Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət, DAVAMın yazıları > Qərbi Azərbaycan ziyalılarından tarixçi alim Surxay Əmiraslanov
Qərbi Azərbaycan ziyalılarından tarixçi alim Surxay Əmiraslanov |
1972-ci ildə Bakı Avtomobil təmiri zavodunda sürücü işləyirdim. Zavod “Volqa” və “QAZ 51” markalı maşınları əsaslı təmir edirdi. Keçmiş günlərdi, zavodun qarşısında durmuşdum, bir “Valqa” markalı maşın yolun kənarında dayandı. Saçını yuxarı daramış, səliqəli geyimli, qalustuq bağlamış, bəstəboy bir nəfər maşından düşüb mənə yanaşdı və salam verib soruşdu:
-Burada işləyirsən? Dedim:-Bəli. - Mənə bir cüt sağ-sol “paxlava” lazımdır, tapmaq olar? Dedim:- Olar. Gözləyin, içəri keçim öyrənim. “Paxlava” “M21 Volqa” avtomobilin nikel bəzək hissəsində arxa qapılarda olur. O zaman avtomobil ehtiyat hissələri satışda çox çətin tapılırdı... Xüsusu avtomobili olanlar demək olar ki, əksəriyyəti zavodun qapısına gəlib zavod işçilərinin oğurluq yolla əldə etdiyi ehtiyat hissələrini alıb maşınlarını təmir etdirirdilər. Mən də zavod işçiləri kimi sökülən köhnə avtomobillərdən yararlı olan ehtiyat hissələrindən satıb dolanırdım. 70 manat maaşla dolanmaq olmazdı... İçəri keçmək istəyirdim ki, birdən düşündüm: “Bir öyrənim görüm, bu adam kimdir. Birdən milis işçisi, nə bilim, “obexeys” zad olar, ilişərəm” . Dedim:- Bağışlayın, sizin üçün köhnə də olsa, yararlı “paxlava” taparam, amma “pul söhbəti” olmayacaq. Qəsdən belə dedim ki, görüm o nə cavab verəcək, çünki geyimindən, görünüşündaən elə-belə adama oxşamırdı. O gülümsər bir tərzdə məndən soruşdu: -Danışığından deyəsən Ermənistan tərəfdənsən? Dedim:-Bəli, Basarkeçər rayonundanam. Bə siz haradansınız? Siz də o tərəflərdən olanlar kimi danışırsınız. O sanki yaxın bir doğma adam kimi əlini uzadıb dedi: -Ə, bir yerdənik ki, tanış olaq. Mənim adım Surxaydır, APİ-də müəllim işləyirəm. Qorxma, milisaner zad deyiləm. Bu sözdən sonra tam ürəkləndim və yadıma düşdü ki, üzünü görməsəm də, Surxay müəllim haqqında eşitmişdim... İçəri keçib iki sağ-sol “paxlava” tapıb bayıra çıxdım. “paxlavaları” Surxay müəllimə verərkən dedim: -Heç nə lazım deyil, sizə hədiyyə olsun. Cibindən İki ədəd “iyirmi beşlik” pul çıxarıb dedi: - Sənin burada zavodun yoxdur ki, kimdən almısan, apar pulunu ver. Dedim:- Müəllim, bu “zapçastları”(ehtiyat hissələri) köhnə maşınlar sökülərkəndə əldə etmişəm... O yenə gülümsəyib pulları cibimə basdı və dedi: -Çox yaxşı, bunlar da sənin dolanşın üçündür. Nə maaş alırsan ki, 70-80 manatla dolanmaq olmaz, mən hər şeydən xəbərdaram... neçə yaşın var? Bir yerdə oxuyursanmı? Dedim- İyirmi bir yaşım var. Əsgərlikdən təzə gəlmişəm, hüquq fakültəsinin axşam şöbəsinə sənəd vermişdim... “konkursa” düşdüm. İndi hazırlaşıb gələn il yenə sənəd verəcəm, hüquqşünas olmaq istəyirəm. Biliyimi yoxlamaq məqsədilə Surxay müəllim mənə tarix fənnindən suallar verdi. Demək olar ki, sualların hamsına cavab verə bildim. O, ürəyindən keçən fərəh hissini gizlətmədən,-Sağ ol! Yaxşı hazırlaşmısan, bəs tarix imtahanından neçə almışdın?