Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azer Hasret: - Məmur-vətəndaş münasibətləri üçün ən gözəl örnək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > Azer Hasret: - Məmur-vətəndaş münasibətləri üçün ən gözəl örnək

Azer Hasret: - Məmur-vətəndaş münasibətləri üçün ən gözəl örnək


“Məmurlar yaddan çıxarmamalıdırlar ki, onlar xalq üçün işləyirlər, onlar xalqın xidmətçiləridir.”

Yola saldığımız həftə ərzində Prezident İlham Əliyevin “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışı ətrafında müzakirələr davam etdi. Bu müzakirələrdə cənab Prezidentin məmur-vətəndaş münasibətlərilə bağlı sərt və konkret mövqe sərgiləməsinə isə ayrıca diqqət yetirildi.

“Ölkəmizin uğurlu inkişafı üçün vətəndaş-məmur münasibətləri mühüm əhəmiyyət kəsb edir” deyən Prezident İ.Əliyev xatırlatdı ki, “Azərbaycan bu sahədə də nümunəvi ölkə olmalıdır”.

Doğrudan da, cənab Prezidentin bu xatırlatması ölkəmizdə aparılan çox uğurlu işlərə əməllərilə kölgə salan bəzi məmurlar üçün həyəcan siqnalı olmalıdır. Çünki belə məmurlar bir qayda olaraq vətəndaşları narazı salır, ümumilikdə ölkənin inkişafına əngəllər törətməyə xidmət edirlər. Halbuki Prezident özü də daxil olmaqla hər bir məmuru vətəndaşın xidmətçisi hesab edir: “Məmurlar yaddan çıxarmamalıdırlar ki, onlar xalq üçün işləyirlər, onlar xalqın xidmətçiləridir. Dəfələrlə demişəm ki, mən birinci xidmətçiyəm. Xalqın birinci xidmətçisi Prezident olmalıdır, çünki xalq bizə inanır, bizə bu missiyanı aparmağı həvalə edib, tapşırıb. Biz, bütün məmurlar da bu yüksək etimadı doğrultmalıyıq”.

İşində biganəliyə, kobudluğa yol verən, özünü yekəxana aparan məmurlar da ölkə başçısının bu çıxışından öz paylarını almalıdırlar. Yeri gəlmişkən qeyd edim ki, Azərbaycan məmurları davranışlarında elə cənab Prezidentin özündən nümunə götürsələr, deyilən məsələlər dərhal həllini tapa bilər. Kənar müşahidəçi kimi əminliklə deyə bilərəm ki, Prezident İ.Əliyev istər adi vətəndaşlarla, istər yüksək vəzifəli şəxslərlə, istərsə də istənilən dərəcədən olan məmurlarla münasibətlərində həmişə təmkini, təvazökarlığıyla seçilir. Biz onu sadə bir insan kimi görürük hər zaman. Ölkənin ən ali vəzifəsinin sahibi kimi onun bu davranışı daha aşağı rütbəli məmurlar üçün mütləq örnək təşkil etməlidir. Cənab Prezidentin özü məmur-vətəndaş münasibətləri üçün ən gözəl örnəkdir.

Amma bildiyimiz kimi, bəzən bəzi məmurlar özlərini az qala orta əsr təfəkkürlü balaca padşahlar kimi aparırlar. Bu isə təbii ki, vətəndaşlarda narazılıq yaratmaya bilməz. Elə bu cür narazılıqların geniş yayılmamasının əsas səbəbi də, yenə cənab Prezidentin özüdür. İş ondadır ki, adi bir məmurun kobudluğuna, yekəxanalığına tuş gəlmiş vətəndaş ölkə Prezidentinin davranışlarını gördüyü üçün anlayır ki, hansısa məmurun uyğunsuz davranışları heç də ümumi göstərici sayıla bilməz. Əslində, öz kobud davranışlarıyla vətəndaşları narazı salan məmurlar da cənab Prezidentə minnətdar olmalıdırlar ki, xalq onun xatirinə bu dünyanı həmin məmurların başına dar etmir.

Prezidentin məmur-vətəndaş münasibətlərilə bağlı çıxışında elə bu məsələyə də toxunulur və qeyd edilir ki, “mənfi mənzərə ilə üzləşəndə tədbir də görülür, məmurlar cəzalandırılır. Etimadı doğrultmayan məmurlar bundan sonra da cəzalandırılacaqlar”.

Doğrudan da ölkənin müxtəlif bölgələrində vətəndaşları narazı salan məmurlara qarşı ən sərt tədbirlərin görülməsi örnəklərinə rast gəlirik. Ayrıntılara varmadan qeyd etmək istərdim ki, son illər ərzində hətta elə hallar olub ki, vətəndaşları narazı salan məmurlar ümumiyyətlə dövlət işindən uzaqlaşdırılıb, onlara bir daha etimad göstərilməyib. Bu isə, təbii ki, başqa məmurlar üçün örnək olmalıdır və olur da. Ona görə də bəzən işinə məsuliyyətsiz yanaşan, kobudluğa, yersiz təkəbbürə yol verən məmurlarla yanaşı, cənab Prezidentin dediyi kimi, xalqın xidmətçisi olduğunu əməlində göstərən istənilən qədər məmurlarımız var. Təbiidir ki, özünü bu cür aparmayan, apara bilməyən məmurlar da gərək deyilənlərdən dərhal nəticə çıxarsınlar.

Bir daha sözü gedən konfransda səslənmiş fikirlərə qayıdaraq demək istərdik ki, bu gün Azərbaycan sürətli və sabit inkişaf yolundadırsa, dünyada baş verməkdə olan kataklizmlərdən yan keçə bilirsə, ölkədə hər bir vətəndaşın həyatı güvənlik altındadırsa, bütün bunları məhz cənab Prezidentin doğrudan da xalqın xidmətçisi olmağı bacarmasına borcluyuq.

Əgər ölkə Prezidenti dövlətin ən ali vəzifəsinə sahib olduğu halda belə vətəndaşla mehriban, təmkinli və təvazökar münasibət qurursa, artıq aşağı rütbəli məmurların başqa cür davranması qətiyyən məqbul sayıla bilməz.

Əgər hansısa məmur bu çıxışdan sonra da vətəndaşlarla münasibətlərində özünü yekəxana aparır, kobudluq edir, insanlara yuxarıdan aşağı baxırsa, deməli, Prezidentə, onun yürütdüyü siyasətə xəyanət edir, arxadan zərbə vurur.

Əgər hansısa məmur cənab Prezidentin bu sadəliyinə, siyasətinə kölgə salacaq əməllərə yol verirsə, cəza gözləmədən özü vəzifə kreslosunu boşaltmalıdır. Əks təqdirdə xalqın bir nömrəli təmsilçisi olan cənab Prezident qanunun bütün gücündən istifadə edərək onu cəzalandıracaq. Cəzalandıracaq ki, başqalarına görk olsun. Cəzalandıracaq ki, məmurlar xalqın xidmətçisi olduqlarını unutmasınlar…

Geri dön