Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət, DAVAMın yazıları > Ramiz Mehdiyev: Beşinci kolon dağıdıcı fəaliyyətin eskalasiyası cəhdləri(Məqalə)
Ramiz Mehdiyev: Beşinci kolon dağıdıcı fəaliyyətin eskalasiyası cəhdləri(Məqalə) |
Ramiz Mehdiyev məqaləsində müxalifətdən və mediadan da yazıb
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev dekabrın 3-də AzərTAc vasitəsilə yayılan “İkili standartların dünya nizamı və müasir Azərbaycan” adlı məqaləsində müxalifətdən və bəzi kütləvi informasiya vasitələriondən də söz açıb. Məqalənin “Beşinci kolon”: dağıdıcı fəaliyyətin eskalasiyası cəhdləri” bölümündə Ramiz Mehdiyev yazıb: “Amerika Birləşmiş Ştatları və onun müttəfiqləri tərəfindən radikal müxalifət fəallarının və QHT-lərin dəstəklənməsi, bu təşkilatların qeyri-qanuni maliyyələşdirilməsi, onların köməyi ilə ölkəmizdə hakimiyyətə təzyiq göstərmək, hərc-mərclik və qanunsuzluq şəraiti yaratmaq cəhdləri ilə bağlıdır. Deməliyik ki, bu, Qərbin “beşinci kolon” ilə iş ssenarisinə üzvi şəkildə daxildir. Bu cür qeyri-qanuni siyasi və maliyyə dəstəyi, müvafiq göstərişlər nəticəsində başlıca nümayəndələri qismində ayrı-ayrı radikallarla yanaşı, Xalq Cəbhəsi və Müsavat partiyalarının çıxış etdiyi “beşinci kolon” öz pozucu hərəkətlərini gücləndirməyə çalışır. Getdikcə daha da radikallaşan Xalq Cəbhəsi Partiyası artıq çoxdan bəri təhrikçilərin və intriqabazların, hərc-mərclik və dağıdıcılıq ehtirası ilə yaşayan insanların yuvasına çevrilib. Gerçəkliyi şüurlu surətdə dərk edə bilməyən insanlar da burada kök salıblar. Bunlar öz təfəkkürlərinə görə irrasional adamlardır. Bu partiyaya məxsus olan “Azadlıq” qəzeti yalan və iftira ruporu rolunu yerinə yetirir, onun hər bir səhifəsi intriqalarla, insanların şərəf və ləyaqətini alçaldan materiallar, uydurma və böhtanlarla doludur. Bu partiyanın imici belədir. Bu gün həmin partiya təşkilati böhran və tam deqradasiya həddindədir. Onun fəaliyyəti o dərəcədə abırsız xarakter alıb ki, hətta “Yeni Müsavat” qəzetinin redaktoru da Əli Kərimlinin və onun partiyasının fəaliyyətini kəskin pisləyərək bəyan edir: “Əli Kərimli və onun partiyası sağalmaz xəstəliyə tutulub. Əli Kərimlinin və partiyasının – siyasi savadı, geridə qalmış, sivilizasiya və demokratik qaydalar haqqında elementar təsəvvürləri olmayan insanların hakimiyyətə gəlməsinə yol verməkdənsə, indiki iqtidarın mövcudluğunu qat-qat faydalı hesab edirəm”. Bax, belə səmimi etiraf. Xalq Cəbhəsi Partiyasının daxilində vəziyyəti tam parçalanma, vurnuxma, hərc-mərclik kimi səciyyələndirmək olar. Partiyanın üzvlərinin çoxu Əli Kərimlinin və onun qrupunun qəbuledilməz radikalizmindən və barışmaz mövqeyindən, radikal dini qruplaşmalarla əməkdaşlıqdan narazı olduqlarını bildirirlər. Partiyadaxili repressiyalar, partiyadaxili demokratiyanın olmaması, Əli Kərimlinin avtoritarizmi, partiyalararası münaqişələr buna gətirib çıxarıb ki, KİV-lərdə verilən məlumata görə, AXC-nin Sumqayıt bölməsinin 52 üzvü bu günlərdə onun sıralarından çıxıb. Müsavat Partiyası da oxşar vəziyyətdədir. Bu partiya da tam parçalanma mərhələsindədir. Ölkədə cərəyan edən ciddi quruculuq dəyişiklikləri kimi, zaman özü də “beşinci kolon”un vəziyyətinə təsir göstərir. Yüksək rütbəli müəyyən şəxslərin Xalq Cəbhəsi və Müsavat partiyaları sıralarından kütləvi şəkildə, qalmaqalla çıxmaları batan gəmidən qaçmağı xatırladır. Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu hesab edir ki, çoxdan müxalifətdə olan bu adamlar sadəcə çox yorulublar və buna görə özləri kənarlaşmaq istəyirlər. Lakin o, sözünü axıracan demir – onlar özlərini kimdən və nədən kənarlaşdırırlar? Axı, adamlar o partiyaların sıralarını tərk edir ki, həmin partiyalar pozucu fəaliyyəti genişləndirməyə çalışırlar. Məsələ burasındadır ki, “beşinci kolon” zəruri sosial bazadan məhrum olub və buna görə onlara yuxarıdan verilən göstərişləri həyata keçirə bilmir. Bu partiyaların sıralarında qalmağın mənasızlığı bununla izah edilir. Bu il noyabrın 9-da Bakıda qondarma “Milli Şura”nın, əslində isə Xalq Cəbhəsi Partiyasının azsaylı tərəfdarlarının şəhər hakimiyyəti ilə razılaşdırılmış mitinqi oldu. Mitinqin əsas təşkilatçıları Əli Kərimli və Cəmil Həsənli idi. Mitinqin keçirilməsi faktının özündən göründüyü kimi, radikal müxalifətin səsini heç kəs boğmur. Onlar öz mitinqlərini maneəsiz keçirirlər (bu, müxalifətin xaricdəki donorlarına xatırlamadır. Onların fikrincə, agentlərinin mitinq keçirmələrinə imkan verilmir). Siyasi ekspertlər hesab edirlər ki, bu mitinq əvvəlkilərdən heç nə ilə fərqlənməyib, tam iflas olub və biabırçılıqla başa çatıb: “O, radikal müxalifətin peşəkarlıq baxımından tamamilə yararsız olmasını göstərdi. Yenə az sayda adam, eyni şüarlar, bir-birinə oxşar çıxışlar, çeynənmiş, zəhlətökən sözlər. Mitinq “Milli Şura” üçün növbəti biabırçılıq oldu”. Ekspertlərin fikrincə, bu, radikalların sosial bazasının olmamasının və aqressivliyinin artmasının nəticəsidir. Eldar Namazovun da missiyası bundan yaxşı olmayıb. O, “beşinci kolon”un ən “parlaq” nümayəndələrindən biridir. Bunu yalnız kor adam görməz. O, bu yaxınlarda David Şahnazaryan ilə birgə verdiyi bəyanatda bunu yerinə yetirilmiş borc hissi ilə təsdiq etdi. Bu bəyanat vətənpərvərliyə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mahiyyətinə tamamilə ziddir. Bu bəyanat heç də sülhə, problemin mərhələli həllinə çağırış deyil, obyektivliyin, prinsipial mövqeyin olmamasıdır. Axı, Ermənistan bizim torpaqlarımızı işğal edib. Deməli, bu vəziyyətdən çıxış etmək lazımdır. Bir də ki, Namazov Dağlıq Qarabağ münaqişəsi problemləri ilə “məşğul olarkən” kimi təmsil edir? Məlum olduğu kimi, heç kəsi. Görünür, həyat bu reneqatı gücü çatan işlə məşğul olmağa hələ də öyrətməyib. Aydındır ki, marginal Eldar Namazov “beşinci kolon” maraqlarına o dərəcədə bağlanıb ki, təcavüzkarı ondan zərər çəkmiş ölkəyə bərabər tutur. O, başa düşə bilmir ki, bizə özgəninki lazım deyil, biz yalnız Azərbaycanın ərazi bütövlüyünü bərpa etməyə çalışırıq. Bizim üçün bu, problemin alfa və omeqasıdır. Təəssüf ki, Eldar Namazov və həmçinin “beşinci kolon”un önündə gedən radikal müxalifət üçün Dağlıq Qarabağ problemi (son