Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev: -Dağlıq Qarabağ məsələsinin həllində böyük güclərin susqunluğu Ukrayna münaqişəsini ortaya çıxardı.
Fərəc Quliyev: -Dağlıq Qarabağ məsələsinin həllində böyük güclərin susqunluğu Ukrayna münaqişəsini ortaya çıxardı. |
Qarabağ münaqişəsi digər ölkələrə də mənfi təsirini göstərir
Elman Məmmədov: “Prezidentin bu sözlərindən beynəlxalq birlik və tədbirdə iştirak edən dövlət rəhbərləri nəticə çıxarmalıdır” Davos İqtisadi Forumu çərçivəsində keçirilən "Regionların transformasiyası: Avrasiya” mövzusunda sessiyada iştirak edən Prezident İlham Əliyev buradakı çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir çox mühüm məqamlara toxundu, olduqca vacib detallara diqqət çəkdi. Çıxışdan sonra geosiyasi vəziyyətlə bağlı sualın cavabında Prezident İlham Əliyev bildirdi ki, ölkəmiz artıq 20 ildən çoxdur Ermənistanın işğalçılıq siyasətindən əziyyət çəkir və ötən müddətdə aparılan sülh danışıqları heç bir nəticə verməyib. Dövlət başçısı xüsusi vurğuladı ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, eləcə də keçmiş SSRİ məkanındakı bütün münaqişələr eyni yanaşma yolu ilə həll olunmalıdır. Belə münaqişələrin həll olunmaması yeni münaqişələrə də yol açır. Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları çərçivəsində həllini tapmasa, bunun digər ölkələrə də öz mənfi təsirini göstərəcəyini dedi. Dövlət başçısı qeyd etdi ki, beynəlxalq hüquq normaları BMT-nin Nizamnaməsində, ATƏT və digər beynəlxalq təşkilatların sənədlərində konkret şəkildə əksini tapıb. Yalnız beynəlxalq hüquq normalarına əməl edildikdə ikili standartların və belə problemlərin regionda artmasının qarşısı alınar. Maraqlıdır, postsovet məkanındakı münaqişələrin həllinə niyə eyni yanaşma yoxdur? Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasının digər ölkələrə də mənfi təsir göstərdiyini nəzərə alaraq, bundan sonra gözləmək olarmı ki, münaqişənin həllilə məşğul olan qurum və dövlətlər bu istiqamətdə real addımlar atsınlar? Millət vəkili Fərəc Quliyev bildirdi ki, eyni köklü münaqişələrə fərqli münasibət subyektiv amillərdən qaynaqlanır: "Postsovet məkanındakı münaqişələr eyni qaynaqdan yaranıb. Ümumiyyyətlə, sovet imperiyası gec partlayan minaları xatırladırdı. Bunların bir çoxları partladı, bir çoxları da qalır. Əslində, buradakı münaqişələrin arxasında Rusiyanın dayandığı heç kimə sirr deyil. Hesab edirəm ki, münaqişə obyektlərinə yanaşma subyektiv səbəblərdən qaynaqlanır. Məsələn, Ukraynaya münasibət bir fərqli yanaşmadır. Hərçənd, hesab edirik ki, Ukrayna məsələsində Avropa Birliyi, dünya doğru mövqe tutdu. Gürcüstan-Rusiya münaqişəsi zamanı Qərb tərəfindən konkret addımlar müəyyənləşdirildi və məsələ qismən də olsa, həll olundu. Amma Qarabağ məsələsində tamam fərqli mövqedə dayanıblar. Ortalıqda görünür, bizdən asılı olmayan səbəblərdən irəli gələn məsələlər də var. Üstəlik, Azərbaycanın inkişafında maraqlı olmayan qüvvələr də mövcuddur. Habelə, türk etnosunun hakim etnos kimi artıq formalaşması da görünür, bəzi güclərə sərf etmir. İndiyə qədər bir az Rusiyadan ehtiyatlanma vardısa, sabah eyni təzahürlərin davam etməsi bu amili bir qədər arxa plana keçirir. Bu da tamamilə ögey bir münasibətdir. Bu mənada da hesab edirəm ki, Prezident qoyduğu tələbdə, narahatçılıqda haqlıdır. Dağlıq Qarabağ məsələsinin həllində böyük güclərin susqunluğu Ukrayna münaqişəsini ortaya çıxardı. Bu, həm də Rusiyanın revanşist davranışlarına yol açdı. Hətta vəziyyət o qədər irəli getmişdi ki, bununla bağlı başqa ölkələr haqqında da düşünülürdü. Qarabağ məsələsində susqunluq fəsadlar verdi