-dedi. Dedim:- “Dört” qiymət almışdım, ədəbiyyatdan da yazılı-şifahili dört almışdım. Amma xarici dildən “üç” qiymət almışdım. Mən Ardanış orta məktəbində iki il alman dili fənni keçmişəm. Səkkizinci sinifə qədər Dərə kənd səkkizillik məktəbində xarici dil keçilmirdi. Bir də ki, bu xarici dil əvvəllər qeri-profil fənn imtahanı idi, indi profil fənn kimi ciddi yanaşırlar. Çalşıram ki, alman dilini tələb olunan imtahan səviyyəsində öyrənim... Surxay müəllim məni dinləyib dedi: -İstəsən, sənədlərini gələn il APİ-nin tarix fakülltəsinə verə bilərsən, mən də köməklik edərəm, qəbul olunub oxuyarsan. Sənin bilmədiklərin çox şeylər var... Alman dilini də imtahan səviyyəsində hazırlaşmaq sənin üçün çox çətindir, təməl biliyin zəifdir. Kasıb ailədənsən, görürəm, qabaqda elə bir adamın da yoxdur... Dedim:- Hələ qabaqda bir il var, fikirləşərəm... Surxay müəllimlə bu vaxtdan sonra aramızda yaxın münasibət yarandı. Onun maşınına bir şey lazım olanda zavodun qabağına gəlirdi, görüşürdük və zavodda işləyənlərdə, məndə olan ehtiyat hissələrini alb maşınını təmir elətdirirdi. Hərdən mən də APİ-yə gedib Surxay müəllimlə görüşürdüm, o mənə tarix, ədəbiyyat fənnindən suallar verirdi və zəif cavablarıma düzəlişlər edirdi. O zaman APİ-də oxuyan tələbələrdən bir neçə oğlan və qızlar mənə yanaşıb tanış olmuşdular... Məqsəd - xahiş edim ki, zaçot və imtahanlardan Surxay müəllim onlara qiymət yazsın. Mən institutda Surxay müəllimlə görüşən zaman əl tutub çox səmimi və yaxın adamlar kimi görüşürdük, kənardan baxanlar elə sanırdılar ki, biz yaxın qohumlarıq. Düzü, nə gizlədim, bir neçə nəfər haqqında xahiş eləmişdim, Surxay müəllim də köməklik eləmişdi və demişdi:-Bu tələbə olan insan anlamır ki, iş qiymətdə deyil, imtahan onlara elm örənmək üçün lazımdır: savadsız müəllim sabah gedib işləyəndə şagirdləri kor qoyacaq. Sonradan “xahiş” məsələsinə xətt çəkdim... Bir dəfə Surxay müəllimlə zavodun qarşısında görüşüb ona lazım olan ehtiyat hissəsini əldə edəndən sonra bir yerdə nahar etmək qərarına gəldik. Surxay müəllimin Buzovna qəsəbəsində bir işi vardı və özünə yoldaş kimi məni götürüb yola düşdük. Məştağa qəsəbəsinə çatanda bir yeməkxananın qarşısında dayandıq. Bu yeməkxananın qarşısında Surxay müəllimin milliyyətcə erməni olan təxminən əlli yaşnda bir nəfər tanışına rast gəldik. Onun da “Volqa” maşını vardı, yeməkxananın qabağında saxlayıb nahar etmək istəyirdi. Nə isə, birlikdə “Məştağa düşpərəsi” yeyib, həmin adamla da xüdahafizləşib yolumuza davam etdik. Surxay müəllim Buzovnada bir tanışı ilə görüşdü, söhbət elədi və şəhərə qayıdan zaman söhbət əsnasında dedim: - Müəllim, o erməninin görünüşü nə isə, birtəhər idi, “bic” adama oxşayırdi. Baxışı, danışığı heç adama yapışmırdı. - Necə yəni, sən adamlara baxanda elə yaxşı tanıyırsan ki, ona belə qiymət verirsən? -Yox, demirəm ki, pis adamdı, nə isə, mənə belə göründü. Bəlkə, ermənidir deyə məndə belə fikir yarandı. - Belə fikirləşmə, hər millətin yaxşısı da, pisi də var. Millət söhbəti haqqında çox da düşünmə, indi hansı dövlətdə yaşayırıq. Artıq millət