Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Mədəniyyət > General Əlağa Şıxlinskinin 150 illiyinə həsr olunmuş möhtəşəm tədbir keçirilib
General Əlağa Şıxlinskinin 150 illiyinə həsr olunmuş möhtəşəm tədbir keçirilib |
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Qazax rayon İcra Hakimiyyətinin birgə təşkilatçılğı ilə 7 fevral 2015-ci il tarixində Qazax Olimpiya İdman Kompleksində görkəmli hərbi xadim general-leytenant Əlağa Şıxlinskinin 150 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.
Mayor Rafiq Hacıyevin dirijorluq etdiyi hərbi orkestr qonaqları və iştirakçıları “Topçular marşı” ilə salamlayıb. Müdafiə Nazirliyinin zabiti, tədbirin ssenari müəllifi və quruluşcu rejissoru Abdulla Qurbani çıxış edərək xatırladıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən ilin noyabr ayının 20-də general Əlağa Şıxlinskinin 150 illik yubliyenin keçirilməsi haqqında sərəncam verib və bu sərəncamdan irəli gələn vəzifələr respublikamızda uğurla həyata keçirilir. Hazırda Silahlı Qüvvələrin bütün hərbi hissə, birlik, birləşmə və xüsusi təyinatlı təhsil müəssisələrində də silsilə yubiley tədbirləri təşkil olunur. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına əsasən yerli icra hakimiyyəti orqanları , nazirliklər, idarə, müəssisələr və qeyri hökumət təşkilatları ilə də birgə tədbirlərin keçirilməsi nəzərdə tutulub. Qazaxda reallaşan bugünkü kütləvi vətənpərvərlik bayramı da həmin tədbirlərdən biridir. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərəv dəvəti məmnuniyyətlə qəbul edərək yubiley tədbirində iştirak etmək üçün generalın doğulub boya-başa çatdığı Qazax rayonuna gələn qonaqları; Müdafiə Nazirliyinin məsul əməkdaşlarını, millət vəkillərini, elm, mədəniyyət və incəsənət xadimlərini, müharibə və əmək veteranlarını, Şıxlinski soyadını fəxrlə daşıyan Şıxlinskiləri rayon ictimaiyyəti adından salamlayıb. Sonra A.Əsgərov general Şıxlinskinin 150 illik yubileyinin keçirilməsi haqqında Prezident Sərəncamının bütün xalqımız kimi Qazax əhalisinin də böyük sevincinə səbəb olduğunu qeyd edərək bu tarixi sərəncama görə Möhtərəm Prezidentimiz İlham Əliyevə generalın həmyerliləri adından dərin minnətdarlığını bildirib və bu tədbirin həm ordunun şəxsi heyətinin, həm də xalqın döyüş ruhunun və vətənpərvərlik ruhunun daha da yüksəldilməsində mühüm əhəmiyyət kəsb edəcəyini vurğulayıb. İcra başçısı mərasim iştirakçılarını əmin edib ki, bütün xalqımız kimi qazaxlılar da Heydər Əliyev ideyalarına sadiqdirlər və Vətən uğrunda Ali Baş Komandanın hər bir əmrinə hər an hazırdırlar. Müdafiə nazirinin şəxsi heyət üzrə müavini – Şəxsi Heyət Baş İdarəsinin rəisi, general-leytenant Kərim Vəliyev Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun adından mərasim iştirakçılarını təbrik edib. Ulu Öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə görkəmli hərbi xadimlərin, sərkərdələrin xatirəsinin əbədiləşdirilməsi istiqamətində gördüyü tarixi xidmətlərdən bəhs edən Nazir müavini bu ənənələrin möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini tədbir iştirakçılarının nəzərinə çatdırıb. General K.Vəliyev Qazax mahalının hərb tariximizə bəxş etdiyi ilk hərbiçi topoqraf general İbrahimağa Vəkilovun, ilk azərbaycanlı hərbi təyyarəçi Fərrux Ağa Qayıbovun, Sovet İttifaqı qəhrəmanı Müseyib Allahverdiyevin, qazaxlı Milli Qəhrəmanların da adlarını xatırlayaraq böyük fəxrlə bildirib ki, qazaxlı gənclər bu gün də hərbu peşələrə böyük maraq göstərir, milli ordumuzda Vətənə sədaqətlə xidmət edirlər. Bütün cəbhəboyu bölgələrdə, eləcə də Qazax rayonunun müdafisəində düşmən təxribatlarının qarşısı mərdliklə alınır, mütəmadi olaraq atəşkəs rejimini pozaraq mövqelərimizi atəşə tutan Ermənistan silahlı qüvvələrinin vaxtında və layiqincə cavabı verilir. Həmişə olduğu kimi qazaxlılar bu gün də ordumuzun bu bölgədəki hissə və bölmələrinə dayaqdırlar, ordu ilə xalqın birliyi sarsılmazdır. General-leytenant Kərim Vəliyev görkəmli hərbi xadim general Şıxlinskinin yubileyinin keçirilməsi ilə