və bu, bumeranq siyasəti oldu. Bu gün yaranan vəziyyət, Rusiyaya qarşı tətbiq olunan sanksiyalar da prosesə təsirsiz ötüşmür. Bu kimi neqativ halların hamısının kökündə Dağlıq Qarabağa anormal, adekvat olmayan bir münasibətin olmasıdır. Bundan sonra da Dağlıq Qarabağ məsələsi yenə də hazırkı vəziyyətdə qalmaqda davam edərsə, ən azından bu bölgədə, Azərbaycanda insanların münaqişə ilə məşğul olan beynəlxalq təsisatlara münasibətdə dəyişiklik yaranmalıdır. Əməkdaşlıq, müəyyən bir platformadan çıxış edəndə, sonra da problemlərə biganə qalanda təbii ki, ictimai rəy də fərqli şəkildə dəyişir. Postsovet məkanının özündə də Rusiyaya meylli olanlarda belə təəssürat yaranır ki, biz Qərbin simasında partnyor görməyə bilərik. Ona görə fərqli seçimlər edirlər. Üstəlik, problem qaldıqca başqa yerlərdə də separatçıların baş qaldırması, ərazi bütövlüyünün pozulması istiqamətində layihələrin ortaya qoyulması da həmişə gündəlikdə qalacaq. Bu, çox narahatedici məsələdir”. Millət vəkili Elman Məmmədov da düşünür ki, bu məsələnin kökündə Ermənistan kimi işğalçıya bəzi dövlətlərin havadarlıq etməsi amili dayanır: "Cənab Prezident Davos forumundakı çıxışından bir gün öncə Almaniya kansleri ilə görüşündə də Dağlıq Qarabağ məsələsilə bağlı fikirlərini bildirdi və təəssüf hissi ilə qeyd etdi ki, münaqişələrə, xüsusən də postsovet məkanında olan qaynar ocaqlara beynəlxalq birlik eyni mövqe göstərmir. Cəmi 5-6 ay öncə baş qaldıran Ukrayna məsələsilə bağlı ABŞ başda olmaqla həmin beynəlxalq birlik bütün dünyanı Rusiyanın üzərinə qaldırıb. Rusiya sanksiyalara məruz qalıb. Ancaq 1988-ci ildən bu günə qədər Azərbaycan torpaqlarının bir hissəsini işğal etmiş, 1 milyondan artıq insanlarımızı qaçqın, köçkün vəziyyətə salmış işğalçı Ermənistana qarşı həmin beynəlxalq birlik və burada söz sahibi olan super dövlətlər bir dəfə də olsun sanksiya tətbiq etməyiblər. Əksinə, işğalçıya havadarlıq edib, maliyyə döstəyi göstərib, onu qoruyublar. Yəni, bir növ onu işğala həvəsləndiriblər. Bunu cənab Prezident bütün çıxışlarında deyir və Davos forumunda da vurğuladı. Təbii ki, bu sözlərdən beynəlxalq birlik və orada iştirak edən dövlət rəhbərləri nəticə çıxartmalıdırlar. Onlar haqsız, ədalətsiz mövqedədir. Almaniya kansleri Angelı Merkel də vurğuladı ki, məsələ sülh yolu ilə həll olunmalıdır, onun alternativi yoxdur. Amma sülh yolu ilə «donuz tarladan çıxmır». Sülh yolu ilə deyən beynəlxalq birlik 25 ildir, Azərbaycan torpaqlarını işğal altında saxladır, işğalçıya havadarlıq edir, ona bəraət qazandırırlar. Prezidentimiz qeyd etdi ki, Azərbaycan müstəqil dövlətdir, güclü iqtisadiyyata malikdir, güclü ordusu var. Lakin beynəlxalq birliyin bu münasibəti bizi məcbur edəcək ki, hərbi gücdən istifadə etməklə torpaqlarımızı işğaldan azad edək. Son nəticə buna gəlib çıxır. Məsuliyyət də həmin beynəlxalq birliyin üzərində qalacaq. Sülh deyə-deyə nə qədər gözləməliyik? Onlar isə işğalçıya təsir etmir, sanksiyalar tətbiq olunmur. Cəbhə bölgəsində gündəlik olaraq ölən və yaralananlar var, hər an müharibə alovlana bilər. Azərbaycan beynəlxalq hüququn normalarına əsaslanaraq deyir ki, torpaqlarımız işğal altında olduğundan həmin hüququ özündə saxlayır. Danışıqlar olsun. Ancaq işğalçı dövlət beynəlxalq birliyi saymır. Cırtdan işğalçı dövlət əslində, kimdir ki, böyük dövlətlərin sözünü eşitməyə. Təbii ki, onların dəstəyi olmasa, ermənilər belə hərəkətlər etməz. Son nəticə ona gətirib çıxaracaq ki, Azərbaycan güc tətbiq etməklə torpaqlarını işğaldan azad edəcək. Burada məsuliyyət də düşmən tərəfi ilə beynəlxalq birliyin üzərinə düşür”. Rüfət NADİROĞLU Geri dön |