Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qloballaşma şəraitində Türk Dünyası
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Türk dünyası-Turan > Qloballaşma şəraitində Türk Dünyası

Qloballaşma şəraitində Türk Dünyası


Türk respublikalarının dünya ilə inteqrasiyasının təməl şərtləri

Geopolitik dəyişmələr: Türk respublikalarının beynəlxalq və regional iqtisadi inteqrasiya meylləri

Türk cümhuriyyətləri arasında iqtisadi əməkdaşlığı inkişaf etdirmənin zəruriliyi

Qloballaşma zamanı Türk Dünyasının perspektivləri



1923-cü ilin payızında dünyada yeni bir ulduz parladı - Türkiyə Cümhuriyyəti. Xəmiri böyük Türk millətindən ibarət olan bu ulduz, zatən çox köhnədən mövcuddur. Öz parıltısı ilə digər ulduzlardan həmişə seçilmişdir. Ona bənzəmək istəyən digər çoxsaylı ulduzlar uzun müddət onu açıq hücum, min bir xəyanətlə söndürmək səylərini göstərmişlər... və bu yolda müvəffəqiyyətlər də qazanmışlardı... Hətta bu ulduzu "ölü" ulduz adlandırmağa başlamışdılar. Lakin... Uca Allah (c.c.) bu böyük millətə böyük öndər Qazi Mustafa Kamal Atatürkü ərməğan etdi. Tarixdə heç kimsəyə bənzəməyən bir öndər... Onun Türk millətinə ərməğan etdiyi böyük hərbi zəfərlərin, böyük siyasi, iqtisadi, mədəni inqilabların tarixdə bənzəri yox idi. Onun kəşf etdiyi Türkiyə Cümhuriyyəti ulduzu dünyanın yeni tarixinin gedişini dəyişdirdi. Türkiyə Cümhuriyyəti böyük Türk millətindən zorla ayrılmış Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və başqa qardaşlarını bir araya gətirməklə qloballaşma deyilən bir hadisəni öz lehinə çevirə bilər. Nəticədə bir ulduz altı və daha çox ulduza – altı və daha çox qardaşa çevrilə bilər.

Türk respublikalarının dünya ilə inteqrasiyasının təməl şərtləri


XXI əsr tarixə qloballaşma əsri kimi daxil olmuşdur. Texnologiyada sürətli dəyişmə, beynəlxalq mal ticarətində və sərmayə axınlarında sərbəstləşmə, iqtisadiyyatda bazar sisteminin qaydaları əsasında yenidən formalaşmalar, cəmiyyətdə neoliberal görüşlərin qalıb gəlməsi, demokratiyaya istiqamətli açılımlar və ictimai təşkilatlanma modellərində yeni meyllər dərin və əhatəli bir təkamül mərhələsi xüsusiyyəti qazanmışdır. Qlobal proseslərin inkişafı din və kültürdə, tarixi ənənəviliklərdə olan fərqlərə baxmayaraq, dünya ölkələrinin və xalqlarının bir-birindən asılılığını dayanmadan artırır.
Böyük həcmli elmi və texnoloji inqilablar dünyanın başa düşülməsi, yenidən formalaşdırılması, təbiətlə cəmiyyət arasındakı və cəmiyyətin öz layları arasındakı əlaqələr baxımından yeni bir dövr başlatdı. Dünyanı bir-birindən ayrılmış, təcrid edilmiş parçalardan ibarət olaraq görən anlayışlar tarixə basdırıldı. Elmi və texnoloji sıçramalarla birlikdə dünya xalqları arasında iqtisadi, siyasi, ictimai və mədəni əlaqələrin gedərək dərinləşməsini əks etdirən inteqrasya və qloballaşma şəraiti, içərisində ziddiyyətlər də daşımaqla yanaşı, dünya inkişafının mühərriki oldu. Dünya iqtisadiyyatı, bu müddət ərzində inteqrasiya olunmuş bir avtosistemə çevrildi.
Qloballaşma şəraitinin ilk mərhələsini və əhəmiyyətli bir istiqamətini meydana gətirən regional əməkdaşlıq, XXI yüzildə də əhəmiyyətini itirməməkdə, tam əksinə əhəmiyyətini daha da xatırlatdırmaqdadır. Belə ki, XX yüzilin 90-cı illərində NAFTA (Asiya Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı), MERKOSUR (Argentina, Braziliya, Bolivya, Paraqvay, Uruqvay, Çili) və Karib Dövlətləri Təşkilatı təşkilatlanaraq daha da güclənmişdir. Regional iqtisadi işbirliyinin qabaqcılı olan Avropa Birliyi (AB) yeni bir mərhələyə keçmişdir. Aprel 2001-ci ildə Amerika qitəsində Sərbəst Ticarət Bölgəsinin, Gömrük Birlininin yaradıldığını açıqlayan Kanada zirvəsi reallaşdırılmışdır.
Qlobal dəyişikliklər bir istiqamətdən milli və xalq-altı səviyyələrdə yeni inkişaf modellərini zəruri edərkən, digər istiqamətdən ölkələrin xalq-üstü səviyyədə diqqətə gələn və qoruyan təşkilatlanmalarını ön plana çıxarmışdır. Təbii olaraq, bütün dünyada davam edən qloballaşma və regionallaşma, zəngin tarixiylə dünya mədəniyyətinə böyük qatqıları olmuş Türk respublikalarını da sahəsi xaricində buraxmamaqdadır.

