Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Üçlü formatın ədalətsizliyi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Üçlü formatın ədalətsizliyi

Üçlü formatın ədalətsizliyi


Azərbaycan xəbərlər xidməti - Məftun Salmanov

ATƏT-in Minsk qrupunun həmsədrlərinin sayının artırılması məsələsi yenidən gündəmə gəlib. ABŞ, Rusiya və Fransadan ibarət üçlüyə Almaniya və Türkiyənin qoşulması da təklif olunur. ATƏT PA-da Siyasi məsələlər və təhlükəsizlik komitəsi sədrinin müavini Azay Quliyev bu təkliflə qurumun növbəti sessiyasında çıxış edəcəyini açıqladı. Bu dəfə məsələnin aktuallıq qazanmasının daha tutarlı səbəbi var.

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya işgüzar səfəri zamanı bu ölkənin Kansleri Angela Merkelin Dağlıq Qarabağ münaqişəsi üzrə sərgilədiyi mövqe bir qədər gözlənilməz olsa da, bunu Avropada baş verən hadisələrin məntiqi nəticəsi kimi də qiymətləndirmək olar.

Merkel qoşunların təmas xəttində atəşkəsin pozulmasında Rusiyanın Ermənistana dəstək verməsi amilini ilk dəfə yüksək tribunadan səsləndirdi. Kansleri bu həqiqəti söyləməyə vadar edən əsas səbəblərdən biri Rusiyanın Ukrayna ilə bağlı siyasətidir.

Həmsədr ölkələr Azərbaycanın ərazi bütövlüyünü dəstəkləsələr də, onların münaqişənin nizamlanması üzrə faydalı iş əmsalı sıfıra bərabərdir. Üçlü formatın ədalətsiz yanaşmasının özünəməxsus səbəbləri də var.

Moskva Ermənistanın ən yaxın strateji müttəfiqidir və bu ölkədə hərbi bazası var, ABŞ-da erməni diasporu və erməni yönümlü konqresmenlərin mövqeyi güclüdür, qondarma "erməni soyqırımı"nın inkarına görə cəza tətbiq edən Fransa isə ermənilərin ən yaxın himayədarlarından biridir.

Sadalanan faktlar və balansı qorumaq baxımından Minsk qrupunun "yeni qan"a ehtiyacı var. Üçlük arasında müsəlman ölkəsinin çatışmazlığı Türkiyə ilə aradan qaldırılmalıdır. Ankara regionda güc sahibidir və ən əsası, mövqeyi ədalətlidir. Onu da unutmamalıyıq ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması Dağlıq Qarabağ münaqişəsinin həllindən asılıdır.

Əgər Yerevan Ankara ilə münasibətləri həqiqətən də normallaşdırmaq istəyirsə, Türkiyənin vasitəçiliyinə razı olmalıdır.

Berlinə gəlincə, Minsk qrupunda Fransa Aİ-ni təmsil etsə də, bu qurumun ən güclü ölkəsi olan Almaniyanın maraqları unudulur. Almaniya üçlüyə münasibətdə daha ədalətli mövqə nümayiş etdirə bilər. Çünki erməni diasporunun bu ölkəyə təsir imkanları digərlərinə nisbətən xeyli azdır. Avropanın beşiyi sayılan Almaniyanın vasitəçiliyə başlaması Ermənistanı da qane etməlidir.

Ukraynada baş verənlər Almaniya başda olmaqla, Avropanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasətində dəyişikliklər etməyə məcbur edir. Dağlıq Qarabağ məsələsi Avropada presedent kimi yayıla bilər və bunun ilkin əlamətlərini Ukraynanın şərqində görmək mümkündür.

Hazırda Avropada bir müstəqil müsəlman və xristian dövləti arasında baş verən yeganə münaqişə Dağlıq Qarabağ münaqişəsidir. Onun həlli təkcə regionda deyil, ümumilikdə Avropada yeni sabitlik erasının başlanğıcını qoya bilər.

Geri dön