənlərin fransız olduğunu unutmamalıyıq”


Sabiq diplomat, siyasi analitik Vurğun Həsənli ilə müsahibə


- Vurğun bəy, Fransa parlamentinin aşağı palatası məlum qərarı qəbul etdi. Bundan sonra nə baş verə bilər və hadisələri necə proqnozlaşdırırsınız?

- Fransa dünyada, müasir dəyərlərin çıxdığı ölkə kimi dəyərləndirilirdi. Bu qanunla fransızlar əslində öz keçmişlərinə böyük zərbə vurdular. Artıq Fransanın dünyada ortaya çıxartdığı insani dəyərlərlə qürur duymağa haqqı yoxdur. Yoxsa bu fransızların ikiüzlü olduğu qənaətini yaradar.
Bu qanun layihəsinin məclisdə qəbul olunması, erməni diasporunun güclü olduğu ölkələri “cəsarətləndirəcəkdir”. Bugünkü səsvermə nəticəsi, 2015-ci ilə qədər bir neçə ölkədə də eyni qanununn məclisdən keçmə ehtimalını artırmışdır.
Türkiyə - Fransa əlaqələrinə gəldikdə isə, bu ölkələrin əlaqələri yüz illərə dayanan tarixi köklərə malikdir. Tarix boyunca Türkiyə-Fransa iki tərəfli münasibətləri dostluq çərçivəsində formalaşmışdır. Bugünkü vəziyyət cənab Sarkozinin böyük siyasi “bacarığının” nəticəsidir.
Həmçinin Türkiyə bu qərara səssiz qalmayacaq. Baş Nazir cənab Ərdoğanın da açıqladığı atılacaq addımlar yaxın gələcəkdə Fransa - Türkiyə əlaqələrinin aşağı səviyyədə və gərgin tempdə olacağı ehtimalını doğurur.

- Sizcə, Fransa parlamentinin bu qərarının arxasında erməni sevgisi durur, yoxsa burada tamam başqa siyasi oyunlar var?
- Son illər, Türkiyənin aktiv xarici siyasət həyata keçirməsi, bir çox məqamda Fransanın əleyhinə işləməkdədir. Xüsusilə keçmişdə istila etdiyi və hələ də siyasi varlığını davam etdirdiyi ərəb və Afrika ölkələrində Türkiyənin nüfuzunun artması Fransanı narahat etməklə yanaşı qıcıqlandırır. Ona görə də, Türkiyəni küncə “sıxışdırmaq” üçün əlində olan erməni “kartını” oynayır. Bu həm Türkiyənin xarici siyasətinin seyrini dəyişdirir, həm də beynəlxalq imicinə zərbə vuracağı ehtimalını doğurur. Yəni Türkiyəyə “mənim nüfuz sahəmə” girmə mesajını verir. Beləliklə Türkiyənin qarşısına “məşğul olacaq” xarici siyasət sahəsi açdığını düşünür. Çünki Fransadan sonra digər ölkələrdə də, bu qanunun məclislərində qəbul olunacağı ehtimalı ortaya çıxır.
Yəni erməni “oyunu” ilə həm daxildə, az da olsa “erməni səsini” əldə edəcəyini planlaşdırır. Həm də, xarici siyasət baxımından Türkiyənin qarşısına həll etməsi üçün “problem” qoyur.
Türkiyənin Avropa İttifaqı danışıqlarına nəzər saldıqda, Fransanın qarşı çıxdığının şahidi olururq. Bu əslində fransızların türklərə qarşı dostluq bəsləmədiyini göstərən amildir. Yəni əslində fransızlar erməni “qardaşlarının” dərdinə yanmır. Sadəcə bütün böyük dövlətlər tərəfindən erməni xalqı kukla kimi istifadə olunur. Fransa da “erməni kukla oyununu” oynamaqdan böyük zövq alır. Heç kim inanmır ki, Fransa Ermənistana görə Türkiyə ilə ikitərəfli əlaqələrinə zərər gətirsin. Buradakı münaqişənin əsas hədəfi Türkiyənin nüfuzuna zərbə vurmaq, ərəb və Afrika ölkələrində Türkiyənin etibarsızlaşdırılmasıdır.