Geopolitik dəyişmələr: Türk respublikalarının beynəlxalq və
regional iqtisadi inteqrasiya meylləri


Qloballaşmanın getirdiyi yeni hərəkətlər, əsrlər boyunca tarixi çətinliklərin təsiriylə parçalanmış, bir-birindən ayrı salınmış Türk Dünyası qarşısında da yeni imkanlar meydana çıxarmışdır. Qloballaşmanın daha əhəmiyyətli istiqaməti regionallaşmadır. Türk Dünyasının regionallaşmağını yeni mərhələyə ucaltmaq üçün böyük imkanlar yaranmışdır.
Sovet dövlətinin dağılması dünyanın 1/6 tutan respublikaların yerləşdiyi böyük sahədə geopolitik vəziyyəti kökündən dəyişdirdi. Bu dövlətin tərkibindəki digər cümhuriyyətlər kimi Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistandan ibarət olan Türk respublikaları da müstəqilliklərinə qovuşaraq dünya istehsal sisteminin azad və bərabər tərəfdaşlarına çevrildilər. Bazar iqtisadiyyatının formalaşdırılması strategiyasını mənimsəyən bu cümhuriyyətlərin ictimai və iqtisadi həyatları dərin dəyişikliyə məruz qalmışdır. Bu ölkələrin hamısında sovetdən sonrakı dövrdə bütün iqtisadi əlaqələrin köklü şəkildə yenidən qurulması prosesi başlamışdır. Suverenlik bu cümhuriyyətlərə dünya bazarına müstəqil çıxış və öz xarici iqtisadi əlaqələrini yeni prinsiplər üzərində qurmaq imkanı vermişdir. Ancaq qarışıq və sərt qanunlara sahib olan dünya bazarı ilə ilk əlaqələr dünya istehsal əlaqələri sistemində nə qədər ciddi problemlərlə üzləşdiyini ortaya qoymuşdur. Sovetdaxili planlı, bölgə sistemi və ənənəvi bazarların itkisi, ortaq pul sahəsinin ortadan qalxması, dünya bazarına xammaldan başqa rəqabət edə biləcək məhsul çıxarılmaması bu ölkələri dərin ictimai, iqtisadi böhran vəziyyətinə soxmuşdur.
Sovetdən sonrakı dövrdə Türk respublikaları həyati əhəmiyyət daşıyan bir çox iqtisadi məsələlərə görə dünyanın yaxın və uzaq, böyük və kiçik dövlətlərinin, beynəlxalq və regional təşkilatlarının marağını cəlb edən təbii bir mərkəzə çevrilmişdilər. Enerji ehtiyatları ilə zəngin olan bu geopolitik coğrafiyada dünyanın bir çox böyük dövlətinin mənfəətləri toqquşmaqda və belə dövlətlər üzərində nüfuz sahəsi uğrunda ciddi mübarizələr yaşanmaqdadır. XIX yüzilin sonu və XX yüzilin əvvəllərində böyük dövlətlərin burada həyata keçirdikləri "böyük oyun", indi başqa üsullarla həyata keçirilməkdədir. Bu nüfuz mübarizəsinə az qala dünyanın bütün böyük dövlətləri bu və ya digər şəkildə qatılmaqdadırlar. Sovetdən sonrakı Türk cümhuriyyətlərinin zəngin bazarı uğrunda mübarizə bölgədə mövcud üç güc mərkəzinin - Rusiya, Türkiyə və İran arasında davam etməkdədir. Dünyanın geopolitik araşdırmalarında sovetdən sonrakı Türk respublikalarından Azərbaycan, Qazaxıstan və Özbəkistan