Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İrəvanın ermənilərə 99 illik icarəyə verilmə müddəti bitir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Qərbi Azərbaycan-İrəvan > İrəvanın ermənilərə 99 illik icarəyə verilmə müddəti bitir

İrəvanın ermənilərə 99 illik icarəyə verilmə müddəti bitir


İrəvanın ermənilərə 99 illik icarəyə verilmə müddəti üç ildən sonra bitir

Zəngəzur, Göyçə, Zəngibasarın ermənilərə verilmə qərarının ləğvi, Azərbaycan xalqına "Bölünmüş xalq" statusu...

Tarixin bütün keşməkeşlərindən şərəflə keçmiş xalqımız öz müstəqilliyi uğrunda apardığı mübarizədə həmişə əzmkarlıq və qəhrəmanlıqlar göstərərək qazandığımız qələbələr və nailiyyətlərlə bərabər Azərbaycanımızın taleyinə "fəna günü" adlanan Çaldıran döyüşü - qardaş qırğını nəticəsində məğlubiyyətin acısını dadmaq da düşüb.
Sonrakı dövrlərdə, 1813-cü ildə Rusiya-İran müharibəsinin nəticəsi kimi Gülüstan sülh müqaviləsi ilə Şimali Azərbaycan çar Rusiyasına qurban verilib. 1828-ci ildə isə İranın Rusiyaya növbəti məğlubiyyəti nəticəsində bağlanan Türkmənçay müqaviləsində Rusiyanın şərtlərinə görə, İran məcbur olaraq Azərbaycanın daha bir hissəsini - Naxçıvan və İrəvan xanlıqlarını Rusiyaya verib. Bu itgilərin hər birini bütövlükdə həm Güneydə və həm də Quzeydə dadmış Azərbaycan xalqı bu acını həm o tayda, həm bu tayda öz içində yaşadıb. Əslində bu bütöv olan bir xalqın bölünməsi faciəsinin acısıdır. Min illərlə bir olan xalqımızın parçalanaraq bölünməsindən keçən 200 ilə baxmayaraq, bu illər ərzində faciəmiz unudulmayıbsa, demək, biz unutqan xalq deyilik. Deməli, xalqımız öz hüquqları, azadlığı və bütövlüyü uğrunda yenidən mübarizəyə qalxaraq qələbə çalmağa və birləşməyə qadir olan xalqdır.
Bir olan tariximizin sonrakı dövrlərində də baş vermiş mühüm və əhəmiyyətli tarixi hadisələrdə Azərbaycan xalqının güneyli-quzeyli bir olduğunun şahidi olmuşuq. Səttarxan, Xiyabani, Pişəvəri hərəkatlarında Quzey azərbaycanlılar əvvəldən axıra kimi güneylilərə dəstək verərək onların yanında olublar. Lakin bu hərəkatlarda həmişə xalqın gücünə arxalanan milli liderlərimiz birinci mərhələdə qələbə çalırdılar, amma sonrakı mərhələdə beynəlxalq siyasi aləmdə tanınmağımıza dəstək vədi verən qüdrətli dövlətlər həlledici anda özlərini kənara çəkərək sözlərinə dönük çıxmış, bizi meydanda təklənmiş qoyduqlarına görə milli azadlıq hərəkatlarımız sonda süquta uğrayırdılar. Elə 1918-ci ildə Şərqdə ilk Xalq Cumhuriyyəti olan müstəqil Azərbaycan dövlətinin qurulmasında Fətəli xan Xoylunun misilsiz xidmətləri olmuşdu. Lakin bu cumhuriyyət də dünyanın o vaxtkı güc mərkəzlərinin arxadan vurduğu xəncər zərbəsinə qurban gedib. Bu inqilabların hər birində bizim birliyimizi pozmaq istəyən, məqsədlərimizə çatmağa mane olan, amma gözə görünmək istəməyən yad