Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İqtisadiyyat, Gənclik > Azərbaycanın iqtisadi vəziyyəti
Azərbaycanın iqtisadi vəziyyəti |
Əhalinin maddi rifah halının yaxşılaşdırılması mühüm əhəmiyyət kəsb edir. Bunun üçün ilk növbədə ölkənin iqtisadi durumu və onun potensial imkanları öyrənilməlidir.
Müasir dövrün tələblərindən irəli gələrək istehsal sahələrinin ərazi təşkili və əhalinin maddi rifah halının yaxşılaşdırılması mühüm əhəmiyyət kəsb edir. Bunun üçün ilk növbədə ölkənin iqtisadi durumu və onun potensial imkanları öyrənilməlidir. Sosial-iqtisadi inkişafla yanaşı istehsalın və məhsuldar qüvvələrin respublika daxilində səmərəli yerləşdirilməsi də mühüm strateji əhəmiyyət kəsb edir. Respublika iqtisadiyyatının aparıcı sahəsi olan neft-qaz sənayesi ilə yanaşı, qeyri-neft sektorunun inkişaf etdirilməsi son dərəcə vacibdir. Dünya təcrübəsi göstərir ki, inkişaf etmiş dövlətlərin iqtisadiyyatı tək bir sahəni deyil, demək olar ki, təsərrüfatın bütün sahələrini əhatə edir. Məhz bu amili nəzərə almaqla Azərbaycan Respublikasının davamlı iqtisadi artımına nail olmaq olar. İqtisadi xarakteristika Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdiyi vaxtdan keçən dövr ərzində ölkənin iqtisadi həyatında köklü dəyişikliklər baş vermişdir. Müstəqilliyin ilk illərində respublikada yaranmış iqtisadi böhran, ənənəvi postsovet bazarlarının itirilməsi, iqtisadi əlaqələrin kəsilməsi, Ermənistanın respublikamıza təcavüzü (Dağlıq Qarabağ problemi) və digər səbəblər ölkə iqtisadiyyatının zəifləməsinə səbəb olmuşdur. Belə bir şəraitdə dövlət əhəmiyyətli ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsi, iqtisadi islahatların mühüm nəticələrindən biri olan dövlət mülkiyyətinin özəlləşdirilməsi və azad sahibkarlığın inkişafı üçün əlverişli şəraitin yaradılması tələb olunurdu. 1990-cı illərin əvvəllərində müəyyən problemlər yaşansa da bir neçə ildən sonra respublika iqtisadiyyatında qismən də olsa dəyişikliklərə nail olunmuşdur. Azərbaycanın neft və qaz sənayesinin inkişafı, xarici neft şirkətlərinin Azərbaycana külli miqdarda sərmayə yatırımları əsasən 1994-cü ilin sentyabr ayının 20-də Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və dərinsulu “Günəşli” yataqlarında neftin birgə işlənməsi və pay bölgüsü haqqında beynəlxalq “Əsrin müqaviləsi” imzalandıqdan sonra başlanmışdır. “Əsrin müqaviləsi”nin əsas göstəriciləri: Kapital qoyuluşunun həcmi – 7,4 mlrd ABŞ dolları; İstisna xərclərin həcmi – 5,9 mlrd ABŞ dolları; Müqavilənin müddəti – 30 il; Müqaviləyə daxil olan ərazi – 432,4 kvadrat km; Neft hasilatının nəzərdə tutulan miqdarı – 510 mln ton. Bundan sonra aqrar islahatlar və özəlləşdirmə həyata keçirilmiş, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)”, “Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya”, “Yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı (2003-2005-ci illər)” və digər bu kimi sənədlər qəbul edilmişdir. Azərbaycan Rspublikasında neftin hasilatı və emalı, kimya və elektrotexnika sənayesi, neft maşınqayırması, qara və əlvan metallurgiya, tikinti materiallarının istehsalı, meşə və yeyinti sənayesi sahələri ölkə iqtisadiyyatının mühüm hissəsidir. Ümumi Daxili Məhsulun 66,4%-ni təşkil edən sənaye sahələrinin əsas hissəsi yəni, 93,2%-ni Bakı şəhərində yerləşən sənaye müəssisələri verir. Bunun da əsas səbəbi respublikada aparıcı sənaye müəssisələrinin Bakı şəhərində cəmləşməsidir. Yerdə qalan 2,4%-i Aran, 0,8%-i Gəncə-Qazax, 0,6%-i Naxçıvan, 0,2%-i Şəki-Zaqatala və digər iqtisadi rayonların payına düşür. Azərbaycan Respublikasında 2008-ci ilin ilk altı ayı ərzində Ümumi Məhsul Buraxılışının (ÜMB) həcmində regionlar üzrə qeyri-bərabərlik müşahidə olunmuşdur. Belə ki, Azərbaycanın regionlarında ÜMB-nin 80,7%-i Bakı şəhərinin payına düşür. Sonrakı yerləri 6,1%-lə Aran, 3,3%-lə Gəncə-Qazax, 1,9%-lə Abşeron, 1,6%-lə Quba-Xaçmaz və digər iqtisadi rayonlar tutur. 2008-ci ilin birinci yarısında respublikamızda rezident və qeyri-rezidentləri tərəfindən 125 ölkə ilə aparılmış ticarət əməliyyatlarının həcmi 2,9 mlrd. ABŞ dolları olmuşdur. Xarici ticarət dövriyyəsinin 1,5 mlrd dolları (53,3%) ölkədən ixrac olunmuş məhsulların, 1,4 mlrd dolları (46,7%) isə ölkəmizə idxal edilmiş məhsulların payına düşür. Xarici ticarətin inkişafına və əmtəə bazarının təkmilləşdirilməsinə müsbət təsir göstərən amillərdən biri beynəlxalq qurumlarla əməkdaşlıq əlaqələridir. Azərbaycan Respublikasının qitələr üzrə Xarici Ticarət Dövriyyəsi (XTD) aşağıdakı diaqramda (%-lə) göstərilmişdir. Respublikamızda XTD-nin 81%-i Rusiya, ABŞ, Türkiyə, İsrail, Ukrayna, Hindistan, İran, İtaliya, Almaniya, Çili, Qazaxıstan, Gürcüstan, Çin, Yunanıstan, İngiltərə və Rumıniyanın payına düşür. 2008-ci ilin ilk altı ayı ərzində respublikada idxal və ixracın nəqliyyat sektorunun dövriyyə əmsalını da artırmışdır. Təkcə tranzit olaraq Azərbaycan Respublikası ərazisindən 2881,1 min ton yük keçirilmişdir. Tranzit yüklər əsasən İtaliya (913,9 min ton), İsveçrə (895,5 min ton), Gürcüstan (435,3 min ton), Tacikistan (195,8 min ton), İran (120,2 min ton), Türkiyə (108,4 min ton), Rusiya (81,7 min ton), Türkmənistan (69,0 min ton), Qazaxıstan (18,1 min ton) və digər dövlətlərə göndərilmişdir. Azərbaycana xaricdən cəlb olunmuş kreditlərin ümumi həcmi 2008-ci ilin birinci yarısında 2,6 mlrd ABŞ dolları, adambaşına düşən xarici borc isə 300,9 ABŞ dolları təşkil etmişdir. Bu göstərici 2007-ci ilin analoji dövrü ilə müqayisədə 31,5% və 30,8% artmışdır. İqtisadi islahatlar üçün cəlb edilən kreditlər 94,3 mln ABŞ dolları Beynəlxalq Valyuta Fondundan, 283,4 mln ABŞ dolları isə Dünya Bankından alınmışdır. İnvestisiya layihələri üçün cəlb edilən kreditlərin 945,7 mln ABŞ dolları elektrik enerji sektoruna, 200,4 mln ABŞ dolları kənd təsərrüfatına, 471 mln ABŞ dolları yolların tikintisinə, 41,2 mln ABŞ dolları kimya sənayesinə, 170,7 mln ABŞ dolları neft və qaz sektoruna, 56,3 mln ABŞ dolları ərazilərin bərpasına, 189,8 mln ABŞ dolları sosial sahələrə, 143,7 mln ABŞ dolları isə digər sahələrə yönəldilmişdir. 