Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Adı qalmaqalda hallandırılan orta məktəbin direktoru intizam məsuliyyətinə cəlb olundu
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Adı qalmaqalda hallandırılan orta məktəbin direktoru intizam məsuliyyətinə cəlb olundu

Adı qalmaqalda hallandırılan orta məktəbin direktoru intizam məsuliyyətinə cəlb olundu


Bakı şəhəri 118 nömrəli tam orta məktəbdə 19 yanvar 2015-ci il tarixində baş vermiş hadisə ilə bağlı Təhsil Nazirliyinin 21 yanvar 2015-ci il tarixli 37 nömrəli əmrinə əsasən, həmin təhsil müəssisəsinin fəaliyyətinin araşdırılması başa çatıb.

Bakı Şəhər üzrə Təhsil İdarəsindən verilən məlumata görə, Təhsil Nazirliyi və Suraxanı Rayon İcra Hakimiyyəti nümayəndələrinin birgə apardığı araşdırma zamanı məktəbin fəaliyyətinin “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, mövcud normativ sənədlərin tələblərinə uyğunluğu, idarəetmənin təşkili, təlim-tərbiyə prosesinə nəzarət, fənlərin tədrisi və digər aidiyyəti məsələlərə aydınlıq gətirilib.

Araşdırma dövründə məktəbin direktoru Qardaşxan Səlimov Təhsil Nazirliyi tərəfindən vəzifəsinin icrasından kənarlaşdırılmış və təhsil müəssisəsinin idarə olunması Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşına həvalə edilmişdi.

Araşdırma nəticəsində məktəbdəki tədris prosesinin təşkilinin ümumən qənaətbəxş olduğu və şagirdlərin davamiyyətinin, müəllimlərin peşəkarlıq səviyyəsinin Bakı şəhəri üzrə orta göstəricilərə uyğunluğu məlum olub. Eyni zamanda, məktəb üzrə təhsilin keyfiyyət göstəricilərinin təhlili nəticəsində ildən-ilə təhsilalanların nailiyyətlərinin (məktəb buraxılış imtahanları və ali təhsil müəssisələrinə qəbul imtahanları üzrə) davamlı müsbət dinamikası müəyyənləşdirilib.

Hadisənin ilkin səbəbinin məktəbin tarix müəlliminin xəstəliyi ilə əlaqədar direktorun şifahi icazəsi əsasında dərsburaxma hallarına yol verilməsi və buraxılan dərslərin əvəz olunmaması göstərildiyindən araşdırma zamanı 2014/2015-ci tədris ilində müxtəlif səbəblərdən bütün dərs buraxma halları araşdırılmışdır. Buraxılan dərslərin əksər hissəsinin ixtisaslı müəllimlər tərəfindən, bir qisminin isə qeyri-ixtisaslı pedaqoji kadrlar tərəfindən əvəz edilməsi (məsələn, hadisəyə ilkin səbəb olan, tarix müəlliməsinin hamiləliyi ilə əlaqədar həqiqətən dərsləri buraxdığı və həmin dərslərin biologiya və riyaziyyat ixtisası olan pedaqoji kadrlar tərəfindən əvəz olunmuşdur) və ya boş keçməsi halları müəyyən edilib.

Komissiya tərəfindən araşdırılmış bütün məsələlərin nəticələri nəzərə alınaraq, məktəbin direktoru Qardaşxan Səlimovun intizam məsuliyyətinə cəlb olunaraq, iş yerinin dəyişdirilməsi haqqında qərar qəbul edilib.

Növbəti üç ay ərzində məktəbin idarə edilməsi Nizaməddin Ağcayevə həvalə olunub.

Digər məsələlərə hüquqi qiymət verilməsi məqsədilə toplanılmış materiallar aidiyyəti qurumlara göndərilib.

Geri dön