Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hərb > Qarabağ müharibəsinin əfsanəvi salnaməçisi (Foto)
Qarabağ müharibəsinin əfsanəvi salnaməçisi (Foto) |
Hərbi operator Seyidağa Mövsümlünün yada düşməyən 60 illik yubileyinə
Millətin yolunda özünü fəda etmək qədər şərəfli bir ömür yaşamaq elə də asan deyil. Hər millətin sağlamlığı və gücü onun fərdlərindədir. Sağlam və əqidəli fərdlərdən güclü, cəsarətli millət formalaşar. Böyük ideoloq, Azərbaycanın görkəmli dövlət xadimi M.Ə.Rəsulzadə yazırdı: ”Ah... nə vaxt bir mücahid özünü fəda etdi ki, cəmaət onun qədrini bilmədi? Cəmaətə qədr bilməyi fədakarlığın ilə gərək öyrədəsən. Əvəzsiz heç nə alınmaz. Fəda ol, qədr gör!” (Bax: ”İrşad”qəzeti, 15 aprel 1908-ci il, No-51) İndi hər gün Azərbaycan Televiziyasına tələsən bu insanı görənlər bəlkə də fərqinə varmırlar ki, o, yaxın tariximizin canlı bir salnaməçisidir və adi bir ömür yaşamayıb. Əslində onun haqqında yazmaq elə asan da deyil. 60 illik yubileyi beş ay əvvəl (onun doğum tarixi 1 avqust 1954-cü ildir) ötüb keçsə də, o heç kimə bu məlumatı ötürmədi. Bəzi dostlarımızın yoluxduğu “yubiley xəstəliyindən” uzaq olan bu insanı həmin hadisədə çoxları yada salmadı - nə hərbçi dostlarımız, nə jurnalistlərimiz, nə hər hadisəyə “diqqətli” mətbuatımız, nə də jurnalist təşkilatlarımız... Mən bu cəhdi etmək istəyəndə isə qətiyyən razılaşmırdı və bu sözləri deyirdi: “Mən kiməm ki? Axı nə etmişəm ki? Siz şəhidlərdən, milli qəhrəmanlardan yazın. Əsl qəhrəman onlardır”. Bizim Seyidağa Mövsümlü ilə tanışlığımızın tarixi 1988-ci ildən başlayır. O zaman Azərbaycan cəmiyyətində ciddi hadisələr baş verirdi: sovet rejiminin eybəcərlikləri üzə çıxır, arxivlər açılır, adının çəkilməsi qadağan edilmiş şəxsiyyətlər ciddi təbliğ edilirdi. Azərbaycan Televiziyasında efirə gedən “Dalğa” verilişinin ardınca “Çay dəstgahı” da tamaşaçıların böyük marağına səbəb olurdu. Tələbəlik illərini yeni başa vurduqdan sonra burada hazırladığım süjetlərə ciddi maraq göstərənlərdən biri operator Seyidağa Mövsümlü idi. Xatırlayıram ki, Hacı Zeynalabdin Tağıyevin qızı Sara xanımı ilk dəfə çəkib efirə verdim və bu, tamaşaçıların böyük marağına səbəb oldu. Seyidağa isə bu çəkilişdən sonra əsl sayğı və dostluq münasibətini hiss etdirdi. Bu səmimi münasibətimiz sonralar daha da möhkəmləndi. Və hər ikimiz könüllü olaraq Azərbaycan ordusunda xidmətə başladıq. O, hərbi operator kimi, mən isə “Azərbaycan ordusu”nun baş redaktoru kimi. Müdafiə Nazirliyində binaların birində üzbəüz otaqlarda əyləşirdik. Və onunla tez-tez “dərdləşirdik”. Hər ikimiz getdikcə bir qənaətə gəlirdik: “Sanki Müdafiə Nazirliyinin rəhbərliyi və aparatı bir sistemdir, bölgələrdə döyüşən əsgərlərimiz, ordumuz ayrı bir sistem”. Onun keçdiyi ömür yoluna diqqət edək. Seyidağa bir peşəkar operator kimi uzun müddət çalışıb və formalaşıb. Bakıdakı Dəmiryolu Texnikumunu bitirdikdən sonra 1970-ci ildən Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində fəaliyyətə başlayıb. Bir müddət sonra Moskvada Ümumittifaq Teleradio İnstitutunun teleoperator kursunu bitirib. 