2008-ci ilin birinci rübü üzrə kreditlərin strukturu, %-lə Azərbaycan İqtisadi İnkişaf Nazirliyi Azərbaycan Respublikasının 2009-cu il üçün dövlət büdcəsinin layihəsini hazırlamışdır. Hesabata əsasən 2009-cu ildə Azərbaycanda iqtisadi artım təqribən 18% hesablanmışdır. Onu da qeyd etmək lazımdır ki, proqnoz göstərici dünya bazarında neftin qiymətindən asılı olaraq dəyişə bilər. Bununla yanaşı İqtisadi İnkişaf Nazirliyinin Azərbaycanda inflyasiya tempinin cari ildəkindən aşağı olacağını və dünya bazarında qiymətlərin səviyyəsindən asılı olacağını da qeyd etmişdir. Orta müddətdə isə (2009-2012-ci illərdə) inflyasiyanın səviyyəsinin enəcəyi proqnozlaşdırılmışdır. Həmçinin Azərbaycan iqtisadiyyatında özəl sektorun payının 80%-dən çox, neft sektorunun xüsusi çəkisinin isə 55% olacağı gözlənilir. İqtisadi artım üçün potensial imkanlar Azərbaycan Respublikasında həyata keçirilən iqtisadi islahatlar ölkəyə xarici kapitalın cəlb olunmasına və investisiya mühiti üçün bazar iqtisadiyyatı şəraitində cəmiyyətin artmaqda olan sosial-iqtisadi tələbatının ödənilməsinə əlverişli şərait yaratmışdır. İqtisadi artım üçün investisiya qoyuluşlarının əhəmiyyəti və rolu son dərəcə vacibdir. Ölkədə makroiqtisadi göstəricilərin yüksəldilməsi, ümumi milli məhsulun strukturunda aparıcı sahələrin, xüsusilə strateji sahələrin rolunun və əhəmiyyətinin getdikcə artırılmasını, respublikamız bazar iqtisadiyyatının mövcudluğu şəraitində sosial-iqtisadi tərəqqiyə nail olmaq üçün xüsusi inkişaf proqramı və proqnozları işlənib hazırlanmalı və onların həyata keçirilməsi təmin edilməlidir. Respublikanın mikro və makro səviyyəsində iqtisadiyyatın inkişaf etdirilməsi və idarə edilməsi, onun iqtisadi artım potensialının yüksəldilməsini tələb edir. Qarşıya qoyulan bu kimi vəzifələrlə əlaqədar olaraq, respublikanın bazar iqtisadiyyatına keçdiyi bir şəraitdə, əsas problemlərdən biri də investisiya qoyuluşlarından istifadənin səmərəliliyini artırmaqdır. Dünya təcrübəsi göstərir ki, ölkənin sosial-iqtisadi inkişafının yalnız bir amil üzərində qurulması və iqtisadiyyatın yalnız bir amildən asılılığı məqsədəuyğun hal deyildir və böhran təhlükəsi yaradır (Holland sindromu). Qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi nəticəsində ölkə iqtisadiyyatında neft sektorundan asılılıq əhəmiyyətli dərəcədə azalacaq. Respublika iqtisadiyyatının ümumi çəkisində özəl biznesin kifayət qədər böyük yeri vardır. Azərbaycan iqtisadiyyatının 79%-dən çoxu özəl sektorun payına düşür. Bu sahəyə dövlət tərəfindən büdcə xərcləri son illər bir neçə