Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Müxalifət liderləri bu təşkilatları real müxalifət qurumları hesab etmirlər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət, Fərəc Quliyev > Müxalifət liderləri bu təşkilatları real müxalifət qurumları hesab etmirlər

Müxalifət liderləri bu təşkilatları real müxalifət qurumları hesab etmirlər


Məlum olduğu kimi, bu günlərdə 15-ə qədər siyasi partiyanın iştirak etdiyi iqtidar-müxalifət dialoqundan sonra həmin tədbirdə iştirak etməyən Müsavatla AXCP yenə də böhtanlı çıxışlarını davam etdirməyə başlayıblar. Bu da təəccüb doğurmur. Çünki siyasi dialoq məsələsilə hər zaman manipulyasiya edən radikal müxalifət hakimiyyətə qarşı süni şəkildə dəfələrlə təzyiq atmosferi yaratmağa cəhdlər göstərib. Amma baş tutan dialoq bir daha göstərir ki, Azərbaycanda hakimiyyət nəinki iqtidar-müxalifət dialoquna qarşı çıxır, hətta ölkədə fəaliyyət göstərən bütün partiyalarla siyasi dialoqa hazır olduğunu açıq şəkildə nümayiş etdirdi. Lakin radikal müxalifətin siyasi dialoqdan yayınması onların əsl simasını ortaya qoydu və hər zaman olduğu kimi bəzi müxalifət partiyaları ənənəvi mövqelərindən çıxış edərək səs-küy salmağa başladılar. AXCP idarə etdiyi mətbuat qurumunu işə salaraq keçirilən görüşü "şou" adlandırsalar da, bir çox müxalifət partiyaları bu görüşü hakimiyyətlə müxalifət arasında münasibətlərin inkişafı və ümummilli məsələlərin müzakirəsi baxımından təqdirəlayiq proses hesab edirlər.

Siyavuş Novruzov: "Əməlində, xislətində xəyanət, satqınçılıq, öz şəxsi marağını dövlət, xalq marağından üstün tutmaq varsa, təbii ki, onların nə edəcəyi əvvəlcədən bəllidir"

Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov hesab edir ki, məqsədində milli maraqlar, dövlətçilik, xalqın mənafeyi olan siyasi partiyalar bu dialoqu təqdirəlayiq hesab etməlidir: "AXCP və Müsavatın bu mövqeyi təbii qarşılanmalıdır. Çünki iqtidar-müxalifət dialoqunun olması onların istəklərinə cavab vermir. Bununla da bir daha təsdiq olundu ki, bu partiyalar üçün korporativ maraqlar hər şeydən üstündür. Bir də əməlində, xislətində xəyanət, satqınçılıq, öz şəxsi marağını dövlət, xalq marağından üstün tutmaq varsa, təbii ki, onların nə edəcəyi əvvəlcədən bəllidir".
S.Novruzov onu da vurğulayıb ki, artıq AXCP, Müsavat kimi qurumların rəhbərliyində təmsil olunanlar hər hansı müstəqil qərar qəbul etmək iqtidarında deyillər: "Çünki bunların ipləri ayrı-ayrı xarici qurumların, ayrı-ayrı təşkilatların əlindədir və onlar bu ipi dartdıqca, bunlar həmin təşkilatların istəklərinə uyğun olan bəyanatlar verirlər. Əgər o təşkilatlar bunların bu dialoqda iştirak etməsi ilə bağlı qərar verməyiblərsə, deməli, iştirak etməyəcəklər. Əgər onlar tapşırıq versələr ki, get sabah tezdən birinci sən otur orada, hamıdan qabaq qaça-qaça gələcəklər. Bir sözlə, radikal müxalifətin siyasi dialoqdan yayınması onların əsl mahiyyətini ortaya qoyur".

Fərəc Quliyev: "Danışıqları qeyri-ciddi hesab edən, ona qara yaxmağa çalışan partiyaların, ümumiyyətlə, bu məsələlərə münasibət bildirməyə haqları yoxdur"

Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, millət vəkili Fərəc Quliyev "SƏS" qəzetinə verdiyi açıqlamasında bildirib ki, görüşün məqsədi ümummilli məsələlərdə iştirakı vacib olan şəxlsərin, qurumların fəaliyyətini tənzimləməkdən ibarətdir: "Danışıqları qeyri-ciddi hesab edən, ona qara yaxmağa çalışan partiyaların, ümumiyyətlə, bu məsələlərə münasibət bildirməyə haqları yoxdur. Kim ki bu dialoqdan kənarda qaldı, onlar da bu görüşlərə qara yaxmağa çalışırlar. Bu dialoqda iştirak edən partiyalar kifayət qədər sanballı partiyalardır və hesab edirəm ki, müzakirələrimiz bundan sonra da uğurlu olacaq".