da geopelitik mərkəz kimi qeyd olunmaqdadır. Bilindiyi kimi geopolitik mərkəzlərə dövlətlər sahib olduqları gücə görə deyil, onların yerləşdiyi məkanın zərurililiyi və fəal güc mərkəzlərinin mənfəətlərinin ağırlığı baxımından aid edilməkdədirlər. ABŞ prezidentinin sabiq milli təhlükəsizlik məsləhətçisi Zbiqnev Bzejinski "Böyük Şahmat Taxtası" adlı kitabında Azərbaycanı geopolitik mərkəz olaraq belə xarakterizə etməkdədir: "Azərbaycan, Xəzər dənizi hövzəsi və Orta Asiyanın zənginliklərini özündə birləşdirən mərkəzdir. Əgər Azərbaycan tamamilə Moskvanın nəzarətinə girsə, Orta Asiya dövlətlərinin müstəqilliyinin heç bir mənası qalmaz". Bu səbəblə dövlətlər aktiv güc mərkəzlərinin nüfuz sahəsi uğrunda ciddi mübarizə obyektinə çevrildilər.
Sovetdən sonrakı Türk respublikalarının siyasi müstəqillik əldə etməsi xarici dünyayla mövcud olmuş köhnə əlaqələr sisteminə yenidən baxılması və bərabərhüquqlu, qarşılıqlı mənfəətlətə söykənən əlaqələrin yaradılması üçün yollar axtarılmasına şərait yaratdı. Suverenlik və geopolitik vəziyyət bu dövlətlərin zəngin təbii qaynaqlarının milli mənfəətə istiqamətləndirilməsinə, öz ehtiyaclarını təmin edən istehsal mexanizmlərinin yaradılmasına, xarici əlaqələrin məhsuldarlığının artırılmasına, beynəlxalq iş bölgüsünün imkanlarından öz xalqlarının mənfəətinə uyğun olaraq faydalanılması üçün real mühit təmin etdi.
Müstəqillik elan olan ilk günlərdən etibarən həyata keçirilən tədbirlər bu ölkələrin hamısının xarici iqtisadi əlaqələr sahəsində bu və ya digər səviyyədə "açıq qapı" siyasəti həyata keçirərək dünya bazarı ilə inteqrasiyaya çalışdıqlarını göstərməkdədir. Bu müddət iki təməl üzərində ortaya çıxmaqdadır: qloballaşma və bunun bir parçası olan regionallaşma. Rusiya tərəfindən həyata keçirilən siyasi, iqtisadi və hərbi təzyiqlərə baxmayaraq inkişaf etmiş sənaye ölkələriylə, böyük şirkətlərlə zəngin enerji və digər təbii qaynaqlar sahəsində artan işbirliyi, TRACECA proqramının işlənib həyata keçirilməyə başlanması bu dövlətlərin qlobal istehsal sisteminin ayrılmaz parçasına çevrildiyini göstərməkdədir. Türk respublikaları eyni zamanda bölgədəki dövlətlərlə əməkdaşlığa böyük əhəmiyyət verməkdədirlər. Burada regional iqtisadi inteqrasiya 4 istiqamətdə inkişaf etməkdədir.
Müstəqil Dövlətlər Birliyi
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (ECO)
Qara dəniz Əməkdaşlıq Təşkilatı

Türkiyə başda olmaq üzrə Türk respublikaları arasında iqtisadi əməkdaşlıq
Bu 4 istiqamətdən yalnız birinci ikisi təşkilatlanmışdır. Son iki istiqamətə Türkiyə Cümhuriyyəti fəal olaraq qatılmaqdadır. Bu istiqamətlərin hər birinin öz üstünlükləri vardır.