dəfə artırılmışdır. Belə ki, bu sahəyə 2003-cü ilə nisbətən 2008-ci ildə dövlət büdcəsindən 20 dəfədən çox vəsait yönəldilmişdir. Yerli və xarici investorların diqqətini regionlara yönəltmək və regional problemlərin həllini ön plana çəkmək məqsədilə “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” qəbul olunmuşdur. Keçən müddət ərzində regionların sosial-iqtisadi inkişafı ilə bağlı bir sıra tədbirlər görülmüşdür və artıq müəyyən müsbət nəticələr əldə edilmişdir. Lakin, bu istiqamətdə əldə edilmiş nailiyyətlərlə yanaşı, müəyyən problemlər hələ də öz həllini tapmamışdır. Bazar iqtisadi münasibətlərinin formalaşması, iqtisadi əlaqələrin genişlənməsi və xarici investisiya qoyuluşu imkanlarının artması, təbii ki, Azad İqtisadi Zonaların (AİZ) yaradılması məsələsinin də aktuallaşmasına səbəb olmuşdur. Lakin, bu məsələ ilə bağlı respublikamızda düşünülmüş və ardıcıl həyata keçirilən regional inkişaf siyasəti müşahidə olunmur. Bir misal kimi onu qeyd etməyə dəyər ki, yalnız son aylar İqtisadi İnkişaf Nazirliyi AİZ məsələsinə dair müxtəlif ziddiyyətli fikirlərlə çıxış etmişdir (AİZ üçün müxtəlif yerlərin seçimi, bu məsələnin ümumiyyətlə müzakirəsinin dayandırılması). Belə bir vəziyyətin yaranmasının əsas səbəbi ondan ibarətdir ki, respublikada AİZ-lərin yaradılma konsepsiyası haqqında formalaşmış fikir yoxdur. Tərtib ediləsi konsepsiyada, ilk öncə, hər bir AİZ-ın yaradılma məqsədi müəyyən edilməlidir. Məlum olduğu kimi, AİZ-lərin yaradılmasında əsas məqsəd – investisiyaların cəlb olunması, yeni iş yerlərin açılması, ərazinin əlverişli coğrafi mövqeyindən və nəqliyyat imkanlarından istifadə edilməsi, ölkənin ucqar və geridə qalmış bölgələrinin inkişafına təkan verməkdir. Hər bir AİZ-in, ayrılıqda, təkrar olunmaz nəqliyyat-coğrafi şəraiti, iqtisadi imkanları və ixtisaslı insan ehtiyatları olduğundan, təbii ki, onların yaradılmasında dövlət tərəfindən fərqli məqsədlər qoyulmalıdır. Bununla əlaqədar, aydındır ki, beynəlxalq təcrübədən istifadə edilməsi qarşıda qoyulmuş məqsədə daha uğurla nail olmasına səbəb olar. BMT tərəfindən 1978-ci ildə yaradılmış Dünya İqtisadi Zonalar Assosiasiyası hər il özünün illik toplantısında müxtəlif ölkələrdə fəaliyyət göstərən AİZ-lərin müsbət təcrübəsi ilə maraqlanan tərəfləri tanış edir. Ölkələrin müxtəlif inkişaf səviyyəsi, iqtisadi və maliyyə şəraiti AİZ-lərin yaradılmasında fərqli məqsədlərin qoyulmasını tələb edir. İnkişaf etmiş ölkələrdə, əksər hallarda, AİZ-in yaradılmasında əsas məqsəd ölkənin regional inkişafındakı qeyri-bərabərliyin aradan qaldırması olduğu halda, inkişaf etməkdə olan ölkələrdə isə - əsasən ölkəyə xarici investisiyaların cəlb edilməsidir. Xarici təcrübədən faydalı yararlanmaq üçün, sosial-iqtisadi vəziyyətinə və coğrafi mövqeyinə görə, bizim ölkəmizlə oxşar şəraitdə olan ölkələr nümunə olmalıdır. Əfsuslar ki, nümunə kimi Birləşmiş