məsələsi köhnədə qaldı, kommunizmin ikinci fazasını yaşayırıq: biz hamımız dilindən, irqindən, milliyyətindən asılı olmayaraq, sovet vətəndaşlarıyıq... Bəs sən “Sovet tarixini” oxumamısan? Orada hamsı yazılıb ki... Dedim: - Surxay müəllim, oxumuşam. Amma özün də bilirsən, Basarkeçərdəki o bəzi “dığalar”(Göyçədə millətçi erməni gənclərinə belə deyirdik) “türk” ,-deyib bizə bir cür baxırdılıar. Elə burada da ermənilər az deyil. Bizim zavodda işçilərin yetmiş faizi Qadrut erməniləridir. Düzdür, zavoda işləyən ermənilərlə aramızda bəzən millət söhbəti olsa da, dava-dalaş səviyyəsinə çıxmayır. Elə-belə onlar bildiklərindən, biz bildiklərimizdən danışıb sonradan Rus Çarizmini günahkar bilirik. Bir iş yoldaşı kimi aramızda xətir-hörməti saxlayırıq. Çox söhbətlərdən sonra C. Cabbarlının “1905-ci ildə “ pyesindən olan epizodları söhbətə qatıb zarafatlar edirik. Həmin əsər erməni dilində də var, əkəsər ermənilərin “1905-ci il” pyesindən xəbərləri var. Bir dəfə zavodda söhbət zamanı ADU-nun hüquq fakültəsində qiyabi oxuyan ( azərbaycanlı) türk gəncinə əlli yaşlı erməni sual verdi ki, “1905-ci ildə” pyesində adları çəkilən Allahverdi və İmamverdi obrazlarının hansı musurmandı (türkdü), hansı ermənidi? Mən suala cavab vermək istəyəndə erməni göz vurdu ku, susum. Qiyabiçi tələbə dedi:- Allahverdi musurmandı, İmamverdi Erməni. Sual verən erməni gülüb dedi:-Əə, ermənidə imam olur, İmamverdi musurmandı, sənnən prokuror olmaz... Surxay müəllim yol uzunu avtomobilin sükanında olmaqla mən söylədiklərimi dinləyirdi və bu əhvalata xeyli güldü, sonra dedi: - Gör ha, erməni ola-ola o, pyesdəki obrazların hansının erməni, müsəlman olduğunu bilir, amma hüquqda oxuyan tələbə bilmir... Bax, görürsən, tarixi, ədəbiyyatı dərk etməklə öyrənmək lazımdır. Oxuduğun hər mövzunun mahiyyətinə diqqət elə, ideyasını anla. Yazılmış tarixi hadisələrin illərini yaxşı-yaxşı əzbərlə. Tarixi hadisələri ardıcıllıqlq yadda saxlamaq üçün illəri dəqiq bilmək gərəkdir... Surxay müəllim həmişə söhbətin axırında mənə xatırladırdı ki, qəbul imtahanına yaxşı hazırlaşım deyə vaxtımı oxumağa mümkün qədər daha çox sərf edim... Bir gün yenə APİ-yə Surxay müəllimi görməyə getmişdim, birinci hissə “SSRİ tarixi” kitabında oxuduğum mövzuların bəzilərini onunla müzakirə etmək məqsədim vardı. Dəhlizdə bir neçə dəfə Surxay müəllimin yanında gördüyüm ortaboylu qızla rastlaşdım. Həmin qız mənə salam verib keçərkən nə isə, qızın əzilib-büzülüməklə, özündənrazı yerişi diqətimi aldı. Sonra Surxay müəllimlə görüşüb söhbət edərkən qız da gəlib bizim yanımızda dayandı. Fikirləşdim ki, tələbədir, məllimə sözü var və mənim ayrılmağım gərəkdir. Aralanmaq istəyəndə Surxay müəllim dedi: -Hara gedirsən? Dedim:- sonra gələrəm indi işiniz var, mane olmayım. –Dur, -deyib, tələbə qiza bildirdi ki, ondan sabah kəsri olduğu imtahan üzrə yenidən imtahan götürəcək... Surxay müəllim tələbələrlə çox mədəni rəftar edirdi. Tələbələrin ona qarşı böyük ehtiramı var idi. Heç kimi incitmirdi. Tələbə imtahana bir balaca hazırlaşırdısa, ona qiymət yazırdı. Bəzən imtahanda ağzını aça bilməyənə birinci “napravleniye”də soruşmadan qiymət yazırdı... Bir şeyi qeyd eləyim ki, onun institutda paxıllığını çəkəmlər də vardı... Surxay müllimin zəkalı və mədəni şəxsiyyəti bəzilərini narahat edirdi ki, bu keyfiyyət onu daha yuxarı çəkib kiminsə kürsüsündə əyləşdirəcək... 