dərəcə vacib problem) onların fəaliyyətində prioritet deyil, onun liderlərinin bu məsələyə dair demaqoqcasına bəyanatlarının arxasında isə şəxsi ambisiyaları və üzdə qalmaq arzusu gizlənir. Onları ən çox narahat edən özlərinin xaricdəki bosslarına daha yaxşı yarınmaq, onların xoş münasibətini qazanmaqdır. Bu məsələdə ən çox irəli gedən “Azadlıq” radiosunun jurnalisti Xədicə İsmayıldır. O, öz “dostları” olan həmkarları ilə birlikdə “cidd- cəhdlə” çalışaraq antiazərbaycan verilişləri təşkil edir, cəfəng bəyanatlarla çıxış edir, ictimaiyyətin tanınmış nümayəndələrinə açıq-aşkar düşmən münasibət nümayiş etdirir, təhqiramiz məzmunlu yalanlar yayır. Aydındır ki, cəmiyyətə bu cür meydan oxumaq öz Vətənini sevənlərin deyil, X.İsmayılın xaricdəki himayədarlarının xoşuna gəlir. Üstəlik, onun tutduğu mövqenin jurnalist peşəsinə, ümumiyyətlə, heç bir aidiyyəti yoxdur. İctimaiyyətdə belə bir qəti inam yaranıb ki, “Azadlıq” radiosunun əməkdaşları çox iyrənc bir yol tutublar. Sübuta ehtiyac yoxdur ki, saxtalaşmış informasiya təqdim edilməsi xarici xüsusi xidmətlər üçün işləməyə bərabərdir. Bu, xəyanətdir. Jurnalistlərin və normal düşüncəli adi insanların fikri belədir: “Əgər demokratiyanın rəmzi Xədicə İsmayıldırsa, gələcəkdə cəmiyyəti nələrin gözlədiyini təsəvvür etmək dəhşətdir”. Ölkəmizin sürətli sosial-iqtisadi inkişafı “beşinci kolon”u pozucu fəaliyyət üçün geniş meydandan məhrum edib. Onun nümayəndələrinin son sığınacağı cəmiyyəti və hətta Prezidentin ətrafını parçalamaq cəhdləridir. Rəhbər işçilər haqqında mütəşəkkil qaydada açıq-aydın yalan məlumatlar yaymaqla hakimiyyəti zəiflətmək üçün gülünc cəhdlər, hakimiyyətdə olan şəxslər arasında guya müharibə qızışması barədə fantaziyalarla onları bir-birinə qarşı qoymaq istəyi onların bəsitliyini və siyasi savadsızlığını bir daha nümayiş etdirir. Onlar İlham Əliyevin ətrafının əvvəlki kimi monolit olmasını, bu ətrafı parçalamaq mümkün olmamasını, Prezidentin ölkə əhalisi arasında və ölkənin hüdudlarından kənarda nüfuzunun və populyarlığının yüksək olmasını başa düşməyərək, dövlətimizin başçısına qarşı birbaşa şəxsi təhqirlərə və çirkin hücumlara keçməyə başlayıblar. Əlbəttə, yaxşısı budur, onlar başa düşsünlər ki, onların aqressiyası özlərinə biabırçılıqdan başqa heç nə gətirməyəcək və nəticədə onlar siyasət səhnəsini tərk etməyə məcbur olacaqlar. Qərbin rəsmi dairələri öz hərəkətlərini xeyirxah niyyətlərlə izah etmək üçün nə qədər çalışsalar da, fakt faktlığında qalır: müstəqil partiyalardan fərqli olaraq onların maliyyələşdirdiyi və dəstəklədiyi vətəndaş cəmiyyətinin bütün strukturları və radikal partiyalar “beşinci kolon”ların müasir nümunələridir. Əlbəttə, onların pozucu fəaliyyəti kənar qüvvələr tərəfindən dəstəklənir və tənzimlənir. Qərəzlilik, ikili standartların tətbiq edilməsi Avropa İttifaqının rəhbərlərini də səciyyələndirir. Lap yaxın vaxtlarda, noyabrın 26-da Saxarov adına mükafatın təqdim edilməsi mərasimində Avropa Parlamentinin sədri Martin Şults Azərbaycandakı üzdəniraq “siyasi məhbuslar” barədə də bəyanat verib, Leyla Yunusu