Ərəb Əmirliyi, Dubay (Cebel-Əli AİZ-in) təcrübəsinə nəzər salınır. Respublikamız üçün Avropa Birliyinin (AB) Maqrib (Aralıq dənizini əhatə edən) ölkələrində AİZ-lərin yaradılması təklifinin uğursuz nəticəsinin öyrənilməsi daha faydalı olardı. AB-nin bu layihə üçün 10 mlrd. ABŞ dolları ayırmağa hazır olduğunu bəyan etməsinə baxmayaraq, Maqrib ölkələrinin 10-dan 4-ü 1995-ci ildə imzalanan sazişə öz dəstəyini verməmişlər. Azərbaycanda AİZ-lərin yaradılması, başlıca olaraq, ölkənin ərazi baxımından sosial-iqtisadi inkişafında mövcud olan natarazlığın aradan qaldırılması vasitələrindən biri ola bilər. Bununla bağlı olaraq, ən vacib məsələ AİZ-lərin yaradılmasında ərazilərin əsaslandıraraq seçilməsidir. Elmi baxımdan, yerin düzgün seçimi bütövlükdə əldə ediləcək uğurun əsasını təşkil edir. Əks halda, AİZ-in yaradılması ideyası uğursuz nəticələnə bilər . AİZ-in yaradılmasında bir çox ölkələrin təcrübəsi (Çin, Polşa, Filippin, Türkiyə, İran, Rusiya və s.) onu göstərir ki, yer seçimində əsas üstünlük dənizə çıxışı olan limanlara və sərhədyanı bölgələrə verilir. Azərbaycanın, qapalı olan Xəzər dənizinə çıxışı nisbətən əlverişli sayıla bilər. Bununla müqayisədə, Gürcüstanın Qara dənizə çıxışı daha əlverişli sayılır və bu səbəbdən “Dubai Port World” şirkəti Poti limanı yaxınlığında yaradılası AİZ-in konteyner terminalına 700 mln. ABŞ dolları investisiya ayırmağı planlaşdırır. Sərhədyanı bölgələrdə AİZ-lərin yaradılmasında qonşu ölkələrin bu sahədə yeritdiyi siyasətə nəzər salmaq lazımdır. Məsələn, İran bizimlə sərhədyanı bölgələrdə - Culfada, Astarada və Bəndər-Ənzəlidə AİZ-lər yaratmaqdadır. Nəzərə almaq lazımdır ki, AİZ-lərdə mərkəzi hökumət orqanlarından, idarəedicilik baxımından, asılılıq azalır və iqtisadi müstəqilik imkanları genişlənir. Bu səbəbdən, separatizmin yaranası (ehtimal ediləsi) ərazilərdə belə zonaların təşkili nə kimi təhlükələrə səbəb olması nəzərdən qaçırılmamalıdır. İxtisaslaşmış AİZ-lərə ərazilərin seçimi fərqli tələbatlara uyğun aparılır. Buna görə, respublikamızda yaradılası AİZ-lərin ixtisaslaşması indidən müəyyən edilməlidir. Bu məsələnin vacibliyi AİZ-lər üçün hazırlanası Qanundan irəli gəlir. AİZ haqqında Qanun onun yaranmasının və fəaliyyətinin hüquqi və iqtisadi əsaslarını müəyyən etməlidir. Eyni zamanda, respublikada AİZ-lər haqda Qanunun qəbul olunmasında qonşu dövlətlərin bu sahədə əldə etdiyi nailiyyətlərlə tanış olmağa dəyər. Məsələn, Türkiyədə AİZ-lər haqqında Qanun 1985-ci ildə, İranda və Türkmənistanda 1993-cü ildə, Rusiyada 2005-ci ildə qəbul olunmuşdur. Digər qonşu dövlətlərdə belə Qanun hələ qəbul olunmayıb. Ölkənin regional inkişaf siyasətində, AİZ-lər hər hansı bir risklərin əmələ gəlimə ehtimalını nəzərdən keçirməsini tələb edir. Gözləniləcək risklər aşağıdakılardır: inhisarçı müəssisələrin vergilərdən azad olunmaq cəhdləri; iqtisadi-ticarət əlaqələrində