1975-ci ildə ADU-nun kitabxanaçılıq fakültəsinin qiyabi şöbəsinə qəbul olub Şəki rayonuna köşdüm və orada mədəniyyət evinin direktoru işləyən vaxtlarda eşitdim ki, Surxay Müəllimi həbs ediblər. Deyilənləri eşidən zaman tam əminliklə bildim ki, ona bu asan şərləmə vasitəsilə zərbə vurublar... Mən Surxay müəllimin təmiz əxlaqını, insaniyyətliyinin yüksəkliyini görmüşdüm. Onun şeirinə qulaq asmışdım. Mən maşının “baqajnik”ində kitara saxlayırdım və saz havasına kökləyib saz havaları çalırdım. Bir dəfə onunla istirahət üçün bazar günü “Şıxov” çimərliyinə getmişdik, çimərliyin tam kənarında maşınları saxlamışdıq... Kitarada “Yanıq Kərəmi” havasını ifa edərkən çox təəccübləndi və soruşdu ki, bu ifaları kim mənə öyrədib. Söylədim ki, babam, atam aşıqdırlar, irsən keçib, elə öz-özümə örənmişəm. Orada saz havasının müşayiətilə Tapdıq müəllimin “Bənövşə” şeirini söylədi... O zaman mən də Göyçəyə aid yazdığım “Telli saz gətir” şeirimi saz havası üstündə söyələdim və Surxay müəllim şeirin bir misrasına düzəliş etməyi məsləhət gördü... Surxay müəllim tarix fənnini çox geniş bilirdi. Bir şey həqiqətdir ki, “SSRİ tarixi” birinci və ikinci hissəsində Rusiya çarizmi haqqında o dövrdə olan hadisələr çıx əhatəliyi ilə yazılıb. Bu cümlə də var: “Çarizm millətlər həbsxanasıdır” . Digər bir tərəfdən bədii ədəbiyyarda da rus imperializmi çılpaqlığı ilə göstərilir. Məsələn, “1905-ci il” pyesində iki millətin arasında qan salan imperiya jandarmlarının hərəkətləri “atan kazaklardır” ,- deyə,-“yəni ruslardır” başa düşülür... Surxay Müəllim bu fürsətlərdən istifadə edib, “Daşnak” əməllərini də onlara qoşub daha dərinlərə gedirdi. Digər bir tərəfdən Göyçədə biz Basarkeçər millətçi “dığaları”nın Türk,-deyə üstümüzə gəlmələri ilə rastlaşırdıq. Basar keçər erməni “dığaları” Zod kəndindən olanlardan it kimi qorxurdular... Bir dəfə yeddinci sinifdə oxuyarkən Basarkeçərdən Qırxbulağa qədər marafon qaçış yarışı keşirilirdi. Mənimlə yan-yana qaçan bir Zodlu oğlanla mənim qabağımı yolun kənarında dayanıb baxan erməni uşaqları kəsib dava eləmək istədilər... Nə isə yaxınlaşa bilmirdilər, aralarında bir “dığa” deyirdi: “ Ara, en dığa Zodluya, knak”-Ə, o oğlan Zoddandı, gedək... Oğlana dedim:-Bu “dığalar” səndən niyə qorxdular? Cavab verdi ki, o danışan “dığanı” bir dəfə döymüşəm... Ümumiyyətlə, Basarkeçər millətçiləri Zod kəndinin əhalisindən çox qorxurdular. “Sulikovun başının Zodda kəsilməsi” əhvalatını millətçilər uşaqlarına da danışmışdılar və demişdilər ki, Zod kəndindən olan türklərlə ehtiyatlı olsunlar... Surxay müəllimin tarixi dərin bilməsi, Göyçədə olan millətçi ermənilərin əməllərindən xəbərdar olması, “Stalin-Mikoyan-Baqramyan-Bjijikyan” dörtlüyünün 1945-ci ildən başlayaraq Qərbi Azərbaycandan