1988-ci ildə Azərbaycanda başlanan milli azadlıq hərəkatının salnaməsini də yaratmağa başlayanlardan biri Seyidağa bəy oldu. 1988-ci ilin dekabr ayının 5-dən 6-na keçən gecə “Azərbaycanfilm” kinostudiyasının kinooperatoru Nizami Abbas və rejissor Zaur Məhərrəmovla birgə “Abşeron”mehmanxanasının damına qoyulmuş kameralarla Azadlıq meydanında baş verən hadisələri də çəkdilər. Sovet tanklarının köməyi ilə əhalini ordan qovduqdan sonra isə əsgər və zabitlər mehmanxanaya girib çəkiliş kasetlərini almaq istədilər. Lakin oradakı insanların fədakarlığı ilə Seyidağanın və dostlarının çəkdiyi kasetləri gizlədib aradan çıxarmaq mümkün oldu. Seyidağanın həyatında unudulmaz hadisələrdən biri də 20 Yanvardır. Azərbaycan xalqının tarixində önəmli bir günə çevrilən bu qanlı gecədə 100-dən çox günahsız insanımız həlak oldu. 1990-cı ilin yanvarın 19-da axşam Seyidağa televiziyada növbətçi idi. Axşam saat 8-ə 10-15 dəqiqə işləmiş Moskvanın xüsusi kəşfiyyat orqanlarının köməyi ilə televiziyanın enerji bloku partladıldı. Rus əsgərləri isə giriş-çıxışı bağladılar. Sonra hadisə yerinə dövlət rəsmiləri gəldi. Yanvarın 20-nə keçən gecə təxminən saat 1-ə işləmiş dinc insanlara güllələr atıldı. Bu hadisələrin efir vasitəsilə ictimaiyyətə çatdırılmasında Seyidağanın böyük rolu oldu. Radionun enerji bloku partladılmadığından efirə çıxmaq mümkün idi. O, operator assistenti Azər Muradovla efirə çıxdı və “Moyak”ın dalğası ilə bu qanlı hadisə haqqında məlumatı ictimaiyyətə çatdırdı (O zaman Seyidağa bu cəsarəti göstərəndə televiziyada çalışanların çoxu hələ günortadan ehtiyatlanaraq çıxıb evinə getmişdi). Bir qədər sonra silahlı əsgərlər Seyidağanı və digərlərini gəlib həbs etdilər. Səhər saat 5-6 radələrində general Dubinyak və general Ovçinnikov gəlib oraya çıxdılar. 20 Yanvar hadisələrini çəkmək asan olmadı. Yanvarın 18, 19 və 20-də televiziyanın telekameralar olan otağı bağlı idi (bu, qəsdən, bilərəkdən edilmişdi). Çətinliklə bir kamera tapdıqdan sonra çəkilişlər aparıldı. Həmin kasetlərin çoxu o zaman C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Ramiz Fətəliyevə verildi. Çünki Ramiz Fətəliyev 20 Yanvar hadisələri haqqında film hazırlayırdı. Həmin hadisələrdə şair Bəxtiyar Vahabzadənin bir cəsarəti də onun yadındadır. Ağır bir iztirab içində, doluxsunmuş halda televiziyanın həyətinə daxil olan xalq şairi Bəxtiyar Vahabzadə erməni kapitanın müşaiyəti ilə oraya yaxınlaşan general Ovçinnikovun birbaşa üzünə tüpürüb ona nifrətini bildirdi. Qəzəblənmiş generala o adamın xalq şairi və deputat olduğu söyləndikdə: “Yesli on bıl bı druqim, ya bı yeqo srazu zastrelil!”(Əgər o, başqa adam olsaydı, yerindəcə güllələyərdim!). Yanvarın 21-də Azərbaycan Ali Sovetinin fövqaladə sessiyasını çəkmək də ciddi problemə çevrildi. Ali Sovetin qapılarında dayanan əli silahlı rus əsgərləri çəkilişə imkan vermirdilər. Seyidağa xalq artisti Zeynəb Xanlarovaya müraciət etdi. Zeynəb xanım heç tərəddüd etmədən sürücü ilə kameranı göndərdi. Lakin daha peşəkar kameraya ehtiyac vardı. Böyük çətinliklə televiziyanın montaj otağına arxa qapıdan daxil olub kameranı (TJK-nı) götürə bildilər. Həmin tarixi iclası isə şair Bəxtiyar Vahabzadə və xalq yazıçısı İsmayıl Şıxlı aparırdı. Müğənni Lütfiyar İmanov da çox cəsarətli çıxış etdi orada. Yanvarın 22-də isə şəhidlərin dəfn mərasimi keçirildi. O hadisəni çəkib tarixə