eldə ediləcək büdcə gəlirlərin azalması; regionların inkişafında yaranmış qeyri-bərabərliyin dərinləşməsi; ərazinin iqtisadi müstəqilləşmə imkanlarının artması və mərkəzdən asılılığın azalması separatist qüvvələrin baş qaldırmasına səbəb ola bilər; yerli hakimiyyət orqanlarının səriştəsizliyi nəticəsində layihənin uğursuzluğu. Bu və digər risklərin yaranma ehtimalını azaltması məqsədilə dövlət müvafiq tənzimləyici mexanizmi tərtib etməlidir. Azərbaycanın iqtisadi potensialının tək neft və qaz amilindən asılı olması onun iqtisadiyyatını təhlükə altında qoyur. Dünya təcrübəsi göstərir ki, inkişaf etmiş dövlətlərin iqtisadiyyatı təsərrüfatın demək olar bütün sahələrini əhatə edir. Düzdü onlar əsasən hər hansı bir və yaxud bir neçə məhsul üzrə ixtisaslaşır. Bu amil ölkə iqtisadiyyatında aparıcı rol oynasa da digər sənaye sahələrinin inkişaf etdirilməsini arxa planda qoymur. Respublikamızda əsasən neft maşınqayırma, neft kimya, cihazqayırma ilə yanaşı sənayenin digər sahələrini də inkişaf etdirmək üçün güclü potensial imkanlar vardır. İqtisadi potensiala və onun perspektivli sahələrinə neft və qaz amili ilə yanaşı qeyri-neft sektorunun da xüsusi təsiri var. Respublikamızda qeyri-neft sektorunun ən perspektivli sahələrinə turizm və kənd təsərrüfatını aid etmək olar. Respublikamızda turizm sferasının inkişaf etdirilməsi üçün iqtisadi potensial olduqca böyükdür. İqlim və təbii-coğrafi mövqedən asılı olaraq respublikamızda turizm sferasının inkişafı üçün əlverişli şərait vardır. Respublikamızda turizm sferasının inkişaf etdirilməsi üçün qəbul olunmuş Dövlət Proqramını müsbət bir hal kimi qiymətləndirmək olar. Lakin, bu sferanın inkişafında müəyyən problemlər vardır. Belə ki, respublikamızda turizm sferası əsasən birtərəfli inkişaf etdirilir və ilin yalnız yay fəslində öz inkişafının maksimum həddinə çatır. Həmçinin turizm sferasında qiymətlərin yüksək olması onun inkişafını ləngidir. Bu hal respublikanın bütün regionlarında müşahidə olunur. Əhalinin kasıb təbəqəsi bu istirahət mərkəzlərinə gedə bilmir, imkanlı təbəqə isə istirahət üçün digər xarici ölkələrə üz tutur. Bu hal respublikamızdan gedən və gələn turistlərin dinamikasında da müşahidə olunur. Belə ki, 2003-cü ildən bu günə kimi olan dövrü müqayisə etsək görərik ki, respublikamıza turizm məqsədi ilə gələnlər 30,1%, gedənlər isə 34,4% olmuşdur. Onu da qeyd etmək lazımdır ki, turizm industriyası və xidmət sahəsi çox aşağı səviyyədədir. Bu sahənin inkişaf etdirilməsi üçün ilk növbədə turizmin mövsümi deyil, bütün il boyu fəaliyyət göstərməsini təmin etmək lazımdır. Turizm sahəsinə investisiya qoyuluşu əsasən Bakı və Abşeron yarımadasında həyata keçirilir. Regionlarda yalnız Qubada yeni tikilən mehmanxananı və Qusar rayonunda yaradılan dağ turizm və istirahət mərkəzini misal göstərmək olar. Qeyrineft sektorunun ikinci daha perspektivli