Mirmahmud Mirəlioğlu: "Milli Şura" təmsilçiləri tənqid edəndə insaflı olsunlar, insafı, ədaləti kənara qoymaq olmaz"

KXCP sədri Mirmahmud Mirəlioğlu isə "Milli Şura"nın keçirilən görüşü dialoq yox, "şou" adlandırmasına münasibət bildirərəkən deyib ki, bu qurumun müalicəyə ehtiyacı var: "Olmayan şeyləri danışmaq ayıbdır. Mən, sadəcə olaraq, təəssüf edirəm. Mən bunu mediaya açıqlamaq istəmirdim, amma deməyə məcbur elədilər. Bu cür görüşlərin keçirilməsinin Azərbaycan cəmiyyətinə xeyri var. Tənqid edən dostlar da unutmasınlar ki, ən çox da xeyri onlara var. Hesab edirik ki, bu görüşlərin səmərəsi də, nəticəsi də hər kəsə olacaq. Mənim buna böyük inamım var. Amma olmaya da bilər, bu da faciə deyil. Tənqid edirlər etsinlər, amma insaflı olmaq lazımdır, insafı, ədaləti kənara qoymaq olmaz".

Əli Əliyev: "Bu söhbətdən qaçan qüvvələr yalnız özlərinə arxayın olmayan, "bulanıq suda balıq tutmaq" istəyən qüvvələrdir"

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev qeyd edib ki, dialoq Azərbaycanda iqtidar-müxalifət münasibətlərinin yeni mərhələsinin başlanğıcıdır: "Son illər ərzində ilk dəfədir ki, Azərbaycanda vasitəçilərsiz, yalnız ölkədaxili qüvvələrin siyasi iradəsi ilə dəyirmi masa keçirilir. Həm iqtidar, həm də müxalifət bu prosesi faydalı hesab edir. Əgər tərəflər bundan sonra da iradə nümayiş etdirəcəklərsə, yaxın gələcəkdə Azərbaycanda keyfiyyət və mahiyyətcə yeni mərhələnin başlanmasının şahidi olacağıq. Bu, bütövlükdə ölkəyə, dövlətçiliyə, dialoqun tərəflərinə lazımdır. Ona görə də iqtidar-müxalifət dialoqunun davamlı olmasının, ölkədə yeni münasibətlər sisteminin formalaşmasının və Azərbaycanda bütün siyasi sistemin inkişafının tərəfdarıyam. O ki qaldı ayrı-ayrı subyektlərin bu görüşlər barədə subyektiv fikirlərinə, fikrimcə, özünütəcrid siyasəti düzgün yol deyil. Bu söhbətdən qaçan qüvvələr yalnız özünə arxayın olmayan, "bulanıq suda balıq tutmaq" istəyən qüvvələrdir. Görünür, həmin qüvvələr Azərbaycanda siyasi proseslərin şəffaf, açıq şəkildə getməsində maraqlı deyillər".
Ə.Əliyev AXCP funksionerlərinin "Milli Şura"dan kənar müxalifətin olmaması iddialarına da münasibət bildirib: "Unutmasınlar ki, "Milli Şura" Azərbaycanda Moskva layihəsi kimi meydana çıxıb, Rusiyanın ölkəmizə təzyiq vasitəsi funksiyasını yerinə yetirib. Əməyini başqa dövlətin maraqlarına xidmət etmək üçün təklif edən, alət rolunu oynamağa hazır olan siyasi qüvvənin ölkə maraqlarını güdməməsi təbii prosesdir".

Sərdar Cəlaloğlu: "Bu xalq səni 20 ildir görür, alovlu taftalogiyadan ibarət nitq söyləmək xalqa xidmət etmək deyil"

ADP sədri Sərdar Cəlaloğlu isə "Milli Şura"nın müxalifətçiliyini İŞİD-lə, Ukraynada döyüşən üsyançılarla müqayisə edib: "İŞİD də özünü Suriyada hakimiyyətə qarşı əsas müxalifət elan etmişdi. Ukraynada mərkəzi hakimiyyətə tabesizlik nümayiş etdirib silahlı mübarizə aparanlar da özlərini müxalifət hesab edir. İndi gəlin görək, İŞİD-in müxalifliyi Suriya dövlətinə və xalqına xeyir gətirdi?! "Milli Şura"nın və AXCP-nin müxalifət olmağı indiyə qədər bu xalqa nə verib?! Bir müsbət nə isə verib?! Sən müxalifət ola bilərsən, ancaq sənin müxalifətçiliyin indiyə qədər bu ölkədə cüzi də olsa dəyişikliyə nail ola bilməyibsə, belə müxalifətçilik heç kimə lazım olmayan zərərli müxalifətçilikdir. 20 ildir sən Azərbaycan müxalifətinin önündə getdiyini bəyan edirsən, 20 ildir ki, Azərbaycan müxalifəti uduza-uduza gedir. Sənin müxalifətçiliyin budursa, kimə lazımdır belə müxalifətçilik!? Bu xalq səni 20 ildir görür, alovlu taftalogiyadan ibarət nitq söyləmək xalqa xidmət etmək deyil".
Beləliklə də, bu gün Azərbaycanın siyasi səhnəsində şou göstərən, siyasətlə məşğul olmayan, başqaları tərəfindən düzənlənmiş ssenari əsasında tamaşa oynayan bir şəxs və ya şəxslər varsa, o da Əli Kərimli və onun ətrafında olan insanlardır.

Rəfiqə HÜSEYNOVA

Geri dön