- Türkiyə Fransanın məlum qərarına qarşı hansı addımlar ata bilər?
- Cənab Ərdoğanın açıqladığı kimi, öz səfirini geri çağırmış, siyasi, hərbi və iqtisadi sahədəki təhsil mübadiləsi ləvğ edilmiş, hərbi təlimlər təxirə salınmış, Fransa ilə bütün siyasi məsləhətləşmələr durdurulmuş, fransız hərbi uçuşlara Türkiyə hava sahəsi bağlanmış, hərbi gəmilərin Türk limanlarına girişinə qadağa qoyulmuş və 2012-ci ildə iqtisadiyyat nazirləri arasında təşkil olunacaq Türkiyə-Fransa birgə iqtisadi-ticarət komissiyasının toplantısından imtina olunmuşdur. Əlbəttə bunlar qısa müddətdə nəticə verə bilər. Ancaq Fransanın istər iqtisadi, istər siyasi, istərsə hərbi gücünü nəzərə aldıqda, Türkiyənin Fransaya yaxın zaman ərzində təsir edə biləcəyi inandırıcı görsənmir. Ona görə də, Türkiyə Fransanın tarixi xətalarından “istifadə” edərək beynəlxalq aləmdə Fransaya qarşı istədiyi nəticəni əldə edə bilər.
Yəni, Türkiyə gələcəkdə Fransanı necə küncə “sıxışdırılmalı” hipotezi istiqamətində addımlar atmalıdır. Çünki Fransa tarixində o qədər vəhşilik törədib ki, bunlar Türkiyənin güclü manevr etməsi üçün əsaslı arqumentlərdir. Fransız tarixinə baxdıqda Əlcəzairdə, Tunisdə, Burkina-Fasoda, Benində, Çadda, Cibutidə, Qabonda, Qvineyada, Mavritaniyada, Seneqalda və bir çox Afrika ölkələrində soyqırım deyil, vəhşiliklər törətdiyini görürük. Tarixi faktlara nəzər saldıqda, itini əyləndirmək üçün Afrikalını itinə “hədiyyə” edənlərin fransız olduğunu unutmamalıyıq. Ona görə, Fransanın “mələklər ölkəsi” kimi qəbul etmək artıq o xalqlara qarşı haqsızlıq olacaqdır. Əlbəttə burada Türklərin də səhvləri olmuşdur. Məsələn BMT-də Əlcəzairdəki fransız vəhşiliyi məsələsinin müzakirəsində Türkiyə Əlcəzair əvəzinə Fransanı dəstəkləmişdir. Ancaq artıq Fransanın öz tarixinə nəzər salmasına vadar etməyin vaxtı çatmışdır. Türkiyə Fransanın törətdiyi vəhşilikləri daima gündəmdə saxlayaraq Fransaya yaxşı “dərs” verə bilər. Bunun üçün Türkiyə xarici siyasətində Fransanın güclü olduğu ərəb coğrafiyası və Afrika ölkələrinə xüsusi əhəmiyyət verməlidir. Türkiyəni sözügedən ölkələrdə münbit fürsətlər gözləyir. Türkiyə son illərdə İslam dünyasındakı artan nüfuzundan istifadə edərək müsəlman Afrika ölkələrini Fransanın caynağından çıxara bilər.
Bu ölkələrdə Türkiyə qısa zamanda bir nəticə əldə edə bilməsə də uzun müddətli Afrika siyasətinə ağırlıq verməlidir. Çünki Fransa hələ də, Afrikadan “qidalanır”. İstər oranın təbii sərvətindən, istər də insan resurslarından “layiqincə” faydalanır. O ölkələrin dəstəyini öz lehinə çevirə bilsə, Türkiyə Fransanı rahatlıqla öz “yerinə” oturda bilər.

- Fransa eyni zamanda, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ATƏT-in Minsk qrupuna rəhbərlik edən üç həmsədr ölkələrindən biridir. Sizə elə gəlmir ki, bu qərar Fransanın münaqişənin həllində ədalətli mövqe tutacağını şübhə altına alır?
- Fransanın ədalətli mövqe tutacağı bir yana, ermənilərə açıq dəstəyini ifadə etməsi, bizə hər şeyi başa salır. ATƏT-in Minsk qrupu, gah İrəvana, gah da Bakıya yol ölçməkdən başqa bir yenilik gətirmir. Bir də, Xocalı soyqırımı detallı faktlarla ortada ikən, heç kimin şahidi olmadığı yalanlarla dolu “soyqırımı” tanıması o ölkənin hansı fikirlərə və planlara sahib olduğunu bizə açıq şəkildə göstərir.
Sözügedən qanunu məclisə gətirən xanım Valeri Boyer, Fransanın azadlıqlar ölkəsi olduğunu iddia etmişdir. Əgər dediyi kimidirsə Xocalı Soyqırımını da məclisə aparsın. Belə olacaqsa Fransa öz zədələnmiş imicini düzəldə bilər. Yoxsa söz azadlığının olduğu iddia olunan bir ölkədə erməni yalanını məclisə gətirib bütün etirazlara baxmayaraq qəbul edən bir ölkənin tərəfsiz yanaşmasına Azərbaycan etibar etməməlidir.
Belə omazsa, Azərbaycan ATƏT-in Minsk qrupunu yenidən formalaşdırılmasına cəhd göstərməlidir. Çünki bu qrup guya Ermənistan və Azərbaycan arasındakı problemin həllinə tərəfsiz yanaşacağını iddia edir. Lakin son hadisələr Fransanın tərəfsizlikdən açıq-aşkar uzaq olduğunu göstərir. ATƏT-in Minsk qrupunda Ermənistanı açıq şəkildə dəstəkləyən Fransaya yer varsa, Azərbaycanı dəstəkləyən Türkiyənin də bu qrupa daxil edilməsi zərurilik qazanmışdır. Eyni üzvlər ATƏT-də davam edəcəksə Azərbaycan sadəcə sözügedən həmsədrlərin nəticəsiz səfərlərini izləməli olacaqdır.

