Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Nihat Zeybekci: Regionun potensialından tam istifadə yalnız Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra mümkün ola bilər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Türk dünyası-Turan > Nihat Zeybekci: Regionun potensialından tam istifadə yalnız Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra mümkün ola bilər

Nihat Zeybekci: Regionun potensialından tam istifadə yalnız Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra mümkün ola bilər


Gürcüstanın Batumi şəhərində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), Türkiyənin Xarici İqtisadi Əlaqələr Təşkilatının (DEİK), Gürcüstanın “İnvest in Georgia” Milli İnvestisiya Agentliyinin təşkilatçılığı ilə Gürcüstan-Azərbaycan-Türkiyə biznes-forumu keçirilib.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Gürcüstan-Azərbaycan-Türkiyə biznes-forumunda Azərbaycan rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, sənaye, tikinti, maliyyə, İKT, logistika, konsaltinq, səhiyyə və s sahələrdə fəaliyyət göstərən iş adamları ilə təmsil olunub. Ümumilikdə isə biznes-forumda 100-dən çoxu Azərbaycandan olmaqla, hər üç ölkədən 350-dən çox rəsmi şəxs və iş adamı iştirak edib.

Əvvəlcə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili çıxış edərək qonaqları salamlayıb, belə bir mötəbər tədbirin ölkəsində keçirilməsindən məmnun olduğunu bildirib. Qarşılıqlı əlaqələrin ölkələrimiz üçün əhəmiyyətini vurğulayan Baş nazir birgə əməkdaşlığın hər üç ölkəyə böyük fayda gətirdiyini qeyd edib. Bildirib ki, ölkələrimiz ciddi tərəfdaşdırlar, regionda həyata keçirdiyimiz iri infrastruktur layihələri bunun əyani sübutudur.

İ.Qaribaşvili Gürcüstanın xarici investorlar üçün açıq olduğunu, Azərbaycan və Türkiyə iş adamlarının ölkəsinə sərmayə qoymalarını yüksək dəyərləndirdiyini bildirib. Baş nazir bugünkü biznes-forumun, keçirilən görüşlərin qarşılıqlı əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini vurğulayıb.

Gürcüstan Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Kvirikaşvili üç ölkənin iştirakı ilə növbəti biznes-forumun Gürcüstan-Azərbaycan-Türkiyə dostluğunun təzahürü olduğunu qeyd edib, qonşu ölkələr arasında iqtisadi əlaqələrin və əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə məlumat verib. O, Azərbaycan şirkətlərinin Gürcüstan iqtisadiyyatındakı uğurlu fəaliyyətindən söz açıb, ölkəsinin Azərbaycanın təşəbbüsü ilə regionda reallaşdırılan layihələrdə fəal iştirakda maraqlı olduğunu bildirib.

Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev forum iştirakçılarını salamlayaraq, Azərbaycan, Türkiyə və Gürcüstan arasında üçtərəfli formatda ənənəvi olaraq hər il keçirilən investisiya forumunun ölkələrimiz arasındakı dostluq, mehriban qonşuluq və səmərəli əməkdaşlığın nəticəsi, dünyada örnək olduğunu vurğulayıb. Qeyd edib ki, dövlət başçılarının siyasi iradəsi, xalqlarımız arasında tarixən mövcud olan dostluq münasibətləri, hər üç ölkənin iqtisadiyyatında müşahidə edilən davamlı inkişaf, makroiqtisadi sabitlik, əlverişli biznes və investisiya mühiti, ölkələrimizin əlverişli coğrafi mövqeyə və böyük tranzit imkanlarına malik olması, Bakı-Tbilisi-Ceyhan, “Cənub qaz dəhlizi”, Bakı-Tbilisi-Qars, “Azərbaycan-Türkiyə-Gürcüstan Enerji Körpüsü” kimi strateji layihələr Azərbaycan-Türkiyə-Gürcüstan uğurlu regional əməkdaşlığını şərtləndirən başlıca amillərdir.

Ş.Mustafayev qeyd edib ki, bütün bunlar sülhə, firavanlığa, regionda yaşayan xalqların rifahına xidmət edir. Bununla belə, regional inkişafa ciddi maneələr də var. Ermənistanın işğalçı siyasəti onu regional inkişaf proseslərindən kənarda qoyur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması regional əməkdaşlığın inkişafına ciddi maneə, regionda sülhə, əmin-amanlığa ən ciddi təhdiddir.

Nazir bildirib ki, Azərbaycan, Gürcüstan və Türkiyə arasında əlaqələrin daha da genişləndirilməsi üçün möhkəm qanunvericilik bazasının formalaşması, hökumətlərarası komissiyaların, AZPROMO, KOSGEB, TİKA, DEİK, “İnvest in Georgia”, Türkiyədə Fəaliyyət Göstərən Azərbaycanlı İş Adamları Birliyi və s. qurumların məhsuldar fəaliyyəti, müntəzəm olaraq biznes-forumların, sərgilərin və digər tədbirlərin keçirilməsi iş adamları arasında əlaqələrin daha da genişlənməsinə əlverişli zəmin yaradır, ticarət dövriyyəsi və investisiya qoyuluşları artır. Hazırda Azərbaycanda Türkiyə sərmayələri əsasında 2600-dən çox, Türkiyədə isə Azərbaycan sərmayələri əsasında 1500-dən çox şirkət fəaliyyət göstərir. Türkiyənin Azərbaycana investisiyaları 6,3 milyard ABŞ dolları, Azərbaycan şirkətlərinin Türkiyəyə investisiyaları isə 5 milyard ABŞ dollarından çoxdur. 2020-ci ilədək Türkiyəyə yatırılacaq investisiyaların 17-20 milyard ABŞ dollarına çatdırılması nəzərdə tutulur. Ölkələrimiz arasında ticarət dövriyyəsi də dinamik inkişaf edir.

