Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Belə görüşlər davamlı olarsa...
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > Belə görüşlər davamlı olarsa...

Belə görüşlər davamlı olarsa...


Müxaliflər iqtidarla dialoqu müsbət qiymətləndirir və davamlı olmasını arzulayırlar

Müxalifət partiyalarının rəhbərlərinin iqtidarla dialoqa getmək, bir sıra məsələlər ətrafında müzakirələr aparmaq təşəbbüsünün reallaşması son günlər haqqında ən çox danışılan hadisədir. Belə ki, dekabrın 13-də Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovla baş tutan görüş həm iştirakçılar, həm də ictimaiyyət tərəfindən müsbət qiymətləndirilib. Görüş zamanı bir sıra mühüm mövzular müzakirə olunsa da, əsas diqqət iqtidar-müxalifət arasında dialoqun daha da inkişaf etdirilməsinə, bunun ölkə üçün faydalı olacağına yönəldilib.

Görüşdə iştirak edənlərdən biri, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bizimlə söhbətində dedi ki, iqtidarla müxalifət arasında əvvəllər tez-tez belə görüşlər baş tuturdu: “Son zamanlar bunun təxirə salınması aradakı münasibətləri bir qədər də soyutmuşdu və sanki getdikcə daha çox düşmənçilik yaranırdı. Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri ilə baş tutan görüş, onun qaldırılan məsələlərə verdiyi reaksiya məni çox sevindirdi, ümidləndirdi. Əgər iqtidar doğrudan da ölkədə islahatlar aparmaq istəyirsə, beynəlxalq təzyiqlərin azalmasında maraqlıdırsa bu cür görüşlər tez-tez təşkil olunmalıdır. Bilirsiniz ki, İlk Avropa oyunları ilə bağlı Amerikada dinləmələr olub və bu prosesin boykot edilməsinə çağırışlar səslənib. İqtidar indiki çətin geopolitik vəziyyətdə sabitliyi qorumaq istəyirsə, mütləq dialoqu davam etdirməlidir. İqtidar və müxalifətin daimi ünsiyyətinə, birgə fəaliyyətinə ehtiyac var. Düşünürəm ki, həftədə və ya ayda bir dəfə ölkədəki siyasi islahatların xarakterini müzakirə etmək üçün toplaşmaq lazımdır. Bununla bağlı müəyyən bir qurum da yaratmaq olar. Təbii ki, belə hal Azərbaycanın xeyli inkişafına səbəb olacaq”.

S.Cəlaloğlunun fikrincə, bu cür dialoqlar münasibətləri müsbət istiqamətdə inkişaf etdirməklə yanaşı, ölkədə demokratiya olduğunu da təsdiqləyir: “Demokratiyanın iki prinsipindən biri razılaşma, uzlaşmadır. Əgər iqtidarla müxalifət razılaşırsa, deməli, demokratiya inkişaf edir. Burada yanlış bir məsələ var. İstər iqtidar, istərsə də müxalifətdə belə fikir formalaşıb ki, qarşı tərəf belə görüşlərdən birtərəfli qaydada bəhrələnmək istəyir və digər tərəfi öz aləmində, məğlub edir. Bu cür düşüncələr isə belə görüşlərin əhəmiyyətini sıfırdan da aşağı endirir. Dediyim məqamlar görüşlərdə iştirak edən adamlara damğa vurulmasına da gətirib çıxarır. Bütün hallarda, iqtidar və müxalifət ümummilli maraqlardan çıxış edərək görüşləri davam etdirməlidir. Əminəm ki, bu, cəmiyyət tərəfindən də yaxşı qarşılanacaq. Bilirsiniz ki, beynəlxalq ictimaiyyət də bu cür halları təqdir edir. Biz bu yolla həm də xaricdən ölkəmizə gələn iradları məhdudlaşdırmış olarıq”.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev də dedi ki, bu cür dialoq ölkə üçün mühüm məqamlara xidmət edir: “Azərbaycanda çoxpartiyalı sistem var və 55 partiya qeydiyyatdan keçib. Bu gün partiyalar arasındakı kommunikasiya, yəni, əlaqələrin qurulması həm ölkədə inkişafa səbəb olacaq, həm də barışa, sabitliyin təmin olunmasına. Ölkə problemlərini həll etmək üçün dialoqun immunitetini artırmaq lazımdır. Müxalifət milli mənafeyə uyğun davranışlarla iqtidara dəstək olmalıdır ki, xarici basqıların qarşısı alınsın. Bu dialoq belə məsələləri həll etmək üçün başlanğıcdır. Bu cür görüşlərin genişləndirilməsi üçün çox ciddi zəmin yaranıb. Hər kəs anlamalıdır ki, hakimiyyətə müxalifətdə olmaq, dövlətə müxalifət olmaq demək deyil. Çox təəssüf edirəm ki, bəzi şəxslər bu anlayışları qarışdırırlar. Elə öz fəaliyyətimizi qeyd edim. Biz dövlətə yox, hakimiyyətə qarşı müxalifətdəyik”.

Böyük Qurtuluş Partiyasının sədri Fazil Mustafa isə hesab edir ki, bu dialoqda iştirak edən partiyaları təbrik etmək lazımdır. Çünki, onlara PA tərəfindən böyük dəyər verilib: “Həmin görüşdə aktual məsələlər müzakirə olundu və partiyaların problemləri rəsmi səviyyədə diqqətə çatdırıldı. Təbii ki, biz də Böyük Qurtuluş Partiyası olaraq orada iştirak etməyi özümüzə məqsədəuyğun saydıq. Ümumiyyətlə, dialoq məsələsi bizim tərəfimizdən də dəfələrlə qaldırılmışdı, amma buna o qədər də əhəmiyyət verilməmişdi. Ümid edirik ki, bundan sonra iqtidarla digər partiyalar arasında konstruktiv bir əməkdaşlıq mühiti formalaşacaq. Təbii ki, bu, ümumi işimizin xeyrinədir. Hesab edirəm ki, beynəlxalq vəziyyətin gərgin olduğu bir vəziyyətdə Azərbaycanda daxili uzlaşmanın olması çox faydalıdır”.

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev də sözügedən görüş haqda müsbət fikirlər bölüşüb: “Bu, Azərbaycanın son 10-15 illik praktikasında ilk görüş idi. Siyasi prosesləri müzakirə etmək və tərəflərin təmsilçiliyi baxımından bunu müsbət qiymətləndirmək lazımdır. Çünki qeyd edilən müddət ərzində tərəflər siyasi məsələləri müzakirə etmək təşəbbüsünü irəli sürsələr də, iradə nümayiş etdirməmişdilər. Bu görüşün baş tutması pozitiv hadisə kimi qiymətləndirilməlidir. Azərbaycanın siyasi praktikasına yeni münasibətlər sistemi daxil ola bilər. İkinci müsbət məqam isə görüş iştirakçısı kimi hər iki tərəfin anlamlı mövqe nümayiş etdirməsidir. Görüşə qədər mənim özümün də müəyyən şübhələrim var idi. Ancaq hakimiyyəti təmsil edən yüksək rütbəli dövlət məmuru hakimiyyətdən səlahiyyət alaraq kifayət qədər açıq şəkildə, şəffaf, işgüzar münasibət ifadə etdi. Bu görüş davamlı olacaqsa, hesab edirəm ki, Azərbaycanın siyasi arenasında olan bir çox problemlər öz həllini tapacaq".

Şəfa Tapdıq

Geri dön