Türk cümhuriyyətləri arasında iqtisadi əməkdaşlığı
inkişaf etdirmənin zəruriliyi


Araşdırmaları, siyasi faktorları nəzərə almasaq, bu ölkələrin həyati maraqlarının dördüncü istiqamətin daha vacib istiqamət kimi önə çıxmasını tələb etdiyini görərik. Müstəqillik qazanıldıqdan sonra, bu dövlətlərin bu istiqamətə daha böyük əhəmiyyət verdikləri hər kəs tərəfindən bilinən gerçəklərdir.
Bilindiyi kimi, beynəlxalq siyasətdə və dövlətlərarası əlaqələrdə etnik faktor əhəmiyyətli rol oynamaqdadır. Müstəqilliyin qazanılması, bir zamanlar Uzaq Şərqdən Mərkəzi Avropaya qədər geniş bir ərazidə böyük sivilizasiyanın daşıyıcısı olan, lakin tarixi inkişaf zamanı müxtəlif xalqlara parçalanmış Türk millətinin yenidən birləşərək XXI yüzilliyin sivilizasiyasında önəmli yer tutması üçün şərait yaratmışdır. Keçən iki əsrdə Türk Dünyasının tək müstəqil dövləti Türkiyə Cümhuriyyəti çətinliklərə baxmayaraq Atatürkün qoyduğu mirasa uyğun şəkildə, müasir sivilizasiya yoluyla irəliləməkdə və sovetdən sonrakı Türk cümhuriyətləri üçün birləşdirici, bələdçi və dəstəkləyici funksiyasını yerinə yetirməkdədir. Türk xalqlarının ümid yeri olan Türkiyə Cümhuriyyəti SSRİ-dən sonrakı Türk cümhuriyətlərinə ənənəvi orta əsrlər şərq əlaqələrindən müasir sənaye cəmiyyətinə tez bir formada necə keçmək lazım olduğunun tarixi nümunəsini göstərməkdədir. Məlum olduğu kimi, SSRİ-nin çöküşü ilə geopolitik vəziyyət dəyişdikdən sonra rəsmi səviyyədə Türk birliyindən danışıldığında yalnız iqtisadi və mədəni əlaqələrin bərpa edilməsi nəzərdə tutulmaqda idi. Eyni tarixə, dinə və dil qrupuna sahib olan bu xalqların yaxın coğrafi ərazidə yerləşməsi onların regional iqtisadi inteqrasiyası üçün olduqca əlverişli mühit yaratmışdır. Çünki min illik tarixi inkişaf müddətində bütövlük ifadə etmiş, biri-digərini tamamlamış bu ölkələrin iqtisadiyyatı müasir dövrdə bir-birinə daha çox möhtacdır. XX əsrin təcrübəsi coğrafi və mədəni birliyin əsasında regional iqtisadi inteqrasiyanın dayandığı şəraitdə (Avropa Birliyi kimi) xalqların iqtisadi baxımdan daha sürətli inkişafının təmin olunduğunu sübut etmişdir. Türk respublikalarının coğrafi və iqtisadi şərtləri müasir iqtisadi inteqrasiya mexanizmindən faydalanaraq zəngin təbii qaynaqları daha məhsuldar istifadə etməyə, bu yolla xalqlarının ümumi rifah səviyyəsinin yüksəlməsinə imkan yaradır. Birləşmiş Avropa ilə sürətlə inkişaf edən Asiya böyükləri arasında geopolitik və sosial-mədəni halqa meydana gətirən Türk respublikaları dünya iqtisadi mərkəzlərinin qarlılıqlı təsirindən mənfəətlərinə uyğun faydalana bilərlər. Bazar iqtisadiyyatının yaradılmasını və inkişaf etdirilməsini strategiya olaraq görən Türk respublikaları üçün Türkiyə Cümhuriyyətinin 85 illik zəngin təcrübəsi olduqca əhəmiyyətlidir.
Postsovet Türk respublikalarının müstəqillik yolları ciddi ictimai-iqtisadi problemlərlə doludur. Onları öz təsir sahələrində saxlamaq istəyən imperialist güclər, bu ölkələrin müstəqil inkişaflarını önləmək üçün hərbi, siyasi və iqtisadi faktorlardan, etnik məsələlərdən istifadə etməyə çalışmaqdadırlar.
