Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > DAVAMın yazıları > “Azadlıq” radiosu, əslində, nədir?
“Azadlıq” radiosu, əslində, nədir? |
“Azadlıq” radiosu kimi tanıdığımız “Azad Avropa Radiosu / Azadlıq radiosu”nun Bakıdakı bürosuyla bağlı son günlər baş verənlər bir gerçəyi bir daha təsdiqlədi: bu qurumun mənsub olduğu dövlətin ən adi bir radio direktoru belə başqa müstəqil dövlətlərə yuxarıdan aşağı baxır, utanmadan, çəkinmədən onları təhqir belə edir. Bəli, məhz belədir.
Dekabrın 26-da radionun Bakı bürosunda tam olaraq qanun çərçivəsində axtarış aparıldı. Bu əməliyyatı həyata keçirənlər nəzakət və qanun çərçivəsində işlərini başa çatdırıb radionun redaksiyasını möhürlədilər. Hər halda, radioda işləyən həmkarlarımız özlərinə qarşı kobudluğun olmadığını, axtarış üçün müvafiq sənədin təqdim edildiyini elə ilk saatlardan təsdiqləyir. Yəni baş verən proses tam olaraq hüquq müstəvisində həyata keçirilib. Belə olan halda lazım idi ki, radionun daha yuxarı vəzifəliləri bu olaya məhz etik və qanun çərçivəsində reaksiya verəydi. Amma olmadı. Elə həmin gün radionun direktorlarından olan Nenad Pejic Azərbaycan dövlətinə qarşı çox ədəbsiz ifadələrlə zəngin bir açıqlama verdi. Ona görə ədəbsiz deyirik ki, normal bir ölkənin ən elementar etik normalarına əməl edən kimsə o cür ifadələr işlətməzdi. Nenad Pejic olayı “hücum” adlandırdı öz açıqlamasında. Sanki Azərbaycan hüquq mühafizə orqanları gizli plan üzrə davranaraq radionun redaksiyasına basqın ediblər. Halbuki, bütün xəbərlərdə axtarış və möhürləmənin nəzakət və qanun çərçivəsində olduğu deyilir. Daha sonra bu Pejic bir qədər də irəli gedərək Azərbaycan dövlətinin rəhbərlərini “quldur” adlandırır! Bu isə dünyaya demokratiya dərsi keçən ABŞ kimi bir ölkənin heç bir prinsipinə uyğun deyil! Bunun adı sadəcə tərbiyəsizlikdir və Azərbaycan dövləti mütləq şəkildə ABŞ-dan buna görə üzr tələb etməlidir. Çünki ölkəmiz, bəzilərinin arzu etdiyi kimi, ABŞ-ın, elə başqa hansısa dövlətin əlaltısı deyil! Azərbaycan tam müstəqil, suveren dövlətdir və onun hüquq sistemi öz əməllərində hansısa pejiclərlə və onların bağlı olduğu dövlətlərlə hesablaşmağa borclu deyil! Hə, adam bir də Azərbaycana beynəlxalq öhdəliklərini xatırladır. İndi gəl də bundan soruşma ki, sən, adi bir radio direktoru kimsən axı bütöv bir dövlətlə bu dildə danışırsan? Siz özünüzü kim hesab edirsiniz? Əgər ABŞ kimi dövlətin təbliğat vasitəsi olan bir radioya rəhbərlik edirsinizsə, başqa dövlətlərlə bu dildə danışma haqqınız var? Əsla! Gedin, özünüzə başqa məşğuliyyət tapın! Və “Azadlıq” radiosunun mahiyyəti. Azərbaycan ictimai rəyində bəzi kəsimlər iddia edir ki, bu radio, sən demə, ölkəmizdə fikir plüralizmi və azad media mühiti üçün çox vacibmiş. İnanardıq, əgər “Azadlıq”ın nə üçün qurulduğunu və nəyə xidmət etdiyini bilməsəydik. Bizim “Azadlıq” kimi tanıdığımız radionun adı tam olaraq “Azad Avropa Radiosu / Azadlıq Radiosu”dur. Onun təməli 1949-cu ildə Azad Avropa Uğrunda Milli Komitə adlı təşkilat tərəfindən qoyulub. Əsas məqsədi Avropanı Sovetlərin təsirindən azad edib ABŞ-ın təsiri altına salmaq olan komitəyə başçılığı Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) o zamankı rəhbəri Allen Dalles həyata keçirirdi. 