xatırlayıb. Əlbəttə, Martin Şults kimi şəxsin dilindən bu cür tənqid səslənməsi nonsens kimi qəbul edilməlidir. Bu misal onu göstərir ki, keçmiş tarixi dövrlə müqayisədə bu gün dünya arenasında siyasi hadisələrin gedişini müəyyən edən siyasətçilər sırasında tam böhran müşahidə edirik. Təəssüf ki, dünya siyasətinin taleyüklü məsələləri ilə məşğul olan şəxslər regional və qlobal siyasi proseslərin incəliklərini anlamaq kimi zəruri qabiliyyətdən məhrumdurlar və beynəlxalq xarakterli məsələləri həll etmək üçün son dərəcə səriştəsizdirlər. Bir də ki, nə deyəsən, Qərb mətbuatının özündə Martin Şults barədə heç də xoşagələn xarakteristika verilmir: o, sağlam məntiqdən məhrum olan çıxışları və qeyri-adekvat mühakimələri ilə “məşhurdur”, islamofobiya ideyaları ilə “ad çıxarıb”, onun çıxışları və bəyanatları çox vaxt siyasi qalmaqallarla müşayiət olunur. Onun İtaliya barədə və Böyük Britaniyanın Avropa İttifaqında rolu haqda sözləri ciddi beynəlxalq qalmaqala səbəb olur. Britaniyada çıxan “Economist” qəzetinin 11 may 2013-cü il tarixli nömrəsində Martin Şultsun Brüsseldə yüksək vəzifə tutmaq istəyi karikatura formasında təqdim edilir. Azərbaycanda vəziyyətə qiymət vermək istəyən Avropa Parlamentinin sədri belə şəxsdir. Mən qəti əminəm ki, Martin Şults öz istəyi ilə hərəkət etmir: bu gün o, sadəcə olaraq “böyük qardaş” vəzifəsini yerinə yetirir, əks halda o, indi əyləşdiyi kürsünü görə bilməzdi. Axı, məlumdur ki, o, Azərbaycan haqqında, onun Avropa üçün əhəmiyyəti barədə müsbət sözlər söylədiyi hallar da olub. Qərbdə müəyyən dairələr nahaq yerə Azərbaycan haqqında yalan rəy yaratmağa çalışırlar. Hərçənd bu dairə çox məhduddur. Əksinə, biz məmnunuq ki, bilikləri və nüfuzu korporativ maraqlara xidmət etməyən siyasətçilərin sayı daha çoxdur. Kim bunu istəyirsə görür ki, Azərbaycan demokratik cəmiyyətə xas keyfiyyətlərə malik olan müasir dövlət kimi davamlı inkişaf edir. Hələ dünən hər bir əhəmiyyətsiz məsələyə görə insanları meydana çağıranların çoxunun şüuru dəyişir. Onlar başa düşürlər ki, bu yolun axırı yoxdur. Transformasiya etməyən yalnız özlərini müxalifətin – konstruktiv müxalifətin yox, “beşinci kolon”un lideri adlandıran əvvəlki radikallardır. Buna görə də onlar getdikcə daha aqressiv olur: özü də təkcə iqtidara qarşı yox, həm də dünənki partiya yoldaşlarına qarşı. Müxalifət nəşrlərini vərəqləsək, bunu asanlıqla yəqin edə bilərik. Liderlik uğrunda mübarizədə qarşılıqlı nifrət, radikallar arasında söyüş və iyrənc təhqirlər həddinə çatan qarşıdurma adi hala çevrilib. Bu gün kənardan maliyyələşdirilən müxalifəti təmsil edənlər və insanları mitinqlərə çıxmağa çağıranlar 1990-cı illərin əvvəlində dövlət çevrilişi edərək hakimiyyəti güclə ələ keçirmişdi. Onlar bu hakimiyyəti heç bir il də əldə saxlaya bilmədilər, ölkəni dərin böhran vəziyyətinə çatdırdılar. Səbəblər məlumdur: dövlət idarəçiliyi haqqında elementar anlayışların olmaması, hakimiyyəti ələ keçirməyin təşkilatçılarının ambisiyaları ilə onların intellekt səviyyəsinin uyğunsuzluğu, hakimiyyətdə olarkən yeritdikləri zərərli daxili və xarici siyasət və ən başlıcası, bu insanların siyasi və əxlaqi yararsızlığını başa düşərək onları dəstəkləməyən xalqın mövqeyi. Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu “Reytinq” qəzetinin müxbirinə müsahibəsində (09.11.2014) etiraf edir: “Biz öz üzərimizə götürdüyümüz işlərin öhdəsindən gələ bilmədik. Hakimiyyəti əldə saxlaya bilmədik... Üstəlik, baş verən proseslərdən nəticə çıxarmayıb, indiki vəziyyətə düşdük”. Beləliklə, öz üzərinə “beşinci kolon” rolunu götürmüş radikal müxalifətin əsas səciyyəvi cəhətləri ideya–siyasi boşluq, sosial bazanın məhdudluğu və pərakəndəlik, korporativ maraqların dövlət maraqlarından üstün tutulması, qisasçılıq cəhdləri, konstruktiv dialoqdan və siyasi mübarizənin sivil metodlarından çəkinməkdir. Radikal müxalifət düşərgəsində yaranmış bu vəziyyət ilk növbədə tarixi şəraitlə bağlıdır. İş burasındadır ki, onun sıraları lap əvvəldən əsasən həyatda bəxti gətirməyən, bizim regionda cərəyan edən proseslərin həqiqi mahiyyətini anlamaqdan uzaq olan qeyri- sosial, riyakar elementlər hesabına artmışdır. Paradoksdur ki, bu partiyalar ciddi dəyişikliyə məruz qalmayaraq, bu gün də öz dağıdıcı siyasətini davam etdirir. Bu siyasi qrupların fəaliyyətinin təhlili göstərir ki, onların dövlət quruculuğu, ölkənin daxili və xarici siyasəti, geosiyasi reallıqlar və çağırışlar barədə lazımi təsəvvürləri yoxdur. Radikal müxalifət cəmiyyətə faydalı ideyalar və real proqramlar təklif etmək, vətəndaşların etimadını qazanmaq iqtidarında olmadığından, ölkə hüdudlarından kənarda özünə dayaq axtarmağı üstün tutur. O, öz hakimiyyət ambisiyalarını təmin etmək xatirinə beynəlxalq instansiyalara çirkin insinüasiyalar, böhtanlar göndərir, xaricdəki antiazərbaycan dairələri ilə əməkdaşlıq edir və dövlətimizin müstəqil siyasətinə xaricin təzyiq aləti kimi çıxış edir. İndiki radikal müxalifətin aqressivliyinin və millətə zidd mahiyyətinin səbəbi onun qisasçılıq cəhdləri, özünün acizliyini etiraf etmək istəməməsidir. Siyasi naşılıq və vətənpərvərliyin, konstruktivizm qabiliyyətinin olmaması, hakimiyyət hərisliyi, hadisələrə dövlətçilik təfəkkürü mövqeyindən qiymət verməyi bacarmamaq və xaricdəki antiazərbaycan qüvvələrindən asılılıq nəticəsində radikal müxalifət hökumətə qarşı mübarizəni dövlətin maraqlarına qarşı mübarizəyə çevirib. Bugünkü radikal müxalifətin daha bir səciyyəvi antimilli cəhəti cəmiyyətin siyasi, iqtisadi, sosial və mədəni həyatında müsbət nə varsa, hamısının tamamilə inkar edilməsində ifadə olunan sosial- siyasi nihilizmdir. O, “nə qədər pis olsa, bir o qədər yaxşıdır” prinsipini rəhbər tutaraq, iqtidarın siyasətini hər vasitə ilə hörmətdən salmağa çalışaraq özünün bütün cüzi resurslarını müstəqillik illəri ərzində ölkəmizdə qazanılmış uğurlara və müsbət dəyişikliklərə qara yaxmağa yönəldir. Radikal müxalifətin daimi siyasi uğursuzluqları və ambisiyalarının perspektivsizliyini başa düşməsi nəticəsində öz planlarına ümidi itmiş, o, bədbinliyə və marginallaşmaya məruz qalmış, hakimiyyət uğrunda mübarizəsi isə pozucu fəaliyyət səviyyəsinə enmişdir”. Geri dön |