bağlı bu tarixi Sərəncama görə Silahlı Qüvvələrin şəxsi heyəti adından bir daha Möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevə dərin minnətdarlığını bildirib və çıxışını Ulu Öndərimizin bu sözləri ilə tamamlayıb: “ Ataların, babaların, əcdadlarımızın qəhrəmanlıq ənənələri bu gün də, gələcəkdə də müstəqil Azərbaycanı qorumaqda və onun müstəqilliyini əbədi etməkdə bizim üçün örnəkdir”. General Əlağa Şıxlinskinin vaxtilə komandanlıq etdiyi Azərbaycan Əlahiddə Korpusunun piyada və süvarilərinin formasını geymiş əsgərlərin Cümhuriyyət ordusunun döyüş bayrağı altında, həmin ordunun varisi olan müasir Azərbaycan ordusunun şəxsi heyətini təmsil edən hərbi qulluqçuların isə qoşun növlərinin bayraqları altında milli hərbi marşlar ifa edərək arenaya daxil olması ilə başlanan tədbir sonra təlimlərdə, döyüş və mənəvi-psixoloji hazırlıqda xüsusi nailiyyətlər qazanmış milli artilleriyaçılarımızın, cəbhə bölgələrindən gələn qazaxlı əsgər və zabitlərin, xüsusi təyinatlı təhsil müəssisələrinin Qazax rayonundan olan kursantlarının fəxri keçidi ilə davam edib. General Şıxlinskini (Xalq artisti Alim Məmmədov) bütün tədbir iştirakçıları ayaqüstə, sürəkli alqışlarla, gül-çiçəklə qarşılayıb. Sonra Azərbaycanın ilk Hərbiyyə naziri Səməd bəy Mehmandarov (Zöhrab İmamquluyev), Molla Pənah Vaqif (Əməkdar artist Eldəniz Tağıyev), Molla Vəli Vidadi (Əməkdar artist Ramiz Vəliyev), generalın ömür-gün yoldaşı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin qurucusu Nigar xanım (Kəmalə Məmmədova) və generalın digər müasirləri onu təbrikə gəliblər. İki dövlətin, bir millətin qəhrəmanı olan Nuru paşanın (əməkdar artist İlham Hüseynov) Şıxlinski ilə görüşü tamaşaçılarda duyğulu anlar yaşadıb. Hər iki general “Biz birlikdə işğal olunmuş torpaqlarımızı tezliklə düşmən tapdağından azad etməliyik!”,- deyə xalqı və ordunu Qarabağ uğrundə mübarizəyə səsləyiblər. “Çırpınırdın Qara dəniz” mahnısının sədaları altında Azərbaycan və Türkiyənin bayraqları əzəmətlə dalğalanıb. Tamaşaçılar bu mənzərəni ayaqüstə alqışlayıblar. Vətənpərvərlik marşları, mahnılar və rəqslər generalın yubileyinə xüsusi rəng qatıb. Silahlı Qüvvələrin Mahnı və Rəqs ansamblı yenə də öz rəngarəng çıxışı ilə tamaşaçıların rəğbətini qazanıb. “General Şıxlinski” adının əziz tutulduğu, xatirəsinin hörmət və ehtiramla yad edildiyi üçün ölkə rəhbərinə, baş sərkərdəyə, qədirbilən Azərbaycan xalqına dərin minnətdarlığını bildirib. Generalın “ Işğaldan azad ediləcək Qarabağda, qələbə paradında görüşənədək!” sözlərindən sonra mərasim iştirakçıları Vətənə, xalqa, dövlətə sədaqətlərini Azərbaycan Respublikasının Dövlət Himnini birlikdə ifa etməklə bildiriblər. Tədbirin sonunda Respublika Ağsaqqallar Şurasının sədr müavini, akademik Teymur Bünyadov “Bu gün sanki bir möcüzələr adasına, nağıllar dünyasına düşmüşəm. Sanki general Şıxlinskinin, Mehmandarovun, Nuru paşanın əhatəsindəyəm”, deyərək kövrəlib. Azərbaycan Prezidentinə, Müdafiə Nazirliyinin rəhbərliyinə ağsaqqal təşəkkürünü bildirib. Millət vəkilləri Əhməd Vəliyev, professor Xanhüseyn Kazımlı və Şıxlinskilər ailəsi adından Əməkdar incəsənət xadimi Ziya Şıxlinski də akademikin dediklərinə şərik olublar. Sərbəst güləş üzrə respublika yığma komandasının böyük məşqçisi, əslən Qazaxdan olan “Şöhrət” ordenli, mayor Firdovsi Umudov bu möhtəşəm mərasimin iştirakçısı olmaqdan böyük qürur duyduğunu, bu tədbirin tariximizə hörmət, xalqımıza, dövlətimizə sədaqətin rəmzi olduğunu və xüsusilə də gənclərin qələbəyə inam ruhunda, vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm əhəmiyyət kəsb edəcəyini qeyd edib. General Şıxlinskinin 150 illik yubileyinə həsr olunmuş mərasim başa çatsa da, tamaşaçılar uzun müddət Olimpiya İdman Kompleksini tərk etməyib, xatirə fotoşəkilləri çəkilib, Şıxlinskilər ulu babaları haqqında xatirələr danışıb, cəbhə bölgələrindən gələn zabit və əsgərlər, kursantlar generalın taleyini bağladığı hərbi peşəni - Vətənə xidmət peşəsini uğurla davam etdirəcəklərinə and içdilər. Geri dön |