və düşmən qüvvələr içərimizə girib, çirkin əməllərini törətməkdən çəkinmirdilər. Çünki biz öz azadlığımızı və müstəqiliyimizi əldə etmək üçün, nədənsə, həmişə özgələrdən kömək və dəstək gözləmişik və həmişə də onların əlilə məğlub edilmişik. Bəs deyilmi özgələrə inanaraq onlara əl uzatmağımız? Nəyə görə 50 milyonluq bir xalq olduğumuz halda başqalarından kömək ummalıyıq? Niyə biz öz xalqımıza yox, başqalarının vədlərinə inanmalıyıq?
Vətənimiz birdir, ANA Vətən - AZƏRBAYCAN!
Ona görə də biz indiki çox münasib geosiyasi vəziyyətdən yararlanaraq, XX əsr həm siyasi, həm də inqilabi tariximizdən düzgün nəticələr çıxarmalıyıq. Cənubi Qafqaz regionunda aparıcı siyasi, iqtisadi və hərbi güc mərkəzi olduğumuz üçün regionda marağı olan dövlətlərin bizim milli maraqlarımızın həyata keçirilməsinə mane olmamalarına nail olmalıyıq.
Baxın, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyir: "Biz 50 milyonluq xalqıq, İrəvan, Zəngəzur, Göyçə tarixi Azərbaycan torpaqlarıdır və biz bu torpaqları hökmən geri qaytaracağıq". Deməli, İlham Əliyev Azərbaycanın bölünmüş olduğunu BMT-yə və dünyaya tanıdan, Azərbaycan xalqına və onun bütövlüyünə xidmət edən bir şəxsiyyətdir. Biz isə bütöv bir xalq olaraq dövlət başçımızın atdığı bu cəsarətli addımı dəstəkləməli, torpaqlarımızın sovet dönəmində Ermənistana verilməsi barədəki qanunazidd qərarın Azərbaycan Milli Məclisi tərəfindən ləğv edilməsinə nail olmalıyıq. 1920-ci ilin dekabrında SSRİ dönəmində bizim Zəngəzur, Zəngibasar və Göyçə mahallarımızın, 1988-ci ildə Ermənistan SSR Ali Soveti tərəfindən birtərəfli olaraq çıxarılmış "Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi" qərarları Ermənistanın ərazilərinin genişlənməsi, Azərbaycanın ərazilərinin azalması ilə nəticələndi. Əvvəlcə ərazilərimiz 114.7 min kvadrat kilometrdən 86.6 min kvadrat kilometrə, sonra 20% (17.4 min kvadrat kilommetr) Qarabağ torpaqlarımız itirilərək ərazimiz 69.2 min kvadrat kilometrə endi. SSRİ-yə daxil olandakı 114.7 min kv.km.-dən bu gün de-fakto 45.6 min kvadrat kilometr ərazimiz qalıb. Milli Məclisin verəcəyi bu ləğv qərarı əsasında Azərbaycan dövləti və xalqı BMT-yə müraciət etməli və 1920-ci ildə heç bir hüquqi əsası olmadan Ermənistana verilmiş tarixi ərazilərimizin geri qaytarılmasını tələb etməlidir. Bütün dünya bilməlidir ki, Azərbaycandan Qarabağı istəyən ermənilərin paytaxtı sayılan İrəvan 1918-ci ildə beynəlxalq hüquqi şərtlərlə, müqavilə əsasında 99 illiyə onlara verilib.