sahəsi kənd təsərrüfatı hesab olunur. Müstəqillik əldə etdiyimiz ilk illər respublikamızın digər sahələri kimi kənd təsərrüfatında müəyyən tənəzzül dövrü yaşanmışdır. Son illər bu sahədə müəyyən irəliləyişlər qeydə alınmışdır. Bunun əsas inkişaf göstəricisi kimi torpaqların özəlləşdirilməsini misal göstərmək olar. Lakin, bu kənd təsərrüfatının bütün sahələrinə şamil olunmur. Belə ki, kəndlilər əldə etdikləri torpaqdan daha səmərəli istifadə etmək üçün öz məqsədlərinə uyğun olaraq istifadə etməyə başladılar və ənənəvi təsərrüfat formaları demək olar ki, yox olmağa başlandı. Bunlara üzümlükləri, meyvə bağlarını, tütün və çay plantasiyalarını, zəfəran, zeytun bağlarını misal göstərmək olar. Məhz bu sahələrə investisiya qoyuluşu kənd təsərrüfatının inkişafını təmin edər və ölkəyə xarici kapitalın axını üçün zəmin yaradar. Bu sahədə Fransa dövləti daha çox maraqlıdır. Belə ki, Göygöl rayonunda üzümlüklərin salınması və yeni üzüm sortlarının yetişdirilməsi məqsədilə Fransa dövləti investisiya yatırmış və müəyyən nailiyyətlər də əldə etmişdir. Gələcək perspektivlər Azərbaycan Respublikasının iqtisadiyyatı hazırda azad bazar şəraitinə keçir, sahibkarlığın inkişafına zəmin yaradır. Son illər iqtisadiyyatın davamlı inkişafının təmin edilməsi, əhalinin sosial həyat səviyyəsinin yüksəldilməsi vacib vəzifələr kimi qarşıda durur. Respublikamızda aparılan iqtisadi islahatlar regionların sosial-iqtisadi inkişaf səviyyəsinin yüksəldilməsinə, əmək ehtiyatlarından səmərəli istifadə edilməsinə, yerli və xarici sahibkarlığın, müxtəlif təsərrüfat sahələrinin inkişaf etdirilməsinə əlverişli şərait yaratmışdır. Bu baxımdan respublikamızın iqtisadi potensialının artırılması və davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi istiqamətlərinin öyrənilməsi daima diqqət mərkəzində olmalıdır. İqtisadiyyatın gələcək perspektivliyini təmin edən amillərin öyrənilməsində biz diqqətimizi əsasən neft gəlirlərindən əldə olunan vəsaitə və onun istifadə olunmasına yönəltməliyik. Neftin qiymətinin dünya bazarlarında qalxması 2005-ci ildən müşahidə olunur. Son yarım ildə əsas yanacaq növündə 30% bahalaşma müşahidə olunub. Respublikamızda neft daşıyıcılarının bahalaşması əsasən dünya maliyyə bazarlarında baş verən kəskin dəyişikliklərlə izah oluna bilər. Ümumiyyətlə neftin qiymətinin qalxması neft hasil edən ölkələrin təbii tələbatları ilə bağlıdır. İlk baxışdan bu kimi proqnozlar neft ixracatçısı olan Azərbaycan üçün əlverişli görünür. Lakin, neft gəlirləri ilə əlaqədar ölkəyə valyuta axını makroiqtisadi müstəvidə qeyri-neft sahəsinin rəqabət qabiliyyətini aşağı salır. Belə vəziyyətdə iqtisadi artımı dəstəkliyə biləcək addımların atılması zəruridir. Azərbaycan Respublikasının iqtisadi inkişafının gələcək perspektivləri. • Ölkə iqtisadiyyatının mövcud strukturunu nəzərə almaqla konkret sahələrin inkişaf etdirilməsi