Azərbaycanın Gürcüstanla iqtisadi əlaqələrindən danışan nazir Ş.Mustafayev deyib ki, Gürcüstanda Azərbaycan sərmayələri əsasında 340 şirkət, Azərbaycanda isə 235 Gürcüstan şirkəti fəaliyyət göstərir. 1997-2014-cü illərdə Azərbaycan tərəfindən Gürcüstan iqtisadiyyatına 1 mlrd. ABŞ dolları həcmində investisiya qoyulub. Gürcüstanın ticarət dövriyyəsindəki payına görə Azərbaycan 2-ci yeri tutur.

Bununla belə, ölkələrimiz arasında iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensial mövcuddur. Biznes-forum çərçivəsində müzakirə edilən məsələlər və aparılan ikitərəfli danışıqlar üç dost ölkə arasında iqtisadi-ticarət əlaqələrinin daha da inkişafına öz töhfəsini verəcək, iş adamları arasında işgüzar əlaqələrin genişlənməsinə şərait yaradacaq.

Ş.Mustafayev ölkələrimizin nəqliyyat, investisiya, sənaye, İKT, turizm və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensiala malik olduğunu da diqqətə çatdırıb.

Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekci ölkələrimiz arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyini, bu sahədə iş adamları arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Bildirilib ki, regionda həyata keçirilən irimiqyaslı layihələr ölkələrimizin iqtisadi gücünü daha da artırır. Bununla belə, regional əməkdaşlığın daha da genişləndirilməsi, mövcud potensialdan tam istifadə edilməsi yalnız Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllindən, Azərbaycanın işğal olunmuş torpaqlarının tam azad edilməsindən sonra mümkün ola bilər.

Biznes-forum çərçivəsində Gürcüstan Milli İnvestisiya Agentliyinin direktoru Giorgi Pertaya, Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurasının baş katibi Mustafa Mente və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun rəhbəri Rüfət Məmmədov təmsil etdikləri ölkələrin investisiya mühiti və biznes imkanlarına dair təqdimatlarla çıxış ediblər.

Tədbir iş adamları arasında ikitərəfli görüşlərlə davam edib. Görüşlərdə sahibkarlar arasında işgüzar əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub.

Sonda hər üç ölkənin iqtisadiyyat nazirləri jurnalistlərin suallarını cavablandırıblar.

Batumidə keçirilən Gürcüstan-Azərbaycan-Türkiyə dördüncü biznes-forumu çərçivəsində Gürcüstanın Baş naziri İ.Qaribaşvili bu ölkənin iqtisadiyyat və davamlı inkişaf naziri G.Kvirikaşvili, Azərbaycanın iqtisadiyyat və sənaye naziri Ş.Mustafayev və Türkiyənin iqtisadiyyat naziri N.Zeybekci ilə görüşüb.

Görüşdə ölkələrimiz arasındakı əlaqələrin uğurla inkişaf etdiyi, iqtisadi münasibətlərimizin genişləndiyi, strateji tərəfdaş olan Azərbaycan, Gürcüstan və Türkiyənin iştirakı ilə regionda irimiqyaslı layihələrin uğurla həyata keçirildiyi bildirilib. Bununla belə, iqtisadi əməkdaşlığın daha da gücləndirilməsi üçün böyük potensialın olduğu vurğulanıb, Batumidə reallaşdırılan tədbirlərin əlaqələrimizin genişləndirilməsində əhəmiyyətli olacağı vurğulanıb.

Görüşdə, həmçinin ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, inkişaf perspektivləri, qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.

Azərbaycanın iqtisadiyyat və sənaye naziri Ş.Mustafayev Batumidə keçirilən Gürcüstan-Azərbaycan-Türkiyə dördüncü biznes-forumu çərçivəsində Gürcüstanın və Türkiyənin iqtisadiyyat nazirləri ilə görüşüb.

Ş.Mustafayevin gürcüstanlı həmkarı G.Kvirikaşvili ilə görüşündə ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələri, nəqliyyat, energetika, turizm, İKT, kənd təsərrüfatı, investisiya sahələrində əməkdaşlıq, Azərbaycanda yaradılan sənaye parklarında Gürcüstan şirkətlərinin iştirakı və digər məsələlərə dair müzakirələr aparılıb.

Azərbaycanın iqtisadiyyat və sənaye naziri və Türkiyənin iqtisadiyyat naziri arasında keçirilən görüşdə isə ölkələrimiz arasındakı iqtisadi əlaqələrin daha da genişləndirilməsi perspektivləri müzakirə edilib, Azərbaycan, Gürcüstan və Türkiyənin iştirakı ilə keçirilən üçtərəfli formatda biznes-forumların və görüşlərin strateji əməkdaşlığın, mehriban qonşuluq və qardaşlığın göstəricisi olduğu vurğulanıb. Görüşdə aqroparkların yaradılması sahəsində əməkdaşlıq, ixracın təşviqi mexanizmləri və sənaye məhəllələrinin yaradılması istiqamətində Türkiyə təcrübəsinin öyrənilməsi, Azərbaycanda yaradılmaqda olan sənaye parklarına türkiyəli investorların cəlb edilməsi, üçüncü ölkələrdə birgə müəssisələrin yaradılması imkanları, iki ölkə arasında və regional miqyasda ikitərəfli və tranzit yükdaşımalarının genişləndirilməsi, tekstil, turizm, maliyyə və digər sahələrdə əməkdaşlığın inkişafı məsələləri müzakirə edilib.

Geri dön