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, ermənilərin törətdiyi Xocalı qırğınını Azərbaycan xalqına qarşı törədilmiş, yüz il davam edən soyqırım cinayətlərinin zirvəsi adlandırırsa, Xocalı soyqırımına qoyulmuş abidəni rəsmən ziyarət edirsə, bu cinayəti törədənlərin beynəlxalq tribunala veriləcəyini deyirsə, deməli, Milli Məclis bu soyqırıma layiqli və beynəlxalq hüquqa əsaslanan hüquqi-siyasi qiymətini verməlidir. Sonrakı mərhələdə Milli Məclis BMT-yə müraciətlə bu qətliamı təşkil edib onun başında duranların beynəlxalq məhkəmə qarşısında törətdikləri cinayətlərə görə cavab vermələrini tələb etməlidir. Nəzərə alsaq ki, Ermənistanın hazırkı prezidenti R.Koçaryan bu qətliamda iştirakı və ona başçılıq etməsi ilə xarici ölkələrdəki rəsmi çıxışlarında fəxrlə öyünüb, deməli, Haaqa Məhkəməsi Domokl qılıncı kimi artıq onun boynundan asılıb (Yuqoslaviyanın eks-prezidenti Slobodan Miloşeviç kimi). Deməli, yenə də dövlət başçımızın bu yolda atdığı addımı sona çatdırmalıyıq.
Beləliklə, bizim tələblərimiz bunlardır:
1. Azərbaycan xalqı bölünmüş xalqdır. Biz Milli Məclisdən və BMT-dən Azərbaycan xalqına "Bölünmüş xalq" statusunun verilməsinin əldə edilməsini gündəmə çıxarmaq istəyirik.
2. Azərbaycanın tarixi ərazilərinin - İrəvan, Zəngəzur, Zəngibasar, Göyçə mahallarının Ermənistana verilməsi qərarları Azərbaycanın Milli Məclisi tərəfindən ləğv edilməlidir. Bu tarixi qərarların ləvği BMT-yə və bütün dünyaya çatdırılmalıdır.
3. Xocalı soyqırımına Mili Məclis tərəfindən düzgün hüquqi-siyasi qiymət verilməli, dünya ölkələri və BMT tərəfindən tanınmasına nail olunmalıdır.
Bu 3 tələbin hər birinin həyata keçirilməsində bizim Güney azərbaycanlı qardaşlarımızın və dünyaya səpələnmiş azərbaycanlıların dəstəyinə çox böyük ehtiyacımız var. Çünki güneylilər bu tələblərin hər birini dəstəkləyərək Azərbaycanın Milli Məclisinə, Prezidentinə, Nazirlər Kabinetinə, BMT-yə, Avropa Şurasına açıq və yazılı şəkildə müraciət edərək qoşularsa, bu ümumi işimizə böyük dəstək verməklə, bir daha bütövlüyümüzün və birliyimizin rəmzinə çevriləcək! Çünki 50 milyonluq böyük bir xalqın çox hissəsi Güneydə yaşayır. Biz Güney Azərbaycanın bütün vətənpərvər oğullarını bu yolda birləşərək açıq və yazılı (imzalar toplusuyla) müraciətlər şəklində çıxış etməyə çağırırıq!
Son hadisələrdən göründüyü kimi, Azərbaycan Prezidenti İ.Əliyev İranın nüvə enerjisidən dinc məqsədlərlə istifadə etmək hüququna hörmətlə yanaşaraq, onsuz da gərgin olan regionumuzda üçüncü qüvvələrin müdaxiləsini və qonşu ölkələrə qarşı Azərbaycan ərazisindən istifadə edilməsinin yolverilməz olduğunu bəyan edərək, ABŞ-la Azərbaycanın münasibətlərinin soyuqlaşa biləcəyinə heç bir məhəl qoymadan din bir, dil bir, qan bir qardaşlarının müdafiəsində durubsa, bu bir daha bizim dediklərimizin düzgünlüyünü təsdiqləyir, bizim işimizin haqq işi olduğunu və bu yolda mütləq qələbə çalacağımızı sübut edir. Bu yöndə, bu əsas milli ideyamızın ətrafında hamı sıx birləşməlidir və burada iqtidar-müxalifət söhbətləri kənara qoyulmalıdır.
Ulu Tanrı bizə yar olsun.

Azər Canıyev, Bəhmən Sultanlı

Geri dön