məqsədilə sənaye şəhərciyinin yaradılması, xüsusilə Azad İqtisadi Zonaların (məsələn: Yeni Yaşma) təsis edilməsi istiqamətində fəaliyyəti sürətləndirmək lazımdır. Respublika ərazisində AİZ-lərin yaradılması məsələsində ilkin variant kimi Azərbaycan-Gürcüstan və Azərbaycan-Türkiyə sərhəd ərazisində təşkil olunması nəzərdən keçirilməlidir. Bunun nəticəsində, qeyd olunan ərazilərdə iqtisadi inkişaf baş verər, ölkənin iqtisadi əlaqələri genişlənər və eyni zamanda, Azərbaycanın regionda siyasi və iqtisadi durumu daha da möhkəmlənər. • Müalicə-istirahət və turizm təsərrüfatı kompleksinin böyük miqyasda inkişafı üçün Azərbaycan Respublikası müstəsna əlverişli şəraitə malikdir. Bu sahənin inkişaf etdirilməsi üçün onun kifayət qədər yerli əmək ehtiyatları vardır. Turizm sənayesini başqa sahələrdən əsasən fərqləndirən cəhətlərdən biri də ona qoyulan vəsaitin tez bir zamanda böyük mənfəətlə əldə edilməsidir. Bu sahənin respublika daxilində geniş miqyasda inkişafı üçün xeyli zəngin imkanlara malik olan müalicə-istirahət mərkəzlərinin yaradılması vacib məsələlərdən hesab olunur. Respublikamızda turizm industriyasının inkişaf etdirilməsi üçün bütün imkanlar vardır. Buraya həm təbii-coğrafi şərait, həm də iqtisadi amillər daxildir. Regionlarda turizm industriyasının inkişaf etdirilməsi üçün ilk növbədə onların iqtisadi potensialı və səmərəliliyi öyrənilməlidir. Bütün amillər nəzərdən keçirildikdən sonra (təbii-coğrafi şərait, iqlim amili, müalicəvi və mineral sular) bu sahəyə investisiya yatırımları qoymaqla, böyük iqtisadi sərmayə əldə oluna bilər. • Təsərrüfat sahələrinin inkişaf etdirilməsi, onların sahə strukturunun təkmilləşdirilməsi üçün regionlarda kənd təsərrüfatı məhsullarının emalına əsaslanan yeni sənaye mərkəzlərinin yaradılması tələb olunur. • Yeni istehsal sahələrinin yaradılması və sənaye sektorunda yeni texnologiyaların tətbiqi. Təsərrüfat sahələrində maddi-texniki bazanın yaradılması və inkişaf etdirilməsi üçün böyük imkanlar vardır. Bununla yanaşı yığılan məhsulların müasir tələblər səviyyəsində saxlanılması məqsədi ilə müvafiq maddi-texniki bazanın yaradılması tələb olunur. Bölgələrdə kənd təsərrüfatı məhsullarının saxlanılması və satışı bazarı infrastrukturunun təmin ediməsi, topdansatış xidmətinin genişləndirilməsi yolları ilə yanaşı respublika daxilində aqroservis, toxuculuq, damazlıq, emal sənaye müəssisələrinin inkişafı və digər tədbirlərin həyata keçirilməsi tələb olunur. Bunun üçün ilk növbədə yerli və xarici iş adamlarının bu sahəyə sərmayə yatırımları tələb olunur. • İqtisadi islahatların əsas istiqaməti olan bazar iqtisadiyyatının formalaşması üçün yerli və xarici investorların cəlb olunması. Qeyd olunan tədbirlərin həyata keçirilməsi iqtisadiyyatın gələcək inkişaf perspektivlərini təmin edə bilər. Zaur İmrani Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutu Geri dön |