köçürən operatorlardan biri də Seyidağa oldu. Yanvarın 24-dən 25-nə keçən gecə sovet hərbçiləri Seyidağanı tutmaq, ondakı kasetləri almaq istədilər. Bu dəfə isə rejissor Vasif Babayevin (onu döyərək tutub aparmışdılar) evindən zəng edib məlumat verdilər ki, hədəfdə indi də sənsən, ehtiyatlı ol! Gecə vaxtı Seyidağa ailəsi ilə (iki körpə uşağı ilə birgə) kasetləri də götürüb Buzovnaya getdi. Hərbçilər gəlib onun qapısını bağlı gördülər. Qonşulardan soruşsalar da, onun harada olduğunu kimsə deməmişdi. 20 Yanvar hadisələri haqqında çəkilən “Qara Yanvar” filmini Moskvaya – SSRİ Ali Sovetinin toplantısına aparmaq da problemə çevriləndə Seyidağa dostları Nizami Abbas və Tofiqlə Moskvaya uçdular. Moskvada azərbaycanlı deputatların və rus ictimaiyyəti nümayəndələrinin iştirakı ilə həmin filmi nümayiş etdirdilər. Bu fədakarlığı isə ona ağır başa gəldi. Bakıya qayıdanda artıq onu işdən çıxarmışdılar. Üç aylıq işsizlikdən sonra Ali Sovetin sədri Elmira Qafarovanın köməyi ilə işə bərpa olundu. Seyidağanın vətənpərvərlik hissləri onu rahat buraxmırdı. Ermənilərin törətdiyi faciələr, torpaqlarımızın işğal olunması Seyidağanı döyüşə səsləyirdi. Elə bu hisslərin təsiri altında o, 1991-ci ilin sonunda könüllü olaraq orduya getmək üçün Binəqədi Rayon Hərbi Komissarlığına müraciət etdi. Onu Şıxov briqadasına yazdılar. 1991-ci ilin dekabrın 18-də o, əsgər dostları ilə birgə “Dönmərik biz, dönmərik” marşını oxuyaraq Prezident Aparatı binasının qarşısından keçib Şəhidlər xiyabanına gəldi və burada təntənəli andiçmə mərasimi oldu. Həmin vaxt Şuşaya getmək üçün 24 nəfərlik bir tağım-dəstə formalaşdırıldı. Əslində bununla da sonralar adına şeirlər yazılan, mahnılar qoşulan “Birinci batalyon” yarandı. Həmin mahnının müəllifi şair-bəstəkar Şahin Musaoğlu, ifaçısı isı Şəmistan Əlizamanlı idi. 1991-ci ilin dekabrın 9-da onlar Şuşada oldular. Yerli əhali bu cəsarətli vətən oğullarını sevinclə, göz yaşları ilə qarşıladı. Bir haşiyə: indi o dövrdən çox illər ötəndən sonra Seyidağa həmin hadisəni doluxsunmuş, ağır qəhər boğuntuları içində danışır mənə. O hadisədən düz 23 il sonra. Daşaltı və “Zapravka” istiqamətində ağır döyüşlər oldu ermənilərlə. Kərkicahanda baş verən döyüşlərin birində Seyidağa ayağından yaralandı. Onu əvvəlcə Şuşa xəstəxanasına, ordan isə vertolyotla Bakıya - xəstəxanaya çatdırdılar. 1992-ci ilin fevralın 19-da Müdafiə Nazirliyində Mətbuat Mərkəzinin operatoru kimi işə başladı. Həmin ilin fevralın 25-dən 26-na keçən gecə Xocalı soyqrımı baş verdi. Ağdamdan hadisə haqqında ilk məlumatlar daxil oldu. Təcili hadisə yerinə getmək, çəkiliş aparmaq lazım idi. Bu zaman millət vəkili Etibar Məmmədovla əlaqə saxlanıldı və o özünün “Soni” kamerasını Seyidağaya verdi (həmin kamera hazırda “İstiqlal” muzeyində qorunub saxlanır). Fevralın 26-da Seyidağa Ağdamda oldu. Özünümüdafiə batalyonunun komandiri Allahverdi Bağırovla görüşdü. Onun vasitəsilə eləcə də meyitləri çıxarmaq üçün erməni hərbçilərinin komandiri Vitaliklə (həmin Vitalik indi Ermənistan ordusunda yüksək vəzifədə və general rütbəsindədir) əlaqə saxlanıldı. Razılıq əldə edildikdən sonra Ağdamdan Əsgərana getdilər. Vitalik isə Allahverdiyə bildirirdi ki, bu hadisəni ermənilər