1953-cü ildə isə MKİ-nin qurub nəzarət etdiyi Rusiya Xalqlarının Azadlığı Uğrunda Amerika Komitəsi adlı qurum “Azadlıq” radiosunu efirə buraxdı. Bu radionun əsas məqsədi Sovet İttifaqının əsas xalqlarına təsir etməklə SSRİ-ni çökdürmək üçün milli dillərdə yayımı gerçəkləşdirmək idi. Təbliğat işini daha əlaqəli şəkildə həyata keçirmək üçün 1976-cı ildə bu radiolar birləşdirildi və bir bütün halında fəaliyyətə keçdi. 1972-ci ilədək hər iki radionun maliyyəsi MKİ-dən gəlirdi. Üstəlik, onların fəaliyyəti birbaşa bu qurumun göstərişləri əsasında təşkil edilirdi. Yəni anlaşılan odur ki, radio ABŞ dövlətinin soyuq müharibə dönəmində istifadə etdiyi təbliğat vasitəsi kimi MKİ-nin tam nəzarəti altında idi. Lakin sonrakı illərdə Amerika başbilənləri özləri də anladılar ki, azadlığı uğrunda çalışdıqlarını iddia etdikləri xalqlara MKİ kimi qurum tərəfindən maliyyələşən və idarə edilən bir radio ilə təsir etmək işin zərərinə ola bilər. Buna görə də maliyyə məsələsində siyasəti dəyişməli oldular. Hazırda radio ABŞ Konqresi tərəfindən maliyyələşdirilir. Yəni yenə də pul ABŞ dövlətinin büdcəsindən ayrılır. Amma MKİ-nin bu quruma nəzarətdən kənarlaşdırıldığını da deyə bilmərik. Çünki əsas məqsədi başqa dövlətləri daimi basqı altında tutmaq olan radionun MKİ-nin həm himayəsinə, həm də kəşfiyyat məlumatlarına daim ehtiyacı var. “Azadlıq” radiosunun bütün dönəmlərdəki fəaliyyətinə nəzər salanda açıq-aşkar görünür ki, bu media qurumu MKİ-nin nəzarəti altında ABŞ-ın hədəf dövlətlərə qarşı təbliğatının əsas vasitəsidir. Yəni elə açıq şəkildə də bəyan edilir ki, radionun missiyası “uzaq ölkələrdə ABŞ və dünya haqqında dürüst və obyektiv xəbərlər yaymaqla azadlıq və demokratiyanı təşviq və təmin etməkdir”. Təbii ki, burada “dürüst və obyektiv” deyəndə ABŞ-ın maraqlarına uyğun xəbərlər nəzərdə tutulur. Maraqlısı da odur ki, ABŞ siyasətinin və dövlətinin önündə gedənlərin hamısı birmənalı şəkildə elə hesab edir ki, bu radio hətta əleyhində təbliğat apardığı ölkələrdə də rahat bir şəkildə fəaliyyət göstərmə haqqına sahibdir. Elə Nenad Pejic də o təfəkkürün sahiblərindən biridir ki, Azərbaycanın öz suveren hüquqlarından istifadəsini “hücum” və “quldurluq” kimi qələmə verir. Təbii ki, belə təfəkkür sahiblərinin başçılıq etdiyi, eyni zamanda rəsmi ABŞ-ın açıq siyasi basqısı üçün vasitəçilik edən bir radionun Azərbaycanda sərbəst fəaliyyəti heç də bizim xeyrimizə ola bilməz. Düzdür, orda tanıdığımız, hörmət etdiyimiz qələm sahibləri çalışır, maaş alır, ailəsini dolandırır. Amma bu adamların özlərinin də bilmədən MKİ-nin cızdığı çərçivədə hərəkət etdiyini deyə bilərik. Yəni aydın məsələdir ki, belə bir radioda fəaliyyət, əslində, elə ABŞ MKİ-nin əməllərinə ortaqlıq anlamına gəlir. Belədirsə, Azərbaycan dövləti niyə öz vətəndaşlarının Bakının ortasında oturub başqa bir dövlətin kəşfiyyat xidmətinin işində iştirakına dözümlü yanaşmalıdır? Özü də o dövlətin ki, məhz elə MKİ və onun nəzarətində olan təbliğat vasitələrinin də iştirakıyla gözümüzün önündə İraqın altını üstünə çevirdi, Əfqanıstanda daşı daş üstündə qoymadı, ərəb ölkələrinə nə vaxt bitəcəyi bəlli olmayan iç savaşlar bəxş etdi? Anlayırıq və məqbul sayırıq ki, bir zamanlar bu radiolar kommunist rejimləri çökdürüb bizim kimi ölkələrin azadlığına nail olmaq üçün fəaliyyət göstərirdi. Bəs indi nəyi və niyə çökdürmək istəyirlər? Azərbaycan azaddır, müstəqildir, öz ayaqları üzərində dura bilən güclü dövlətdir. Bəlkə ABŞ bu dövlətin üzərində ağalıq iddiasından əl çəkib strateji tərəfdaşlıq prinsiplərinə uyğun hərəkət etsin? Həm də bərabərhüquqlu əsaslarla? Geri dön |