- Fransanın məlum addımı artıq bu dövlətin hansı mövqedə olduğunu bir daha təsdiqləyir. Türkiyənin müttəfiqi kimi Azərbaycan hansı addımı atmalıdır?
- Fransa indiyə qədər ədalətin təmsilçisi, demokratiyanın simvolu, söz azadlıqlarının ən böyük dəstəkçilərindən biri kimi səciyyələndirilmişdir. Sözügedən addım Fransanın hətta insani dəyərləri daxili siyasətə alət edəcək qədər cılız siyasət həyata keçirən bir ölkə olduğunu bütün dünyaya göstərmişdir. “Demokratik” Fransada yaşayan erməninin söz azadlığı haqqı varsa, orada yaşayan türkün də olmalıdır. Bir də, Fransa “tarixi tarixçilər araşdırmalı və aydınlaşdırmalıdır” prinsipinə hörmətlə yanaşmalıdır. Yoxsa İslam dünyasının lider dövlətlərindən olan Türkiyəyə qarşı bu haqsızlığın Fransa üçün nəticəsi ürəkaçan olmayacaqdır. Çünki Fransa hələ də, İslam coğrafiyasından “qidalanmaqdadır”.
Digər tərəfdən yalan tarixlə Türkiyəyə qarşı yönəlmiş haqsızlığı qəbul etməməliyik. Erməni yalanı eyni zamanda ölkəmizə qarşı yönəlmiş təhdiddir. Bu hadisə erməni yalanını “faktlaşdırmaq” cəhdidir. Qanun təklifi o deməkdir ki, artıq Azərbaycanlılar da Fransada ermənilərə qarşı “soyqırım” törədildiyini demək “məcburiyyətində” qalacaqdır.
Suala gəldikdə isə, dost çətin gündə özünü göstərməlidir. Azərbaycan bu günlərdə öz birmənalı mövqeyini ortaya qoymalıdır. Ölkəmiz artıq Avropada söz sahibi olan ölkələr siyahısındadır. Bunları nəzərə almalıyıq. Türkiyənin atacağı addımlara dəstək verməli və lazım gələrsə analoji addım atılmalıdır. Ölkəmiz Fransaya qarşı öz etirazını rəsmi səviyyədə dilə gətirməlidir.
Həmçinin indiyə qədər Fransa və Türkiyənin hansının ölkəmizə daha çox dəstək verdiyi göz qabağındadır. Demokratiyanın simvolu sayılan bir ölkə, yalan dolu bir yola girirsə, bu ölkənin ədaləti təmsil edəcəyi şübhə altına girmişdir.

- ATƏT-in Minsk qrupundan Fransanın çıxarılıması məsələsini qoymaq olarmı?
- ATƏT-in Minsk qrupu indiyə qədər yol ölçməkdən başqa bir iş görməmişdir. Bu qrupun Fransa kimi Ermənistana açıq dəstək verən həmsədrinə Azərbaycanın nə dərəcədə ehtiyacı olduğunu təkrar düşünməliyik?! Xocalı soyqırımı videolentə qədər fakt olaraq göz qabağında ikən, Sarkozinin nəslinin belə görmədiyi “soyqırımı” inadla məclisdən keçirmə cəhdi şübhələri ortaya çıxaracaqdır. Fransanın ədalətdən yana davranmayacağının açıq nümunəsidir. Yəni Fransa lazım gələrsə, eyni haqsızlığı Azərbaycana qarşı da edə bilər. Kim zəmanət verə bilər ki, sabah təkrar erməni “dəstəyini” qazanmaq üçün qondarma “Dağlıq Qarabağ Respublikası” Fransa tərəfindən tanınmayacaqdır?!
Ona görə də, Fransanın nüfuzundan qorxub, geri çəkilməmək lazımdır. Türkiyə-Azərbaycan ittifaqı düşmənlərimizi təkrar düşündürməyə vadar edən gücdür.
ATƏT-in Minsk qrupunda artıq Fransanın obyektiv olmayacağı arqumenti ölkəmiz üçün fürsətdir. Sözügedən qrupa tərəfsiz yanaşacaq və yaxud Azərbaycanı dəstəkləyəcək ölkələrin daxil edilməsinin vaxtı çatmışdır. Yoxsa Minsk Qrupu indiyə qədər gördüyü “işləri” eyni templə davam etdirəcəkdir.

Müsahibəni götürdü: Elnur Eltürk


Geri dön