Belə bir mühitdə Türkiyə Cümhuriyyəti bu yeni dövlətlər üçün qarşılıq istəməyən və etibarlı tərəf ola bilər. Çünki bu ölkədə uzun zamandır ki, mükəmməl xarici ticarət əlaqələri mexanizmi meydana gəlmiş, ixracat potensialı inkişaf etdirilmiş, böyük şirkətlərlə təsirli rəqabət mexanizmi yaradılmış, qloballaşma və başqa sahələrdəki inteqrasiya mövzularında zəngin təcrübə yığılmışdır.
Sırf bu ehtiyacları üzündən Türk respublikaları müstəqilliklərinin ilk illərindən etibarən Türkiyə Cümhuriyyətiylə ticarət-iqtisadi əlaqələrin inkişafına böyük əhəmiyyət verməyə başlamışlar. Sovetlər Birliyi kimi böyük bir imperiyanın çöküşü və Türk respublikalarının müstəqilliklərini qazanmaları, onların Türkiyə ilə əlaqələrində xüsusi bir mərhələ üçün zəmin yaratmışdır. Bu vəziyyətdə, Türkiyə Cümhuriyyəti və Türk şirkətləri bu dövlətlərin iqtisadi və ticarət həyatında əhəmiyyətli rol oynamağa başladılar. Bu ölkələr geniş istehsal faktorlarıyla Türkiyənin iş adamları üçün cazibədar bir bazar rolunu oynamaqdadırlar.
Türkiyə şirkətləri gənc Türk respublikalarının zəngin enerji qaynaqlarının inkişaf etdirilməsi və daşınmasında aktiv rol almaqdadırlar. Bu strateji istiqamət Türk respublikalarının iqtisadi əlaqələrinin genişlənməsinə müsbət təsir göstərir.
Məlum olduğu kimi, dövrümüzdə dünya iqtisadi sahəsinin bel sütununu transmilli şirkətlər təşkil edir. Onlar hazırkı vaxtda dünya iqtisadiyyatının 1/4 təşkil edəcək qədər irəliləmişlər.
Transmilli şirkətlər Türk respublikalarının yerləşdiyi ərazidə SSRİ-nin dağılması nəticəsində yaranan boşluqdan və yeni dövlətlərin tətbiq etdikləri "açıq iqtisadiyyat" modelindən istifadə edərək öz təsir sahələrini genişləndirməyə başladılar. Zəngin enerji qaynaqlarının inkişaf etdirilməsi üçün bu ölkələrdəki sərmayə, texnologiya və təcrübə çatışmazlığı, onların transmilli şirkətlərə marağını artırmış və böyük proyektlərin reallaşdırılması üçün çoxistiqamətli əməkdaşlığı zəruri etmişdir.
Qərb sərmayəsi bu ölkələrdəki təbii zənginliklərin qlobal iqtisadiyyat çevrəsinə daxil olması və onların dünya bazarıyla inteqrasiyasını sürətləndirmək üçün bütün imkanlarından istifadə etməkdədir. Bu müddətdə Rusiyanın mənfi cəhdləri də önlənməyə çalışılmaqdadır. Sözügedən ölkələrin Rusiyadan asılılığının azaldılması və onların ən qısa yolla Avropaya çatmaları üçün TRASECA adlı Avrasiya nəqliyyat koridorunun istehsalını nəzərdə tutan əsrin proyekti reallaşdırılmaqdadır. Dövlət mülkiyyətinin özəlləşdirilməsi zamanı bu ölkələrin ən qazanclı və perspektiv vəd edən şirkətləri bəzən çox aşağı qiymətlərlə qərbli sərmayəçilər tərəfindən alınır. Qərb sərmayəsi strateji sektorları idarəsi altına alır.
Türk cümhuriyyətlərinin yerləşdiyi Mərkəzi Asiya və Qafqazda hegemonluğu qorumaq və ya ələ keçirmək uğrunda mübarizə ABŞ və Rusiya arasndakı qarşıdurmanı artırmaqdadır. Qərbin tətbiq etdiyi "Böyük İpək Yolu", "Böyük Xəzər" proyektləri Türk Dünyası ölkələrində Rusiyanın iqtisadi işğalının yüngülləşdirilməsi və aradan qaldırılmasına xidmət etməkdədir.