yox, rusların 366-cı alayı törədib. Seyidağa Əsgəranda, Naxçıvanikdə ilk çəkilişlər apardı. Bu onun həyatının ən ağır məqamlarından idi. Erməni silahlılarının nəzarəti altında qətlə yetirilmiş həmvətənlərinin faciəli görüntülərini lentə almaq həqiqətən dözülməz idi! Lakin o, bu dərdə dözür və XX əsrin dəhşətli qətliamını lentə köçürürdü. Bunları o, dünyaya sübut etmək və gələcək nəsillərə çatdırmaq üçün edirdi. Özü belə danışır: “Meyitlərə baxanda ağlamaq istəyirdim. Lakin arxadan gələn erməniləri görüb dözürdüm”. Seyidağa Xocalı soyqrımı ilə bağlı fevralın 26-da çəkdiyi kaseti AzTV-nin Qarabağ bölgəsi üzrə müxbiri Allahverdi Əsədova versə də, bunu televiziyada göstərmək mümükün olmamışdı. Milli Qəhrəman Çingiz Mustafayev isə həmin hadisəni Seyidağadan iki gün sonra fevralın 28-də lentə ala bilmişdi. Sonradan, 1993-cü ilin əvvəllərində Seyidağa öz çəkdiyi kadrlar əsasında “Xocalı - əsrin faciəsi”adlı film hazırladı. Bu həmin hadisə haqqında ilk film idi (qeyd edim ki,həmin hadisə haqqında ilk tarixi-publisistik kitabı 1992-ci ilin mart ayında bu sətirlərin müəllifi hadisə yerinə gedərək yazıb və 30 min tirajla “Azərbaycan” nəşriyyatında nəşr etdirib. Bax: N.Yaqublu “Xocalı Qırğını”. Bakı, 1992). 1993-cü ilin iyulun 12-də Müdafiə Nazirliyində sənədli filmlər kinotelestudiyası yaradıldı. Bu zaman studiyanın arxivində 400-ə qədər videokaset, minlərlə fotoşəkil, çoxlu kino lenti toplanmışdı. Qısa bir zamanda Seyidağanın başçılıq etdiyi studiyada “Qan yaddaşı”, “Azadlıq ordusu”, “Səməd bəy Mehmandarov”, “Xocalı - əsrin faciəsi”, “Sərkərdə” kimi sənədli filmlər yaradıldı. Yenə Seyidağanın ümumi rəhbərliyi ilə “And” hərbi verilişi hazırlanıb Azərbaycan Televiziyası ilə ictimaiyyətə çatdırılırdı. O, bu proqram vasitəsilə də çalışırdı ki, insanlarımız vətəni sevsin, onun keşiyində dayansın, ordumuza ürəkdən bağlı olsun, ən yaxın tariximizdə baş verənləri unutmasın. Tanınmış hərbi operator Seyidağa Mövsümlü haqqında çoxlu xoş söz yazmaq mümkündür. Lakin düşünürəm ki, onun 60 illik yubileyi layiqincə qeyd olunacaq və orada daha rəsmi səviyyədə bu sözlər ona ünvanlanacaq, onun vətən qarşısındakı xidmətləri əsl dəyərini tapacaq. Orden, medal almaq hisslərindən uzaq olan, Vətənə təmənnasız xidmət göstərmiş bu insan ən yüksək mükafatlara layiq deyilmi? Ordeni, medalı, mükafatı niyə ancaq şairə, müğənniyə verək? Niyə həqiqi xidməti olmuş fədakarlarımızı zamanında və sağlığında dəyərləndirməyək? Bəlkə Azərbaycan Televiziyasının və Mətbuat Şurasının rəhbərliyi bu işdə ciddi bir addım atıb ölkə rəhbərliyinə rəsmi müraciət ünvanlasınlar? Yazımı böyük mütəfəkkir Əhməd Ağaoğlunun mətbuatımızn banisi Həsən bəy Zərdabinin dəfn mərasimində söylədiyi bir fikirlə yekunlaşdırıram. Əhməd bəy çıxışında “ulu babalarımızın bizə heç bir irs qoyub getmədiyindən” və “avamlıq, cəhalət, gerilik dolu bir mühitdə yaşamaq” məcburiyyətindən şikayətlənirdi. 60 illik yubileyi unudulan, yada düşməyən Qarabağ müharibəsi qəhrəmanı Seyidağa Mövsümlü isə əsla narazı deyil. Səbəbi odur ki, millətinə, xalqına təmənnasız xidmət edib, bu yolda ağır və şərəfli bir tarixin salnaməçisinə çevrilib, gələcək nəsillərə zəngin irs qoyub! Nəsiman Yaqublu tarix elmləri doktoru Geri dön |