türklərin köçürülməsi planının dərinliklərini bilməsi gələcək “Qarabağ” düyününə böyük maneçilik törədəcəkdi. Zəkalı bir tarixçi alim erməni yalanlarının üstünü açacaqdı. Ensiklopedik biliyə malik Tapdıq müəllimi Basarkeçər millətçi erməniləri aradan götürməsi də bu planların tərkib hissəsi idi... Bu yazının əvvəlində Surxay müəllimin bir erməni tanışından bəhs etmişdim. Maştağada gördüyüm o ermənini bir dəfə də Surxay müəllimlə mən işləyən zavodun qabağında gördüm. Həmin ermənin bizim zavodda işləyən mühərrik sexinin rəisi ilə görüşən zaman onların Qarabağın Qadrut rayonundan olmalarını öyrəndim... Nə isə, o erməni mənim gözümdə üz-gözündən yaxşı adama oxşamırdı, kino-filmlərdə gördüyüm casusları xatırladırdı. Bəlkə də həmin erməni Surxay müəllimin danışıq və söhbətlər zamanı bütünlüklə bilik dairəsini öyrənib və erməni yalanlarına gələcəkdə maneçilik törədəcəyini görüb. Odur ki, Surxay müəllimin həbs olunması, elm aləmindən uzaqlaşdırılması üçün plan qurub həyata keçirib. Elə bu cür də olub... Mən Şəkidə yaşayan zamandan Surxay müəllimlə əlaqə saxlaya bilmədim. Sonuncu dəfə Şüvələndə 1980-ci ildə yas yerində görüşdük. Səthi hal-əhval tutduqdan ayrıldıq, yas yeriydi, başqa söhbətlər etmək yersiz idi. Sonra 1982-ci ildə mən Rusiyaya getdim, Azərbaycana qayıtdım... beləliklə, bir də eşitdim ki, dünyasını dəyişib. Amma Surxay müəllim haqqında deyilən şaiyələrlə heç vaxt barışmamışam. Mən tam əminliklə deyə bilərəm ki, onun, yüksək zəkasının olması erməni millətçilərinə maneçilik törədəcək deyə asan şərlə “zərərsizləşdirilmişdir”... Bu yazının sonunda Əli Vəkilin “Dönük talehin əzablı yolları” adlı şer kitabından Surxay müəllimin şeirlərindən birini də mövzuya daxil etmək fikirində oldum. Üsyankar naləmi, haqq fəryadımı, Bu məhbus halımı biləsən, Allah. Günahsız bəndənin, tifil qulunun Özün köməyinə gələsən, Allah! Adını çağırır qalanlar darda, Haqqın, ədalətin hardadı, harda! Məqsədin budurmu soyuq “məzarda” Kimsəsiz canımı alasan, Allah! Döndər gülüstana qarlı qışımı, Cəlladlar əlindən qurtar başımı, Surxayın günahsız bu göxz yaşını Şəfa əllərinlə siləsən, Allah! Atı Düldül, özü Qəmbər ağası, Çat haraya, yetiş dada, ya Əli! Şahi Mərdan, şahi Karrar özünsən, Canım qurban belə ada, ya Əli! Rəsulu Əkrəmsən, Xudavəndi-Aləm, İyrmi beş hikmətdən cəm oldu Aləm, Kəbeyi Meracda tifil sailəm, Tutub məni qəhri-qada, ya Əli. Beç kimsənə beş-beş üstə quruldu, Zəmzəm suyu bulanmışdı, duruldu, Həsən, Hüseyn haq yolunda qırıldı, Onlar verdi ömrü bada, ya Əli. Hikmət gəldi, qüdrət gəldi Əsaya, Sulf İbrahimə, İncil özü İsaya, Zambur Davuddadır, Töhrət Musaya, Firqan, Quran Məhəmmədə, ya Əli. Beş həbibdir, beş təbibdir, beş usta, Abı, atəş, xaki baddı, beş üstə, Rəsuli Əkrəmdən muradın istə, Surxay dönüb qeyri-yada, ya Əli! Bu yazını yazarkən çox hadisələri yazmadım. “Xatirələr” adlı bir kitab hazırlayıram, qismət olsa, orada bir genişliklə mövzular yazacağam... Allah Surxay müəllimə rəhmət eləsin, qəbri nurlu olsun, yeri behiştlik olsun! Hazırladı: Niftalı Göyçəli Geri dön |