Qloballaşma zamanı Türk Dünyasının perspektivləri


Yuxarıda izah edilənlər Türk respublikalarının qlobal iqtisadiyyat sisteminə qatılmağa və onun üstünlüklərindən faydalanmağa daha çox əhəmiyyət verdiklərini ortaya çıxarmaqdadır.
Gürcüstan hadisələri dünyanın yenidən formalaşmasının əsasını qoydu. Dünyanın təkqütblü dünyadan çox qütblülüyə keçid dövrü başlamışdır. ABŞ və AB-nin bütün dünyada hegemonluqlarını daha da gücləndirmək cəhdləri Rusiyanın Şərqdə yeni blok meydana gətirmə səylərini daha da artırmışdır.
Türk Dünyası bu siyasi, iqtisadi və texnologiya nəhənglərinin vuruşma meydanının ortasında yerləşir. Bu gün Türkiyə Respublikası iki nəhəng arasında bölünmüş kimi görünür. Amma, qloballaşmadan ən çox Böyük Türk irqinin qazancda olacağı qənaətindəyəm. Buna müsbət istiqamətdə təsir edən faktorları belə sıralamaq olar:
1. Türk cəmiyyətinin söykəndiyi möhkəm təməl ona qloballaşmanın mənfi təsirlərindən yüksək səviyyədə qorunmaq imkanı verməkdədir. Bu mənfi faktorlar aşağıdakılardır: milli-mənəvi dəyərlərin aşınması, mənəviyyatsızlıq nəticəsində genetik irqin yüksək dərəcədə təhlükə altında olması, möhkəm cəmiyyətin təməli olan ailə həyatının sarsılması, yer üzünün əşrəfi olan insanın zərərli vərdişlərə görə deqredasiyaya uğraması və b. Uca Allah (c.c.) Türk soyuna müasir sivilizasiyanı təhlükəyə aparan həmin mənfi təsirlərdən yüksək dərəcədə qorunmaqla yanaşı həmin imkanları öz lehinə çevirmək xüsusiyyəti vermişdir.
2. Qloballaşmanın yaratdığı yeni demoqrafik dəyişiklik Türk cəmiyyətinin xeyrinədir və onun dünyada rolunun daha da artmasına imkan yaratmışdır. Qərbdə, Rusiyada əhali artımının sıfır nöqtəsinə yaxınlaşdığı və əhalinin qocalma müddətinin sürətləndiyi bir dövrdə Türk Dünyasında tam başqa vəziyyət mövcuddur: əhalinin sürətli artımı və gəncləşməsi müddəti başlamışdır. Müsbət demoqrafik faktor, yalnız Türk Dünyasının sərhədləri daxilində deyil, həm də xaricində də çox təsirə malikdir. Avropa və Rusiyada Türk əhalisinin yayılmasını yalnız Türk Dünyasından "beyin axını" kimi dəyərləndirmək olmaz. Bu eyni zamanda Türk mədəniyyətinin, Türk ruhunun dünyaya yayılması, Türkçülüyün xarici cəmiyyətlərdə birbaşa olaraq tanıdılmasıdır. Bundan başqa, Qərb elmi və texnologiyasının, Qərb idarəçiliyinin yerindəcə mənimsənilərək, doğma yurda gətirilməsidir.
3. Mustafa Kamal Paşanın "yurdda barış, cahanda barış" şüarı bütün Türk respublikalarında daxili və xarici siyasətlərin təməlini meydana gətirməkdədir. Bu siyasət, onlara yaxın və uzaq qonşuları ilə dostluq əlaqələri yaratmağa, kompleks şəkildə bölgədə və dünyada öz mənfəətlərini qorumağa imkan yaradır.
4. Yeniliksevər Türk soyu qloballaşmanın iqtisadiyyat, texnologiya və informasiya sahəsində sivilizasyaya gətirdiyi inqilabları tez bir şəkildə öz malı edərək cəmiyyətin inkişafı üçün istifadə edir.
5. Qloballaşmanın təməlini meydana gətirən neoliberal görüşlər, dövlətlər arasında iqtisadi sərhədlərin böyük ölçüdə qaldırılması, Türk Dünyasının bir sıra siyasi maneələrə baxmayaraq, daha da yaxınlaşmasını asanlaşdırmışdır.
6. Türk Dünyasının birləşməsində böyük maneə Türk cümhuriyyətləri arasında uzun müddət birbaşa nəqliyyat əlaqələrinin - yolların olmaması idi. Bu da Türk Dünyasını parçalamaq istəyən imperiya dövlətlərinin uzun illər apardıqları siyasətin nəticələridir.
Bu baxımdan dıqqət yetirildikdə aydın olur ki, "Kitabi Dədə Qorquddan" gələn "Dəli Domrul" hekayəsinin böyük toplumsal siyasi mənası vardır. Bu hekayəyə görə bir quru çayın üzərində körpü quran Dəli Domrul "keçənindən otuz üç axça, keçməyənindən döyə-döyə qırx axça götürərdi ". Bunu nə üçün edirdi? Onun üçün ki, "məndən dəli, məndən güclü ər vardırmı ki, çıxa mənimlə döyüşə - deyirdi; mənim ərliyim, bahadırlığım, igidliyim Ruma, Şama gedə çata" - deyirdi. . .
Dərindən düşündükdə aydın olur ki, keçmişdə dünyanı müstəmləkəçilik zənciri ilə buxovlamış olan böyük impratorluqların siyasətinin təməlində yalnız belə bir düşüncə tərzi kök salmışdır.
XIX əsrdə Orta Asiya və Qafqaz xalqları çar Rusiyası tərəfindən zəbt olunduqdan sonra onların cənub qonşuları və digər dövlətlər ilə ənənəvi əlaqələri kəsildi. Sivilizasiyaya İbn Sina, Nəsrəddin Tusi və minlərlə dühalar bəxş etmiş bu ölkələr "Rusiyanın ucqarı" damğası ilə damğalandılar. Müstəmləkəçilik siyasətini davam etdirən Sovet imperiyasında da bu ölkələri dünya ilə birləşdirən çox az miqdar yollar var idi ki, onlar da tək Rusiya torpaqlarından keçirdi. Bu yalnız görünən yollara aid deyildir, eyni zamanda görünməyən mədəni-mənəvi yollara da aid idi. Orta Asiya xalqları və Azərbaycan dünya mədəniyyətinə tək rus mədəniyyəti ilə açılırdı. Dünya klassikləri yalnız rus dilindən tərcümə olunardı. Bir sözlə bu xalqların kainata baxmaq üçün tək bir pəncərəsi açıq idi: Rusiyanın yol verdiyi pəncərə. . .
Qərb maddi və mədəni dəyərlərindən geniş istifadə etməyə çalışan bu ölkələrin zəngin təbii qaynaqları Qərbin ehtiyaclarının qarşılanması üçün mənimsənilməyə başlanmış və dünya siyasətinin aparıcı istiqamətlərindən birinə çevrilmişdir. "Böyük İpək Yolu" probleminin yenidən aktuallaşması da Şərq və Qərb arasında enerji daşıyıcılarının Qərbə asan ötürülməsi üzərində gedən ciddi işlə, yeni kommunikasiya xətlərin açılması ilə əlaqədardır. Bu faktor da Türk Dünyasının birləşməsi və dünyada təsirinin artması üçün böyük fayda verir. Bakı- Ceyhan neft, Baku-Ərzurum təbii qaz, Bakı-Qars dəmiryolu strateji əhəmiyyətlidir və iqtisadi olmaqla yanaşı, eyni zamanda siyasi və mədəni əhəmiyyət də daşıyır.
7. Zaman tələb edir ki, Türk Dünyasının yeni və daha yüksək mərhələlərə yüksəldilməsi üçün köhnə düşüncələrin qulu olmadan siyasi, iqtisadi və mədəni sahədə səylər daha da artırılsın. Türkiyə Cümhuriyyətində tez-tez istifadə edilən "xarici Türklər" deyimindən uzaqda dayanmaq lazımdır. Avropanın strategiyası Mərkəzi Asiyaya istiqamətlidir. Halbuki doğma Türkiyəmizin strategiyasının Avropadan daha çox Türk Dünyasına yönəldilməsinin zamanı yetişmişdir. Qafqaz Mərkəzi Asiyaya gedən yoldur. Bu yol əngəlsiz olmalıdır. Türk Dünyası Rusiya sərhədləri içində və xaricindədir. Türk Dünyasının birliyi Rusiya ilə əlaqələrilə əlaqədardır.
8. Son vaxtlarda Türk Dünyasında bir-birinə yaxınlaşma və birləşmə səyləri, iqtisadi və mədəni əlaqələr sürətli artma dərəcəsini göstərməkdədir. Türk Dünyası Parlament Assambleyası və s. inteqrasiyaya aparan qurumlar yaradıldı. Türkiyə Cümhuriyyəti ilə Azərbaycan arasında əlaqələr "bir millət, iki dövlət" strategiyası yolu ilə irəliləməkdədir.
9. Bütün Türk respublikalarında İslami dəyərlər daha da güclənir, hər yerdə Türk ruhu yüksəlir. Bu ruh hər şeyə, hər yerdə qalib gələcəkdir.


Dünyamalı Vəliyev
iqtisadi elmləri namizədi

Geri dön